Ədəbiyyat tariximizin Dədəsi - ANAR
Azərbaycan
Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik
İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud:
yazılı epos və ya epopeya" adlı son dərəcə
dəyərli araşdırmasını böyük maraqla
oxudum və oxuduqca xoş xatirələr yoluyla çox uzaq
illərə qayıtdım.
"Kitabi-Dədəm
Qorqud"un akademik Həmid Araslının
latın əlifbasıyla çap etdirdiyi nəşrini ilk dəfə
13-14 yaşlarımda oxumuşdum. İlk oxunuşdan məni
cazibəsinə salmış bu əsəri ömrüm boyu
müxtəlif yaşlarımda hər beş-on ildən bir
yenidən mütaliə edirəm və hər dəfə mənə
elə gəlir ki, bu əsərlə ilk dəfə tanış oluram. "Dədə Qorqud",
sanki oxucusuyla birlikdə böyüyür, boy atır,
müdrikləşir, kamilləşir. Yeniyetməlik
və gənclik yaşlarımızda bizimçün gizli
qalan sirlərini ahıl sinnimizdə bizə açır.
Türk xalqlarının Şekspir miqyasında dramaturqu,
Servantes, Balzak, Tolstoy, Dostoyevski ölçülərində
romançıları yoxdur. Amma nə rusların,
nə fransızların, nə ispanların "Kitabi-Dədə
Qorqud" möhtəşəmliyiylə müqayisə edilə
bilən ədəbiyyat abidəsi yoxdur. Slavyanların
"İqor alayı haqqında dastan"ı,
fransızların "Roland", ispanların "Sid"
dastanları bədii zənginliyi etibarilə "Dədə
Qorqud"la yanaşı dura bilməz. "Kitabi-Dədəm
Qorqud"u adlarını çəkdiyim dastanlardan və bir
çox başqa xalqların eposlarından fərqləndirən
bir başqa cəhət də - onun xalqın rəməl
kitabı olmasıdır. Yəni bu əsər
yalnız ədəbiyyat abidəsi deyil, həm də xalqın
tarixinin bütöv bir dövrünü müəyyənləşdirən,
onun coğrafi məskənini dəqiqləşdirən, onun mənəvi
dəyərlərini, inanclarını, əxlaq və zövq
anlayışlarını formalaşdıran tükənməz
bir xəzinədir. Bu cəhətdən "Kitabi-Dədəm
Qorqud" yalnız "İliada" və "Odisseya"yla,
Dədə Qorqudun özünü isə Homerlə müqayisə
etmək olar ki, bunu da məhz İsa Həbibbəyli uğurla
edir.
Hələ
lap ilk tanışlıqdan "Dədə Qorqud" mənim
gözlərimdə məhz kino əsəri kimi xəyali
ekranda canlanırdı. Çox illər sonra
çətinliklə olsa da, bu xəyallarımı gerçəkləşdirə
bildim - ssenarim əsasında Azərbaycanın ilk iki
seriyalı bədii filmi çəkildi. Ssenari üzərində
işlərkən Dədə Qorqudu daha dərindən dərk
etmək üçün qorqudşünaslığa aid xeyli
araşdırmalarla, bu mövzuyla bağlı Azərbaycanda,
Türkiyədə, Rusiyada dərc olunmuş tədqiqatların
demək olar ki, hamısıyla tanış
oldum. Bir çox görkəmli qorqudşünaslarla - Həmid
Araslıyla, Orxan Şaiq Gökyayla, Naili Pərtov Baratavla,
Xalıq Koroğluyla şəxsən tanış idim, bu
mövzuda söhbətlər etmişdim. Tam səmimiyyətlə
deyə bilərəm ki, İsa Həbibbəylinin haqqında
bəhs etdiyim "Kitabi-Dədə Qorqud: yazılı epos və
ya epopeya" adlı araşdırması
qorqudşünaslığın tamamilə yeni və
başqa, çox mühüm mərhələsini təşkil
edir.
Dediyim
kimi, Dədə Qorqudun açılmamış sirləri az deyil, amma, zənnimcə, üç ən əsas
sirri var: Əsərin yaşı, yəni yaranma tarixi, əsərin
yaradıcısı, müəllifi və əsərin
janrı - daha dəqiq desək, "Kitabi-Dədəm
Qorqud"un yazılımı, şifahimi ədəbiyyata aid
olması. İsa Həbibbəylinin
araşdırmasında hər üç suala
inandırıcı elmi cavablar verilir.
