İrəvanın yolları

 

Roman

 

Əvvəli ötən sayımızda

 

***

Əhmədbəyli hospitalında qəlpələrin çoxunu çıxarıb, yaralarını sarıyıb, Ruhini bir az özünə gətirmişdilər. Havası çatmırmış kimi dərindən nəfəs alıb kəlmə-kəlmə danışırdı. Şahinin əlini buraxmırdı. Şahinin israrlı xahişindən sonra həkimlər beş dəqiqəliyə icazə vermişdilər.

 

- Qardaş, ölsəm...

 

Şahin tələsik onun sözünü kəsdi. - Allah eləməsin, elə danışma. Atamız, anamız bizi gözləyir...

 

- İçim doğranır, deyəsən, gedəcəm.

 

- Bəsdi taaa...

 

- Qardaş, - Şahin diqqətini cəmlədi - Həsən müəllimin qızı vardı haa... Gülnarə... mən onu sevirdim. Özünə də demişdim. Amma... sözümü eşidəndə, nədənsə, özünü aldırmadı... Qaşını çatıb fikrə getdi. Bəlkə də qabaqdan adamlar gəlirdi... ona görə... Deyərsən, onun həsrətilə getdim bu dünyadan.

 

Şahin sonralar da dəfələrlə öz-özünə sual verirdi ki, temperaturu normal, bəlkə də hələ isti olan otaqda o necə dondu, bədəni necə suya döndü, əli-ayağı keyidi...

 

Şahin özü əsgərliyə gəlməmiş kəndsayağı Gülnarəylə əhdi-peyman bağlamışdılar. - Sağ-salamat qayıt, gəl - əsas budur! Sözümüz sözdür - qız demişdi.

 

Ruhin necə dedi: "Deyəsən, özünü aldırmadı".

 

"Can qardaş, qəlbini qırmayıb, o məni sevir axı".

 

Şahinin qaxaca dönmüş cəsədini sürüyüb palatadan çıxartdılar. Çünki heç   eşitmirdi, anlamırdı, qup-quru qurumuşdu. Maşına mindirib xidmət etdiyi hərbi hissəyə göndərdilər. Hər ehtimala qarşı yanına bir nəfər də mindirdilər. Həkim həmin adama nə isə pıçıldadı. Fərqinə varmadı. Çox-çox sonralar xatırladı.

 

Şahin anlamaq, eşitmək halında deyildi.

 

 

 

***

 

Tağım yoldaşları onu təmtəraqla qarşıladılar. Komandirdən icazə alıb "cızı keçməmək şərti ilə" xudmani məclis düzəltmişdilər. Fikri qardaşının yanında, onun dediyi sözdə idi. Sağ qalan dostları - əksəriyyəti yaralı idi, demək olar ki, hamı sarğıda idi - şadyanalıq edirdilər, əsgərlər qürurdan, qələbədən içməmiş sərxoş idilər. İlk qədəhlər, ürəkləri bizimlə olan, mübarək bədənləri Vətən torpağının altında olanların sağlığına qaldırıldı. Tam səssizlik içində son damlaya qədər içdilər.

 

Rauf: - Allah rəhmət eləsin!... - dedi. Hamı təkrar etdi. Oturdular.

 

Şahinin fikirliliyi hamının diqqətini çəkirdi. Əlbəttə, qardaşına görəydi... Bircə Şahin bilirdi ürəyini göynədən nədir. Kimsə böyürdən: - Çörəyini ye, Allah elə oğula qıymaz, - deyə ürək-dirək verirdi.

 

"Allah, bu necə olub mən bilməmişəm? Sabah əsgərliyimizi başa vurub evə qayıdanda məsələ açılsa, neynəyəcəm, nə deyəcəm?".

 

 

 

***

 

Dördüncü günə keçən gecə xəbər gəldi ki, Nüzgar kəndinin ətəyində BMP-lərimiz qalıb, bir də ayağını itirən Orxan adlı əsgərimiz. Orxan oradan çıxarılmasa, onu qan apacaq, şəhidimizin biri də artacaq. Onu oradan çıxarmaq lazımdır.

