Həsrəti qorumaq... yaxud bir köynək bayatı qədər

 

Xarici müəlliflərdən biri yazmışdı ki, bizdə demək olar, hamı şeir yazır, amma heç kim şeir oxumur. "Günün qızıl gözlərinin düz içinə baxıban" (Əli Kərim) tutulan bu məqam sürətlə axan zamanın ara-sıra faş etdiyi məqamlardandır.  Təqsirkar zaman və onun sürətidirmi? Əlbəttə, yox. Həmin məqamla bağlı başqa, bəlkə daha vacib bəlirtilər də olmamış deyildir. Oxunmayan, ard-arda yazılan şeirlər o qədər çoxalır ki, sürətlə axan suların sirrini pıçıldayan mətnlər tək-tənha qalır və bu nisbət heç zaman, heç bir xalqın ədəbiyyatında dəyişmir və bir gün biz o tənha yazıları görəndə getdikcə artıb çoxalan mətnlərdən bir anlıq qurtuluruq. Bir məqam da var: ard-arda yazılan mətnlərin çatışmayan heç nəyi olmur: oxuyan kimi səni alıb aparan, axıcı, qafiyə döngələrindəki "nəfəsliklərin" səliqə-sahmanı da öz yerində. Professional vərdişlər hardasa, yəni müəyyən məqama yetişdikdə təhlükə mənbəyinə çevrilir: səndə olan, indiyə qədər duyduqlarını belə, istismar edirsən, pafos mətnin bütün hüceyrələrini qurd kimi gəmirib sonuna çıxır. Bunun nəticəsində daha tutarlı dəlillər meydana çıxır: hər bir gözəl şeir parçasında dinləyən və oxuyan kimi ilk keçirdiyin hiss, qəlbinə daman ilk "duyğu damcısı" bu olur ki, sən bunu əlbəttə, bilirdin. Bu sənə həyatının hansı dönəmindəsə unutduqlarını xatırlatdı, həm də xatırlatmaqla qalmadı, dünyanın əzəlinə, ilk insanın sevinc və kədərini tanıtdı. Ona görə də bu tipli gözəl mətnləri oxuduğunda dərhal digər mətnlər də içində yavaş-yavaş doğulur, oxuduğun qəzəldirsə, onun duyğu ekvivalenti olan bayatını, bayatıdırsa, onun əkiz tayı olan qoşma və ya sərbəst şeiri anırsan. Bu nə deməkdir? Bu dünyada heç nə kəşf edilmir, hər şey, bütün hisslər və duyğular, bütün mətləb və düşüncələr var, sənə qədər mövcuddur, sən, sadəcə, şansın gətirdikdə onları duyur və tapırsan. Bu tapıntı başqalarının, keçmişdə yaşayan, bəlkə lap gələcəkdə yaşayacaq insanların xəyalına qoşula bilmək sayəsində baş tutur. Ona görə də Vətən, onun daşı-torpağı, gülü-çiçəyi, ən ümdəsi isə içinə kömülən dərdlərdən yazılan şeirlərin daha çox üzdə, üst qatda qalmaq ehtimalı daha çoxdur. Qafiyələr yerli-yerində, bir an heyrət doğurub sönən təşbehlər hər şeyin - bütün mətləbin, sanki bir düyündən açılıb ətrafa yayılmasına bənddir, bu məqamdan etibarən mətləbi, poetik mündəricəni təsvirdən qurtarmaq, xilas etmək mümkün olmur. Bir də var bütün bu becid keçidləri bildirməyən, alt qatda saxlayan nəfəslə yazılan şeirlər... Şuşa haqqında yazılan mətnlərə baxdım, Qarabağ müharibələrindən bəhs edən mətnləri oxudum, burda ancaq bədii mətni əsas mətləbdən sürətlə qoparan "indiki zaman" var (təsvirlərin içində azıb dolaşan zaman tuneli...), o mətnlərin çoxunda idrakla emosiyanın qovuşması hadisəsi demək olar ki, yoxdur, bu hisslər şeirə çəkilməkdən çox, sadəcə, "kölgələr yox olanda çəkilir", şeirsə daha çox bəlkə də, dünyadakı ilk insanın hisslərini (həsrətini, onun içində itirdiyi özünü tapıb bulmaq ehtirasını -!), sevinc və kədərini qoruyub saxlamaq, hifz etmək sənətidir. Döyüş meydanlarında baş verən, insanın ruhunu yerindən oynadan hadisələrin fonunda çox mətnlər "gözdən düşür", cılız görünür, o tip hadisələri şeirə çəkmək üçün tələb edilən enerji dağları yerindən oynadar. Vətən torpağı uğrunda şəhid olan həyat yoldaşının tabutu altına girmiş qadından, bu kədərlə qüruru eyni zamanda ərşə qədər qaldıran hadisədən hansı mətni yazmaq, quraşdırmaq olar. O hadisənin qabağında sadəcə susub qalırsan. Və bu sükutun özü ən böyük şeirdir, ağrının ürəyə damcıladığı anın ən mükəmməl görüntüsü... Ona görə yurdla bağlı, xüsusən onun azadlığı uğrunda gedən savaşdan yazılan mətnlərdə "daxili təsvir", ağrı və əzabı sükutun dilində səssiz fəryadla vermək önə çıxır. Nazim Hikmətin şeirləri məhz bu məqama görə oxunduqca dərinlərə nüfuz edir, öz içindəki sükutu "həyəcanlandırmaqla" sənin içindəki hay-küyü sıfıra endirməyə çalışır. "Yazının sıfır həddinin" (R.Bart) olduğu mətnlərdə dillənməsi qabaqcadan nəzərdə tutulmamış, bəlkə dünyanın sonuna qədər açılmamış qalacaq nəsnələrə işarə "yanıb sönmə" məqamındadır, məsələn, Məmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması. Bu mətn yüz illər, min illər boyu dilin altında uyuyan hisslərin bir gün fantan kimi üzə çıxmasıdır, bu üzə çıxmağa "tələsən" hisslərin yaratdığı mətn oxuduqca çoxalır, yaddaşımızı dirildir. Həm də: Vətənin dağı-daşı, gülü-çiçəyi, hər şey... ayrıca, bütün dünyadan təcrid edilərək təsvir edilir, bu ayrılan, şaxələnən nəsnələr hələ kimsənin bilib tanımadığı nəhrə qovuşur. Şeirin dili də, sanki insanın ilk dəfə dil açıb danışdığı dildir, o nəfəs qədər munis və təkrarsızdır.  Bu kimi digər xüsusiyyətlərinə görə bu poema ən qədim və ən müasir mətnlərin ortaq nöqtəsidir. Yurdun ən xarakterik cizgilərini göstərmək həsrətində olan mətn hər deyəndə meydana çıxmır. Yazılmır, onun ilk cücərtiləri bəlkə də suların dayandığı, quşların səsinin boğazında qaldığı, küləyin meşədəki ağacların yarpaqlarına sığal çəkdiyi anda yaranır. Ona görə də əsl vətən şeiri elə Şəhriyarın öz lisanıyla desək, "gözəllərin axıra qalmışdır...".