Əvvəla, dastanın yaşı barəsində.
Dədə
Qorqud” və “Əsli-Kərəm”də qarğış və
alqış
1995-ci
ilin avqustunda Qırğızıstanda "Manas"
dastanının 1000 illiyi təntənəylə qeyd olunurdu,
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə
Bişkekə gedən Azərbaycan nümayəndə heyətinə
Prezident Yusif Səmədoğluyla məni də daxil
etmişdi. "Manas"ın və Çingiz
Aytmatovun vətəni Talas vadisinə gəldik, yubiley mərasimi
burda təşkil olunmuşdu - geniş çöldə əlvan
çadırlar qurulmuşdu, cıdır, güləş,
oxatma, qılınc oynatma yarışları,
manasçıların ifası. Bu çox rəngarəng
tamaşadan sonra çadırda nahar edərkən Prezidentimizə:
- Biz
bundan da gözəl Dədə Qorqud yubileyi keçirə bilərdik
- dedim. - Dədə Qorqudun neçə illiyidir
ki? - deyə soruşdu.
- 1300
illiyini qeyd edə bilərik - dedim.
- Niyə
1300?
- Əlbəttə, dastanın motivləri, qaynaqları
daha qədimdir, amma əlimizdə olan mətndə Dədə
Qorqudun Həzrət Məhəmmədin (s.v.) müasiri
olduğu bildirilir. Bu tutarğanı əsas götürmək
olar.
Prezident:
-
Bakıya gələndə təkliflərini yaz - dedi.
- Bununla
demək istəmirəm ki, "Kitabi-Dədə Qorqud"un bu gün qəbul olunmuş 1300
yaşını mən təyin etmişəm. Həmid
Araslının, M.H.Təhmasibin və başqa
qorqudşünaslarımızın tədqiqatlarında da bu rəqəm
qeyd olunur. Amma təbii ki, sovet dövründə,
onsuz da başıbəlalı Dədə Qorqudun yaşı
Məhəmməd Peyğəmbərin (s.v.) müasiri
olmasıyla təyin edilə bilməzdi. Heydər
Əliyev məhz ona xas olan fəhmlə dərhal bu rəqəmin
əhəmiyyətini nəzərə aldı və onun fərmanından
sonra bu tarixi YUNESKO da, Türkiyə qorqudşünasları da
qəbul etdi.
Yubiley
Komissiyasının iclasında mən buna görə Prezidentə
təşəkkür edərək dedim ki, bu tarixin qəbul
edilməsi ədəbiyyatımız üçün
çox önəmlidir. Heydər Əliyev replika verdi: tək ədəbiyyatımız
üçün yox, həm də tariximiz üçün.
Bu tamamilə doğru idi. Əgər buna qədər ədəbiyyat
tariximiz Herodotun gətirdiyi əfsanələrdən,
"Avesta"dan, Davdağın bizə yad dildə çatan
şeirindən, ərəbcə yazan şairlərdən
başlanırdısa (bu mətnlərin heç biri Azərbaycan
ədəbiyyatının ardıcıllıq sisteminə
daxil ola bilməzdi), "Kitabi-Dədəm
Qorqud"un yeddinci əsrə aid edilməsi ədəbiyyat
tariximizi doğma dilimizdə yaranmış əzəmətli
söz abidəsi ilə başlamağa imkan verirdi. "Kitabın" tariximiz üçün, nə
yazıq ki, tarixçilərimiz tərəfindən hələ
də tam dərk olunmamış əhəmiyyəti isə
ondan ibarətdir ki, ən azı VII əsrdə
xalqımızın bu torpaqlarda qədimlərdən
yaşadığını təsdiq edir.
İsa Həbibbəyli
bu tarixi dəqiqləşdirməni obyektiv olaraq belə ifadə
edir: "Əlimizdə olan "Dədə Qorqud"
kitabı VII əsrin ikinci yarısında Qorqud Ata adlı bir
müəllif tərəfindən yaradılmış
"Oğuznamələr"in müxtəlif əsrlərdə
üzü köçürülərək bizə gəlib
çatmış təkmil nüsxəsidir".
