Doğma Qarabağımıza
qayıdırıq!
“Əlbəttə,
Laçın da, Kəlbəcər də, bütün
hamısını, hamısını qaytaracaqlar...” Prezident,
Ali Baş Komandan İlham Əliyevin xalqımıza qələbə
müjdəsi çatdıran bu sözləri qulaqlarımda təkrar-təkrar
səslənir. Bu sözlərdən qəlbimə yayılan
inam və iftixarla Naxçıvan şəhərinin mərkəzi
küçəsi ilə addımlayıram...
Adətən, üzəvari bir qüssə gətirən
sazaqlı-çiskinli payız bu dəfə Azərbaycan
xalqına möhtəşəm qalibiyyət sevinci bəxş
edib. Sanki, öyünc, fərəh yağır göylərdən.
Hara baxırsan, Azərbaycan bayrağı
dalğalanır. Üç rəngin təntənəli
uyarlığı əks olunub Vətənimin bu ali rəmzində. Qulaqlarımda qalib baş sərkədəmizin
xalqımızla paylaşdığı şahanə xitablar
səslənir:
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz
Şuşa, biz səni dirçəldəcəyik”!
30 ildən
bəri gözlədiyimiz müjdənin son akkordlarını
eşidirəm: “Xoşbəxtəm ki, biz öz Vətənimizə,
doğma Qarabağımıza qayıdırıq,
Qarabağımızın tacı olan Şuşaya
qayıdırıq və bu torpaqlarda əbədi
yaşayacağıq! Bundan sonra heç kim
bizi o torpaqlardan tərpədə bilməz!” Bir
xalqın kölgə salınmış 30 ilinin üzərinə
nur səpələnir bu sözlərlə.
Xəyalım ötənlərə yönlənir. Düşünürəm
ki, saxtakarlıq və yalan üzərində
quraşdırılmış “Ermənistan tarixi”nin kölgəsinə sığınan ermənilər
kilsələrdə anonim, fitnəkar keşişlərin
düzüb-qoşduqları bu “tarix”dən
ağıllarını itirərək Azərbaycanı xəyali
“Böyük Ermənistan”ın içərisində əritmək
niyyəti ilə bütün dünyanı aldadacaqlarına
ümid edirdilər. Bu iddialarla öz
işğalçılıq planlarını gizlətmək,
unutdurmaq və geniş auditoriyanı aldatmaq qəsdində
idilər.
Qafqazın
Azərbaycan ərazilərinə məlum güclər tərəfindən
köçürülən bu hibrid xalq (akademik N.Marr: erməni
xalqı kimi, erməni dili də hibrid dildir) yeni torpaqlarda məskunlaşmaqla
kifayətlənməyib, üstəlik, yerli xalqa qarşı ərazi,
mədəniyyət, tarix iddiası ilə təcavüzkarlıq
yoluna düşüb. Azərbaycan
xalqının böyük humanizmindən faydalanan ermənilər
bir müddət sonra gəldikləri ərazilərdə
ixtişaşlar törətməyə başlayıblar.
Bu ədalətsiz, qanlı qovğalar nəticəsində
Azərbaycan xalqı böyük faciələrə məruz
qalıb. Köçürüldükləri
bütün torpaqlarda davamlı cinayətlər törədən
mənfur ermənilər, təəssüf ki, “xaç
qardaşları”nın qoltuğuna
sığınaraq, özlərinə arxa-dayaq tapıblar.
M.Xorenatsiyə
aid edilən saxta “Hayistan tarixi”ni rus dilinə çevirmiş
N.Emin “Ön söz”də bildirib ki, guya, m.ö. 150-ci ildə
Arsaklı anonim çar Vaqarşakın sifarişi ilə
suriyalı alim Mar Abas Katina Nineviya arxivindən
“tapdığı” yunan dilindəki kiçik kitab əsasında
“Ermənilərin ibtidai tarixi” kitabını
yazmışdır. M.Xorenatsi də, guya, “Ermənistan tarixi”ni qələmə alarkən ondan
faydalanmışdı. Əlavə edək ki,
Mestrop Maştos da erməni və alban əlifbalarının
yaradıcısı deyil, fırıldaqçı anonim
keşiş olub. Ermənilərin bu
sıradan yalanlarını dünya ictimaiyyətinə
yüksək səslə bağırmaqla “Böyük Ermənistan”
avantürasına dəstək qazandırmağa
çalışıblar. Dünyada illər boyu bu yalana
inananlar da olub, inanmayanlar da...
Yenidən bu günə qayıdıram. 10 noyabr 2020-ci il... Azərbaycan Prezidenti
İlham Əliyevin sentyabrın 27-dən başlanan
Qarabağ savaşının səngər, diplomatiya və
informasiya cəbhələrində rəhbərlik etdiyi zəfər
yürüşü, nəhayət, “Böyük Ermənistan”
yalanını tar-mar edib ayaqlar altına saldı.
Dünya Azərbaycanlıları bayram edir bu gün. Qələbə
sədaları yüksəlir göy üzünə. Naxçıvan küçələrində də
“iynə atsan yerə düşməz”. Qədim Nəqşi-cahanın
hüsnünə necə də yaraşır zəfər rəngləri...
Ali səviyyədə
deyilmiş sözlər səslənir qulaqlarımda: “Mən
Naxçıvan şəhərini Azərbaycanın ən
gözəl şəhərlərindən biri edəcəyəm.”
Bu istək artıq yüksək səviyyədə
gerçəkləşib. Bu gözəl
şəhərin küçələrində üçrəngli
bayraqlar dalğalanır. Maşınlarda,
eyvanlarda, binalarda, uşaqdan-böyüyə hamının əlində
alov dilli, səma rəngli, həyat çalarlı
bayraqlarımızın yaratdığı təntənə
sevincimizi, sevgimizi yerə-göyə bülənd edir.
