ARXA

Qaməti əyilməz, vüqarı sınmaz

Sözünün dalında şax dayananın!

Əvvəli bilinməz, axırı  olmaz

Nəfsinin yolunda çox dayananın!

 

His basmış ürəklər hisdən çıxmadı,

Hansı pis əməllər pisdən çıxmadı?

Birindən Zal oğlu Rüstəm çıxmadı

Min yol tərəfində şah dayananın!

 

Taxt özün olmasan, taxt gedəcəkdir,

Yığval yatacaqdır, baxt gedəcəkdir.

Önündə Haqq gedir, Haqq gedəcəkdir,

Barat, arxasında Xalq dayananın!

 

 

Bu yol Şuşayacan gedir

 

Sevin Vətən, torpaq, sevin,

Bu yol Şuşayacan gedir.

Daha yarıda qırılmır,

Bu yol Şuşayacan gedir.

 

Aşıb-daşıb sel olmuşuq,

Birləşib bir el olmuşuq.

Hamımız bir yol olmuşuq,

Bu yol Şuşayacan gedir.

 

Əyil, qarşısında əyil,

Bələdçi-zad lazım deyil.

Yollar qucaqlaşıb deyir:

"Bu yol Şuşayacan gedir!".

 

Yeri, vur birbaşa yolu,

Qoyma dəysin daşa, yolu.

Bütün yollar Şuşa yolu,

Bu yol Şuşayacan gedir.

 

İgidlərin namı salıb,

Şəhidlərin qanı salıb,

Yurdumun İlhamı salıb,

Bu yol Şuşayacan gedir.

 

Bax, dağ burda, dəniz burda,

Bax, yol burda, bax, iz burda,

Bax, görünür Təbriz burdan,             

Bu yol Şuşayacan gedir.

 

Ağa, Bəyimi görəcəm,

Ağa, evimi görəcəm.

Ağabəyimi görəcəm,

Bu yol Şuşayacan gedir.

Di kef ver bu kefə yolçu,

Ay Əfəndi-Əfə yolçu!

Əmin ol, bu dəfə yolçu,

Bu yol Şuşayacan gedir.

 

Yol da keçib başa, durub,

İstər yola düşə, durub.

Yollarla ötəşə durub,

Bu yol Şuşayacan gedir.

 

Duman enir, çən qayıdır,

Yerinə Vətən qayıdır.

Şuşa səfərdən qayıdır...

Bu yol Şuşayacan gedir.

 

Sual-sorğu olmayacaq,

Qara-qorxu olmayacaq.

Heç kim yolda qalmayacaq,

Bu yol Şuşayacan gedir.

 

 

Qələbə bayramı

 

Şəhid qəbirləri üstə yellənən

Bayraqları görün, muştuluq verin.

Vətənin bir qarış torpağı üstə

Təki mən ölüm... muştuluq verin.

 

Elə ki, deyildi: "Şuşa alındı",

Qaçanlar qəbiristan səmtə qaçdılar.

Qəbirlər başına dönüb, dolanıb,

Qəbirlər başına bayraq sancdılar.

 

Alındı düşməndən intiqamımız,

Alındı Qarabağ - mərdlər yuvası!

Bayraq-bayraq olub yelləndi, gördüm,

Şəhid oğlu-qızı,

şəhid anası!

 

Tutduğu işindən peşman olub,

Ölüm təbrik edir öləni, baxdım.

Şəhidlər hamısı qəbirdən durub,

Bayraqla yanaşı yellənir, baxdım.

 

xoşbəxt vaxtıdır  ana vətənin,

Qorundu şərəfi, qorundu adı!

Bayraq yellənmir ha, bayraq dillənir,

Deyir ki, şəhidlər, gözünüz aydın!

 

Belə ölməmişdi bu zülmət zülüm,

Belə görməmişdik biz aydınlığı.

Allahım, qoy mən bayrağa dönüm,

Verim şəhidlərə gözaydınlığı.

 

Kişi adamların kişilər deyir,

Olanda öz namı bax, belə olar.

Hamımız bayrağın biri kimiyik,

Qələbə bayramı bax, belə olar,

Qələbə bayrağı bax, belə olar!

 

 

Əsgər yarası

 

Qoymadın Vətəni yaralanmağa,

Qoy, əsgərim, yaranı mən bağlayım.

Bu eşqimlə, bu şeirimlə, sözümlə

Qoy, əsgərim, yaranı mən bağlayım.

 

Hələ düşmən sədləri var qarşıda,

Hələ döyüş səfləri var qarşıda.