 

Kapitan Qasımov kimi göndərməyi fikirləşirdi. Çox riskli idi. Qərara gəldi ki, o biri komandirlər kimi məsuliyyəti üzərinə götürüb, özü getsin. Bərxudarovun nümunəsi hamıya sirayət etmişdi.

 

Həmin əraziyə 1500 metr məsafə vardı. Çox çətinliklə əraziyə çatıb yaralı əsgərləri götürdü. Onları maşına mindirib geri göndərdi. Ərazidə hərbi tapşırığı yerinə yetirib, amma çaşıb qalan, yolu tanımayan təzə əsgərlərimiz nə edəcəklərini bilmirdilər. Bu şəxsi heyəti BMP ilə birlikdə başqa yola çıxarıb bir az geniş qövs cızsalar da, təhlükəsiz yollarla sağ-salamat özümüzünkülərə qovuşdurdu.

 

Nə qədər özünü qorumağa çalışsa da, ondan bir az kənarda yerin təkində batıb qalmış minanın qranatomyot mərmisinin gücündən partlamasından yan qaça bilmədi. Ayağından bərk yaralandı. Qaça bilməyib ağzı üstə yerə sərələndi. Sürünməyə başladı.

 

Bəzən minalanmış yerləri dəqiq müəyyənləşdirməkdə çətinlik çəkirdilər. Mina basdırılandan sonra uzun zaman keçəndə mina torpağın altında 45 sm-dən də dərinliyə yatır. Bu zaman onu tapmaq, müəyyənləşdirmək olmur. Artıq onun üstünü çəmən, çayır basır, sənə elə gəlir hamar yerdir. İşin tərsliyindən aparat da onu götürmür, çünki siqnal ötürmür. Əsl istehkamçı bunu fəhmlə, qəlbiylə hiss etməlidir. Buna isə, əlbəttə, illərin təcrübəsi gərəkdir.

 

Əsgərləri komandirlərinin yaralandığını görüb geri qayıtdılar, ona köməyə tələsdilər. Qasımov qəsdən geri qalırdı ki, onlar sağ-salamat uzaqlaşsınlar. Sonda özü də gedib onlara çatar.

 

Onu xilas etməyə gələnlərə "Dayanın!" deyib hamını durdurdu. Düşmənin atəşi dayanmırdı. Onun yerini bələdləmişdilər. Başıpozuqluq olmazdı. Noolsun, komandir yaralanıb. Emosionallıq hamını bada verərdi.

 

Toqqanı çıxardıb qan axan yarasını bağladı. Diqqətlə aradakı məsafəyə baxıb necə yaxınlaşmağı söylədi. Aparatla yoxlayıb hərəkət trayektoriyasını müəyyənləşdirdilər. Ağrını hiss eləmirdi. Başında bir boğuq səs vardı. Əsgərlərini düşünürdü. Onların sağ-salamat bu ölüm labirintindən çıxması sırf onun məsuliyyəti idi. Çünki həm Allahın qarşısında, həm də kombriqin qarşısında şəxsi heyəti sağ-salamat aparıb təhlükəsiz yerə çıxarmaq kimi öhdəliyi vardı. Silahların üstünə şinelləri sərib xərək düzəltmişdilər. Ehtiyatla yarğanları, dərələri keçərək gətirib hospitalın təcili yardım maşınına çatdırdılar. Yalnız o zaman ağrıları hiss etdi. Tibb işçiləri ağrını və qanı kəsmək üçün iynələr vurdular.

 

Sonrakı proseslərdən xəbəri olmadı. Amma xoşbəxt idi... Şəxsi heyətdən heç kim ölməmişdi...

