Ədəbi Suprematizm
Doğulmayan adamın tərcümeyi-halı
Mən doğulmasaydım nə olardı, görəsən:
ata-anamın oğlu
və beş bacının
bir qardaşı olmazdı ən azından,
nənəm sevincindən
oynamazdı doğulmadığım
o gün
və Məşhəddən
gətirdiyi, qardaşının
şərəfinə olan
bu adı verməzdi mənə.
Yaşadığım o ev,
o həyət olardı
yəqin ki,
- mənsizlik böyüyərdi
orda.
Oxuduğum o məktəbə,
o
universitetə mənsizlik
yollanardı və
o yoxluğu kimsə başqa biri doldurardı, bəlkə də.
Dostlarım
kiminsə
dostu olar, sevdiyim qızları başqası sevər,
məni sevənlər
sevərdi
başqa birini. Mən olmadığım
hər yerdə
kimsə olardı sözsüz,
məkan tarazlığını
itirməsin deyə.
Kimsə
olardı; eynən mən taledə,
eynən mən yaşda, mən boy-buxunda.
Bəlkə
də zahirən fərqlənərdik
bir-birimizdən, bəlkə
də elə bənzəyərdik bir-birimizə.
Mən doğulmasaydım
bu fikirlər kimin ağlına gələrdi indi.
Mən yaşadığım bu şəhərdə,
bu şəhərdəki
bu evdə kim yaşayardı mənim yerimə.
Hər ömür bir məkan-zaman kəsiyi;
bir az sevgi, bir az
nifrət,
bir az sevinc, bir az
kədər,
bir az ümid, bir az da ümidsizlik.
Yəni
bu müstəvidə
adda-budda xoşbəxtliyə
rəğmən
kim azalardı üzü öz yoxluğuna mənim yerimə?
Ya da mən
indi, elə bu an, bu zaman
elə bu şəhərdə, bu küçədə, bu evdə
kimin yoxluğunu doldururam, görəsən?
Kimin yerinə azalıram
nənəmin Məşhəddən
gətirdiyi,
sevinc içində mənə verdiyi adı?
Mövcudolma(ma)
İldə bir neçə
dəfə
yaşadığım şəhərdən
kənar məkanlara
üz alıram, adətən. Və getdiyim o yerlərdə
yaşıllıqlar arasında
gəzirəm, dənizdə
çimirəm,
çay kənarında
oturub fikrə dalıram -
məkan dəyişmələrini
seyr edirəm,
zaman axarı barədə düşünürəm.
Məsələn, inanıram ki,
"axara nəinki
iki dəfə, heç bir dəfə də girmək olmaz"...
Bir də və həm də
adamlar maraqlı gəlir mənə fərqli məkanlarda.
O yerlərdə:
gəzdiyim yaşıllıqlar
arasında, çimdiyim
dənizdə,
oturub fikrə daldığım çay
kənarında ...
bir də və həm də müxtəlif adamlarda
mən də mövcud oluram, şübhəsiz,
mövcud oluram öz məkan ölçülərimə rəğmən.
Tərk
etdiyim gündən
"mövcudolmama" başlayır o yerlərdə:
gəzdiyim yaşıllıqlar
arasında, çimdiyim
dənizdə,
oturub fikrə daldığım çay
kənarında...
bir də və həm də müxtəlif adamlarda
mövcud deyiləm
artıq
o yerləri tərk etdiyim andan.
Məkan
ölçülərimsə həm tərk edir o yerləri,
həm də o yerlərdədi - bu ölçülərin cızdığı
bir boşluq qalır axı o məkanlarda məndən sonra.
Müxtəlif həndəsi formalarda
gəzən adamın
boşluğu, üzən
adamın boşluğu,
oturub fikrə dalan adamın boşluğu ... bir də
və həm də adamlarda itən adamın boşluğu.
Cürbəcür təsvirlərə malik
boşluq:
"Hər şey
olan heç nə".
"Mövcudolmama" -
bu qədər adi, bu qədər
bəsit, bu qədər sadə,
yəni?!
V şəklində
uçuş - azadlığın
fəlsəfəsi
Qadın
həbsxanası...
Tikanlı məftilə qonan
quş
birdən pırr
edib uçdu
məhbus qadınların
gözləri qarşısında
və qəfil uçuşun arxasınca
yüyürdü baxışlar.
Doğrusu, mən nə məhbus qadınları,
nə də onların baxışlarını
gördüm.
Mən həbsxana divarının
yanından ötərkən
bir quşun ürküb tikanlı məftildən
aralandığının şahidi
oldum və qəfil uçuşun arxasınca
yüyürən baxışlar
barədə düşündüm
qeyri-ixtiyari:
elə şeylər var o qədər aşkar ki, şübhə doğurmaz.
