Altmış
beşlə üz-üzə
Abid Tahirli haqqında bir neçə
söz
Bizim görkəmli
mühacirşünasımız Abid Tahirli ilə düz 30 il
birlikdə çalışmışıq və bu müddət
ərzində çox hadisələr baş verib, çox
sular (hətta sellər!) axıb, ancaq mən bu yazını
yazmaq üçün mizin arxasına keçəndə ilk
fikrimə gələn 1990-cı il yanvarın 20-si və ondan
sonrakı günlər oldu. Bu o məşəqqətli vaxtlar
idi ki, ayın 19-dan 20-nə keçən gecə sovet ordusunun
törətdiyi qətliamdan sonra Azərbaycan dünyadan təcrid
edilmişdi, telefon, radio, televiziya işləmirdi və
Bakıda xariclə yeganə əlaqə vasitəsi "Vətən"
Cəmiyyətinin teleksi idi.
Fövqəladə
vəziyyət elan edilmiş həmin günlərdə "Vətən"in
əməkdaşları səhər tezdən axşam komendat
saatına kimi xarici ölkələrin informasiya vasitələri
ilə, dövlət xadimləri, sənət adamları ilə
əlaqə yaradaraq, onlara Azərbaycandakı həqiqi faciəli
vəziyyət barədə məlumatlar
ötürürdü, Ümummilli liderimiz Heydər
Əliyevin, Şeyxülislam Hacı Allahşükür
Paşazadənin, AXC sədri Əbülfəz Elçibəyin
bəyanatlarını göndərirdi və elə yalnız
bu faktı deyim ki, Pakistanın o zamankı prezidenti Benəzir
Bhutto həmin məlumatlara, bəyanatlara əsaslanaraq,
Sov.İKP MK-nın Siyasi Bürosuna etiraz notası göndərmişdi.
Azərbaycan SSR Ali Sovetinin yanvarın 21-də
keçirilmiş tarixi fövqəladə sessiyası
haqqında məlumatı və "Bakı şəhərində
Fövqəladə vəziyyətin ləğv edilməsi
haqqında" qərarını da dərc edən yeganə
qəzet bizim "Odlar yurdu" oldu. Vaxtıyla
Abidin özü "Vətən sevgisindən doğan "Vətən"
Cəmiyyəti" adlı həmişəki kimi dəqiq və
səmimi məqaləsində o çağları yada
salıb ("Xalq qəzeti", 29 dekabr 2017).
Bu günlərdə
65 yaşı tamam olan Abid Tahirli də qorxu-hürkü bilməyən
o fədakar işçilərimizdən (bu sözü işlətmək
istəyirəm - vətəndaşlardan!) biri idi və aradan
bu qədər illər keçib, ancaq həmin vətəndaşlıq
borcu, həmin axtarıb-tapmaq ehtirası, həqiqəti demək
və yazmaq həmişə onunla bir yerdə olub.
O zaman
Abid cavan bir jurnalist idi, 1987-ci ilin sonunda Xaricdə Yaşayan Həmvətənlərlə
Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən"
Cəmiyyəti təsis edildikdən sonra "Odlar yurdu" qəzetində
əvvəlcə müxbir, sonralar böyük müxbir, məsul
katib, redaktor müavini vəzifələrində işləmişdi,
yəni öz istedadı və bacarığı sayəsində
qəzetçilik pillələrini bir-bir adlamışdı. "Odlar yurdu" qısa bir zamanda respublikamızda,
eləcə də xaricdə yaşayan həmvətənlərimiz
arasında ən populyar (tirajı iki yüz əlli mini
keçmişdi!) və sevimli qəzetə çevrildi.