 

***

 

Döyüşlər səngimişdi. Adda-budda atəş səsləri eşidilirdi. Düşmən darmadağın olub geri çəkilmişdi. Hamıda böyük ruh yüksəkliyi vardı. Azərbaycanın hər yerindən tökülüb Lələtəpəyə gəlirdilər. Xalq bəxtəvər idi. Onun igid oğulları düşmənin daşını daş üstə qoymamışdı. Qurbanlar kəsilir, şairlər qəhrəman əsgərlərimizi öyür, müğənnilər şən mahnılar oxuyurdular. Böyük bir el bayramı yaşanırdı. Sahilsiz sevinc insanları, əsgərləri, yarğanları, dərələri, təpələri, bütün Lələtəpəni qoynuna almışdı. Hamı xoşbəxtliyin, sevincin zirvəsindəydi. Bircə Şahindən savayı.

 

Aprelin 20-də səhər idmanından sonra tağım komandirinin onu çağırdığını söylədilər. Özünü qaydaya salıb qərargaha yollandı. Növbətçiyə: - Xəbər verin ki, cavuş Piriyev əmrinizlə gəlib! - deyib gözləməyə başladı.

 

Uzun çəkmədi. Komandir dərhal qəbul etdi. Ata kimi qollarını açıb onu bağrına basdı. Gözləri nəmləndi. - Həyatdır. Döyüşün öz qayda-qanunları var Bunu sənə izah etmək artıqdır. Sən də, qardaşın da ordenə təqdim olunmusunuz. Kişi kimi vuruşdunuz. Deməli belə... Məsləhət olub ki, qardaşının müalicəsi evdə davam eləsin. İndi onlar xəstəxanadan çıxırlar. Sən də hazırlaş, dal-qabaq çıxın. Sənə 10 günlük məzuniyyət verirəm. Necə olub indiyəcən evə getməmisən? Onsuz da xidmət müddətin də bitmək üzrədir. Qalanını özün bilərsən. Qayıtsan, göz üstə yerin var. Sənin kimi təcrübəli döyüşçülərə həmişə ehtiyacımız olacaq.

 

Şahinin fikri bir az avazıdı. Düz deyirdi. Əsgərliyə gələndən evlərinə getməmişdi. Əvvəllər çox can atmışdı. Nəsə alınmamışdı. Həm də Gülnarəni görmək istəyirdi. Dünən qardaşının yanına getmişdi, palataya girməyə icazə verməmişdilər - reanimasiyadadır, - demişdilər. "Lap yaxşı, qoy evdə əməlli müalicə olunsun!".

 

Hərbi hissənin sürücüsu böyründə peyda oldu. - Xəstəxananın təcili yardımı artıq yola düşüb. Biz də çıxmalıyıq.

 

Şahin cəld yır-yığış eləyib "Villisə" oturdu. Lələtəpənin ətəklərindən dolama-dolaşıq yollarla şütüyüb asfalta çıxdılar. Rahat sürmək olardı. Cəbhə xəttindən uzaq idilər.

 

Hər yerdə yazın xoş nəfəsi duyulurdu. Çöllər çiçək açmışdı. Meyvə ağaclarının çoxu tumurcuqlamışdı. Çöl-bayır əməlli-başlı dirilirdi. Hər yan gözəlləşirdi. Yaşamaq, var olmaq böyük nemət idi. Bircə qardaşı da ayağa dursaydı...

 

Sürücü yolboyu ona edilən zəngləri ağızucu cavablandırırdı. Hərdənbir də keçdikləri yerin adlarını çəkirdi. Bircə dəfə Beyləqandan çıxanda: - Bəli, cənab komandir! - deyib sonra "bəli, xeyirlə" cavab verdi. Axırda Şahinə çevrilib: - Cənab komandir sənə salam göndərdi. Necə vuruşduğunu bir daha xatırladı. Dedi həmişə elə mərd, mətin olsun.

 

Şahin təşəkkür edib fikrə getdi. İmişliyə girmişdilər. Eyni mənzərəydi. Çöldə traktorlar işləyirdi. Səpin başlamışdı. Camaat əkin-biçin hayındaydı.

 

Şahin soruşdu:

 

- Bəs dal-qabaq gedəcəkdik, Ruhingilin maşını harda qaldı?

