Halil Kahraman, gəl!

 

Ermənistanın təxribatlarına layiqli cavab verən, azğın düşmənə öz yerini göstərən Müzəffər Azərbaycan Ordusu şanlı bir tarix yazdı.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi bizdən ötrü, sadəcə, ölkənin coğrafi hüdudlarının bərpa olunması demək deyil: bu şanlı qələbə ölkəmizin hər bir vətəndaşı üçün şərəf, ləyaqət rəmzi kimi çox qiymətlidir. Bu qələbə həm onun iştirakçısı və şahidi olanlara, həm də gələcək nəsillərimizə misilsiz örnəkdir. 

Bu tarixin içində olmaq, qələbəni öz gözləri ilə görmək bizə sözlə ifadə edilməsi çətin olan fərəh və qürur hissi yaşatmaqla bərabər, həm də bizi arxaya və önə - keçmişə və gələcəyə baxmağa sövq edir.

İndi bir dövlət kimi Azərbaycanın, bu dövlətin vətəndaşları kimi bizim hər birimizin qarşısında yeni və daha geniş üfüqlər açılır: Azərbaycan növbəti intibah dövrünə qədəm qoyur. Bu bizim dövlətçiliyimizin intibahı olacaq! Bu intibah böyük və hərəkətli quruculuqla müşayiət olunacaq.

Hər bir xalqın tarixində cəmiyyətin taleyini və düşüncə tərzini dəyişən, ona yeni məzmun və təyinat verən "qırılma anları", dönüş nöqtələri olur. Məsələn, Azərbaycan xalqı belə bir dönüş məqamını 1905-ci ildə yaşayıb. Öndə gedən fədakar düşüncə adamlarının, ziyalılarımızın uzun müddət "zəmanədən geri qaldığından" şikayət elədiyi Azərbaycan toplumu 1905-ci ildə qəfil bir təkanla tarix səhnəsində yeni status qazandı və qısa müddət ərzində İslam Şərqinin düşüncə, söz və əməl liderinə çevrildi.

Uzun müddət tarix kitablarında 1905-ci il intibahının başlanğıcı kimi "birinci rus inqilabı" göstərilib, diqqət Rusiya çarının söz azadlığına icazə verən "oktyabr manifesti"nə yönəldilib və əsas səbəbdən yayındırılıb. XX əsrin əvvəlində erməni xəyanətinin gətirdiyi fəlakətin qarşısını almaq üçün Azərbaycan xalqının səfərbər olması, özünü millət kimi tanıması tarixin yetirdiyi qaçılmaz zərurət idi. Dünyanı barmağına dolamaq həvəsində olan Qərbin və Rusiyanın himayəsinə güvənən, Osmanlı imperiyasına qarşı alət kimi istifadə edilən erməni xəyanəti ilə üz-üzə qalan müsəlman toplumu Qafqazda öz fiziki mövcudluğunu qorumaq məcburiyyətində idi. Azərbaycan milli ideologiyası məhz belə bir sərt həqiqətlə üz-üzə qaldığımız şəraitdə çox qısa müddət ərzində formalaşdı, o vaxta qədər öz varlığının fərqində olmayan Millət mətbuatın, ədəbiyyatın, sənətin baş qəhrəmanına çevrilirdi. Milli ideologiyamızın bünövrəsini qoyan fədakar ziyalımız Əli bəy Hüseynzadə  "Həyat" qəzetinin məramını açıqlayarkən millətin daim hərəkətdə, fəaliyyətdə və inkişafda olduğunu yazır, milli varlığı kamilliyə aparan yolu millətin arasıkəsilməz fiziki və mənəvi inkişafında  görürdü: "Həyat ... mənən, fikrən və maddətən daimi bir hərəkətdən, bir fəaliyyətdən, cismani və ruhani bir nəşvü nümadan (inkişafdan - M.O.), bizi bir dövri-kəmalə yaxınlaşdıran mütəmadi bir nəşvü nümadan ibarətdir. Bir fərd üçün belə olduğu gibi bir cəmiyyət, bir millət və hətta bütün bəşəriyyət üçün böylədir"...