Hələ Təbriz səfəri var qarşıda,

Qoy, əsgərim, yaranı mən bağlayım.

 

Ağı görüm, qaranı mən görməyim,

Səni keçib yaranı mən görməyim.

Qoy kor olum, yaranı mən görməyim,

Qoy, əsgərim, yaranı mən bağlayım.

 

Mən özüm bir əsgərəm, hər kiməm,

Özgə deyil, bu işlərə təhkiməm.

Bir az şair, bir azca da həkiməm,

Qoy, əsgərim, yaranı mən bağlayım.

 

Dərdim çoxdu dəva-dərman olmadan,

Allah haqqı, sənin yaran olmadan.

Vətən yoxdu sənin yaran olmadan,

Qoy, əsgərim, yaranı mən bağlayım.

 

Ay şərəfim, şanım əsgər yarası,

Ay tökülən qanım, əsgər yarası,

Sənə qurban canım, əsgər yarası,

Qoy, əsgərim, yaranı mən bağlayım.

 

daşdan, dəmirdəndi bu səhhət,

Bu yaranı ustuf-ustuf yu, Barat!

Əlim dəydi, sağalacaq o saat,

Qoy, əsgərim, yaranı mən bağlayım!

 

 

Soy

          

Əslimi qorudum başdan-binadan,

Çəkdim keşiyini ha Soyun, Soyun.

Soylumu olacaq səncə, soysuzlar?

Soysuz olanlardan ha Soy um, Soy um?

 

Hər yel sübhün yeli-nəsimi olmaz,

Şairlik hər kəsin nəsibi olmaz,

Dedim, nadan, səndən Nəsimi olmaz,

Səni kimdi soyan?

Ha soyun, soyun!

 

Ay Barat, qəlbində ilk eşqin qoru,

Beləcə, əslini-nəslini qoru!

Yoxsa ağlayacaq sən ömür boyu,

Elə deyəcəksən: "Ha, Soyum, Soyum!".

 

 

Qoruq

 

Xalqtək sayıq olan sayıq yaşayır,

Ruhtək ayıq olan ayıq yaşayır.

Vətən! Vətən! - deyib kimin ki, ruhu

Ruhunda həmişə o ruh çırpınır,

Ruhunda həmişə o ruh yaşayır!

 

Min illərdən gələn bir ruhdu ruhum!

Bəşəri qoruyan qoruqdu ruhum!

Varanda Sidrəyə varıbdı ruhum,

Hər yerə, hər şeyə varıb yaşayır!

 

Kimlər sinə gərmiş... kimlər vurulmuş,

Hər tərəf düşmənlə, yadla doluymuş.

Doğmalar hər yerdə tənha olurmuş,

Tənhalar hər yerdə qərib yaşayır!

 

Hər adam xalq oğlu ola bilərmi,

Yolusa haqq yolu, ölə bilərmi?

Xalq eşqi, Xalq ruhu ölə bilərmi,

Yıxılıb  yaşayır, durub yaşayır!

 

Qorusan həmişə Ruhu qoru, yar,

Əsl keşikçilər Ruh qoruyurlar.

Mənim içimdə Ruh qoruğu var,

Şükür ki, hələ bu qoruq yaşayır! 

 

 

Olmasın... Olsun

 

Elə istəyirəm ömür dünyada

Tez tamam olmasın... tez tamam olsun!

vaxtsa böyüyüb çevrilsin yola,

İz tamam olmasın... iz tamam olsun!

 

Üzün tutub dosta, tanışa, gülsün,

Qoy dil açıb dinsin, danışa bilsin!

Başqa ocaqlar da alışa bilsin,

Köz tamam olmasın... köz tamam olsun!

 

Çatsa da axıra hər , deyirəm,

Gəlib ürəyimə dərdiş, deyirəm:

Təki tükənməsin bu Eşq deyilən,

Yüz tamam olmasın... yüz tamam olsun!

 

İşığı bax aşıb daşar dünyada,

Yaşayan işıqtək yaşar dünyada.

İnsan, elə üzlə yaşa dünyada,

Üz tamam olmasın... üz tamam olsun!

 

Eşqdir əkinçi bu səpində ki,

Demək, əbədidir bu səpindəki!

Yar keçən yollara su səpin, təki,

Toz tamam olmasın... toz tamam olsun!

 

Qızarmı düz-dünya, od ha qalansın,

Gərəkdir Barat da oda qalansın,

Bir bu xalq deyən şair yaransın,

Söz tamam olmasın... söz tamam olsun!

 

Barat VÜSAL

Ədəbiyyat qəzeti.- 2020.- 28 noyabr, S. 30.