Əyri
Hekayə
Adım Səlimdir.
Kənddə doğulmuşam. Gözəl bir kənddə. İstəyirəm
bu kəndi bir az təsvir edəm. Yoxsa söyləyəcəklərimin dadı-duzu
olmaz. Deməli, belə: dağ yamacı, yamac ətəyində
tənha şose yolu, bu yola perpendikulyar (belə desək daha dəqiq
təsəvvür yaranar) torpaq yol. Həmin yol təxminən
bir kilometrdən sonra çay yatağına dirənir. Çay dərindədir. Yatağını
min bir əziyyətlə dağıdıb, hamarlayıb, yolu
çay kənarına gətirib çıxarıblar. Sonra da bir körpü düzəldib çayın hər
iki sahilini birləşdiriblər. Çayın
adı Əyridir. Bəlkə də dünyanın ən romantik
çayıdır. Adı kimi özü də
əyridir. İlan kimi
qıvrıla-qıvrıla kəndin başına dolanır.
Bəzən çay kənarı ilə iki
kilometr yolu piyada gəzirsən, amma bir də görürsən
ki, bayaq keçdiyin yerdən iyirmicə metr aralıdasan.
Kənarları kolluq, fazıllıq. Dovşanın, qırqovulun, porsuğun cənnəti.
Suyu lillidir, həm də şipşirin.
Yayda ilıq-lilli suyunda çiməndə elə
ağarırsan, elə bil un dəyirmanından
çıxmısan. İstinin
cırhacırında suyu azalsa da, heç vaxt qurumur. Ayaqların suda, bədənin qumlu sahildə uzansan
ha, elə bil dünyanı sənə verirlər. Lap
Qoca Xalid deyən kimi: "Xəyalı göylərdə
yolçu olanın, işıqlı fikirlər gəlir
başına...".
Əyri…”
(Hekayə) – Vüqar Amrax – Vetenim.info
Hərdən bu xəyalatın zayını
çıxaranlar da tapılır. Çayda çimən uşaqlar qum daşıyan maşınları elə qum
toplarıyla atəşə tutanda. Haray-həşir,
söyüş-qarğış bir-birinə
qarışır. Belədə, bu
vur-çatlasına Əyri də qoşulur,
qıjıltısını artırır.
Əyrinin bir qolu da var. Adına Qobu deyirlər. Kəndin
düz ortasından axır. Atası kimi
böyük olmasa da, yerişi, duruşu həminkidi. Suyu dumduru, şipşirin. Hərdən
atası kimi hirsini-hikkəsini göstərsə də, adətən
mülayimdir. Təpəli-yamaclı sahilləri
də dünya gözəli. Ata-oğul
bir-birinə qovuşana qədər bütün kəndi
ağuşuna alır. Nağıllarda kəndi
qoruyan nəhənglər kimi.
Qobunun ətrafındakı alçaq təpədə kənd
qəbiristanı var. Kəndin özü qədər qədimdir. Qəbiristanın
Qobuya yaxın hissəsi ziyarətgahdır. Orada kimlərin dəfn olunduğunu çoxdan
unudublar. İndi o qəbiristanda heç
kimi dəfn eləmirlər. Ölənləri
ona bitişik - təzə məzarlıqda basdırırlar.
Hələ dəfn vaxtı çatmayanlar isə əvvəl
quzeydə olan köhnələri, sonra bir az
hündürdə, güneydə olan təzələri ziyarət
edirlər.
Heç bilmirəm, bu söhbəti nə
üçün başladım? Hə, kənddə
doğulub-böyüməyimdən danışırdım
axı. Kəndi necə sevməyim? Təəssüf ki, kənddə universitet olmur.
Məcbur qalıb paytaxtda oxudum. Elə həmin səbəbdən də orada
qalıb işlədim. Hər dəfə
işdən yorğun-arğın çıxanda
basırıq, mal tövləsi qoxuyan metroya, zəvzək
sürücüləri olan taksilərə minəndə
ürəyimdə taksini birbaşa Əyrinin
qırağına sürdürməyi, sakit, ilıq suyu ilə
üz-gözümü yumağı, sonra qumlu sahilində
uzanıb günlənməyi arzulayıram.
