O yerdə ki,
barıt müşk qoxuyur...
Hərdən
mənə elə gəlirdi ki, bizim Şuşa
qarşısındakı günahımızı heç nə
yuya bilməz. İllərin nisgili, ağrı-acısı, həsrəti
ilə Şuşanı elə bir incitmişik ki... Elə bir
ağrıtmışıq ki... Amma yudu... Şəhidlərimizin
müqəddəs qanı yudu bu günahı.
Şuşanın yolunda şəhadət ən mübarək
şəhadətdir... Yerdə yox, göydə
şəhadətdir.
Şuşa
sıldırımdadır... Dağların boynuna dolana-dolana
qalxan yolun yerdən uzaqlaşdıqca müqəddəsliyə
yaxınlaşdığını düşünmüşəm
həmişə... Düşünmüşəm ki, Şuşa bizi öz yüksəkliyi ilə
Yaradana daha yaxın edir... Həmişə mənə elə
gəlib ki, Şuşa bu yurdun
mehrabıdır. Şuşa bizim
günahlarımızın yuyulduğu yerdir.
Mən Rəbbimi göylərdə axtaranlardan
olmuşam. Zaman-zaman Onun qəlbimə
köçdüyünü dərk etsəm də, Onu
axtaranda Göy üzünə baxmışam. Və həmişə düşünmüşəm
ki, bu yurdun Rəbbinə gedən yolu məhz Şuşadan
keçir. O getdikcə yüksələn dolamaları hər
qalxanda səmaya bir pillə yaxın olursan, yerə bir pillə
uzaq... Yer dənizin səviyyəsində
qalır. Sən isə səmaya doğru gedirsən - dəniz
səviyyəsindən kilometrlərlə yüksəyə... Bu, qanadsız uçmaqdan savayı bir şey deyil.
Bu, sadəcə, ruhun yüksəlişinə
doğru zümrüd rəngli qanadsız uçuşdur.
Mənə həmişə elə gəlib ki,
Cıdır düzü Yaradanla birbaşa ünsiyyət
alanıdır. Və o alandan arzular daha yaxşı
havalanır, xəyalların gerçəyə çevrilməsinə
bir an qalır... Bəlkə
də Şuşanı itirəndən sonra belə
düşünməyə başlamışam. Bəlkə
də günlərin bir günü xatirələrimi
saf-çürük edəndə baxıb görmüşəm
ki, Cıdır düzünün o nəfəstutan gözəlliyində,
yerlə göyün arasında, buludların əlçatacaq
yüksəklikdə köç etdiyi məkanda, ağappaq
duman ilə pərdələnən dağların qoynundan
qalxan kəklikotu ətrinin hakim olduğu zirvədə mən
daha xoşbəxt imişəm... Və bu
xoşbəxtlik həmin o yerlə göyün arasındaca mənim
bütün düşüncəmə elə hopub ki,
Şuşanı itirəndən sonra mən Yaradanı
itirdiyimi düşünmüşəm. Onunla
- Rəbb dediyimiz o ucalıqla ünsiyyətim
qırılıb. Düşünmüşəm ki, Rəbbimə
doğru qanadlanan arzularımda o kəklikotu ətri
çatmır və yaxud əlçatacaq qədər
yaxından keçən bulud köçunun sərinliyi
yoxdur, ya da ki, o ağappaq süd kimi dumanın pərdələdiyi
ismət azalıb...
Mən
Şuşaya qalxanda Yerdən sürətlə
aralandığımı zənn edərdim... Elə
bilərdim ki, Şuşanın Yerlə heç bir əlaqəsi
yoxdur. Onun çaydaşı döşənmiş
küçələri ilə Cıdır düzünə
qalxanda, əsrarəngiz bir ortama düşərdim. Göylərə baxardım, qollarımı
geniş açıb xarıbülbüllərin arası ilə
qaçar, duman qaynayan dağların mənzərəsinə
heyran olardım. Sonra özlüyümdə
nağıllar düşünərdim. Düşünərdim
ki, əl-ayaq çəkiləndə Cıdır
düzünün nəhayətsiz genişliyində mələklər
rəqs edirlər. Havada uça-uça.
Düşünərdim ki, bizdən fərqli olaraq onlar bu
zümrüd xalını ayaqlamazlar... Ayaqları gəlməz...
Düşünərdim ki, hər gecə bu şəhərin
dolanbac küçələrində Yer üzünə
ulduzlar enər, bu ulduzların işığında Şuşa gözlərini yumar və ta o
ulduzların işığını günəşin
ilıq şüaları əvəz edənədək bu
xoşbəxt yuxudan ayılmaz...
