Köhnə
dünyanı yeni təfəkkürlə qavrayan böyük
şair
XX əsr
Azərbaycan poeziyasını ötəri bir baxışla
gözdən keçirdikdə keçən yüzillikdə
şeirimizin öz varlığını formal-metrik
baxımdan üç istiqamətdə davam etdirdiyini
görürük: klassik Şərq divan şeirimizin ənənələrinə
sadiq qalaraq əruz vəznində yazılan milli şeirimiz
(türk əruzunda); folklordan, şifahi xalq ədəbiyyatından
qaynaqlanan heca şeiri; və bir də ulu soyumuzun "Dədə
Qorqud" kimi ərarəngiz mətnlərində nümunələri
olan, amma sonrakı yüzillərdə arxa plana keçən,
unudulan, türkün azad ruhuna xas olan sərbəst şeir
(verlibr). XX əsrdə "birinci yol"da Sabir, Cavid, Səhhət,
Vahid kimi nəhənglər, "ikinci yol"da isə Səməd
Vurğun və Süleyman Rüstəm kimi böyük
şairlər yazıb-yaratdılar. "Üçüncü
yol"da ardıcıl yazıb-yaradan, özündən sonra
böyük məktəb qoyan bir əsas şairimiz isə Rəsul
Rza oldu.
Rasul Rza
Rəsul Rza yaradıcılığının
özünəməxsus xüsusiyyətləri milli
poeziyamızda yeni bir məktəbin
başlanğıcından xəbər verirdi. Köhnə dünyanı
yeni təfəkkürlə qavrayan böyük şair
poeziyamızda minillərlə öz klassik vəsfini
tapmış həyat hadisələrinə yeni
baxışları ortaya qoydu, bizim üçün onların
yeni çalarlarını kəşf etdi. Çoxqatlı
ifadə formaları, qəfil obrazlar və assosiasiyalar onun poeziyasının,
şairlik üslubunun açar məziyyətlərinə
çevrildi. Yeni və təkrarsız üslub
vasitələri və ifadə tərzi ilə Rəsul Rza Azərbaycan
modernist poeziyasının başlanğıcını qoydu.
Rəsul
Rzanın bir-birindən maraqlı, dərin məna və mahiyyət
kəsb edən gözəl şeirləri, poemaları var.
Amma düşünürəm ki, yalnız tək "Rənglər"
silsiləsini yazmaq bəs edərdi ki, o öz şair
ömrünü böyük məhəbbətlə sevdiyi,
yazdığı və danışdığı dilin
ömrü qədər uzatsın:
Ağ,
qara, yaşıl, sarı, qırmızı;
Hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi
xatırladır,
biri dərdimizi,
biri arzumuzu.
hərəsindən bir məna arayıb
bir səbəb
görən var.
...Rənglər
xatirələr oyadır,
duyğuları oyadır,
Gördüyümüzdən
artıq görmək istəməsək,
hər
rəng adicə boyadır.
Rənglərin də musiqi kimi ahəngi var.
Ağrının, sevincin, ümidin də rəngi var.
Düşündükcə
açılır,
Əlvan səhifələri rənglərin.
"Boz"
rəngdən danışan böyük şairimiz gah onu
"Çoxlara qarışıb itənlər, hər
torpaqda bitənlər..." deyə, gah "cansız barmaqlar
arasında sönmüş siqaretin uzun külü" kimi,
gah da "Boş günlər, boş ürəklər,
(...) Vərdişli,
könülsüz gülüş" deyə təsnif
edir. Bunlar
böyük şairin yalnız bir rənglə bağlı
olan kiçik qeydləridir. Belə
nümunələrin sayını hər bir rəng və bu rəngin
çalarları ilə bağlı xeyli artırmaq olar.
Bütün silsiləni poetik cümlələrə
bölüb məna dərinliyinə varanda onun boş bir sətrinin,
boş misrasının olmadığına əmin olursan.
Rəsul Rza yaradıcılığında "siləcəyin",
"oxumayacağın" təqdirdə yeri görünməyən
bir söz belə tapmaq mümkün görünmür. Ən adi əşya və predmetlərə məxsus
adi rənglərin təsvirindən başlanan fəlsəfi
fikir sayıla bilməyəcək qədər
çoxsaylı rəng çalarlarına qədər
inkişaf etdirilir və həyatın adi gözlə
görünə bilməyən əsrarəngiz
çalarlarını oxucunun gözləri
qarşısında canlandırır. İnsanlara
həyatı sevməyi və dəyərləndirməyi təlqin
edir.
