Qəribə
at oğurluğu
Hekayə
Qızmar yay günləri
bir-birini əvəzlədikcə Qırğıgöz Səməndərin
yuxusu ərşə çəkilirdi. Belə
istilərin sonu mütləq yağışla müşahidə
olunacaqdı. Bircə dəfə, lap elə
bircə saatlığa da olsa yağış
yağmalıydı, özü də
şıdırğı. Dədə-babadan
sınaqdan çıxartmışdılar. Zəmidə
biçilmiş ot mərəyə
daşınmasaydı, qalıb islana bilərdi. Yağış
aramsız yağsaydı lap qaraldıb çürüdə
də bilərdi, ondan sonra da at getsin, hansı heyvan
çürümüş, kiflənmiş, qaralmış ota
ağız atacaqdı?
Odur ki, tezdən obaşdan durub üz qoydu qonşu kəndlərə,
at, qatır axtarmağa. Kimə üz tutdusa, əli boşa
çıxdı. İndi işin qızğın
çağıydı, hamı qışa tədarük
görürdü, ot, yarpaq
daşıyırdı. Kənd yerində kim
idi kimə at, qatır verən. Nə olsun ki, ona söz
vermişdilər...
Beləcə, Qırğıgöz Səməndər
üç gün gəzdi, tanıdığı,
sözünün keçəcəyini güman etdiyi yeddi-səkkiz
kəndə baş çəkdi, ancaq niyyəti hasil
olmadı. Kəndlərindən də xeyli
aralanmışdı, bəlkə də otuz-qırx kilometrdən
çox olardı. Əli ətəyindən
uzun kor-peşman geri qayıdırdı. Bir xeyli yol gəlib
yorulmuşdu, necə deyərlər, lap əldən-ayaqdan
düşmüşdü, dizlərində taqət
qalmamışdı, daha ayaqları da sözünə
baxmırdı. Aclıq da bir yandan əhədini
kəsirdi, ürəyi uçum-uçum uçunurdu.
Axşamtərəfi olardı. Qarayazı meşəsinin
girəcəyində tüstü qalxdığını
gördü. "Balam, bu nə tüstü ola bilər? İndi buralarda ferma-zad da
qalmayıb, hamısı Gədəbəyin, Şəmşəddinin,
Borçalının yaylaqlarına qalxıb", - deyə
fikrindən keçirdi.
Vaxt itirməyib tez özünü yetirdi ora. Nə görsə
yaxşıdır?!
Gördü
ki, yaşı qırx-qırx beş
arası qıvrımsaç, şeşəbığ bir
adam ocaq qalayıb, özü də ocaqdan bir az aralıda
süfrə açıb oturub nahar eləyir. Atı da ondan
bir az aralıda otlayır.
Lap yaxına gəldi, baxdı ki, süfrə, nə
süfrə.
Kartof, yumurta soyutması, pendir, yanında da təzə
göy-göyərtisi; çöl kişnişi, xəzəz,
kəvər... Ürəyindən keçdi ki,
bir "nuş olsun" deyib özü də süfrəyə
əyləşsin. Tez də fikrindən
daşındı: "Ey dili qafil, bu adam bura adamı deyil, nabələddir,
görünür, gecəni də burda qalacaq, ocağı da
qalayıb ki, mığmığalar, ağcaqanadlar, ditdililər
gəlib onu yeməsin...".
- Nuş
olsun! - dedi və ucadan, özü də yoğun səslə
soruşdu. - Ay adam, kimsən, buralarda nə
gəzirsən?
Adam tez
özünü yığışdırdı, elə zənn
etdi ki, gələn meşəbəyidir, bir az
qorxuya düşdü.
- Nə
eləyəcəm? Heç nə. Görürsən ki, çörək yeyirəm.
- Nə fikirləşdisə, sözünə bir az ara verib dedi. - Ajdığın var, gəl
qonaq ol.
Qırğıgöz Səməndərə də elə
bu lazım idi.
Tez çöməlib oturdu süfrənin
qırağına. Lavaşı
götürüb arasını pendirlə doldurdu. Üstünə də göy-göyərti qoyub
bürmələdi, dürmək elədi. Basdı ağzına, ovurdlarını şişirdə-şişirdə
şirin-şirin çeynəyib uddu. Arxasınca
kartof soyutması, onun dalınca da iki yumurta yeyib qarnını
bərkitdi. Gözlərinə işıq
gəldi.
- Süfrən
açıq, ruzin bol olsun! - dedi.
Gözlərini süfrədən qaldırıb
aralıda otlayan ata baxdı. "Pərvərdigarə!
Sən heç vaxt məni darda qoymamısan, dar
macalda olsa da özün imdadıma yetmisən.
Şükür yaranışına!".
Ürəyində Tanrıya qabağına
çıxartdıqlarına görə dua etdi.
Nəzərlərini bir xeyli atın üzərindən
çəkmədi. At, özü də nə at. Kəhər at, min üstünə, düşmə
yerə, ancaq çap. Adam heç belə
ata yük vurmağa da qıymaz. Bəs
neyləməli? Məcburiyyət insanı
çox şeyə vadar edir. Gəl indi
qismətindən qaç. Tanrı
özü qabağına at çıxardıb. At yox e, bəslənmiş köhlən, cilovu da
başında. Cilovun ucuna bir kəndir
bağlanıb. Kəndir gəlir-gəlir,
adamın ayağının yanında yerə
basdırılmış dəmir mıxçaya
bağlanır.
- Həə,
sən heç demədin axı... kimsən? Buralarda
nə gəzirsən? -
Qırğıgöz Səməndər bir də soruşdu.