Bu gün Naxçıvan illərin həsrətini, nisgilini
silib atır simasından... Günbəgün
gözəlləşən hüsnünə qələbə
rənglərində bəzəklər vurur.
Bu misilsiz mənzərənin başı üstündə,
sanki, Ali Baş Komandanın “Doğma Qarabağımıza
qayıdırıq!” nidası gurlayır.
Üçrəngli
bayraq dalğalanır bu gün xalqımın göz bəbəklərində...
“Türkləşmək, islamlaşmaq,
müasirləşmək” düsturu, məhz bu üçrəngli
bayrağın rənglərində öz əksini tapıb.
Bu gün Azərbaycanın milli varlıq
dastanını yazanların ruhları da sevinir. Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əhməd Cavad,
Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi millət fədailərinin
ruhları dinclik tapır bu təntənə ilə.
Bu gün yenidən “Qarabağ şikəstəsi”
ucalır Şuşadan. Xan qızı oyan, aç gözlərini, bəzən
xan qızı! Biz qayıdırıq... Qarabağ
savaşının tarix yazmış və bu qələbəni
tarixə yazmış çağırışları Azərbaycanın
başı üstündə gurlayır:
– Biz Qələbə
qazanmışıq...
–
Dünya Azərbaycanı yenidən tanıdı...
– Fəxr
edirəm ki, belə ölkədə yaşayıram.
İlahi, bu yuxudurmu? Axı ulu öndərimiz bu tarixi
yazan insan barədə inamla demişdi: “Mən ona özüm
qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm.”
Halal bir fəxarətlə izləyirəm millətimi,
necə gözəl yaraşırmış Azərbaycana
qalibiyyət.
İzdiham üz tutur Şəhidlər
xiyabanına, təzim edirik müqəddəs şəhid
ruhlarının qarşısında.
Fəxr edirik. Qürur duyuruq.
10 noyabr
2020-ci il... Bu gün Azərbaycanın
şanlı tarixi yenidən yazıldı. Azərbaycan öz reallıqlarını dünya
ictimaiyyətinə xalq – ordu – rəhbər birliyi ilə diqtə
etdi. Dünya şahmat taxtasıdır.
Azərbaycan dünyada öz gedişini etdi! Azərbaycan
gedişi!
Azərbaycan
xalqı bu gün bir ağızdan təkrarlayır:
“Qarabağ Azərbaycandır və nida!” Bu
cümlə artıq bizim həyat devizimizdir. Bu cümlə millətin şanlı
şüarıdır. Qarabağ bizimdir və
bizim oldu. Tarixin ulu köksünə Azərbaycan
əsgəri bu cümləni al qanı ilə həkk etdi.
Bu müdrik kəlam bir daha silinməyəcək, əbədi
olacaq! Nəsildən-nəsilə
ötürüləcək bu şanlı şüar.
Bu gün
Dünya Azərbaycanlıları bir ağızdan söyləyirlər:
“Biz fəxr edirik ki, azərbaycanlıyıq”. Naxçıvan
küçələrindəki izdiham da bu öyüncü təcəssüm
etdirir. Hər kəsin dilində qələbə
şüarları…
Balacalar alqış deyirlər,
ağsaqqal-ağbirçəklər dualar edirlər müzəffər
Ali Baş Komandan İlham Əliyevin şərəfli
ünvanına. Nə gözəl yaraşır zəfər Azərbaycana!
Bu xoşbəxtliyin rəsmini hansı rəssamın
çəkməyə gücü çatar?! Bu elə bir
tablodur ki, onu ancaq Allahın verdiyi güc, fitri istedadla
yaratmaq olar. Ali Baş Komandanımızın dediyi kimi:
“Bu, bizim hamımızın qələbəsidir, bütün
Azərbaycan xalqının. Azərbaycan
xalqı bir daha göstərdi ki, nə qədər
böyük xalqdır, nə qədər vətənpərvər
xalqdır, nə qədər dəmir iradəyə malik olan
xalqdır. 30 ilin əziyyəti, 30 ilin
ümidsizliyi, 30 ilin əzabları xalqımızı
sındırmadı, iradəmizə heç bir mənfi təsir
göstərmədi. Əksinə, biz daha
da bütövləşdik, daha da mətinləşdik, daha da
gücləndik, özümüzü toparladıq, dedik ki,
artıq yetər, biz bu işğala dözməyəcəyik.
Dedik ki, düşməni torpaqlarımızdan
qovacağıq!”.
Ulu
öndər Heydər Əliyev bildirmişdi: “Üzümü
Sizə – həmvətənlərimə tutaraq,
qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz
və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm.” Tarix bu inamın, etibarın ululuğunu və
mötəbərliyini xalqımızın Qarabağ qələbəsinin
təmin edilməsi ilə bir daha təsdiqlədi.
Noyabrın
10-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin xalqa etdiyi müraciətdə deyilir: “Qarabağ Azərbaycandır
və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzinə
çevrildi. Bir il bundan əvvəl mən
bunu demişəm. Mən fəxr edirəm ki, mənim
dediyim ifadə artıq bir milli şüara çevrildi.
Bu gün böyük qürur hissi ilə deyə bilərik
ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir,
Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər
bizimdir, Şuşa bizimdir, Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan
xalqına! Yaşasın Azərbaycan!”
Yaşasın
müzəffər xalqın, müzəffər ordunun müzəffər
Ali Baş Komandanı İlham Əliyev…
Nərgiz İSMAYILOVA,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə
fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.- 2020.- 14
noyabr.- S.25.