Bu qənaətin
əhəmiyyəti bir də ondadır ki, əsərin yaranma
tarixindən başqa, müəllifinin kim
olduğunu da qəti şəkildə təsdiq edir.
"Kitabi-Dədə Qorqud"un yaradıcısı - Dədə
Qorqud İsa Həbibbəylinin tədqiqatındakı
"Qorqud Ata - tarixi şəxsiyyət kimi", "İlk
Azərbaycan şairi - Dədə Qorqud" adlı bölmələrdə
ilk dəfə olaraq tarixdə yaşamış müdrik və
yaradıcı şəxsiyyət kimi söz
açılmış, onun müəllifliyi məsələsinə
işıq salınmışdır.
Qəribədir, nəyə görə Dədə
Qorqudu real tarixi şəxsiyyət kimi, ilk böyük sənətkarımız
kimi deyil, hələ də dastan personajı kimi qəbul
edirik. İsa
Həbibbəyli yazır: "Dədə Qorqudun şəxsiyyətini
müəyyən etmək üçün ən yaxşı
mənbə "Dədə Qorqud" kitabının
özü sayıla bilər. Dədə Qorqud haqqında zəruri
tərcümeyi-hal məlumatları "Müqəddimə"də
əksini tapmışdır: "Rəsul Əleyhisəlam
zamanına yaxın Bayat boyundan Qorqud Ata derlər bir ər
qopdu. O kişi Oğuzun tamam bilicisi idi, nə
deyirsə olurdu. Gələcəkdən
dürlü xəbərlər söylərdi. Qorqud Ata Oğuz qövmünün
müşkülün həll edərdi. Hər nə
iş olsa Qorqud Ataya danışmayınca iş görməzdilər.
O, nə buyursa, qəbul edərdilər, sözün tutub gedərdilər".
Qaibdən xəbər verən övliya, igidlərə
ad qoyan, elin müdrik ağsaqqalı və oğuznamələrin
müəllifi də Dədə Qorquddur. İsa Həbibbəyli
doğru olaraq qeyd edir ki, "Kitabi-Dədə
Qorqud"dakı "Müqəddimə" Dədə
Qorqudun avtoportretidir.
Ədəbi-tarixi mənbələrdə və
"Oğuznamələr"dəki məlumatlar da Dədə
Qorqudun tarixdə yaşamış yaradıcı şəxsiyyət
olduğunu təsdiq edir. Böyük özbək şairi
Əlişir Nəvai yazır ki, "Qorqud türk xalqları
arasında o qədər məşhurdur ki, bundan artıq
şöhrətə ehtiyacı yoxdur". Türkmən müəllifi Əbülqazi Bahadur Xan
qeyd edir ki, Qorqudun Ögrənc adlı oğlu olmuş və
o, Kəbəyə getmiş Həzrət Əlidən
sülh məktubu ilə gəlmişdir. Rus
türkoloqu K.İnostrantsev də Qorqudu real tarixi şəxsiyyət
hesab edir. Beləliklə, adı, hansı
boydan olması, yaşadığı dövr, səciyyəsi,
el içində mövqeyi, nəhayət, əsəri məlum
olan bir adamın dastan personajı deyil, tarixi şəxsiyyət
olduğunu təsdiq etmək üçün daha nə
lazımdır? Fotoşəkil? Axı o vaxt fotoqrafiya hələ icad
olunmamışdı. Əgər İsa Həbibbəylinin
dediyi kimi, "Kitabi-Dədə Qorqud"un
müqəddiməsi Dədə Qorqudun kimlik pasportudursa, bu
pasportda bircə fotoqrafiyası çatmır.
İsa müəllimin də, mənim də istədiyimiz budur ki, axır ki, qəti təsdiq olunsun: Ədəbiyyatımızda "Kitabi-Dədə Qorqud" adlı dahiyanə bir əsər də var, Dədə Qorqud adlı bir sənətkar da. Və doğma dilimizdə yaranan milli ədəbiyyatımız məhz bu əsərlə başlanır.
Dədə Qorqudun yaranma tarixi və müəllifliyi məsələsi aydınlaşdırılandan sonra üçüncü bir sual da çıxır: "Kitabi-Dədəm Qorqud" ədəbiyyatımızın hansı növünə aiddir - yazılı ədəbiyyatmı, şifahi ədəbiyyatmı?