 

Musa Yaqubun "Şuşa" şeirində maraqlı bir detal var: qalalar qayadır, qalalar qaya... Amma vacib detal bu deyil və əslində, bütün mətn boyu xatırlanmaq, üzə çıxmaq istəyən bir nəsnədir. Bəzən daşlı-qayalı məkanlarda yurdun tarixiylə elə hadisələr gözlənilir ki, bu hadisə baş verdikdə onun tarixinin dərinliyindəki faciələri daha dolğun və incə şəkildə anlayırsan. Şeirdə olsun ki, bəzi tarixi məqam və faktlar yazıldığı kimi deyildir, ancaq əsas olan budur ki, bir qayanın, yaxud qalanın üstündə bircə daş əskik olanda (metaforanın tarixi -!) onun tamamlanması üçün çox qanlar axır, bu əskik daş yurdun keçmişiylə gələcəyini ən optimal nöqtədə biləşdirir, görüntüləyir, həmin daş yerində bitənəcən qan-qırmızı axan sular ömürləri, taleləri götürüb aparır, neçə aslan ürəkli, aslan biləkli igid can verir, ancaq bir gün düşmənin başı o qalanın əskik daşını əvəz elədikdə hər şey dəyişir, o tamamlanan nəsnə dərdin, həsrətin bizə nə qədər mərhəm olduğunu, onsuz yaşamağın heç mümkün olmadığını duyurur. Və Şuşa da təkcə Şuşa deyildir, bütün Vətəndir, hər şeyə təndir, hər şeyin ölçü vahididir.