 

- Təcili yardımla gedirlər. Bizdən qabaqdadırlar.

 

- Sür çataq dəə...

 

- Az qalmışıq.

 

Bəhrəmtəpədə qoşalaşdılar. - Bəlkə düşüb qaqaşıma bir baş çəkim... - Şahin zəif səslə dilləndi.

 

- Onsuz da çatmışıq. Budu buradı - Biləsuvar! - sürücü mızıldandı.

 

Şahin sözü çevirmədi. Düz deyirdi.

 

 

 

***

 

Onların evi İmişli-Biləsuvar yolunun üstündəki köhnə II Çadır şəhərciyinin yerində salınmış Yeni şəhərciyin lap axırıncı cərgəsindəki küçədəydi. Küçənin adı yox idi. Ümumiyyətlə, çadır şəhərciklərində küçələrin adları olmur. Yer tanınmış bir şəxsin ya da ailənin yaşadığı evin sağı-solu, ya da aşağısı-yuxarısı deyə səmtlərlə tanınırdı.

 

Şahin evlərinə burulan yola yenicə girmişdi. Adamlar ikibir-üçbir cadır şəhərciyinin yuxarısına diklənirdilər. Elə də fərqinə varmadı. Adamlardı daa... dükana, bazara, hökumət idarələrinə gedirlər... yəqin.

 

Bir az da getdikdən sonra adamların daha da çoxaldığını, bayraqlarımızı gördü. "Bu nədir, mitinq?". Amma şüar-filan deyən yox idi, adamlar təmkinli, qayğılı görünürdülər. Evlərinə yaxınlaşanda adamların sıxlığından mindiyi maşın birayaq-birayaq irəliləməyə başladı. Təcili yardım maşınına camaat yol açırdı. Onların avtomobilinə etina edən yox idi.

 

Birdən qulağına ağlaşma səsi gəldi. Hövlləndi. "Noolub axı?". Hesabla belə olmalı deyildi. Sağ-salamat geri qayıdıb. Qardaşı yaralı olsa da, o da evlərinə gəlib. Adamlar niyə belə hüznlüdürlər?

 

Birdən kimsə onu maşının şüşəsindən gördü. Bir-birlərinə göstərib heyrətlə nəsə deyirdilər. Bir arvad əlini üzünə atdı. (Sonra ona dedilər ki, sakitcənə maşında oturub adamlara baxmağın camaatı çaşdırıb. Onlar bilmirlərmiş ki, sənin hadisədən xəbərin yoxdur). Onun da mindiyi maşına yol açıb evlərinə tez yetişməsini təmin etdilər.

 

Evlərinin qabağında ilk gördüyü Ruhinin komandiri oldu. Sonra məktəbli olduqları bilinən gənclərin əlində Ruhinin şəkilləri... İcra başçısı, ətrafında yəqin ki, rayonun rəhbər işçiləri... hamısı kostyumda, qalstukda, tanımadığı hərbçi-polkovnik... (voenkomat idi).

 

...Anasının, bacılarının səsini indicə tanıdı. Bunlar axı niyə ağlayırlar?

 

Qaçqın şəhərciyi Şahinə tanış və doğma idi. O da digər yaşıdları kimi çadır şəhərciyində doğulmuşdu. Burda məktəbə getmişdi, böyümüşdü, Gülnarə ilə əhd-peyman bağlamışdı... Əsgərliyə yollanmışdı...

 

Ona fikir verən yox idi. Adamların başı təcili yardımdan endirilən... nə?! Bu tabut kimindir? Bu ki, onlardan əvvəl gələn təcili yardım maşını idi. O maşında yaralı Ruhin gəlirdi... evdə müalicə olunmaq üçün... Allah!..

 

Anasının sifətindən qan damcılayırdı. Elə bacıları da anaları günündəydi. Əmisi arvadları, dayısı arvadları - bütün qohum-əqrəba eyni vəziyyətdəydilər. Anası ağa bükülmüş meyitin başını qucaqlayıb elə hey deyirdi: - İlahi, belədirsə də canı cannan dəyiş, hər şey sənin əlindədir. Bu saat mənim canımı al, balamı dirilt. Bəs deyirdilər yaralanıb?