Bu sualın cavabı əsərin adındadır: "Kitabi-Dədəm Qorqud"! Axı biz "Koroğlu kitabı" demirik, "Koroğlu" dastanı deyirik. Elə "Koroğlu"nun da, "Aşıq Qərib"in də Azərbaycanda, Türkiyədə, Türkmənistanda əsrdən-əsrə, nəsildən-nəslə, ağızdan-ağıza keçən çeşidli variantları var. Folklor - budur!
Akademik İsa Həbibbəyli "Kitabi-Dədə Qorqud"un şifahi yolla yaradılmış yazılı ədəbiyyat nümunəsi olmasını elmi cəhətdən əsaslandırmaq üçün abidənin adındakı "Kitab" sözünün mənasını aydınlaşdırmaqdan başqa, həm də çoxvariantlı şifahi xalq ədəbiyyatı nümunələrindən fərqli olaraq, bu əsərin təkvariantlı olmasını, buradakı bədii təsvir və ifadə vasitələrinin dastan poetikasından fərqli xüsusiyyətləri ilə seçilməsini, bənzərsiz təhkiyə üslubunu və sairəni dərindən təhlil edib inandırıcı nəzəri qənaətlərə gəlmişdir. Tapılmış dəlil-sübutlar "Kitabi-Dədə Qorqud"un Homersayağı şifahi şəkildə yaradılmış ilk yazılı abidəmiz olduğunu isbat etməyə haqq qazandırır. Bütün bunlardan sonra İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud"un janrını təyin etməsi, bu abidəni "roman-epopeya" adlandırması da əsaslı görünür.
Dədə Qorqudun iki əlyazmasında - Drezden və Vatikan nüsxələrində sabitləşmiş vahid mətni mövcuddur. Əsərin məhz kitab olmasının daha bir əsaslı sübutu onun nəzm hissələri - soylamaları - şeirləridir. Mətndə qırmızı hərflərlə seçilərək verilmiş poetik parçalar şeirimizin ən qədim, ilkin, hələ heca vəznini mənimsəməmiş vaxtının biçimləridir. "Kitabi-Dədəm Qorqud"un qələmə alındığı XVI əsrə aid olmaması soylamaları - şeirləriylə də sübuta yetir. Əgər mətn XVI əsrdə ağızdan alınsaydı, şeirləri hökmən heca vəznində olardı. Axı bu dövrdə artıq Yunis İmrədən, Aşıq Qurbanidən üzübəri onlarla, bəlkə yüzlərlə heca vəznində yaradan şairlər, aşıqlar vardı. Deməli, əlimizdəki mətn nəinki XVI yüzillik, hətta XI əsrdən də qabaq mövcud olan əlyazmasından köçürülmüşdür. Çünki XI əsrdə türkdilli ədəbiyyatda artıq heca vəzni hakim idi. Qaşqarlı Mahmudun məşhur lüğətində on bir, səkkiz, yeddi hecalı şeir nümunələri, qafiyə sistemi sonrakı poeziyamızın qoşma, gəraylı, bayatı kimi örnəkləriylə biçim etibarilə eynidir. İsa Həbibbəylinin dediyi kimi, "Dədə Qorqud şeirləri qətiyyən toplama materialı olmayıb, ...eyni bir müəllifin bədii düşüncəsinin məhsulu olan dərinmənalı şeirlərdən ibarətdir, ..."Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyat hadisəsi olmasının danılmaz sübutudur".
Həqiqətən də, Dədə Qorqud şeirlərinin ilkinliyi onların bədii siqlətini zərrəcən azaltmır. Əksinə, bu soylamalardakı gözlənilməz ifadələr, bənzərsiz təşbihlər, parlaq obrazlar, orijinal alliterasiyalar, oynaq ritmlər, təkrirlər çağdaş poeziyamızın tapıntılarıyla səsləşir. Rəsul Rza etiraf edirdi ki, bəzi şeirlərində Dədə Qorqud soylamalarının üslubundan istifadə edib.
İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyat olmasını isbat etmək üçün daha bir ciddi və maraqlı müşahidəsi üzərində də dayanmaq istəyirəm. Birinci dəfə İsa müəllimin tədqiqatında oxuyuram ki, "Kitabi-Dədə Qorqud"un əsas iştirakçıları olan Bayandır xan, Qazan xan, Dədə Qorqud, Bükdüz Əmən, Alp Aruz, Beyrək, Basat və Təpəgözün Azərbaycan şifahi xalq ədəbiyyatında və ümumən türk dünyası folklorunda sələfləri olduğu halda ayrı-ayrı boylarda iştirak edən Qaragünə, Dəli Dondaz, Qarabudaq, Yegnək, Əgrək, Səgrək, Yalançı oğlu Yalınçıq, Qara Tükən, Qazılıq Qoca, Uşun Qoca, Bunlu Qoca, Yapaqlı Qoca, Bəkil oğlu İmran, Alp Rüstəm, Dönəbilməz, Tüləkvuran, Tərsuzamış, Arsun oğlu Dilək, Dabangücü, Dəmirgücü və sair kimi obrazlar heç bir folklor abidəsində adı çəkilməyən, deməli, Dədə Qorqud tərəfindən yaradılmış, yaradıcı bir şəxsiyyətin bədii dühasının məhsulu olan bədii obrazlardır. Bu, "Dədə Qorqud" tədqiqatları sırasında yalnız İsa Həbibbəyliyə məxsus olan elmi qənaətdir və abidənin yazılı ədəbiyyat nümunəsi olduğunu təsdiq edən möhürdür.
"Kitabi-Dədəm Qorqud"la bağlı bir problem
də ortaya çıxır. Bu ölməz əsəri
söz sənətimizin başlanğıcı olduğunu təsbit
etsək də, onun ədəbiyyatımızın hansı
növünə aid etməliyik - şifahi ədəbiyyatamı,
yazılı ədəbiyyatamı? Mənə
elə gəlir ki, bu barədə İsa Həbibbəylinin gəldiyi
qənaət çox dəqiq və doğrudur.
Yazır:
"Belə
nəticəyə gəlmək olar ki, "Kitabi-Dədə
Qorqud" oğuznamələri xalq arasında şifahi şəkildə
dolaşan Dədə Qorqud boyları və rəvayətləri
əsasında yaradıcı şəkildə işlənərək
Qorqud Ata tərəfindən "Kitab" şəklində
yaradılmış, müasirlərinə
çatdırılmış və gələcək nəsillər
üçün tövsiyə olunmuşdur.
Bu cəhətdən "Kitabi-Dədəm Qorqud"
folklor materialları əsasında qələmə
alınmış yazılı ədəbiyyatın örnəyi
olaraq dünya sənətində unikal hadisədir. Bu mənada
İsa Həbibbəyli Dədə Qorqudu haqlı olaraq Homerlə,
"Kitabı" isə "İliada" və "Odisseya"
ilə tutuşdurur.
Bu mövzuya keçməzdən bir məsələnin
üstündə dayanmaq istərdim. Məlum olduğu kimi, "Kitabi-Dədəm
Qorqud"u ilk dəfə dünyaya tanıdan alman şərqşünası
Fridrix fon Dits Təpəgözü Homerin
Polifemiylə müqayisə edir və bu fikrə gəlir ki,
türklərin eposu yunankılarından daha qədimdir. Dits kimi ciddi və Avropa tarixinə, ədəbiyyatına
yaxşı bələd olan alimin bu mülahizəsi təəccüb
doğurur. Axı, Homerin əsəriylə "Kitabi-Dədəm
Qorqud"u ən azı on min il
ayırır. Mənə elə gəlir ki,
güman olunduğu kimi, Homerin Şərqə, o cümlədən
Qafqaza da gəldiyini zənn etsək, Anadoluda və Qafqazda təkgözlü
məxluqlar haqqında əfsanələri eşidib və
bunları ədəbiyyata gətirib. Bu əfsanələrin
min illər boyu yaşadığını,
ağızdan-ağıza keçərək Homer
zamanından Dədə Qorqud dövrünə gəlib
çatması, doğrudan da, möcüzədir.
Məlum olduğu kimi, ədəbiyyatşünaslıqda
"Homer məsələsi" adlı bir problem var, bu
problem, ümumiyyətlə, Homerin real tarixi şəxsiyyət
olub-olmaması, olubsa hansı şəhərdə
doğulması və nəhayət, adıçəkilən
poemaların müəllifliyi ilə bağlıdır. Bu fikir müxtəlifliyində
üstün çıxan rəy belədir ki, hər halda
Homer adlı kor sənətkar olub və eynən Dədə
Qorqud kimi el arasında dolaşan rəvayətləri, qəhrəmanların
sərgüzəştlərini, tarixi vaqeələri
toplayıb vahid bədii əsər şəklində ortaya
çıxarıb.
