Sözümüzün Ali Baş
Komandanı
Erməni
işğalçılarına qarşı Azərbaycan
xalqının qırx gündən artıq davam edən
müzəffər hərbi, ictimai, siyasi mübarizəsində
Ali Baş Komandan İlham Əliyevin Sözü - xalqa
müraciətləri, dünyanın müxtəlif nüfuzlu
informasiya vasitələrinə verdiyi müsahibələr son
dərəcə mühüm rol oynadı. Həmişə
vaxtında deyilmiş, kifayət qədər mürəkkəb
hadisələrin, gərgin, qaynar, hər cəhətdən
sürəkli (və ideoloji ehtiraslarla zəngin) proseslərin
mahiyyətini böyük analitik istedad (və intellektlə)
şərh edən, başlıcası isə Azərbaycan
xalqının iradəsini bütün təfsilatı ilə əks
etdirməyin parlaq ifadəsi olaraq ortaya çıxan bu
möhtəşəm Söz, heç şübhəsiz,
dilimizin ən mötəbər mənbələrindən biri
kimi tarixə yazıldı.
Əlbəttə,
Ali Baş Komandanın sözügedən Sözü ilk
növbədə onunla əlamətdardır ki, deyildiyi
günlərdə hadisələrə sadəcə təsir
göstərməklə deyil, bir xalqın taleyini həll edən
prosesləri yönəltməklə, milli ruhu mərkəzləşdirib,
həqiqətən, dəmir bir yumruğa, sarsılmaz mənəvi
qüvvəyə çevirməklə öz tarixi
missiyasını uğurla həyata keçirdi. Xalqa müraciətlərdə
bu Sözü, bir tərəfdən, informasiya təfərrüatı
və dəqiqliyi, məntiq dərinliyi və
ardıcıllığı hərəkətə gətirirsə,
digər tərəfdən, xalq danışıq sintaksisinin
lakonizmi, təravətli leksikon, xüsusilə o günlərin
kontekstində hər cəhətdən yerinə düşərək
ruhları coşduran, dildən-dilə gəzən
nüfuzedici frazeologiya cilalayırdı. Və Ali Baş
Komandanın nitqində ana dilinin qüdrətli intonasiyası
elə bir qürurla səsləndi ki, yüz illər
keçsə də bu səsi hər kəs eşidəcək
- dost da, düşmən də...
Prezident
işğaldan azad edilmiş hər bir şəhərimizin, qəsəbəmizin,
kəndimizin adını elə bir şövqlə çəkirdi
ki, tək onun yox, hər bir sözünə diqqət kəsilmiş
dinləyicilərin də ruhu bədəndə
oynayırdı... "Adlarınızı dəyişdiriblər"
deyirdi, "biabırçı adlar qoyublar" deyirdi, "Mən
bu adı dəyişdirdim" deyirdi. Bu "Mən" bir
ayrı "mən" idi, bir şəxsin yox, bir millətin
"Mən"i idi. Və bu "Mən" heç bir maneəsiz
"Biz"ə çevrildi: "Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!".
Harda praqmatika
varsa, orada həm semantika var, həm də sintaktika...
