Nisgilli könüllərin tərcümanı
Şuşa
Qarabağ şairlərinin şeirləri əsasında
Bu
gün Qarabağımızda gedən hərbi-siyasi xarakterli
proseslər ədəbi düşüncəyə də təsirsiz
qalmır, torpağımızın hər işğaldan azad
olunan parçası o yerlərlə bağlı mənəvi-mədəni
sərvətimiz üzərinə də diqqətimizi cəmləyir,
düşündürür, həyəcanlandırır... Və dilsiz bir dillə
"sən bu proseslərə nə kimi yardım edə bilərsən?",
"nələri etməliydin, amma zamanın axarına
buraxaraq etməmisən?" suallarını ardıcıl
olaraq özünə verirsən... Mən də
bu kimi düşüncələrin izi ilə
araşdırmamda Qarabağ ədəbi mühitinə yer
ayırmağı qərara aldım. Bu
istiqamətdəki tədqiqatım isə nümayəndələrinin
çoxsaylılığı və ədəbi
mirasının zənginliyi baxımından Qarabağ ədəbi
mühitinin ən parlaq mərhələsi və
çiçəklənmə dövrünün XIX əsrə
aid olduğu qənaətini yaratdı. Qarabağ
xanlığının yaranmasının ardınca mərkəzi
Şuşa olmaqla formalaşan ədəbi
mühitin münbitliyi, bunun mümkün səbəbləri, əlimizdə
olan zəngin irsin tutumu, eləcə də poetik dəyəri
düşündürücü və heyrətamizdir. Firudin bəy
Köçərli bu barədə yazır: "Qarabağ
mahalı, şəhri-Şişə Qafqaz mahalının
Şirazı mənziləsində olduğu cəhətə
onun torpağı və ab-havası hər qisim əhli-kəmal
və sahibi-hünər və xüsusən xoştəb və
xoşzəban ədiblər və şairlər yetirib ki,
cümləsini zikr etməklə qurtarmaz".
Neçə
yüzillik ədəbi ənənəsi olan Təbriz, Gəncə,
Şirvan şeir məktəblərinin ənənəsini
özündə cəmləyən, eyni zamanda özəllikləri
ilə seçilən Qarabağ ədəbi məktəbi
eyni bir əsrdə yaşayıb yaratmış çox sayda
şairi Azərbaycan ədəbiyyatına qazandırdı:
Mir Həmzə Seyid Nigari, Sədi Sani Qarabağı, Siraci
Qarabaği, Mirzə Ələsgər Növrəs
Qarabaği, Həsən Qarabaği Yüzbaşov... Bu şairlər içərisində Şuşadan
olub şeirə-sənətə bağlı olanlar sayca daha
çoxluq təşkil edir. Qasım bəy Zakir, Mir
Möhsün Nəvvab, Cəfərquluxan Nəva kimi söz
ustalarından başlamış Yusifi, Səfa təxəllüslü
az tanınmış şuşalı şairlərə qədər
daha neçə-neçə qələm əhli bu ədəbi
mühitin yetirmələridir. Tədqiqatçı
N.Qarayevin yazdığı kimi, "Riyazül-aşiqin",
"Təzkireyi-Nəvvab" əsərlərindən, həmçinin
cüng və fraqmentlərdən məlum olur ki, XIX əsrdə
təkcə Qarabağ mahalında yüzə qədər
şair yazıb-yaratmışdır".
