Atama

 

Y Yannis Ritsos preguntaría: «¿dónde están los poetas – Drugstore

Unudulmuş boş evində yaşayırsan, canım atam, tək-tənha,

toz-torpağı arasında cır-cındırın, bizim qədim mebelin.

Vaxt var idi  divarların, pərdələrin arasında boğulurdı səs-səda,

indi sükut cövlan edir hər küncündə gözəl qonaq otağının, mənzilin.

 

Yadımdadır, hey susurdun, zəhmliydin, solğun xalı üzəriylə gəzirdin, -

qış axşamı hüznlüykən lal, darısqal dəhlizlərdə dururdun, -

dinləyirdin qumsallığa hücum çəkən dalğaları, uzaqdakı dənizi,

ötənlərin  kölgələri ağarırdı, qulağında qəfil səs doğulurdu.

 

Pərdələrin qırışları allanırdı, qan rəngiylə qızarırdı axşamlar,

Bağlı royal duyururdu Motsartın o dərin, dibsiz hüznünü,

xatırlardın: zərif qadın barmaqları toxunubdu bir vaxtlar;

xatırlardın alicənab xanımların ifasını, solğun-tutqun üzünü.

 

Böyük qızın hədiyyəydi,  möcüzəydi, yoxuydu belə gözəl,

dizlərinə qızıl yükü töküləndə saçının dalğa-dalğa

axanda günəş dolu çaytək ona baş əyirdi lal güllər...

İndi həyat cadar-cadar qırış salıb əllərinə, səbəb olub utanca.

 

Kiçik qızın lap məsumdu, sanki daim duadaydı durub üzü mehraba;

qoşalaşmış zanbaq idi elə bil ki, onun şəffaf, o ağappaq əlləri.

Səhər-axşam indi özgə pullarını sayır mühasibatda,

Aqibəti naşad xiffət, gün-güzəran, daşdan çıxır bir qarınlıq çörəyi.

 

Böyük oğlun kamil idi, düşünürdün yaxşıdır hamımızdan,

Sayırdın ki, hər dərdi o öz içində çəkən bir qəhrəmandı.

Hələ gənckən yola çıxdı, ömrü soldu çox güman ki, Davosda.

Nə sinəsi qızıl nişan, nə də beli qılınc gördü yazığın.

 

Çox sevdiyin, sənin bədbəxt, arvadının tək ölməkdi qisməti,

Aqibəti, son yuvası haradasa unudulmuş ucqar bir xəstəxana.

Öz yeganə əşyasını, əski ailə almazını miras qoydu oğluna.

Amma öldü qardaşımız. Bunu ona söyləmədik, gizlətdik.

 

Güvə yeyib papağını, bozarıbdı, sürtülübdü pencəyinin dirsəyi,

Silinibdi asta-asta ağayana tövrlər də zəhmli üz-gözündən.

Solğun gülü pencəyinin yaxasına hələ də sancırsan ki,

bəyzadəni tanısınlar görənlər görkəmindən.

 

Yadımdadır anamızın nazlı-nazlı karetadan enməyi,

sənin ona şahanə bir əzəmətlə əl verməyin, köməyin.

Yadımdadır qolçağında qırçınların  titrəyişi, əsməyi

dantellərin ağ buludu, unutmadım heç nəyi.

 

İndi nə at, nə araba, nə dost-tanış, nə gülərüz özgələr,

Nə cah-cəlal, nə toy-büsat, nə sən iş başındasan.

Olanları bircə sənsən xatırlayan... bir də ki, lal güzgülər

xatırlayıb qorxa-qorxa baxırlar qaraltına.

O gecəni dayanmadan pəncərədən çölə söydün, bağırdın.

Soyunmuşdun çılın-çılpaq, qışın da ki, o ayazı heç deyildi vecinə.

Bu dünyadan köç eyləmiş dostlarını sən adbaad çağırdın,

Sonra durub qulaq asdın geri dönən, şaxta kəsmiş səsinə.

 

Əl-qol atıb axır susdun müti-müti, yazıqlaşdın, nədənsə

Qəfil medal, xaç kəsməyə başladın sən qalın-qalın kağızdan,

Bafta kəsdin, ulduz kəsdin və asdın öz sinəndən,

kabusların ordusuyla söhbət etdin uzaqdan.

 

İndi kimsən, canım atam? Müqəvvalar diyarının padşahı.

