AĞDAM
"Sən öl"ü,
"sağ ol"u bəlli
yaranandan üzü
bəri
yasında yasin oxunan
toyunda tüfəng atılan -
şəhərim!
Dünyanı bazara çıxaran
dünya bazarında
satılan -
şəhərim!
Yuxarı
başına keçən
kafirə
yuxarıdan aşağı
baxan,
Allahdan da çəkinməyən
bircə əsarətdən
qorxan!
Ağ alınlı qızılı
atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid
oldun...
Ağam
şəhərim!
Adam şəhərim!
Ağdam
şəhərim!
Şükür külünə,
şükür qayıdış
gününə!
Sevincdən ağlımız çaşıb
yüz min dəliynən
gəlirik.
Bir
"Uzundərə" havası
çal,
çıx Bərdə
yoluna -
Uzundərəynən gəlirik!..
15 noyabr 2020
Qulu AĞSƏS
Ədəbiyyat qəzeti.- 2020.- 21
noyabr.- S.4.