Bu ədəbi mühitin daha bir özəlliyi qadın
şairlərin digər dövr və məkanlara görə
nisbi çoxluğudur. Firudin bəy Köçərli yazır:
"Qarabağın ünas əhli dəxi şeir deməklə
öz qüvvələrini sınayıb imtahan ediblər və
bu yolda çox şairələr zühur edibdir". Əgər
XIX yüziliyədək Azərbaycanın yeganə qadın
şairi Məhsəti Gəncəvi idisə, XIX yüzillikdə
birdən-birə neçə xanım şairin adı Azərbaycan
ədəbiyyatı tarixi səhifəsində yer alır:
Ağabəyim ağa, Heyran xanım Dünbili, Xurşidbanu
Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri,
Şahnigar xanım Rəncur... Bu şairələrdən
ikisinin Qarabağ xanı İbrahim xanın ailəsinin
üzvləri - Ağabəyim ağanın qızı,
Xurşidbanu Natəvanın isə nəvəsi olduğunu nəzərə
alanda bu xanədanın Azərbaycanın ədəbiyyat
tarixindəki yeri barədə təsəvvür
aydınlığı yaranır... Fatma xanım Kəminə
və Aşıq Pəri də Qarabağ, daha doğrusu, Şuşa ədəbi mühitində
yetişən istedadlı şairlərdəndirlər. Cavanşirlərdən olub şair kimi tanınan,
istedadı ilə seçilən iki xanım qələm əhlindən
başqa, Qasım bəy Zakir (Pənahəli xanın
qardaşı Hüseynəli ağanın nəvəsi), Cəfərquluxan
Nəva (İbrahim xanın nəvəsi), Mir Həsən (Natəvanın
oğlu) kimi şairlər də çıxmışdır.
Bu şairlərin hamısını birləşdirən daha
bir cəhət də vardır: əksəriyyətinin
şeirində Şuşanın xatırlanması, onun söz
yaradıcılığında iştirakı, bədii təxəyyülün
qanadlandığı fikri zəminlərdən olması.
Azərbaycan şeiri tarixini izlədikcə müxtəlif
ədəbi təzahürlərin şahidi oluruq. Azərbaycan ədəbiyyatının
yarandığı ilk yüzilliklərdə ənənəyə
sədaqətlə Rum, Həbəş. Çin, Hind kimi yer
adlarının məcazilik kəsb etdiyini görürüksə,
zaman keçdikcə şairlərin öz mənsub olduğu
torpaqların, ölkə və şəhərlərin də
adlarını mənalandırıb poetik status
qazandırdığı, onu müxtəlif yöndən
yozaraq poetik biçim verdiyi nəzərə çarpır. Məsələn, Xaqaninin Şirvanın, Nizaminin isə
Gəncənin adını ümumi və xüsusi
anlamları arasında assosiativ fikir bağı qurmaqla istifadəsi
bunun bir örnəyidir. Amma müşahidələrimiz əsasında
deyə bilərik ki, Azərbaycan ədəbiyyatı tarixində
heç bir şəhərin adı Şuşa
qədər şeirdə yad olunmamışdır. Onun bədii təxəyyülü qidalandıran bir
ideya qaynağı olması xüsusilə Qarabağ şairlərinin
əsərlərində qabarıq görünür.
Şəhərin adının Şişə və Qələ
(Qala) şəklində XIX əsr ədəbiyyatında
xüsusi yer almasına Şuşada iki ədəbi məktəbin
("Məclisi-üns" və "Məclisi-fəramuşan")
mövcudluğu və burada çox sayda şairin cəmlənməsi
də münbit şərait yaratmışdı.
Ümumiyyətlə,
Şuşa (Şüşə)
sözünün etimologiyası, dəqiq anlamı, ilk dəfə
nə zaman və hansı səbəblə Pənahadadın
yerini alması xüsusi araşdırmaya möhtacdır. Amma burada onun "şüşə"
sözü ilə əlaqələndirilməklə
çeşidli bədii mətnlərin poetik zinətinə
çevrilməsinin ilk örnəyinə Ağa Məhəmməd
şah Qacar ilə Molla Pənah Vaqif arasındakı şeirləşmədə
rast gəlindiyini vurğulamaq istərdik. Mirzə Adıgözəl
bəy və Əhməd bəy Cavanşirin "Qarabağnamə"lərində,
Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı"nda
yer alan bir əhvalatın nəqli bu poetik
assosiasiyanın yaranma tarixinə işıq salır:
"Ağa Məhəmməd şah otuz üç
gün Şuşanı mühasirə etdi. Qalanın ətrafını
əzəmətli qoşununa ordugah edərək,
çadırlar qurdurub oturdu. O, elçi və məktublar
göndərdi. Çalışdı ki,
cürbəcür yollarla İbrahim xanı özünə
tabe etsin və Qarabağ əhalisini itaətə gətirsin.
