Azərbaycan
torpaqlarının səhər duası
Ey
göydəki elçim,
Yanır içim.
Nə qədər düşünüm,
ölçüm, biçim?!
Kürün
ağzını döndər,
Mənə göndər.
Kürü
içim!
Ulu
Öndər!
Ya da oğlunu göndər.
Zaman
üçün,
Odur seçim.
O yerlər
yağışa, qışa, qara bağlı...
Qoy
aranlı-dağlı
Hamımız
olaq Qarabağlı!
Aranlarım,
şoranlarım,
Cənnət
bağlı olsun,
Həm də haqlı olsun.
Hər dərdimizin əlacı olacaq.
Yoxsa
şoran torpağa
Nə əksək
barı acı olacaq.
Oğlun üçün ağrılı, çətin,
acı olacaq.
Amma özü başımızın tacı olacaq.
Yaradana
çatdır,
Arzumuzu, orda yaxından.
Yoxsa əl
çəkən deyilik yaxandan...
İmza:
Bütöv Azərbaycan torpaqları
- Biz
dedik,
Fikrət Qoca yazdı.
Yer kürəsinin
oxu laxlayıb
Dünyanın
oxu laxlayıb,
Allah bizi
"haq" deyilən,
Nazik bir sapın ucunda saxlayıb.
Aşağıda
sonu görünməyən sonsuzluq,
Sapda
toxluq, aclıq, susuzluq
Xülasə,
əxlaqımıza görə
qoyduğumuz
həyat
Ətrafda
qoynuna ulduzlar səpələnmiş
Nurlu, yaraşıqlı kainat.
Səyyarələr
saya gəlməz qədər çoxdu
Amma
qaçıb sığınmağa
Bir adam boyu yer yoxdu.
İntihara
da yoxdu ixtiyarım,
Məni
dünyaya qadın gətirmişdi,
Ona görə sənə sığınıram
yarım.
Fikrət QOCA
Ədəbiyyat qəzeti.-
2020.- 28 noyabr. S. 5.