Bu arasıkəsilməz inkişafın məntiqi nəticəsi olaraq Azərbaycan toplumunun inkişaf yolunda daha bir dönüş məqamı 1918-ci ildə baş verdi: İslam Şərqində ilk demokratik respublikanın - Azərbaycan Cümhuriyyətinin elan edilməsi, yox yerdən üçrəngli bir bayrağın ucaldılması, insanlarımızın zehnində dövlət idealının yaranması bizi tarix səhnəsində yeni bir orbitə çıxartdı.

Lakin onda da həm arxamızda, həm də qarşımızda erməni xəyanətini gördük. Öz müttəfiqləri ilə birləşib Azərbaycanda qanlı əməllər törədən erməni xəyanəti Azərbaycan dövlətini və dövlətçilik şüurunu beşiyindəcə boğmaq niyyətində idi. Azərbaycan Cümhuriyyəti elan olunanda Bakı xəyanətkar qüvvələrin nəzarətinə keçmişdi, Azərbaycanın bir çox bölgələrində, eləcə də Qarabağda qarışıqlıq hökm sürürdü, Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Şuşada azərbaycanlılar kütləvi şəkildə qətlə yetirilirdi.

O vaxt hələ çox gənc olan Nuru paşanın rəhbərlik elədiyi Qafqaz İslam Ordusu Azərbaycana xilaskar kimi gəldi. Azərbaycan Cümhuriyyəti ayağa durub öz şanlı bayrağını yüksəldə bildi. Ən uca bayraq isə ürəklərdə yüksəldi.

1920-ci ildə ermənilərin təsiri altında olan bolşevik hakimiyyəti milli Azərbaycan dövlətini devirsə də, insanların təfəkküründə şimşək kimi çaxan dövlət idealının, müstəqilliyin əbədi işığını söndürə bilmədi. Bu işıq Sovet diktaturasının amansız vaxtlarında dünyaya gələn yeni nəsillərin də düşüncəsindən çəkilmədi, azadlığın dadı yaddaşlardan silinmədi. Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadə tarixin gedişatını, ürəklərdə ucalan bayrağın gələcəyini çox aydın görürdü və tarix onun dediklərini təsdiqləyəcəkdi: "İndi istiqlal və milli hakimiyyət sevdası ilə yaşayan bir Azərbaycan gəncliyi vardır ki, gecə-gündüz çalışır, ilk fürsət və imkanı gözləyir. Bu fürsət gəlincə o, meydana çıxacaq və o zaman yanıq könlündə atəşin cizgilərlə nəqş olunan bayrağı maddi şəkildə yüksəldərək deyəcək: Bir kərə yüksələn bayraq bir daha enməz!".

XX əsrin sonunda dünyanın siyasi mənzərəsinin dəyişmək məqamı gələndə Azərbaycan toplumu bayrağını yüksəltmək naminə meydana çıxdı. Lakin xalqlar öz müstəqilliyinə qovuşanda  biz yenə arxamızda və qarşımızda mənfur erməni xəyanətini gördük.

Biz dövlət müstəqilliyimizi torpağımızın yaraları ilə bərpa etməli olduq. Bizdən Dağlıq Qarabağı almaq iddiasında olan erməni xəyanəti məkrli güclərin arxasında daldalanıb Dağlıq Qarabağın ətrafındakı torpaqlarımızı da işğal etdi...

Qarabağ münaqişəsini tənzimləməyi öhdəsinə götürən beynəlxalq qüvvələr isə on illər boyu heç bir nəticə verməyən danışıqlarla, mənasız vədlərlə, "müdrik məsləhətlərlə" kifayətlənməli oldu...