Abidin hələ
1991-ci ildə - hərc-mərcliyin baş alıb getdiyi o
qarışıq dövrdə görkəmli ədibimiz, rəhmətlik
Şirməmməd Hüseynovla müsahibəsi yadıma
düşür və Şirməmməd müəllim o
müsahibədə deyirdi: "Xalq hələlik siyasətçilərlə
siyasətbazları yaxşı seçə bilmir. Odur ki, kim siyasətbazlıqla məşğul olub,
xalqı toplamaq istəyirsə, xalqa xəyanət edir"
("Odlar yurdu", 1991, noyabr, ¹21.). Bu
sözlər, əslində, elə Abidin özünün də
o dövrdəki həyəcanını və jurnalist prinsiplərini
ifadə edirdi.
Ancaq bu barədə ətraflı söhbət
açmaq, Sovet İttifaqında "Odlar yurdu"nun cəsarəti
və əhəmiyyəti haqqında danışmaq, başqa
bir yazının mövzusudur.
Sonra Abid
Cəmiyyətin "Avropa və Amerika ilə əlaqələr"
şöbəsinin müdiri vəzifəsində ürəklə
çalışmağa başladı və o, həmvətənlərimizlə
əlaqələr yaratmaq, xüsusən, xaricdə nəşr
olunan Azərbaycan mətbuatını üzə
çıxarmaq işində daima milli maraqlara söykənən
effektli bir enerji ilə işlədi. Yenə
yaddan çıxarmayaq ki, söhbət sovet dönəmindən
gedir, ancaq bu da başqa bir yazının mövzusudur.
1993-cü ildən isə ta 2018-ci ilə qədər bu
dəfə artıq Nazirlər Kabinetində Abidlə birlikdə
çalışmağa başladıq və bu dövrdə
də dediyim həmin sağlam milli maraqlar daima onunla birlikdə
oldu. Həmin
illər ərzində Əhməd bəy Ağayev
(Ağaoğlu), Əli bəy Hüseynzadə, Məhəmməd
Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Əlimərdan
bəy Topçubaşov, Mirzə Bala Məmmədzadə,
Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər və
başqaları kimi mühacir mütəfəkkirlərin
yetmiş illik yasaqdan, kin-küdurətli münasibətdən,
yalançı ideoloji tənqiddən ("ifşadan")
sonra yenidən Vətənə qayıtmasında, onların
irsinin toplanmasında və nəşrində, arxivlərinin
araşdırılmasında, sənədlərinin, məktublarının
öyrənilməsində Abid Tahirlinin rolu az olmadı. O,
dövlət işçisi kimi də, artıq püxtələşmiş
bir tədqiqatçı kimi də paralel olaraq eyni vicdan və
məsuliyyətlə çalışırdı və elə
bilirəm ki, bu dövr ərzində bir tərəfdən
dövlət aparatında, həmkarları arasında
qazandığı hörmət, o biri tərəfdən də
müdafiə etdiyi namizədlik, sonra da doktorluq
dissertasiyaları onun fəaliyyətinin yaxşı göstəricisidir.
Bu gün isə Abid Tarihli tam şəkildə və
arxayın surətdə mühacirətşünaslıqla məşğuldur.
Bizim ədəbiyyatşünaslıqda
da, ictimai fikirdə də mühacirət ədəbiyyatının
tədqiqi son iki-üç onilliyin hadisəsidir, ancaq Abid
Tahirlinin, eləcə də Şamil Qurbanovun, Vilayət
Quliyevin, Nikpur Cabbarlının, Vaqif Sultanlının, Həsən
Quliyevin, Bədirxan Əhmədovun, Nəsiman Yaqublunun,
Mövsüm Əliyevin, başqalarının tədqiqatları
nəticəsində həmin ədəbiyyat müasir ədəbiyyatşünaslığımızın
və ictimai fikrimizin mühüm və mühüm olduğu
qədər də maraqlı predmetinə çevrilmişdir.