- Yol
adamıyam, ağrın alım. Varıb o tərəflərə
gedəsiyəm. - Əli ilə Qarayazı
meşəsinin anrı tərəflərini, dağları,
yaylaq yerlərini göstərdi. - Gördüm ki, gecə
düşür, dedim elə burda gecələsəm
yaxşıdır. Tezdən obaşdan gedərəm.
Gecəykən gedib yolu tapammaram. At da ki, xamdır, hürküb eliyər, məni
yıxar.
- Ayə,
ağrın alım, bəs qorxmursanmı, gecə gəlib
atını oğurlayarlar?
Qırğıgöz
Səməndərin belə yumşaq, bir az
da məlhəm danışığını ciddiliyə
almadan zarafat kimi başa düşdü, elə o tərzdə
də cavab verdi:
- Atı
hörükləmişəm, mıxı da dizimin dibinə
basdırmışam. Kim gəlib oğurlayacaq?
- Mənim
kimi yoldan keçənin biri...
- Sən
də söz dedin də... Gözüm görə-görə
hancarı gəlib oğurlaya bilərlər?
- İndi mən göstərim, sən də tamaşa elə. Göstərimmi?
- Göstər
görüm. - Bığaltı qımışdı.
- Deməli,
oğru ehmal-ehmal gəlir, yaxınlaşıb dizinin dibindən
mıxı çıxardır. -
Qırğıgöz Səməndər ehmalca durub ona
yaxınlaşdı, dartıb mıxı
çıxartdı, kəndirdən aralayıb adama uzatdı.
- Sən hələ bu mıxı bir tut.
Adam hələ də nə baş verdiyini anlamadan bir
uşaq marağıyla Qırğıgöz Səməndərə
baxa-baxa mıxı aldı.
- Kəndiri
də, bax beləcə dəstələyir. - Kəndiri dəstələyə-dəstələyə
atın yanına gəlib yəhərə bağladı.
- Tuxu, tuxu...
- deyib atın yalmanına bir-iki dəfə sığal
çəkdi.
Sonra ayağını üzəngiyə basıb
qalxdı atın belinə. Elə ki, atı mindi, baxıb
gördü, adam, əlində mıxca
quruyub qalıb yerində.
- Nə
quruyub qalmısan? - Ona təpindi. - Bir tərpənsənə,
qırışığın açılsın. Əlindəki qamçını da bəri elə
görüm, hələ sənin atın necə
qaçır. Deyirsən xamdı, köhləndi, nə
bilim nədi...
Adam yerdən qalxıb ata yaxınlaşdı. Qamçını
ona uzatdı. Qırğıgöz Səməndər
qamçını alan kimi ucadan səsləndi:
- Di
salamat qal, mən getdim. On gündən sonra gəlib
atını Göyyurddan sağ-salamat geri götürərsən.
- Axı
heç adınızı da demədiniz... - Adam, sanki
yuxudaydı, indi ayıldı.
- Adım
Səməndərdi, məni bu mahalda tanımayan yoxdur, kimdən
soruşsan, nişan verəcək.
- Səməndər?!
Ə kişi, bəlkə o məşhur
at oğrusu Qırğıgöz Səməndər sənsən?
- Düz
tapmısan, özüdür ki, var. - Tanışlıq verdi.
- Baloyun
başına dolanım, ay Səməndər, məni də al
tərkinə, burda qoyma, bir də o boyda yolu payi-piyada gəlməyim.
- Nə fikirləşdisə, sözünə bir az ara verdi. - Otun varsa, onu da özüm
daşıyaram...
Qırğıgöz Səməndər elə-belə
ad qazanmamışdı, qənşərə
çıxıb gözünü qıyıb baxdımı,
bəsdi. Ona gün kimi aydındı, harda mal otlayır, harda
at, qatır, harda da heyvan. Gözündən
heç nə yayınmazdı. Mahalda onu
tanımayan yox idi - məşhur at oğrusuydu. Özü at, eşşək, qatır saxlamazdı.
"Nəyimə gərəkdi, artıq xərcdi,
on-on beş gün yük daşıtdıracam deyə, il boyu
at-qatır bəsdəməliyəm? Lazım
olanda birinin atı, eşşəyi ilə
daşıyaram", deyirdi. Oğru
olmağına oğruydu, amma başqa oğrular kimi deyildi.
İldə ikicə dəfə oğurluğa
gedərdi, bir yayda, bir payızda. Özü
də gedib yeddi-səkkiz kənd o tərəflərdə at,
qatır oğurlayardı ki, yiyəsi soraqlaşa-soraqlaşa
gəlib tapana kimi işini görüb qurtarsın. Yayda ot, yarpaq, payızda da odun daşıyardı. Bax, onun oğurluğunun qəribəliyi bundaydı.
Xeyli vaxtdı, oğurluğun daşın
atmışdı. Kənd camaatı, elə iki qonşu kəndin kişiləri
də özləri razılığa gəlib kişi
kimi söz vermişdilər ki, mövsümdə növbə
ilə onların at, qatırlarından istifadə etsin. Ancaq nə etməli? Kim öz
yükünü saxlayıb atını
Qırğıgöz Səməndərə verəcəkdi?
Hərdən də deyirdilər ki, onun işini Allah
özü sahmanlayır.
Bu dəfə də belə alındı. Görünür,
yenə Tanrı özü rəva bildi, yoxsa bu boyda oğurluq
işini düzüb-qoşmaqmı olardı?
Əli bəy
AZƏRİ
Ədəbiyyat qəzeti.-
2020.- 28 noyabr. S. 14.