Əllər
Hekayə
- Bir
zamanlar əlimi içində elektrik
qızdırıcısının olduğu suya toxundurmaq adətim
vardı.
- Niyəsə
heç təəccüblənmədim.
- Hə...
Nə
danladı, nə ağıl verdi, heç
nə demədi, başını aşağı salıb
kitabını oxumaqdaydı. Başımı
arxaya söykəyib gözümü yumdum. Bu hardan yadıma düşdü, niyə birdən-birə
heç dəxli olmayan yerdə ortaya atdım?
Fikrən o vaxta qayıtdım. Zamana deyil, hissin
ortasına. Əvvəlcə kənardan
baxdım, sonra yaxınlaşdım. Məntiqim
"etmə, etmə" deyirdi. Amma nəsə,
hardasa gizli bir duyğu "etməsən sakitləşməyəcəksən"
deyə pıçıldayırdı. Hər dəfə
edirdim, əlimi suya toxundurub barmaqlarımı oynadır, sonra
dünyanın ən böyük həzzini yaşamış adam doymuşluğuyla, növbəti əmrə
üsyan etmiş qul rahatlamasıyla udqunub gələn dəfəyədək
hər şeyi unudurdum.
Sonra nə oldu?
Bir dəfə əlim suya toxunar-toxunmaz güclü bir zərbəylə
yerə çırpıldım. Yanımda heç kim
yoxdu. Barmağımın ucundan batıb
bütün vücudumu zamanla ölçülməyəcək
sürətlə dolaşıb, sanki hər şeyi yerbəyer
edən, bütün daşları yerinə oturdan gücü
hiss etdim. Düşdüyüm yerdən qalxıb
oturduğum zaman ağlımdan keçən fikrin giziltisi hələ
də canımdadır: Tanımaq!
-
Çox qorxulu adamsan, - dedi, gözlərimi açdım,
anın içindən çıxdım, amma sanki yarı
canım çoxdandır hiss etmədiyim o həzzin yanında
qalmışdı. Əlindəki kitabı
dolabçanın üstünə qoyub eynəyini
çıxartdı, gözünü anqappaq pərdənin o
tayında bulud-bulud süzülən səmaya dikdi. -
Çox qorxulu...
- Məgər
sən qorxunun nə olduğunu bilirsənmi?
- Niyə
bilməyim?
-
Qorxduğun olurmu?
- Olur, niyə
olmasın axı?
Susdum.
Gülümsəyib çiyinlərimi çəkdim:
- Bəs
onu niyə yaratmısan?
- Nəyi?
- Qorxunu.
Üzünü döndərdi, külək pəncərənin
aralı tayından dolub anqappaq pərdəni yanakı
üzünə vurdu, əlini onu sakitləşdirirmiş kimi
araya tutub gözlərimi düz gözlərimin içinə
zillədi. Çox sakit görünürdü, çox sakit.
Təsəvvür etdiyim qədər sakit.
Təsəvvür etdiyim sakitliyi onda ilk dəfəydi
görürdüm. Bu nə hansısa
dava-dalaşın, nə hansısa səs-küyün, nə
hansısa qarmaqarışıqlığın,
narahatlığın ortasında nümayiş olunan, bəzənsə
lap süni görünən sakitliyə bənzəmirdi.
Düz sükutun ortasından boylanan sakitlik.
- Nə
hiss edirdin?
Ürəyimin
dərinliyində qəfil coşan gücü hiss etdim. Həmin hiss. Həmin hiss, həmin hiss.
Qalxdım, yaxınlaşdım, əlimi uzadıb
üzünə toxundurdum. Tərpənmədi,
sifətində cüzi bir tərpəniş hiss olunmadı.
Gözlərini də gözlərimdən
ayırmadı.
Əlimi üzündən çəkdim, dodaqlarıma
yaxınlaşdırdım. Öpmədim...
- Əvvəl ürpənirdim, nəsə məni geri
çəkirdi, canımı həyəcan
bürüyürdü, əlimi çəkəndən sonra
isə uzun bir yolun əvvəlinə
atıldığımı, bunu bir də etməli olduğumu
düşünüb təəssüflənirdim.
- İstəmirdinsə etməyə bilərdin.
- İstəyirdim.
- Niyə?
- Bilmirəm...
***
Əllər...
- Əllər çox vacibdir. Düşüncədən
də, fikirdən də, ideyadan da, təcrübədən də
vacib. Əllərin olmadığı
dünyada beynin nəyə yaradığı barədə
fikirləşmisənmi?
- Bu barədə
fikirləşmək ağlıma gəlməyib.
Onunla belə
adi şeylərdən danışanda özümü qəribə
hiss edirdim. Sanki yerimiz dəyişirdi. Məni
gülmək tutdu:
- Bəs
bu məsələni necə həll etmisən?
-
Başlama, - dedi, amma özü də gülməyə
başladı.
-
Qızım balaca olanda gəlinciyini hissələrə
ayırmışdı, sonra da oturub ciddi-cəhdlə yerinə
yığmışdı. Çox təəccüblənmişdi.
"Bəs Allah baba bizim əlimizi, qolumuzu,
ayağımızı, barmaqlarımızı yerinə necə
qoyub" - deyə soruşa-soruşa dururdu.
Ciddiləşdi:
- Nə
cavab vermişdin?
- Sual
xoşuma gəlmişdi, gülmüşdüm, amma heç
nə deməmişdim.
-
Heç nə?
- Yox,
heç nə yox, "Allah bilir" demişdim.
- Yəni
başdan etmişdin.