Lakin mümkün olmadı.
Axırda şirazlı Seyid Məhəmməd Ürfinin
incə təbinin məhsulu olan qəsidələrdən bir
beyti məqam və vaxta münasib bildi. Bu beytin bəzi
sözlərini dəyişərək, xanı qorxutmaq
üçün yazıb göndərdi.
Şeir:
Zi məncənəq-e
fələk səng-e fitnə mibarəd,.
To əbləhanə gerefti miyan-e Şişe qərar.
(Fələyin
mancanağından fitnə daşı yağır,
Sən axmaqcasına Şişə içərisinə
sığınmısan).
Bu məktub mərhum xana yetişən kimi mübarək
gözlərilə onu mütaliə etdi.
Hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və
dövlətinin möhkəm bir sütunu olan qazaxlı Molla Pənah
Vaqifi yanına çağırdı.
...Molla Pənah
Vaqif o saat Ağa Məhəmməd şahın məktubunun
dalına ənbər qoxulu qələmilə bu şeri
yazıb göndərdi:
Gər
negahdar-e mən anəst ke, mən midanəm,
Şişe ra dər bəğəl-e səng negah midarəd.
(Əgər
məni qoruyan mənim tanıdığımdırsa,
(O), şişəni daşın qoynunda (da) mühafizə
edər)".
Qeyd etməliyik
ki, Ağa Məhəmməd şah Qacarın incə poetik
duyumu və fərdi interpretasiyası ilə əsası
qoyulan Şişə (Şuşa) -
"şişə" (şüşə) sözləri
arasında anlam bağı qurularaq cinas yaradılması
sonralar Şuşa ədəbi mühitində çeşidli
söz sənəti örnəklərinin yaranmasına yol
açdı. İrəlidə bu barədə
təfərrüatlı bəhs edəcəyik.
Ümumiyyətlə, yeni dövr Qarabağ şairlərinin
şeirinin Şuşaya münasibət baxımından təhlili
maraqlı nəticələrə gətirib
çıxardı. Şuşanı yad edən şairlərin
ona münasibəti çoxyönlülüyü ilə nəzəri
cəlb edir. Şəhərin
adının bir çox şairin xəyalını
qanadlandırdığı, çeşidli düşüncələrin
poetik ifadəsinə yol açdığı poetik örnəklərdə
aşkar görünür. Bu dövr
Qarabağ şairlərinin şeirində Şuşanın
adının "Şişə" variantında istifadəsi
müxtəlif assosiasiyalar yaratmağa da münbit zəmin
yaradıb. Aşağıdakı beytlərdə
poetikləşən bu toponimin cinas və eyham
yaradıcılığında istifadəsini
görürük.
Cinas
Zakir:
Bu şəhri-Şişədə
gər bizi şişə taxsalar xoşdur
Ki, həmsöhbət bizə ol növi qövmi-bihesab
olsun.
Şişənin
simü zərin doldurasan xanəsinə,
Şişəvəş dişrəyə verməz yenə
bir nəm qazı.
Eyham
Zakir:
Dəhrdə
şişə olur səngi-cəfadən eymən,
Ola bir şəhrdə bu tərzlə möhkəm
qazı.
Beytdə
"şişə" "səng" (daş) sözü
ilə əlaqədə "şüşə",
"şəhr" sözü ilə assosiativ olaraq isə
"Şişə" (Şuşa) anlamlarını kəsb
edərək, eyham poetik fiqurunun mükəmməl bir örnəyinin
yaranmasını təmin edir.