 

Anasını sakitləşdirməyə çalışırdılar. Arvad özünü öldürürdü. Kimsəyə yaxa əl vermirdi. Yerə-göyə üsyan edirdi. Sözü elə bu idi: - Canı cannan dəyiş, pərvərdigara! Axı sənin əlində bu nə çətin bir işdir ki...

 

Şahin donub qalmışdı. Axı komandir onu çox ürəklə, inamla, ümidlə qəbul edib göndərmişdi. Bu necə oldu? Yəni yolda keçindi?

 

Keyimiş addımlarla yığnağa yaxınlaşdı. O yığnağa ki, anası, bacıları üz-gözlərini didib tökürdülər, qan damcıları ətrafa səpilirdi. Birdən kimsə onu gördü: - Şahin, Şahin, Şahin!..

 

Hamı heyrət və təəccüb içindəydi. Bu nədir? Qardaşın biri sağdır. Şükür! Ruhinin meyitini Şahin gətirib? Niyə xəbər verməyib?

 

Anası gördüyü mənzərədən heç nə anlamayıb qəşş elədi. Qonşu arvadları onu tutdular. İki daşın arasında, deyəsən, gözaydınlığı verirdilər.

 

- Aazz, gözlərin aydın, Şahin sağ-salamat gəlib. Ay qız, özünü öldürmə. Qurban olduğumuz birini öz rəhminə bağışlayıb.

 

Bir gözü ağlar, bir gözü gülər ana heysiz addımlarla "Şahin, Şahin" deyərək böyük oğluna sarı addımladı. Təzədən bayıldı... Bacıları Şahinə sarıldılar. Bilmirdilər ağlasınlar, yoxsa sevinsinlər.

 

 

 

***

 

Bu qanlı mərəkənin içində hamı vardı - bircə atasından savayı. "Burda olmalıydı axı. Mütləq xəbər verməliydilər. Qarşılamalıydı...".

 

- Atam hanı bə?

 

- Dünən sizin dalınızca Lələtəpəyə getdi.

 

- Nə?.. Onu ora buraxmazdılar axı?

 

- Nə bilim?..

 

Eləydi. Oğlanlarından nigaran qalan Əşrəf kişi köhnə "Jiquli"sinə minib cəbhə bölgəsinə yollanmışdı. Müharibə bitmişdi. Oğlanlarından bir xəbər yox idi. Heç birinin telefonu cavab vermirdi. Nigaran ata canını saran şübhələri avazıtmaq üçün Lələtəpəyə getməyi qərara aldı. Oğlanlarının ikisi də Lələtəpə ətrafındakı hərbi hissələrdə qulluq edirdilər. "Niyə xəbər-ətər yoxdur?".

 

Füzuliyə xeyli qalmış qarşılarını kəsib döyüş bölgəsinə yaxınlaşmağa qoymamışdılar. Təkcə Əşrəf kişi deyildi, ətraf rayonlardan, Bakıdan, Sumqayıtdan da yüzlərlə insan, xüsusən gənclər Lələtəpəyə - döyüş bölgəsinə can atırdılar. Polislərlə əməlli-başlı mübahisə edir, hətta əlbəyaxa olur, onları döyüş meydanına buraxmalarını təkid edirdilər. Polislərin öhdəsindən gələ bilməyəcəklərini görüb ehtiyat ordu hissələrindən dəvət etdilər. Onlar polislərin arxasında sep yaratdılar. Yalnız bundan sonra gənclər sakitləşdilər. Digər adamlar da, necə deyərlər, qanun-qaydaya tabe oldular. Amma yenə deyinənlər, narazı qalanlar çoxdu və heç kim geri durmaq istəmirdi. Hamı döyüş meydanına atılmaq istəyirdi. "Bə nəyə gəlmişdilər?".