- Bir
növ elədir. Kimə çəkmişəm,
səncə?
-
Böyüyəndə yadına düşmədimi? -
Sualımı qulaqardına vurdu.
-
Heç unutmur, tez-tez yada salır, yenə gülürük.
- Vəssalam?
- Vəssalam.
Başqa nə etməliyik axı?
- Bilmirəm,
unutmayıb, amma daha maraqlı gəlmir..
- Məncə,
ağıllı hərəkət edir, nəyinə
lazımdır. Səndən soruşsalar cavab
verə bilərdinmi?
- Yox.
***
Ürəyim sıxılıb, sıxılıb kəsilmək
vaxtı çatmış ağac ürəyi boyda
qalmışdı. Elə əllərim də ağac
budaqlarına dönmüşdü, barmaqlarından qonan
soyuqluq yavaş-yavaş qollarıma doğru axırdı.
Qanıma dolan intizar damarları boyu irəlilədikcə
bütün bədənini ələ keçirən həyəcan
dolu qorxu çoxdan üzü ayna tutmuş gözlərimi
dalğalandırmağa başlamışdı.
Başımın üstündən buz kimi havanın hənirtisi
hiss olunurdu. Soyuqluq üzümə toxunduqca yerə
batmağa başlayan ayaqlarımı qaldırıb bircə
addım atmaq istəyirdim. Heç olmasa
bircə addım. Torun o üzündə cəhənnəm
ocağı alışmışdı, amma istisi bir addım
o tərəfdə torun bu üzünə
gəlib çatmırdı.
- Əbəs yerə dartınma, - səsi qulaqlarımda əks-səda
kimi səsləndi. - O od sənə
sönülüdür.
Dodaqlarımı aralamaq istədim, bir-birinə
yapışmışdı.
-
Özünü incitmə, səni eşidirəm. İndi deyəcəksən, hara göndərmişəm
səni, nədir bu yerlərin halı?
Gözlərimi
yumdum, boğazıma tıxanan qəhəri zorla uddum:
"Ağlamaq
istəyirəm...".
- Bilirəm...
Buna görə torun bu üzündə
qalmısan. Od səni canlandırır. Canlananda ağlamağı unudursan. Olmaz.
"Niyə axı? Niyə, niyə...".
- Niyəsini
sən də bilirsən. O adam ordadır, o
yuxunun içindədir. Onu tap gətir.
"Heç
nə bilmirsənmiş, ay bədbəxt!".
Susdu.
Dünyada torun o üzündəki cəhənnəm
ocağının cırtıltısından başqa səs
qalmamışdı.
- Nəyi
bilmirəmmiş? - Nəhayət, dilləndi.
"Üşüyürəmsə
nə yuxuya getməsi, heç ölə də bilməyəcəyəm...".
- Ölməyinə
icazə vermərəm.
"Qəzəblənirəm".
- Olmaz! Qəzəb barədə danışma, xahiş edirəm.
"Eləsə məni geri qaytar. Sənə lazım olan yuxu
burda deyil...".
- Bəs
hardadır?
- Fikrimi dəyişdim,
onu sənə verməyəcəyəm... - birdəncə qəzəbləndiyimi
hiss etdim, dodaqlarım aralandı, var gücümlə
qışqırdım. Sonra əllərimin donu
barmaqlarımın ucuna doğru çəkilib əriməyə
başladı. Kəsilməyini gözləyən
ağac ürəyi boyda qalmış ürəyim quş kimi
çırpınıb əllərimin arasından
çıxdı, torun o üzünə,
cəhənnəm ocağının içinə
düşdü...
***
Qışqırtıma oyandım. Əlimdən
tutub dayanmışdı. Büzüşdüm.
-
Üşüyürəm.
Qucaqlayıb
özünə sıxmaq istədi, itələdim:
- Get.
- Sakitləş.
- Get!
Başını aşağı salıb yatağın
kənarında oturdu. Əlimi qeyri-ixtiyari sinəmə
sıxdım, tərpənişi hiss etdim, dərindən nəfəs
aldım.
- Get.
Xahiş edirəm, get. Sənin yuxun məndə
deyil, gör nə zamandan bəri hər gecə, hər gecə
axtarırıq? Yoxdur. Görürsən
ki, yoxdur.
- Gedə
bilmərəm..
Boğazıma dolan qəhər birdəncə
hönkürtüyə çevrildi. Ulamağım gəlirdi.
Hər şey bir-birinə
qarışmışdı. Üzümü
yastığa sıxıb yanıqlı-yanıqlı
ağlamağa başladım.
- Gərək
orda...
- Get! Cəhənnəm
ol, get! Orda olmur, orda bacarmıram, mən
heç zaman yuxuda ağlaya bilməmişəm. Heç zaman da bacarmayacam.
***
Bir neçə dəqiqə sonra hər şey bitməmişdisə
də, unudulub getmişdi. Özümü süd gölündə
hiss edirdim. Səhər qəhvəsini
qarışdıra-qarışdıra bütün diqqətimi
əllərimə yönəltmişdim. Onlar
həqiqətən çox vacibdir. Düşüncədən
də, fikirdən də, ideyadan da, təcrübədən də
vacib. Qaşığı fincanın kənarına
döyəcləyib nəlbəkiyə qoydum, bir az soyumasını gözləyəcəkdim.
Gülümsədim, buğlanan fincana baxdım,
özümü bu dəfə də çeçələ
barmağımı qaynar qəhvəyə batırmaqdan saxlaya
bilmədim...
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti.-
2020.- 28 noyabr. S. 25.