"Dünya belə
qalmaz" demişdik
Otuz ilə yaxın
yaşadığımız ağrıların içindən
ümid, inam libasında bir deyim hər an boy göstərərdi:
"Dünya belə qalmaz!". Müdriklərdən birinin
dedikləri yadıma düşdü: "İnsan atadan,
anadan birini itirərsə ömrünün yarısını
itirər. İnamını itirərsə hər şeyini
itirər". Bizi məhz illərlə itirmədiyimiz o inam
yaşatdı...
Sentyabrın iyirmi yeddisindən bura qədər
baş verən zəfər olaylarını, sanki şirin bir
röyada görürəm. "Mümkünsüz"
olanı mümkün edən müdrik Prezidentimiz, qüdrətli
sərkərdəmiz İlham Əliyevin,
torpaqlarımızın erməni murdarlarından təmizlənməsində
qanlı döyüşlərə alp-ərənlər kimi
atılan əsgər və zabitlərimizin rəşadəti
önündə diz çökürəm. Azərbaycan 44
günlük müharibədə 30 ilə yaxın müddətdə
işğal olunmuş torpaqlarını özünə
qaytarmaqla dünyanın hərb tarixinə (təkcə Azərbaycanın
yox!) qızıl hərflərlə yeni səhifələr
yazdı. İndi bütün dünya - super dövlətlərdən
tutmuş cırtdan ölkələrə kimi Azərbaycanın
böyük qələbəsindən, bütün müstəvilərdə
məharət və igidliklə döyüşən Ali
Baş Komandanından, onun müzəffər ordusundan, ətrafında
yumruq kimi birləşən xalqından danışır və
hələ neçə illər danışacaqlar...
Nə qədər qürurverici günlər
yaşayırıq!.. Bir kəlbəcərli kimi
ömrümün yarısını, sanki
yaşamamışam. Yaşasaydım vaxtilə belə
yazmazdım:
Torpağım
silindi el yaddaşından,
Saxlancım
qalmadı çopur daşından.
O
qarlı-qartallı dağlar başından
Elə ki,
başladı köç - yaşamadım.
Bu illər ərzində mən də
yurd yerimi dərd yerimə çevirmişəm. Atam, anam, əmim,
dayım, bir çox doğmalarım bu dərdlə
dünyadan köçüblər...
1988-ci ilin fevral ayında Dağlıq
Qarabağda məlum qovğa başladı. Kəlbəcərin
Ağdərədən keçən dədə-baba yolu
bağlandı. Saqqallı ermənilər daşın,
ağacın dalında gizlənib bu yoldan keçən Kəlbəcər
sakinlərinə güllə atmağa başladılar. Bu
yolda nə qədər itkilərimiz oldu. Dədə Şəmşirin
qızı Çimnaz xanım, ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adı verilmiş Şahlar
Şükürov da bu qanlı yolda həlak oldular. Kəlbəcərlilər
beş il - 1988-1993-cü illərdə mühasirə vəziyyətində
yaşadılar. Yeganə ümid Yevlax şəhərindən
Kəlbəcərə açılan hava yolundakı 1 vertolyota
idi ki, duman olanda 18 nəfər tutan bu vertolyot da
uçuşunu təxirə salırdı və binəva
yurddaşlarım günlərlə Yevlağın
küçələrində var-gəl etməli olurdular.
Başqa bir yol da Murov-Xanlar (indiki Göygöl) yolu idi ki, bu
dağ yolu da çox qorxulu, hər gün qəza baş verən
bir yerdən keçirdi.
1989-cu ilin payızında Yevlaxdan
vertolyotla Kəlbəcərə gedəndə gördüklərim
məni dəhşətə gətirmişdi. Rayonda təkcə
elektrik işığı yox, həyat
sönmüşdü. Ciddi ərzaq qıtlığı
vardı. Sabaha ümid yox idi. O zaman gördüklərimi qeydə
alıb qayıdanda "Yolları bağlı dağlar"
adlı məqaləmi S.Rüstəmxanlının baş
redaktoru olduğu, əl-əl gəzən "Azərbaycan"
qəzetində dərc etdirmişdim. Həmin yazıdan bir
hissəni xatırladıram: "Kəlbəcər ərazi
etibarilə Ermənistana ən yaxın, Azərbaycana isə ən
uzaq rayondur. İndiki vəziyyətdə o, sərhəd
boyunda qala qapısına bənzəyir. Bu
"qapını" unutmaq, onun daha da möhkəmləndirilməsi
qayğısına qalmamaq ağır nəticələrə,
dözülməz fəlakətlərə səbəb ola bilər".
(Adil Cəmil, "Yolları bağlı dağlar",
"Azərbaycan" qəzeti, 1989).
Dərhal mənə o zamankı ölkə
rəhbərliyindən ittihamedici zənglər gəldi. Guya
yazdıqlarım yalan imiş... Həyat göstərdi ki, mənim
yazdıqlarım, baş verə biləcək fəlakətlərin
proqnozu doğru çıxdı.