 

 

Babalar can qoyub

bu torpaqda, can,

Elə başdan-başa qaladır ölkə,

Bu yerdən Şirvana diqqətlə baxsan

Cavanşir qalası görünə bəlkə.

 

 

Şuşa həm də bir güzgüdür. Yuxarıda bəlirtilənən kimi, Vətənin tarixini, bütün dərd və faciəsini, sevinc və qürurunu mükəmməl şəkildə əks etdirən güzgü-metafora. Musa Yaqubun hələ 50 il öncə yazdığı şeirində bu adla bağlı intuitiv məqam ani olaraq keçir və mətnin bütün hüceyrələrinə sirayət edir. Yurd yeri həm kövrəkdən kövrəkdir, həm də alınmaz qaladır, həm hər dərdə qatlaşan qəhrəman, həm də adi kəc baxışdan sınıb çiliklənən bir nəsnə. Şeirdə belə bir məqam var: sənə ox atanlar sandılar ki, şüşəsən, sınarsan, ancaq o oxlar o şüşəyə toxunan kimi sındı.

 

 

Tək Şuşa adına uyub aldanan,

Daşı şüşə bilib

ona ox atdı.

Fələyin damından daş yağan zaman

Bir kənd də yarandı -

adı Daşaltı...

          

 

Bu şeirdə adların bu şəkildə sadalanması da intuitiv məqamla bağlıdır: o mətndən bu günümüzə qədər keçən zaman ərzində baş vermiş ən əsas hadisələr, məsələn, son döyüşlərdə işğaldan azad edilən kənd adlarının enerjisinin bütün qəlblərdə, sanki eyni zamanda hiss edilməsi də bir mətndir, görünməyən, ancaq bütün varlığımızla hiss etdiyimiz, əl vurub toxuna bildiyimiz mətn. Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Suqovuşan və başqa yurd yerlərindəki kənd adları dünyaya təzə, elə indicə gəlibmiş kimi kosmosu qəribə, hiss edən kimi səni həyəcanlandıran enerji yaratdı. Ona yaxın olduq, bir köynək bayatı qədər...

 

...Sevdiyimiz, nəfəs aldığımız, nəfəsimizin yarandığı yerlərə bizi bağlayan həsrətdir. Onu gördükdə ürəyimizdə oyanan, bir-birinə çulğaşıb "dili dolaşan" hisslərin də adı həsrətdir. Adicə daşına, bir ovuc qumuna olan sevgin onu qorumaq anı gəldikdə eşqə çevrilir. "Leyli və Məcnun"un ilk addımlarının orda pərvəriş tapması da bu mənada təsadüfi deyildir. Həmin eşqlə düşmənə qarşı dayananda üstünə gələn gülləni hiss edərsən, geri addım atılmayacağı məqamda şəhid olacağını da...              

 

Həsrəti qorumaq...

Həsrət bitməsin, ən ummadığın şeyə çatsan belə, illər boyu ürəyində qövr edən əzabı qoru, hər gün tozunu alıb göz bəbəyin kimi qoru...

 

Bitsə belə, içindəki ağrını qoru, sağalmaq üçün məlhəm arama:

 

Məlhəm qoyub önərmə sinəmdə qanlı dağı,

Söndürmə öz əlinlə yandırdığın çırağı...

 

Həsrət... yolunda görəcəyin o çırağın işartısını sönməyə qoymaz...

 

...Elə çağladı ki, Bülbülün səsi

Daşlar da mahnıya çevrildi axır

Üzeyir nəğməsi -

Həyat çeşməsi,

Elə bu daşlardan süzülüb axır.

Bu çılpaq daşlarda

istəyim, arzum,

Yaşar nişanımız qayalar üstə.

Burda binalara özül nə lazım,

Tikilir dünənki qayalar üstə.

 

Cavanşir YUSİFLİ

Ədəbiyyat qəzeti.-2020.-14 noyabr.- S.31