Sonra ayaq saxlayıb,
V şəkilli uçuşları
seyr etdim bir qədər: V V V...
hər biri ayrılıqda
bir uçağı
xatırladar səmada
həm də.
Və
azadlığın əsl fəlsəfəsini anladım:
azadlıq vərdiş
imiş, demə,
hər yaranmışda
olmayan bacarıq -
başqa heç
nə.
Məsələn, quşların uçmaq vərdişi kimi.
Bir həyat tarixçəsinə düzəliş
cəhdi
Fərz
edək adam
zaman boyu qayıdıb geri
düzəliş eləyə
bilir hadisələrə
-
nə baş verər, görəsən?
Cavab üçün gərək
sadə bir əhvalat seçək əvvəlcə,
təxminən bitmiş
bir həyat tarixçəsi,
dəyişək, yaxud silək
hansısa hadisəni
və ya hadisələri
bu həyat tarixçəsində.
Bir həyat tarixçəsi:
İki nəfər. Kişi
və Qadın -
belə baxanda, həyat var a həyat
bu ikilik üzərində qurular, əslində.
Beləliklə, iki nəfər.
Hadisələr ardıcıllığını keçirək nəzərdən
-
nə bilmək olar, əsl gerçəklər
ədədlər arxasında
gizlənib bəlkə
də:
1 - Təsadüfən rastlaşdılar.
Rastlaşmaya da bilərdilər.
2 - Tanış oldular. Tanış olmaya da bilərdilər.
3 - Sevdilər bir-birini. Sevməyə də bilərdilər.
4 - Ömürlük bir yerdə olacaqlarına söz verdilər.
Söz verməyə
də bilərdilər.
5 - Övladları oldu. Olmaya da bilər, fərqi yox.
6 - Onları, yəni övladları, varsa əgər, sevdilər özlərindən çox,
yoxdusa, başqa bir şey, bəlkə
də heç nə doldurar o boşluğu.
7 - Anladılar ki, sevgi bir o qədər
vacib deyil,
əsas səmimiyyət,
bir-birinə dərin hörmət və ehtiramdı.
Əksi
də mümkündü:
əsas sevgidi.
8 - Arabir darıxmağa başladılar bir yerdə ...
9 - Bir yerdə qocaldılar. Məntiq naminə
bu hadisəyə bir fraza da
əlavə olunmalıdı:
və ya yolları ayrıldı hardasa
10 - Və öldülər nəhayət;
bəyənilməsə də, yəqin və yeganə gerçək hadisədi ölüm
və bu hadisədə heç bir ehtimal işə
yaramaz, bunu hamı bilir.
Hamı
bunu da bilir
ki,
"hər nəfəsalma
addım səsləridi
ölümün".
Beləcə, iki nəfər...
və bitdi bir həyat tarixçəsi.
Bütün hadisələr
ikiölçülü müstəviyə
köçürsək
iki adamın - Kişi və Qadının
iştirakından ibarət
bir əhvalata çevrilər hardasa.
İndi
qayıdıb geri,
diqqətlə və ardıcıl keçirib nəzərdən
1-dən
10-dək bütün hadisələri
bu sadə hekayədə, sonra deyin:
Hansı
və ya neçənci hadisəni
və ya hadisələri dəyişmək
olar
bu (və ya hər hansı
başqa bir) həyat tarixçəsində?
Sahibsiz ev
və vaxtın səsə çevrilməsi
Vaxtilə bu evin sahibini tanıyırdım,
indi qarşısında
dayandığım
üçmərtəbəli evi deyirəm.
Gülərüz, şən adam idi - həyatla dolu.
Arabir kədər sezilərdi gözlərində
pəhləvan cüssəli
bu adamın.
Qəfil dünyasını dəyişdi.
Hazırda heç kim
yaşamır evdə.
Yaxın
qohumlarından biri
binanın qarşısındakı
ağacları sulayırdı
mən binanın qarşısından keçərkən.
Saralmış yarpaqları, çürümüş
meyvələri
süpürürdü bir qadın küçədən.
Səs dəyir qulağıma: çıq, çıq,
çıq... Yadıma
düşür,
dəhlizdə iri bir saat asılmışdı
divardan. Fikirləşirəm:
saat işləyir hələ də.
Vaxtı
səsə çevirir
saat,
səs dalğa şəklində yetirir özünü mənə.
Beləcə, hər bir şey ya ani,
ya da tədricən
çevrilir başqa
bir şeyə "yoxolma"
adıyla.
Uzaqlaşdıqca gözdən itir
bina, ağaclar,
ağac sulayan kişi, küçə süpürən qadın...
mənzərənin
ağ-qara təsviri
köçür yaddaşıma,
qulağımda hələ
də
saatın çıqqıltısı -
vaxtın möcüzə dolu
harmoniyası.
Əli Şirin ŞÜKÜRLÜ
Ədəbiyyat qəzeti.-
2020.- 28 noyabr, S. 9.