Eyni
üslubu Fatma xanım Kəminənin şeirində də
müşahidə edirik:
Qan olub
könlüm mənim bu badeyi-səhba kimi,
Dərdi-mey tək şişədə çoxdan
qalıb lillənmişəm.
Qarabağ
şairlərindən Məmo bəy Məmai də Fatma
xanım Kəminəyə yazdığı nəzirədə
eyni anlamı istifadə edir:
Qan olub
könlüm mənim bu badeyi-səhba kimi,
Dərdi-mey tək şişədə çoxdan
qalıb lillənmişəm.
Göründüyü kimi, Zakir şəhərin
adını həm cinas, həm eyham, Kəminə və Məmai
isə eyham poetik fiquru yaratmaq üçün istifadə
etmişlər. Son iki nümunədə, xüsusilə Kəminənin
prototip beytində müəllifin bədbin ruh halı,
küskünlüyü şüşədə qalıb lillənən
su ilə müqayisə olunur. "Şişə"
sözü su ilə əlaqədə şüşə qab
və ya qrafini, şairənin özü ilə əlaqədə
isə Şişəni (Şuşa) təsəvvürə
gətirir.
Bu şəhərə münasibət həmin
insanların nəzərində onun bir müstəqil ölkə,
bir ölkə-qala kimi təsəvvür olunduğunu da
göstərir. Əslində bəzən bağ, yaxud bir qalanın
ölkə kimi təsəvvür edilməsinə Şərq
və Qərb ədəbiyyatında yetərincə nümunələr
var. Şuşanın adının müstəqim anlamda
işləndiyi beytlərdən hasil olan qənaət belədir
ki, İbrahim xanın nəvəsi Xurşidbanu Natəvan
Qarabağ xanlığının varisi kimi qəbul olunsa da,
bütün idarəetmə, sənət və mədəniyyət
mərkəzi Şuşada cəmləşdiyi
üçün "Şuşa" toponim olaraq bəzən
təkcə şəhər anlamını deyil, Qarabağ
mülkü anlamını da kəsb edir. Onun
sıxlıqla və müstəqim anlamda istifadə
olunduğu beytlərin formalaşdırdığı təəssürat
belədir. Bu şəkildə fərqli
münasibət bəsləmənin kökündə
Şuşanın təbii gözəlliklərə malik
olmasının, elm-sənət-ədəbiyyat mərkəzinə
çevrilməsinin də öz təsirini göstərdiyi məlumdur.
Bundan başqa, ehtimal ki, ona rəğbət və
heyranlığın tarixi kökləri də vardır. Məlum
olduğu kimi, təbii qala xüsusiyyəti və mühafizə
sisteminə malik bu yeri həm də təbii gözəlliklərinə
görə görüb çox bəyənən, orada şəhər
salaraq, öz adını (Pənahabad) ona verən Pənahəli
xan bu şəhərin adı ilə pul sikkələri də
kəsdirir. Sadaladığımız cəhətlər
onun nəzərində bu şəhər-qalanın özəl
bir siyasi statusu olduğu qənaətini yaradır. Tədriclə Şuşanın siyasi statusuna
Qarabağ ədəbi mühitində bir ədəbi dəyər
də əlavə olunur və o, bədii mətnlərdə
çeşidli poetik fiqurların yaradılmasında poetik
yüklü komponentlərdən birinə çevrilir.