Rəsul
Rza yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatında
yeni cığır, yeni ədəbi məktəb və yeni
bir hadisə demək idi. Qara Qarayev və Fikrət
Əmirovun milli musiqimizdə, Tahir Salahov və Toğrul Nərimanbəyovun
milli rəssamlıq sənətimizdə meydana gətirdiyi
çağdaşlıq cərəyanının ədəbiyyatdakı
ilk izləri məhz Rəsul Rzaya məxsusdur. Bu gün böyük minnətdarlıq hissi ilə
korifey adlandırdığımız bu insanların sayəsində
ölkəmiz, bütövlükdə milli mədəniyyətimiz
və xüsusilə də ədəbiyyatımız həmin
dövrdə dünya ilə həmahəng
yaşadığımızı bizə hiss etdirirdi.
Avropalı şairlərdən biri həqiqi şairliyin
düsturundan bəhs edərkən vacib şərtlərdən
birincisi kimi vətənpərvərliyi qeyd edirdi. Rəsul Rza
böyük şair olmaqla yanaşı, həm də vətənpərvər
ictimai xadim idi. İstisnasız olaraq
bütün müasirləri onun müxtəlif vəzifələrdə
çalışarkən həmişə milli maraqlara əsaslanan
yanaşmalarını xüsusi olaraq qeyd ediblər. Sovet-bolşevik hakimiyyətinin milli mədəniyyətlərə
qarşı repressiya apardığı amansız illərdə
o, kino naziri kimi Azərbaycan kinosunun inkişafına, məhz
milli ideya üzərində inkişafına böyük xidmətlər
göstərmişdir. Həmin illərdə
kinoteatrlarımızın adlarının yad ayamalardan xilas
olub milli adlar alması da məhz onun şəxsi təşəbbüsü
və cəsarəti sayəsində mümkün olmuşdu.
Onlarca gənc istedadlı ədibin sistemin
bolşevik qafalı ünsürlərinin hücumlarından
xilas olunması da Rəsul Rzanın mərdliyi və vətənpərvərliyi
sayəsində, öz xalqına məhəbbəti və
qayğısı ilə baş verirdi. İlk
Azərbaycan Ensiklopediyasının yaradılması və
sistemləşdirilməsi isə onun öz xalqı
qarşısında ən böyük xidmətlərindən
biri idi.
Millilik "cığırından" kənara
çıxan hər bir "yenilik" Rəsul Rzanı
narahat edirdi.
O söz sənətinin milli düşüncəyə və
milli təfəkkürə həlledici təsirini
yaxşı dərk edir və buna görə də dilimizə
keçən yeni sözlərin milliləşdirilməsi,
onların qarşılığının tapılması və
yeni milli sözlərin yaradılmasına xüsusi həssaslıqla
yanaşırdı. Ədəbiyyat tarixindən də
yaxşı məlumdur ki, yeni sözlərin dildə
yaşarılığını təmin etməyin ən
yaxşı üsulu onları şeirdə "sınaqdan
keçirmək"dir və böyük şair bu istiqamətdə
də öz səylərini əsirgəmirdi.
Bu gün
Rəsul Rza deyəndə "Bəbək",
"Qızılgül olmayaydı", " Füzuli",
"Son gecə" poemaları, "Rənglər" və
"Dəniz" poetik silsilələri, "Vəfa" və
"Görüş" pyesləri, yüzlərlə
bir-birindən maraqlı şeirlər, Azərbaycanın musiqi
xəzinəsini zənginləşdirən
"Üzüyünün qaşı firuzədəndir",
"Gözlərin aladır, yar", "Sənə də
qalmaz", "İnsaf da yaxşı şeydir",
"Bakı" və onlarca başqa gözəl mahnılar
yada düşür. Bu əsərlərin bəziləri
öz populyarlığı ilə artıq Azərbaycan sərhədlərini
aşaraq qardaş ölkələrdə insanların qəlbinə
yol tapıb. Belə gözəl söz və
sənət incilərinin bütün türk dünyasında
təbliğ olunması düşüncə və təfəkkür
meyarlarımızın yaxınlaşmasına və türk
dünyasında ortaq mədəniyyətimizin
universallaşmasına və bütövləşməsinə
xidmət edir. Daha öncə qardaş
Türkiyədə dərc olunan "Təmrin" dərgisinin
Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə və
Mikayıl Müşfiq kimi böyük Azərbaycan ədiblərinə
həsr edilmiş xüsusi sayları işıq üzü
görmüşdü. Bu gözəl ənənənin
davam etdirilməsi və bu dəfə "Təmrin" dərgisinin
özəl bir sayının böyük şairimiz Rəsul
Rzaya həsr olunması da olduqca əlamətdar bir hadisədir.
Bu nəcib fəaliyyəti həyata keçirən
bütün dostlarımıza və məsləkdaşlarımıza,
bir də
böyük Türk Dünyasına sevgi və
sayqılarımla dərin minnətdarlığımı
bildirirəm.
Cavanşir Feyziyev
Ədəbiyyat qəzeti.-
2020.- 28 noyabr. S. 10-11.