Nüfuzlu
informasiya vasitələrinə müsahibələrində
İlham Əliyevin diplomatik səviyyəsi, beynəlxalq məsələlər
üzrə peşəkarlığı nə qədər
aydın görünsə də, bundan az önəmli olmayan
başqa bir üstünlüyü də vardı: o, lideri
olduğu xalqın ərazi bütövlüyü uğrunda
apardığı mübarizənin heç bir şübhə
doğurmayan həqiqətini bəyan edir, yorulmadan (və
özünəməxsus lider cəsarəti ilə)
bütün dünyaya çatdırırdı ki, bu həqiqət
hansısa subyektiv, yaxud separatist marağın ifadəsi yox,
beynəlxalq, humanist tələblərdən, BMT-nin əsaslandığı
birgəyaşayış prinsiplərindən irəli gələn
obyektiv təzahürdür, Ermənistan öz təcavüzkar
"rəhbərlər"inin şəxsində
bütövlükdə insanlığa qarşı cinayət
işlətmiş, haqq-ədaləti tapdalamış, cəzasız
qalacağını güman edərək get-gedə daha da
azğınlaşmışdır... Hər kəs
görürdü ki, Prezidentə verilən suallarda həmin həqiqəti
ortaya çıxarmaq əvəzinə onu dumanlandırmaq,
"əzabkeş erməni" mifini müdafiə eləmək
istəyi daha çox qabardılır, lakin onu da görməmək
mümkün deyildi ki, İlham Əliyev elə ilk kəlmələrindən
bu mifi dağıdır, erməni faşizminin iç
üzünü açıb göstərir,
özbaşınalığı, cinayətkar rejimi,
havadarlarına güvənərək qəsbkarlığın
miqyasını daha da genişləndirmək barədə xam
xəyallara düşən Paşinyan
qudurğanlığını ifşa edir.
Ola bilsin ki,
müəyyən qədər qəribə səslənsin,
ancaq mənə elə gəlir ki, Azərbaycan Prezidentinin rus,
eləcə də ingilis dilindəki müsahibələrinə
ana dilinin ruhu çökmüşdü. Və dərindən
mənimsədiyi bu dillərdə də Prezident Azərbaycan həqiqətlərini
əks etdirdiyi üçün məhz "azərbaycanca
danışırdı". Heç kimə sirr deyil ki, XX əsrin
sonu, XXI əsrin ilk illərində Ulu Öndər Heydər
Əliyev ölkədə, eləcə də beynəlxalq aləmdə
Azərbaycan dilinin siyasi mövqeyini, nüfuzunu görünməmiş
bir səviyyəyə yüksəltdi. Həmin ənənəni
davam etdirən Öndər Atanın Öndər Oğlu xalqa
müraciətlərilə ana dilinə müzəffər bir
ordunun Ali Baş Komandanının nitq enerjisini
qazandırdı. Elə bir enerji ki, dilimizin (və
xalqımızın) buna ehtiyacı vardı... Uzun illər məişət
sferası ilə hüdudlanmış ifadələr qırx
günün içində ərazi bütövlüyü
uğrunda mübarizə tariximizin "açar sözlər"inə
çevrildi: Cəbrayıla yol çəkirdin, sərxoş
olub Cıdır Düzündə rəqs edirdin, nə oldu bəs,
məsciddə donuz saxlayanın özü donuzdur,
başından elə vurmuşuq ki, cəhənnəmə
getdi, gora getdi, gorbagor oldu, iti qovan kimi qovmaq, siçan kimi
deşik axtarmaq, ora-bura zəng eləmək, yoxdur status-kvo,
yoxdur təmas xətti, hamısını vurub
dağıtmışıq, dəmir yumruq, nəyi nə vaxt
etməyi Mən bilirəm, nə demişik, onu da eləmişik...
Xalq dilinin dərinliklərindən
çıxarılaraq ehya edilmiş, tarixi mübarizənin tərcümanına
çevrilmiş həmin ifadələri, yəqin ki, ən
modern, ən rəsmi, ən normativ söz-terminlər belə,
bu enerji (və səmimiyyət)lə əks etdirə bilməzdi.
Məsələnin mahiyyəti isə bundan ibarətdir ki, yuxarıda
yalnız az bir hissəsini xatırlatdığımız ifadələri
beynəlxalq dillərin ən modern, ən rəsmi, ən
normativ terminologiyasını müfəssəl bilən, tarixi
qələbəmizi heç kimin təsəvvür edə
bilməyəcəyi layihə gücündə həyata
keçirən bir Lider işlətdi - Sözümüzün
Ali Baş Komandanı!..
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.-2020.-14
noyabr.-S.21