Şuşa haqqında son yazımı 2005-ci ilin
mayında yazdım. Şuşanın 13-cü bədnam işğal
günü ərəfəsində... Və elə həmin
gün söz verdim ki, bu mənim sənin haqqında sonuncu
yazımdır, Şuşa. Bir
də mən sənin haqqında işğal yazısı
yazmayacağam. Qismət olsa, Qələbə
yazısı yazaram. Qismət olmasa, heç nə... Doğrudan da, yazmadım. O mənim son yazım
oldu. Hər il mayın 8-də
yazdığım mövsümi yazılarım məni
Şuşadan bir az da ayırır, deyə
düşündüm. Düşündüm ki, belə getsə,
Şuşa nəinki mənim
yazılarıma, heç yuxularıma da gəlməyəcək...
Küsəcək məndən...
Və yazmadım. Düz 15 il Şuşa haqqında
yazmadım. Səhv etdim, düz etdim, bilmirəm.
Düşündüm ki, onun haqqında yazmaq yox, onun
tale yazısını yeniləmək lazımdır. Bir daha əmin
oldum ki, Şuşanı qələmlə almaq olmaz. Şuşa canla alınmalıdır. Şuşanın yolunda qan tökmək
lazımdır. Yazmadım... Amma sən demə,
yazan biz deyilmişik. Sən demə, 15 ildə mənə
bu yazını, sadəcə, pıçıldayan
olmayıb... 2 ay bundan öncə Şuşa
haqqında şeir gəldi...
Şuşam - mənim
başdaşım
Buludların
ağlayır,
Deyilmi?!
Səni
qıran nədir belə
Deyimmi?!
Bizdən
əsən soyuqdumu
Yeldimi?!
Biganəlik
xətrinəmi
Dəydimi?!
Ah... Nə
yaman dolub gözün,
Can
Şuşam!
Mən nə deyim?!
Deyim alış, yan, Şuşam?!
Mən nə deyim?!
Üzüm
yaman qaradır...
Mən nə deyim?!
Bağrım
qara yaradır...
Harda
düşüb, bilmirəm ki
Mənliyim...
Şuşam
- mənim itirilmiş
Kimliyim.
Şuşam
mənim
Daşa
dönmüş göz yaşım...
Şuşam
mənim əsir düşmüş
Yaddaşım...
Mən
yoxam ki...
Mən
ölmüşəm
Şuşam
- mənim başdaşım...
...Və
bu şeirlə üstümə elə bir nisgil ələndi
ki... Yazdım... Oxşadım yurdumu.
Əsir torpaqlarımın kədəri ələndi
üstümə... Ağdam üçün darıxdım, Şuşa üçün darıxdım... Özümə də qəribə gəldi. Özüm də heç nə anlamadım. Haradan axdı bu nisgil?! Sən demə,
o tarixi 44 gün gəlirmiş. Kim deyir ki,
mustik qanunauyğunluq yoxdur?! Var... O yurd yerlərinin
harayından yata bilmirdim müharibəyə qədərki son
2 ayda... Çağırırdılar bizi...
Səni
yağışının rəngindən
Tanıyaram,
Vətən!
İşıl-işıldı, deyilmi?!
Səni
çiskininin ətrindən
Tanıyaram,
Vətən!
Yovşan
ətirliydi, unutmadım...
Səni
küləyinin
Mehrindən
tanıyaram
Elə cana yaxındı ki,
Yadımdadır
Mən
tanıyaram,
Sən yağ təki...
Kədərimi
suya çək
Bir az çiçək ətri qat.
Bir az təzə biçilmiş ot ətri...
Sağsansa,
xəbər elə,
Bir ovuc
yağış ələ...
Vətən...
Sağ
idi Şuşa... Qəlbindən yara alsa
da, sağ idi... Yaşayırdı Şuşa...
İntizarla yol gözləyirdi... İnildəyirdi,
ağrıyırdı, ağlayırdı...
Dağlarının başındakı duman göz
yaşı olub ələnirdi... Cıdır düzündə
yallı gedən erməni çəkmələrinin yerində
hələ də ot bitməmişdi. O ayaq
yerləri yandırmışdı torpağı,
qarsalamışdı. Bütün
gücünü-qüvvəsini çəkib
çıxartmışdı yerin təkindən. Bulaqlarının suyu çəkilmişdi. Dilində-dodağındakı nəğmə
itmişdi. Zümzümə də edə bilmirdi Şuşa. Adicə ağı da deyə
bilmirdi, bayatı da çağıra bilmirdi... O yallı hələ
də onun sinəsini kötəkləyirdi... O yallını
oynayanların tərli bədənləri, kirli
ağızları, kin-küdurətlə dolu beyinləri, qana
susamış vicdanları, körpə qətlləri törətmiş
əlləri doğma Azərbaycan musiqisinin sədaları
altında necə iyrənc görünürdü... Unuda
bilmirdi Şuşa, silə bilmirdi
yaddaşından o iyrənc rəqsi... Yallı onun
üçün matəm rəqsi idi... Şopenin
"Matəm marşı"ndan fərqlənməyən bir
ağırlıq yağırdı üstünə yallı
ilə. Gecələri yata bilmirdi... Gözləri
yumulurdu...