Digər ədəbi
məktəblərə malik Azərbaycan şəhərləri
(Təbriz, Gəncə, Şamaxı (Şirvan) və s.) ilə
müqayisədə çox gənc olsa da, Şuşa
bədii mətndə işləkliyi baxımından heyrətamiz
şəkildə fərqlənir. Qarabağ şairləri
içərisində bu toponimi xatırlatmayan az
şair tapmaq olur. Sanki onlar arasında məhz
Şuşanı xatırlatma dəbi olmuşdur. Bu
xatırlatma beytlərin çoxluğu bir tərəfdən,
görünür, həmin toponimin "şişə"
(şüşə, qrafin; güzgü), "şiş"
(kabab şişi) və s. ilə cinas yaratma imkanından
qaynaqlanır. Digər tərəfdən, Natəvanın
rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclisində
ona şeirlərin ünvanlanması, poetik təxəyyüldə
onunla xanlığının mərkəz şəhəri
arasında güclü assosiativ bağın qurulması da
xatırlatma beytlərin çoxluğuna səbəb olub.
Örnəklərə nəzər salaq.
Natəvana heyranlığını dönə-dönə
dilə gətirən Mirzə Həsən də şeirlərindən
birində Şişəni vücud, Xan qızını isə
bu şəhərin ruhu, ona həyat verən bir varlıq kimi
nəzərdə tutur:
Sənsiz nədi Şişənin nəmudi?
Gəlməz nəzərə onun vücudi.
Sən ey
süruri-dili-biqərar, xoş gəldin,
Bu şəhri-Şişəni qıldın bahar,
xoş gəldin.
Şuşanın adı ictimai mövzuların istifadəsində
də fərqli rəng alır. Burada baş verən hər hansı
bir ixtilaf, çaxnaşma və s. kimi mənfi təzahürləri
gördükcə Qarabağ şairləri bu halları digər
şairlər kimi mücərrədləşdirərək
dövran, dünya və yaxud fələyin gəc rəftarına
bağlamırlar. Onlar məhz həmin mənfi
səciyyəli hadisələrin Şuşada olmasına
görə narahatlıq keçirir və bu arzuolunmaz durumlara
tənqidi münasibətlərini dilə gətirirlər.
Qarabağ şairlərindən Məmai deyir:
İttihadü
ittifaqə cümlə aləm səy edər,
Bir-birilə Şişədə xəlq etdiyi qovğayə
bax.
Fatma
xanım Kəminə:
Qalıbdır
Şişədə mey tək qamu əşar namətbu,
Səbəb olsan, qamusu açılıb əşhar
olmazmı?
Zakir:
Səngi-sitəmdən
olmadın eymən bu Şişədə,
Eylə səfər
Şamaxiyə, şəhri-lətifə bax!
Qəzanın
gərdişin gör kim, verib bu
Şişə şəhrində
Gəlib bir naqisü nadan yapa köşkü saray, knyaz.
Başqa
bir şeirində: "Fisqü fücur həddən
aşıb Şişədə", - deyə
rahatsızlığını dilə gətirən Qasım
bəy Zakirin əslində bu kimi etirazlarının arxa
planında çox zaman ötən günlərin - Qarabağ
xanlığının öncəki dövrləri ilə
bağlı nisgil, həsrət durur. Bəzən də onun
şeirində şəhərin özü və əhalisi
sanki çevrə insanı və coğrafiyasından fərqli
xarakter sahibiymiş kimi təsvir olunur:
Satıbdır
kullühüm dini dünyayə,
Bu əhlı Şişədən pənah xudayə.
Göründüyü kimi, Şuşanın
adını həm müstəqim, həm də ikianlamlı
söz kimi şeirinə gətirən Zakir doğma şəhərinin
adından müxtəlif ruh hallarının ifadəsi
üçün faydalanır. Ümumiyyətlə,
Qarabağ ədəbi mühitində yetişən şairlərin
bir qismi bu şəhərin adını yaratdığı
assosiasiya əsasında özünün müəyyən
ruhiyyəsinin, fərdi yaşantılarının, yaxud ictimai
duruma münasibətinin ifadəçisinə çevirir.
Qeyd etməliyik ki, Agah, Həsən Qarabaği, Növrəs və
digərləri daha çox şəhərin adını
müstəqim anlamda istifadə edirdilərsə, Zakir, Kəminə,
Məmai və başqaları söz ustalıqlarını
nümayiş etdirərkən Şuşanın (Sişə)
həm müstəqim, həm mümkün məcazi mənalarına
müraciət etmişlər.