Abidin
"Azərbaycan mühacirəti", ayrı-ayrı
üç hissədən ibarət "Azərbaycan
mühacirət mətbuatı", "Mətbuat millətin
dili, gücü və güzgüsü" kimi kitabları,
o cümlədən bizim mühacirət mətbuatımız
haqqında məlumat-soraq kitabı bu yeni ədəbi-elmi sahənin
sanballı nümunələridir və onun mühacirət ədəbiyyatı,
mühacirət fəaliyyəti haqqında yazdığı
monoqrafiyaların, məqalələrin bir xüsusiyyətini də
mən çox əhəmiyyətli hesab edirəm ki, Abid
yalnız azərbaycanlı mühacirlərin irsini tədqiq və
təbliğ etmir, Azərbaycan ictimai fikrinin inkişafında
rolu olan başqa qələm sahiblərinin irsi də onun tədqiqatlarından
kənarda qalmır. Bu baxımdan Abidin vaxtı ilə sovet
sisteminin "düşmən", "pantürkist",
"mürtəce burjua ideoloqu" hesab etdiyi böyük
tatar (ümumtürk) mütəfəkkiri İsmayıl
Qaspıralı haqqında yazdıqlarını,
"Bütün türklərin tərcümanı"
kitabını xüsusi qeyd etmək istəyirəm və
YUNESKO-nun 2014-cü ili "İsmayıl Qaspıralı
ili" elan etməsində bu yazıların da əhəmiyyəti
az deyildi.
Mən
bunun da şahidiyəm ki, Abid Ceyhun bəy Hacıbəylinin
125 illik yubileyi ərəfəsində hansı bir
istiqanlılıqla çalışırdı və
Prezidentimizin bu yubileyin keçirilməsi barədə
imzaladığı Sərəncamı o, hansı bir sevinclə
qarşıladı. Ümumiyyətlə, Ceyhun
bəyin ədəbi irsinin və fəaliyyətinin öyrənilməsində
Abidin xeyli əməyi var və onun yazdığı kitab və
məqalələr bu unikal şəxsiyyətin dolğun
portretini yaradır. Qardaşları Zülfüqar bəy,
Üzeyir bəy, bütün qohum-əqrabası,
dost-tanışları beton sərhədlər arxasında
qalmış, taleyin hökmü ilə Parisdə yaşayan
Ceyhun bəyin memuarlarını (bu memuarlar Abidin redaktəsi və
önsözü ilə nəşr olunub) oxuyanda onun qürbətdəki
nisgilini açıq-aşkar görürsən və mən,
yaxşı yadımdadır, 1988-ci ildə Parisdə Ceyhun bəyin
oğlu Timuçin bəylə görüşüb, söhbət
edəndə, onun atası barədə
danışdıqlarını eşidəndə də həmin
nisgili hiss etmişdim. Əlbəttə, Paris
gözəl şəhərdir, ancaq hər halda orada gözəl
Şuşanın ab-havası yoxdur və Şuşanın
ab-havası ilə nəfəs almış insanın o ab-havasız
yaşaması müşkül bir işdir.
"Əlyazmaları yanmır" - deyirlər və
bu, mühüm bir cəhətdir (hərçənd, Mirzə
Cəlil əlyazmalarını yandırıb, istisində
qızınmışdı), ancaq yanmayan o əlyazmalarını
üzə çıxarmaq, onları dustaqlıqdan azad etmək,
xalqa çatdırmaq da elə o qədər mühüm bir
işdir.
Abid Tahirli belə bir mühüm və şərəfli
işlə məşğuldur.
Abidin bir
xüsusiyyətini də deyim ki, illər bir-birini əvəz
edir, ancaq onun iş görmək, yaradıcılıqla məşğul
olmaq enerjisi heç vəchlə azalmır. İllər
bu enerjini zəiflətməkdə gücsüzdür və
o, dediyim həmin jurnalist çağlarında hansı enerji
ilə çalışırdısa, bu gün də elə həmin
enerji ilə axtarır, tapır, tədqiq edir, xalqa
çatdırır.
Və mən tamam əminəm ki, qarşıdan gələn
uzun illər boyu da Abid Tahirli eyni enerji ilə
çalışacaq, yeni yaradıcılıq uğurları
qazanacaq.
22 noyabr 2020
Bakı
ELÇİN
Ədəbiyyat qəzeti.-
2020.- 28 noyabr. S. 6.