Homerin hansı dövrdə yaşaması da mübahisəlidir. Onun
ömür sürdüyü vaxtı Miladdan əvvəlki XII
əsrdən bizim eranın VII əsrinə qədər uzun
bir dövrə aid edirlər. Dədə
Qorqud oğuznamələri kimi "İliada" və
"Odisseya" da əvvəlcə şifahi söylənən
mətnlər kimi meydana çıxıb. Yalnız tiran Pisitratın zamanında (yəni
eramızdan öncə VI əsrdə) yazıya
köçürüldüyü məlumdur.
Homer Avropa ədəbiyyatının babası
adlandırıldığı kimi, Dədə Qorqudu da
türk xalqları ədəbiyyatının babası saymaq
olar və İsa Həbibbəyli haqlı olaraq Dədə
Qorqudu Azərbaycanın Homeri adlandırır. İlk dəfə İsa Həbibbəyli
tərəfindən irəli sürülmüş bu qənaət
elmi cəhətdən əsaslandırılmışdır:
Homer özünün məşhur "İliada" və
"Odisseya" poemalarını şifahi şəkildə
yaratmış, xalq arasında əzbər şəkildə
özü ifa etmişdir. Dədə Qorqud da
şifahi şəkildə formalaşdırdığı Azərbaycan
oğuznamələrini, boyları və soylamaları el-oba məclislərində
qopuzun müşayiəti ilə əzbər söyləyərək
xalqa çatdırmışdır".
Akademik İsa Həbibbəyli ilk dəfə olaraq, "Kitabi-Dədə Qorqud"dakı "xanım hey, sultanım hey" müraciət formalarına əsaslanaraq, bu ədəbi abidənin VII-VIII əsrlərdə xan-sultan məclislərində Dədə Qorqud və ya onun şagirdləri, yaxud davamçıları olmuş alp ozanların dilindən mirzələr tərəfindən yazıya alınması fikrini elmi dövriyyəyə gətirmişdir. Bu mənada İsa müəllimin ehtimal kimi "Kitabi-Dədə Qorqud"un "Dədə Qorqud - alp ozan qiraəti, yaxud Xan-Sultan nüsxəsi" haqqında ifadə etdiyi mülahizə inandırıcı səslənir. Dədə Qorqud boylarının canlı, təravətli, həyati olması bu mülahizəni təsdiqləyir.
"Kitabi-Dədə Qorqud"dakı Qalın Oğuz Elinin Azərbaycan dövlətçiliyi baxımından tədqiq olunması da İsa Həbibbəyliyə məxsusdur. Eyni zamanda, "Kitabi-Dədə Qorqud" boylarının müasir dövrün tələbləri və elmi təfəkkür əsasında yenidən təhlil edilib dəyərləndirilməsi də abidənin daha dərindən dərk olunmasına xidmət edir. Həmçinin "Kitabi-Dədə Qorqud"un poetikasının, sənətkarlıq xüsusiyyətlərinin tam yeni gözlə araşdırılması da müsbət haldır.
Dədə Qorqudla bağlı bütün məsələlərdə İsa müəllimlə həmrəy olduğumu bildirərək, bir fikir ayrılığımızı da qeyd etməliyəm. Hələ 1985-ci ildə yazdığım "Dədə Qorqud dünyası" essemdə "Kitabi-Dədəm Qorqud"u xalqımızın "Ana kitabı" adlandırmışdım. İsa Həbibbəyli onu xalqın Ata kitabı adlandırır. Mənə elə gəlir ki, bu məsələdə razılaşmaya gələrək, bu azman söz abidəmizi ədəbiyyatımızın "Dədə Kitabı" adlandıra bilərik. Həm də İsa Həbibbəyli özü də yazır ki, "Dədə Qorqud Ata sözlərindəki Dədə və Ata sinonim sözlərdir".
13 noyabr 2020
Anar
Ədəbiyyat qəzeti.-
2020.- 28 noyabr. S. 4-5.