Düz 28 ildi canına yığılan əcaib qəhqəhələr,
yanıq yerləri, çapıq, əzik, göynək yerləri
ağrıdırdı. İndi isə... Qala divarlarının o
üzündən addım səsləri gəlirdi. İzdiham getdikcə yaxınlaşırdı.
Ruhlar nigaran-nigaran səmada süzür, qəhərlə
baş-başa vermiş dağları yarıb keçir,
Cıdır düzünə çatanda yerə enir və nəhayətsiz
ənginlikdə, yerlə göyün birləşən məqamında
susmuş, sönmüş, çökmüş
düzün ortasında həsrətlə üzü
dağlara baxır, onların sarsılmış qürurunu
qaytarmağa çalışırdılar...
Şuşa
uğrunda gedən savaşı incələdikcə bir daha
anladım ki, Şuşa təkcə mənim
üçün Yaradanın iqamətgahı deyilmiş. Şuşa bu yurdun bətnindən su içənlərin
hər biri üçün zirvə imiş. Elə bir zirvə ki, ora qalxanda şəhadət
müqəddəsləşir, Vətən uğrunda candan
keçmək şərəf işinə çevrilir.
Orada başqa heç nə yoxdur, yalnız
Yaradan və insan var. O göy üzünə yaxın, yer
üzünə uzaq məkanda. Orada səndən əvvəl
Vətən var, orada səndən sonra Vətən var, o məqamda
dost candan əzizdir, o savaşda müqəddəs amal
uğrunda gerçəkləşən ölüm dəhşətli
deyil...
Əsrlər
keçəcək, bizim ordunun memarı olduğu Şuşa savaşı yüksək
sivilizasiya dövrünün ən müqəddəs ruh
savaşı kimi tarixə düşəcək. O yerdə ki,
barıt müşk qoxuyur, o yerdə ki, səmalar layla oxuyur,
o yerdə ki, bulaqlar nur çeşməsidir, o yerdə ki,
dağlar səni qoruyur. O yerdə - Şuşada Azərbaycan
oğlu bütün dünyaya, ağzı doğru dadmayana,
gözü yalnız qara görənə, dodağı
türlü-türlü yalanlar pıçıldayana
sübut etdi ki, o döyüş meydanında yalın əllə
döyüşə girənlərdəndir, yumruğu
daş, məsləyi yurd uğrunda müqəddəs
savaş olanlardandır. 300 əsgərin şah əsəri
oldu Şuşa savaşı. Dağlarda döyüşün unikal meyarı oldu.
"Bundan yaxşı döyüş olmaz,
bundan əzmli döyüşçü olmaz, bundan
böyük Vətən eşqi olmaz deməmizə" imkan
yaratdı. Bizim əsgər ən böyük əsgər
ola bildi. Bizim əsgər Vətən
uğrunda zirvəyə dırmandı, qara, çovğuna
davam gətirdi, yaralısını kürəyində, şəhidini
ürəyində daşıdı. Düşmənə
əlbəyaxa döyüşün nə demək olduğunu
anlatdı. O, meydan oxudu... O, hər yerdən
göründü - şimaldan, cənubdan, şərqdən,
qərbdən... "Bir addım geriyə çəkilmə!". Əmr belə idi! Əsgər
əmri yerinə yetirdi. Bir amal uğrunda
irəlilədi. Üç rəngin gözəlliyini Şuşa qalasının üstündə
dalğalandırmaq üçün o, qana susayan düşməni
əzdi, vurdu, keçdi. Daldalanmağa səngəri
olmadı, barıt acılı boğazının
yanğısını söndürməyə bir qurtum su
tapmadı, aramsız güllə saçan silahının
lüləsində isitdi buz bağlamış əllərini...
Və bizə Şuşanı qaytardı... Bundan böyük jest olarmı?! Saatlarımızı 1992-ci il mayın 8-də saxlayıb, 2020-ci il noyabrın 8-də quraydıq gərək. 8-dən 8-ə olan 28-i yaşamayaydıq gərək. Donduraydıq yaddaşımızı... Yaşadıq. Bu günləri görmək üçün Yaradan bizə möhlət verdi. Şuşaya qovuşma ləzzətini anlamamız üçün şans verdi bizə... Şuşalı günümüzə baxıb özü də sevindi... Sevincimiz mübarək!
Sevinc
Nuruqızı
Ədəbiyyat qəzeti.- 2020.- 14
noyabr.- S.27.