1992-ci ilin fevral ayında Xocalı
soyqırımı baş verdi. Üstündən çox az
keçəndən sonra - həmin il aprel ayının 5-də
Kəlbəcərin Ağdaban və Çayqovuşan kəndləri
erməni faşistlərinin vandalizminə qurban getdi. Ermənilər
33 nəfər kənd sakinini ağlagəlməz işgəncələrlə
qətlə yetirdilər, bir neçə yurddaşımızı
girov götürdülər. Bu qətliam öz məzmununa
görə Xocalı qətliamının davamı idi. Lakin kəlbəcərlilər
o zamankı Müdafiə naziri Rəhim Qazıyevə bu faciədən
danışanda onun belə bir qətliamdan xəbərsiz
olduğu üzə çıxmışdı...
Xatırladıram ki, Ağdaban
saz-söz sənətinin korifeylərindən olan Dədə
Şəmşirin doğma kəndi, qətlə yetirilənlər
isə qohum-əqrəbası idi. Ustadın öz əlləri
ilə tikdiyi ev və bu evin içində tutiya kimi qorunub
saxlanan Ağdabanlı Qurban və Aşıq Şəmşir
poetik irsini yaşadan əlyazmalar da odlara
qalanmışdı...
1993-cü ildə, aprelin 2-də təklənmiş,
5 il mühasirədə qalmış Kəlbəcər erməni
işğalına məruz qaldı. Kəlbəcər 5 il
mühasirədə ölüm-dirimlə yaşadı, ancaq
heç kəs yurdunu tərk etmədi. Xalqın bu iradəsinin
müqabilində o zamankı hakimiyyət strukturları
yurddaşlarıma nə hərbi, nə iqtisadi, nə də mənəvi
kömək göstərmədilər. Beş il ərzində
Kəlbəcəri öz yurddaşlarımızdan təşkil
olunmuş özünümüdafiə dəstələri
qorudu. Yetərincə şəhid verdik. Əsir və girov
düşənlərimiz erməni zirzəmilərində hələ
də imdad diləyir. Erməniyə əsir düşməmək
üçün əl-ələ tutub özlərini
hündür bir qayadan atan qızlarımızın Tərtər
çayına qarışan qanı namusumuzu yudu...
O qızlar Tərtərin
göz yaşı oldu,
Tarixin pozulmaz
yaddaşı oldu.
Göydələn
zirvələr başdaşı oldu
Özünü
qayadan atan qızlara.
Ev-eşikləri erməni atəşində
külə çevrilən Kəlbəcər sakinləri yurd
yerlərini tərk etmək məcburiyyətində qaldı.
Xilas olmağın yeganə yolu qarlı aşırımlardan
keçən Murov yolu oldu. Bütün fəsillərdə
qarlı-buzlu Murovun dəli təbiəti də bu el
köçünə rəhm etmədi. Bu dağ yolunu
aşıb Göygöl rayonuna gələn karvanda soyuqdan, qəzadan
ölənlərimiz də az olmadı, yük
maşınının üstündə gələn,
şaxtadan sifəti cadar-cadar olmuş anamı görəndə
tanımamışdım...
Bu faciədən sonra illərlə kəlbəcərlilər
özlərinə gələ bilmədi. El-oba
dağılıb ölkənin 400-dən artıq
yaşayış məntəqəsinə səpələndi.
Harada, necə gəldi yaşadılar. Ancaq onları
yaşadan bir ümid, bir inam heç zaman ölmədi. Bu
günləri görən nisgilli yurddaşlarımın indi
ürəyi atlanır ki, tezliklə doğma Kəlbəcərimizə
qayıtsın. Torpaqlarımız işğaldan azad olunduqca
Prezidentimizə, ordumuza bu xalqın sayı qədər dualar,
alqışlar, təşəkkürlər ünvanlanır.
Ali Baş Komandanımızın dilindən hər gün yeni
yaşayış məntəqələrinin, şəhər
və kəndlərimizin alınması xəbərini
eşitdikcə, sanki yenidən doğuluruq. Belə məqamlarda
düşünürəm ki, Kəlbəcərin
alınması xəbərini qəfil eşitsəm necə,
hansı ovqatda olaram? Odur ki, deyirəm:
Mənə bu xəbəri
qəfil deməyin -
Axan göz yaşıma
gülə bilərəm.
Dərd-qəmin
içində çox ölmüşəm mən,
İndi də
sevincdən ölə bilərəm.
Mənə bu xəbəri
qəfil deməyin -
Düşünün
qəfildən öləcəyimi.
Yenilməz əsgərim
qaytarır geri
Keçmişə
söykənən gələcəyimi.
Mənə bu xəbəri
qəfil deməyin -
Qanımı
dondurar sevinc təlaşı.
Vətən həsrətinin
yaşı qədərdi
Vətənçün
döyüşən əsgərin yaşı.
Mənə bu xəbəri
qəfil deməyin,
Eşidib-gördüyüm
yuxudu yəqin.
Düşmənin
bağrına sancılan qurşun
Mənim nifrətimin
oxudu yəqin.
Mənə bu xəbəri
qəfil deməyin,
Qəmin də
karvanı ötən olurmuş...
Vətən
savaşında, yurd davasında
Hər insan bir zərrə
vətən olurmuş...
Gözün aydın, Azərbaycan!
Murdarların ləpirindən təmizlənən yurd yerlərimizdə
alaçıqlar qurmağa, evlər tikməyə elliklə gəlirik.
Tanrının mərhəməti, Prezidentimizin qüdrəti,
ordumuzun rəşadəti sayəsində!
"Dünya belə qalmaz"
demişdik, qalmadı ki, qalmadı...
Ədəbiyyat
qəzeti.-2020.-14 noyabr.-S.26