Nə yaxşı bu dəlixana vardır, yoxsa nə edərdik, neylərdin.

Nə yaxşı ki, sən bilmirsən kiçik oğlun, o sonbeşik övladın

indi ağır xəstə yatır, sənə necə müjdə versin, nə desin?!

 

 

Fərəhsiz günlər

 

Qadın dedi ki, açarı al, fərqi yoxdur, nə vaxt qayıdırsan qayıt,

və içəri gir; mən həmişə burda olacam.

İllər keçdi. O açarı fırlatdı, açdı,

ilk gördüyü şkafın güzgüsündəki öz əksi oldu,

qocalmışdı, boz pencəkdəydi.

Deməli, burda da onu öz "mən"i gözləyirmiş?

Divara məktub sancaqlanmışdı: "Gözlə, dükana getmişəm".

Məktubu qoparıb cibinə basdı, şlyapasını götürüb çıxdı.

Düyməli sancaq divarda qaldı,

qızılı yay günü öz ömrünü yaşayan parıltılı həşərat kimi.

 

 

Nitqin sonunda

 

Axırda, alqışlar altında nitqini bitirəndə,

O, tərəddüdlə, amma sakitcə dedi ki, siz mənə,

bu sözlərə əl çalmırdınız,

onlar sizin gözləntiləri və gözlərinizi

 əks etdirən kiçik güzgülərdi.

Sözlərin o biri tərəfində mən özüm dayanmışdım,

uzaqdakı, güzgülərdə sınan və şüalarını sizin gözünüzə tutmaqla

özü görünməz olan işıq kimi.

Bizim həqiqi sözlərimiz sükutumuzun dərinliyində yatır,

bizim həqiqi əməllərimiz şahid olmayanda baş verir -

adətən şahidləri aradan götürürlər,

əlbəttə, bu mümkündüsə,

ya da böyük pullara ələ alırlar.

Yalnız şahidi olmayanlar bizimdir.

Əlçalmalar isə yalnız qeyri-ixtiyari gecikmiş saxta şəhadətdi.

Elə bu an qəfildən işıq söndü

adamlar sirli üz ifadələrini qaranlıqda salıb

çıxışa tərəf götürüldülər.

Təkcə azadlıq kimi çıxılmaz böyük sükut

boşalmış zalın güzgülərində gizlincə bərq vurdu.

 

 

Xatirə

 

Köhnə plaşın qoltuqları altında ilıqlığın ətiri hələ də diridir,

plaş asılqanda, dəhlizdədir; sanki çəkilmiş pərdədir.

İndi baş verən hər şey başqa zaman ölçüsündədir.

İşıq üzün ifadəsini dəyişir.

Əgər kimsə bu qapını açırsa, plaş tələsmir

hüzünlə qolunu qaldırıb qapını çırpır.

 

 

Unutqanlığın arxasında

 

Ondan sonra qalan şeylərin arasında

yeganə gözə dəyən köhnə pencək idi,

orda asılıb, şkafda, unudulub, bizim qış və yay,

hər il yeni və yeni dəbli paltarlarımızın arasında

ora-bura çəkilib, itələnib.

Bir dəfə diqqətimizi çəkdi, bəlkə də rəngi solğundu,

astarı süzülmüşdü, köhnəydi deyə.

Düymələrində üç eyni dairəvi təsvir donub qalmışdı:

dörd dərin dəlik açılmış güllələnmə divarı,

ətrafında isə bizim vicdan əzabımız.

 

 

XX əsrin Nazim Hikmət və Pablo Neruda kimi böyük şairlərilə bir sırada dayanan görkəmli yunan şairi, eyni zamanda tərcüməçi, sol siyasi görüşlərə sahib ictimai-siyasi xadim, yunan Müqavimət hərəkatının üzvü Yannis Ritsos 1909-cu ildə Monemvasiyada anadan olub. 100-dən artıq poetik toplunun, doqquz romanın və dörd dramaturji əsərin müəllifidr. Siyasi baxışlarına görə uzun müddət həbsdə olub, sürgün həyatı yaşayıb. Ömürünün son 20 ilini Afinada yaşayıb. 1990-cı ildə vəfat edib.

 

Yannis Ritsos

Tərcümə etdi: Səlim Babullaoğlu

Ədəbiyyat qəzeti.- 2020.- 28 noyabr. S. 7.