2020-ci il sentyabrın 27-də Azərbaycan dövləti və xalqı özünün gücünə güvənib ayağa qalxdı. Dünyanın haqdan, ədalətdən dəm vuran güc və ixtiyar mərkəzlərinin 30 ildə öhdəsindən gələ bilmədikləri "erməni düyününü" qəhrəman Ordumuz 44 günə açdı. Ordumuzun misilsiz rəşadəti sayəsində ölkəmizin torpaq bütövlüyü bərpa olundu. Azərbaycan milli varlığının ana qucağı, ata ocağı olan Qarabağda, mədəniyyətimizin incisi Şuşada bayrağımız  yenidən dalğalandı. Əsirlikdən azad olmuş Şuşada (1992-ci ildə Şuşanın düşmənə təslim edilməsinə rəvac verən qüvvələrdən bunun hesabı mütləq soruşulmalıdır!) azan səsi yüksəldi. 

Tarixin ən ibrətamiz dərslərindən biri də budur ki, müqəddəs torpağımızın düşməndən təmizlənməsi uğrunda rəşadətlə vuruşan, şücaət və qəhrəmanlıq göstərən gənclərimizin böyük əksəriyyəti Qarabağsız Azərbaycanda dünyaya gələn yeni nəslin nümayəndələridir. Onların öz qan yaddaşına, şərəf yaddaşına göstərdiyi misilsiz sədaqət ən yüksək ehtirama və alqışa layiqdir!

Yəqin ki, bu günlərin şahidi olanların yaddaşında ölkəmizin hər bir bucağında, küçələrdə, məhəllələrdə yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının yaratdığı ay-ulduzlu mənzərə ayrıca yer tutur və bu mənzərə onun şahidi olanların yaddaşından heç vaxt silinməyəcək. Bu möhtəşəm mənzərə apardığı haqq mübarizəsində  - Vətən müharibəsində daim Azərbaycanın yanında olan Türkiyə Cümhuriyyəti dövlətinə və xalqına minnətdarlığımızın qeyri-adi ifadəsidir.

Vətən müharibəsinin ən böyük dərslərindən biri də informasiya cəbhəsinin düzgün idarə olunmasıdır. Ali Baş Komandanımızın xalqa qələbə müjdəli müntəzəm müraciətləri, dünyanın ən aparıcı KİV təmsilçilərinə verdiyi müsahibələr, Müdafiə Nazirliyinin hazırladığı videomateriallar, cəbhədəki vəziyyətlə bağlı yığcam xəbərlər, dövlət rəsmilərinin bəyanatları informasiya "aclığının" və hərc-mərcliyinin qarşısını aldı, insanlarımızda Ordumuzun qələbəsinə böyük inam və ümid yaratdı.

Kut-ül Amare'nin komutanı kimin dedesi çıktı? foto galerisi

Mən cəbhə xəbərlərini daha çox Türkiyənin televiziya kanallarından izlədim və minnətdarlıq hissi ilə deməyi borc bilirəm ki, onlar öz vəzifələrinin öhdəsindən böyük peşəkarlıqla gəldilər. Dramatik müharibə xəbərlərinin içində "CNN Türk" kanalının müxbiri Fulya Öztürkün səsi isə mənim yaddaşımda müharibənin səsi kimi ömürlük həkk olundu. Fulya xanım düşmən cəbhəsindən atılan mərmilərin altında, qələbə xəbərinin sevincindən küçələrə çıxmış insanların arasında apardığı canlı reportajlarda tez-tez kameraman yoldaşına səslənirdi: "Halil Kahraman, gəl!".

Bu çağırış mənim təsəvvürümdə şanlı bir tarixin yaradıcılarından olan başqa bir qəhrəmanın - Halil paşanın əziz xatirəsini canlandırır. 1918-ci ilin yayında gənc Nuru paşanın rəhbərliyi ilə Azərbaycan Cümhuriyyətinin köməyinə gələn  xilaskar Qafqaz İslam Ordusunun müzəffər sərkərdələrindən biri də adı müasir Türkiyə tarixində "Kut'ül Ammare Kahramanı" kimi anılan Halil Kut - Nuru paşanın əmisi olmuşdu...

 

Məti OSMANOĞLU

 

Ədəbiyyat qəzeti.- 2020.- 14 noyabr.- S.30.