Sizifə qayıdış
Mən yenə bu daşı
diyirlədirəm, əvvəlki
kimi
yenə diyirlədəcəyəm.
Onun təzədən
aşağı
diyirlənməyinə baxmaq üçün.
José
Emilio Pacheco gran artista
y una persona generosa:
Juan Villoro
Döyüş başlayır min dəfə
təkrarlanmaq üçün
-
daşla döyüş,
Siziflə döyüş,
ya da öz-özünlə
döyüş.
Zirvədə saxlamaq mümkün
deyil bu daşı,
sağ olsun aşağı diyirləndiyi
üçün.
Bu mənasız dram olmasaydı,
həyatın mənası
olmazdı.
Termitlər
Və termitlərin tanrısı
dedi termitlərə:
"Bu evi dağıtmaq
lazımdır".
Və beləliklə, onlar nəsildən-nəslə
qazıb-qaşımağa başladılar
fasiləsiz.
Günəşi görməyən kor
qullar
bir dəqiqə dayanmadan,
tərif və alqış gözləmədən,
hərə öz payına düşən yerdə
borcunu yerinə yetirdi.
Milyonlarla
termit əlləşə-əlləşə
gözləməyə başladı
ki, görəsən,
haçan
bu bina dağılıb toz olacaq.
Və nəhayət, onlar ömrünü həsr etdiyi işi bitirib
acından öləcəklər.
Tarixdən qabaqkı dövrlər
Bu mağaranın divarında
maral şəkli çəkirəm,
onun ətinə
sahib olmaq üçün,
ona dönmək üçün,
istəyirəm onun güclü və yüngül ayaqları mənim olsun
və mən birinci olum
nəslimin ovçuları
arasında.
Bu müqəddəs ocaqda
özümə məlum
olmayan gücləri kəşf edirəm,
tanrını yaradıram,
nəslimə hökmranlıq
etmək üçün
olmaq istədiyim
Böyük Ataya oxşadıram tanrını.
Bu daşda birinci hərfləri həkk edirəm,
əlifbanı yaradıram.
Kainatı simvollara yerləşdirirəm.
Bu Q hərfidi - dünyanı idarə etdiyim
və keşik çəkdiyim qüllə.
Və D hərfi
- gizli və qorxulu dəniz.
Mənim
cızdığım əlifbanın
hesabına
mənim tanrımdan
başqa tanrı olmayacaq.
Mənim tanrım başqa tanrıların varlığına
dözməz.
Və mənim
həqiqətimdən başqa
həqiqət də olmayacaq.
Buna etiraz edən cəzalandırılacaq
mənim tanrım
tərəfindən.
Mən iyerarxiya, yaddaş və qanun yaradacağam,
mənim qanunum budur: kim güclüdürsə,
onun qanunları işləyir -
və beləliklə,
əbədi olacaq mənim hakimiyyətim.
Xose Emilio PaÇeko
Tərcümə
etdi: Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.-
2020.- 28 noyabr, S. 32.