 

Çadır şəhərciyində hamı anlayırdı ki, yas başlasa da, hələ qurtarmayıb, təzədən bir də başlayacaq. İkinci müsibət qalmışdı Əşrəf kişinin Füzulidən qayıtmasına. İndi bu xəbəri ona kim verməliydi? Əşrəfin qardaşlarından heç biri boynuna götürmədi. Dayıları da "biz bir köynək geriyik, elə ağır yükün altına girə bilmərik" dedilər.

 

Ümid məktəb direktoru Cəlal müəllimə qaldı. O da boynundan atanda yer-yerdən üstünə düşdülər ki, elin ağsaqqalısan, bu işi sən görmüyüb kim görəcək? Vaxtikən, zəng elə, gətirtdir. Axşama da olsa gəlsin, təzədən mərəkə açmayaq. Meyid ortalıqda bu qədər çox qalmamalıdır.

 

Cəlal müəllim candərdi razılaşdı. "Həmişə belə ağır işləri mənim üstümə atırsınız". Amma camaatın təzyiqi ilə artıq Əşrəf kişinin nömrəsini yığmışdı.

 

- Ə, hardasan, uşaqların gəlib evinə, sən yoxsan.

 

Əşrəf ona inanmadı.

 

- Ə, məni dolama. Yoxsa bir şey olub?

 

- Noolajax, Allaha şükür! Budey, Şahin də yanımdadır.

 

- Onda telefonu ver ona görüm.

 

Şahin özünü toplayıb telefonu qulağına tutdu. Az qaldı telefon əlindən düşsün. Atasının nigaran və xırıltılı səsini eşitdi.

 

- Ata...

 

- Can ata! Şahin, sənsən?

 

- Mənəm, ata. Hardasan?

 

- De görüm Ruhin də səninlədir?

 

- İkimiz də... gəlmişik, ata!

 

Şahin qəhərləndi. Atasının qəfil, sevincək sözləri olmasaydı ağlayacaqdı. Elə bil kişini muştuluqlamışdılar.

 

- Onda bu saat çıxıram.

 

Şahin tez düyməni basıb elə hönkürdü ki, hamı təzədən yasa batdı. Bu işin sonu necə olacaqdı? Oğlu atasını aldatdı. O düzdü ki, Əşrəfin oğlanlarının ikisi də kənddədir. Amma biri... Ata gəlib o biri oğlunu görməyəndə, o müsibətə kim cavab verəcəkdi?

 

Cəlal müəllim fikirləşirdi ki, oğlu Şahin dedi qardaşımla birlikdə kənddəyik. Şahin də fikirləşirdi ki, deyəcəm Cəlal müəllim zəng elədi. Mən də məcbur qalıb elə dedim.

 

Hadisəni evdəkilər də bildilər. Arvad təzədən üzünü cırıb qoydu yerə ki, Əşrəfin ürəyi xəstədir. Ruhinin yoxluğuna dözə bilməyəcək.

 

- Ay camaat, sizi and verrəm Allaha, Əşrəfə dayaq durun. Qoymayın başına bir iş gəlsin.

 

Camaat qorxduğu ikinci müsibət elə Əşrəf gəlməmiş başladı. Ailə üzvləri bir-birinə dəydi. Qızlar təzədən saçlarını yolub qışqırışırdılar. Ağsaqqallar irəli durdular. - Əl verin, ay camaat, görmürsüz göz-görəti qırılıllar?

 

Əslində, özü ərindən betər gündəydi. Neçə dəfə bayılıb ürəyi getmişdi. Hər dəfə də zülümlə özünə gətirirdilər. Hamının gərəyi olan - nə yaxşı ki, Allah onu verib - tibb bacısı Çəməngül neçə dənə iynə vurmuşdu, həbb atdırmışdı. Elə qızları da yaman gündəydi.

 

- Ay Cəlal müəllim, səni and verirəm Allaha, heç yerə getmə, buralarda ol. Elin ağsaqqalısan, səndən başqa kimimiz var.