Əslən Qubadlıdan olduğunu müəyyənləşdirdiyimiz
Sədi Sani Qarabağinin divanı "şişə"
sözünün işləkliyi və kəsb etdiyi məcazi
anlamlar baxımından digərlərindən seçilir. Şuşaya
tez-tez gedib-gələn şair "Məslisi-fəramuşan"ın
məclislərində də iştirak edərmiş.
Buna görə onun divanında 20-yədək beytdə rast gəlinən
"şişə" sözünün bəzən klassik ədəbiyyatdakı
bir sıra ənənəvi ifadələrin ("mirat",
"ayna", "tüng") yerini almasını təsadüf
əsəri hesab etmirik. Örnəklərə nəzər
salaq:
Qrafin,
şüşə qab anlamında:
Görgəcin
ləli-ləbin şəhdü gülab oldı xəcil,
İstədi şişəsini daşa çalub tullayə.
Məcazlaşma
baxımından da Sədi Qarabağinin divanında
"şişə" sözünün ifadə
imkanları genişlənir:
"şişeyi-çeşm" ("şişə
çeşmim"), "şişeyi-insafi-qənaət",
"şişeyi-əql", "şişeyi-ə??ari-çeşm",
"şişeyi-peyman", "şişeyi-can"... Bu kimi ifadələr çox zaman onun ruh halını
ifadə etmək niyyəti ilə şeirə gətirilir.
Məsələn, şeirlərinin birində Sədi
Sani Qarabaği özünü "sınıq
şüşə" ("şişeyi-şikəst")
adlandırır: "Səngi-sitəmlə
şişeyi-şikəstin degilmiyəm?"
Şair bəzən "şişə"
sözünə yeni anlam yükü verərək, onu fərqli
poetik funksiyada istifadə edir, həm aşiqin
özünün ruhi durumunun, həm də vəsf olunanın
cismani gözəlliyinin ifadəsində bu məcaziləşən
kəlmənin yaratdığı poetik fikri keçidlərdən
yararlanır.
"şişeyi-canım" ("könül
aynası" anlamında):
Mükəddər
hicrdən olmuşdı,
hala
Haqqa şükr olsun,
Səfayi-vuslətindən şişeyi-canım səfalanmış.
"şişə əndam" (gözəl,
mütənasib əndam):
Yüzi cənnət
gülidir,
qəddi
sənubər nə deyim?
Rəşxeyi-şəhdi-ləbi-çeşmeyi-kövsər,
nə deyim?
Müxtəsər, şişədir əndamı sərasər,
nə deyim?
Qarabağ
içrə buna yoxdu bərabər, nə deyim?:
Dildə daim dolanur fikrü xəyali gözəlin.
"canı şişə oğlan"
Sınar
bir qəmzeyi-səngilə canı şişə oğlanlar,
Gərək
canan sevən oğlan
mənim
tək canı səng oğlan.
Göründüyü
kimi, Şuşa toponimi Qarabağ ədəbi mühitində
poetik funksiya və status da qazanaraq, çeşidli bədii
örnəklərin yaranmasında fikri zəmin rolunu
oynamış, "şüşə" ilə
yaratdığı assosiasiyalar şairlərin
küskünlük, nisgillilik, inciklik kimi ruhi durumunun,
çeşidli mənəvi yaşantılarının da ifadəçisinə
çevrilmiş, eyni zamanda səmimi sevgi, qürur və
heyranlığın da bir ünvanı olmuşdur.
Səadət
Şıxıyeva
filologiya üzrə
fəlsəfə doktoru, dosent
AMEA akad. Z.M.Bünyadov
adına
Şərqşünaslıq
İnstitutu
Ədəbiyyat qəzeti.- 2020.- 14
noyabr.- S.18-19.