Möcüzəli və saf Şuşa
Şuşa
haqqında birinci yazımı 92-ci ilin qışında -
aramıza ilk qar yağanda yazmışdım. İlk dəfəydi
qış mənim üçün elə sərt və soyuq
görünmüşdü. Sonradan o soyuqluq ruhumuza
çökdü, elə çökdü ki, baharda da isinə
bilmədik. Al-əlvan çəmənlərdə
xarıbülbül axtaran gözlərimiz
üşüdü. Bütün gəncliyimiz
üşüdü. Xəyallarımızın qibləsi,
yuxularımızın başkəndi oldun. Yuxularımıza gəlməyəndə
yuxularımız üşüdü. Bəzən ürəyimizin
istisi sözlərimizi isidə bilmədi, sözlərimiz
üşüdü. Niskilin üşütdü bizi,
Şuşa!
Təkcə
torpaq, yurd yeri deyilsən bizim üçün, xəritəmizdə
və ürəyimizdə yerin bir başqadır. Mənəviyyatımızın,
qürurumuzun, kimliyimizin başkəndisən. Ömründə
Şuşanı görməyən hər bir
soydaşımız üçün kutsal və mənəvi
məkan, ata ocağısan, Şuşa! Sənsiz utana-utana
yaşadıq. Dünya salonlarını titrədən
himnimizi Üzeyir bəyin vətənində səsləndirə
bilməyəndə utandıq. Xan qızının güllələnmiş
heykəlinin yol çəkən gözlərindən
utandıq. Axşamüstü qayalarında havalanmayan qərib
Qarabağ şikəstəsindən utandıq.
Dağlarının vəsfi - qırmızı qoftalı,
yaşıl tumanlı müqəddəs
bayrağımızın zirvəndə
dalğalanmamasından utandıq, Şuşa!
Qorxurdum, elə
qorxurdum ki, Səni görmədən böyüyən nəslin
sənə biganə olacağından qorxurdum. Amma içindəki
vulkana, sevdaya 28 il səssiz-səssiz lay-lay çalan Azərbaycan
40 günə bütün dünyaya Şuşa
sevdasını nümayiş etdirdi. Azərbaycan yeni eşq
dastanı ilə tarixə və dünyaya dərs keçdi.
Bizdə eşqin Məcnunun timsalında səhra modeli də
var idi, Fərhadın timsalında qaya-külüng modeli də.
Azərbaycan əsgəri XXI əsrdə Şuşada yeni
eşq dastanı yazdı. Təqvimdə və taleyimizdə
maraqlı və təlatümlü görünən 2020-ci
ilin bir payız gününü bahara çevirdi. Tarixə və
təqvimə Şuşa Günü yazdı. XXI əsrin bir
düyməylə idarə olunan silah və texnikası ilə
yox, xəncərlə, bıçaqla, əlbəyaxa
döyüşlə, qanı, təri, ruhu ilə fəth etdi
səni, Şuşa! Sənə bomba atmaqmı olardı,
köksünü yaralamağa, bir daşını tərpətməyə,
naxışını incitməyə kimin ürəyi gələrdi?
Dünya
mediası təəccüb və heyrətlə
Şuşadan gətirilən erməni yaralılarının əksəriyyətinin
bıçaq, tapança yarası aldığını
yazanda biz riqqətləndik, amma təəccüblənmədik.
Eyni vaxtda paytaxtda alman jurnalist ordumuzun sərkərdəsinə
- Şuşa sizin üçün bu qədərmi qiymətlidir?
- deyəndə Ali Baş Komandan əsgərlərin cəbhədə
düşmənə verdiyi eyni cavabı verdi. Bəli,
Şuşa bizim üçün heysiyyat, qürur məsələsidir.
Azərbaycan əsgəri bu eşqlə, bu iman və inamla
yola çıxdı və mənzil başına
çatdı.
Yadımdadır,
hər yay Şuşaya gedəndə uşaqlarla
adımızı bir daşa yazır, üstünü
başqa bir daşla örtüb qayıdırdıq. Növbəti
dəfə gələndə sadəlövhcəsinə
adımızı axtarardıq, tapdığımız vaxtlar
da çox olurdu. Şuşa, vəfana etibarım o qədərdi
ki, 30 il əvvəl bir daş parçasına
yazdığım adımı tapmağa gələcəm.
Daşını yağış, qar yusa da yadında
qaldığına, bizi bağışladığına
çox əminəm. Sən Tanrının şüşə
içində daşdan qoruduğu möcüzəli və
saf Şuşasan, Şuşa!
Aygün
Bağırlı
filologiya
üzrə fəlsəfə doktoru, dosent
Aygün
Bağırlı
Ədəbiyyat qəzeti.-2020.-14
noyabr.-S.19