 

- Burdayam, burdayam, heç yerə gedən döyüləm, - tez-tələsik dilləndi.

 

Adamları yas mağarına dəvət etdilər. Doğrudan da, el gücü - sel gücü. Camaat bir anın içində hər şeyi başa çatdırıb qurtarmışdı. Heç kim yığnaqdan aralanmamışdı. Faciənin ağırlığını başa düşürdülər. Hamının başına gələ bilərdi. İndi bu saat əsas məsələ Əşrəf kişini qarşılayıb onu ilkin şokdan mümkün qədər ustufca çıxarıb yola vermək idi.

 

Cəlal müəllim Əşrəfə deyəcəklərini ürəyindən belə keçirirdi:

 

- Ölüm hamı üçün yazılıb. Süleymana qalmayan dünya kimə qalacaq ki. Oğlun Vətən yolunda həlak olub. Kişi kimi! Dövlət orden verib. Pis bir hadisənin ucbatından, ya da hansısa xəcalətli bir işə görə ölməyib ki. Vətən borcunu yerinə yetirəndə həlak olub. Toxtaq ol! Sən toxtaq ol ki, arvadın, qızların, qohum-əqrəban da özünə gəlsin. Şahin də Allaha şükür, budey, gözüyün qabağında.

 

 

 

***

 

Günortanın sozalan, üfüqlərin qızaran vaxtıydı. Axşama az qalırdı. Parlaq şəfəqlərdən daha adamların gözləri qıyılmırdı. İsti də elə yandırmırdı. Araz çayı bir az uzaqda görünsə də, yeli bu aralığı tuturdu. Hündür, böyük ağaclar hələ yox idi. Əksəriyyəti təzə tinglər idi. Onların altında kölgələnmək mümkün deyildi. Səmtinə görə kölgə düşən bəzi evlərin tinində, arxasında gündən qorunmaq olurdu. Adamlar daha çox kölgə düşən yerlərə yığılmışdılar, O yerlərdə sıxlıq idi.

 

Əşrəfin maşını şəhərciyə dönən yolda görünəndə camaat əl-ayağını yığdı. Yas cadırındakılar da eşiyə çıxdılar.

 

Əşrəf kişi yas mağarını gördükdə dalağı sancdı. "Nə çox adam var. Bunlar niyə gəliblər. Kənddən ölən var? Yas mağarı mənim evimin niyə qabağındadır?"

 

Başı hərləndi. Suallarına cavab tapa bilmədi. Ürəyi sıxıldı.

 

Bir də gördülər ki, Əşrəf kişinin maşını yolun sağını da gedir, solunu da. Cavanlar yüyürüb maşının qabağını kəsdilər. Əşrəf kişini kabinədən çıxarıb qoluna girdilər. Cəlal müəllim Şahinə çevrildi:

 

- Yanımda dur, oğlum. Sən daha, Allaha şükür, yekə kişisən, odun-alovun içindən çıxıbsan. Müharibə nədir, ölüm nədir - bilirsən. Əl-ələ verib görək Əşrəfi birtəhər ötüşdürə bilirikmi?

 

Cəlal müəllim nə qədər özünü tox tutsa da axıracan bacarmadı. İrəli yeriyib bəxti çönmüş həmkəndlisini qucaqladı.

 

- Dərdin alım, a Əşrəf, indi sənin oğlun kəndimizin şöhrət tacı oldu. Hamımızın başını dövlət yanında, el-oba içində uca elədi. Sən də başını uca tut. Çox şükür, Şahin salamatdı...

 

Əşrəf Şahini gördü. Cəlal müəllimin böyründə dayanmışdı. "Ayə, bu nə vaxt böyüyüb Cəlal müəllimi ötdü".

 

Şahin olduqca təmkinli, yaşından xeyli böyük görünürdü.

 

 

Davamı gələn sayımızda

 

Səyyad Aran

Ədəbiyyat qəzeti.- 2020.- 28 noyabr. S. 12-13.