Deyəsən, yenə qarışdırdım. Əyri, Qobu, qəbiristanlıq...
Hə, hə! Hamısı yadıma
düşdü. Əyri üçün,
Qobu üçün burnumun ucu göynəyən günlərin
birində işdən birtəhər icazə alıb kəndə
gəlmişdim. Nədənsə, qısa
xoş-beşdən sonra ayaqlarım məni birbaşa qəbiristana
gətirdi. Doğmalarımı ziyarət
edəndən sonra nimdaş bir qəbir diqqətimi çəkdi.
Başdaşı əvəzinə qoyulmuş əyri,
balaca çaydaşına qara flomasterlə "MASTIX"
yazılmışdı. Nə soyadı
vardı, nə də doğulub-öldüyü gün.
Bir müddət əvvəl axşam qatarı
ilə kəndə gəldiyim günü xatırladım. Çünki həmin günü xatırlamamaq
mümkün deyil. Sizə də bunu danışmaq istəyirdim.
Kəndə səhərin alatoranında çatdım. Ulartı səsi
kəndi başına götürmüşdü. Yox, yalquzaq, ya da köpək ulartısı deyildi.
Dedilər, Mastıx arvadın səsidir. Yenə döşündəki ağrılar
başlamışdı. Artıq neçə
vaxt idi camaatı sübh namazına çağıran azan səsini
Mastıx arvadın ulartısı əvəz eləmişdi.
Sanki hamı bu vahiməli ulartını
İsrafilin surunun səsi kimi gözləyirdi. O,
ulamağa başlayanda qonşular qapı-pəncərəni
bağlayır, yatanlar başını balışın
altına soxurdu. Daha dəcəllik edən, yeməyən
uşaqları Mastıx arvadla qorxudurdular. Kəndin
ləzzəti qaçmışdı. Başa
düşürdüm, ağrı insan ləyaqətini
alçandan ən birinci qüsurdur. Ağrıdan
insan şoka düşə bilər. Hətta
bu şokdan insan ölə bilər. Amma,
ulamaq? Yox! Burda nəsə başqa hikmət vardı...
Tərbiyəsi
qüsurlu, cahil və avam Mastıx arvadın müraciəti
yadıma düşdü:
- Axı,
mən ölürəm, ay sağolmuş! - Növbədəki
xəstələrə məhəl qoymadan, qapını
taramp-gurumpla açıb içəri girmişdi. Elə bil məni yüz ildir tanıyırdı.
Mən də bu qüsura etinasız
qalmışdım.
- Nə
olub, Məhruzə xala? - hamı onu
Mastıx çağırsa da, deyəsən, əsl adı
beləydi.
- Bax! -
Utanıb-çəkinmədən nimdaş, çirkli
köynəyini qaldırıb qızarıb şişmiş,
deşilib irini axan döşünü göstərmişdi. Sanki buna görə mən idim günahkar.
-
Sağalacaq! - Eyni qətiyyətlə cavab vermişdim. "Bunun nəyi sağalsın, ay bədbəxt?!
İş-işdən keçəndən sonra
xərçəng sağaltmaq olur?" - Ardını
ürəyimdə demişdim. - Bəs bu vaxta qədər
hardaydın? Niyə vaxtında gəlmirdin, Məhruzə
xala?
- Kim gətirsin,
ay oğul? - hikkəli-hökmlü arvad
bir anda yazıq görkəm almışdı. - Bir
uşağın üzünə baxırdım. Allah evini
dağıtsın!
Bu yerdə Mastıx arvad qarğış tökməyə
başlamışdı. İlahi! Qarğış necə
olarmış?! O, hər şeyi qarğıdı.
Günəşi, Ayı, ulduzları... Dağları,
dərələri, çayları, gölləri
qarğıdı. Hakimləri,
prokurorları, rəisləri qarğıdı. Pis adamları, mərdimazar adamları, pis
qonşuları, yaxşı qonşuları
qarğıdı. Arvadları, kişiləri,
cavanları, qocaları qarğıdı. Satqınları,
xəbisləri, baiskarları qarğıdı. Tüfəngləri, tapançaları,
bıçaqları qarğıdı. Həm
də uzun tüfəngləri, gödək tüfəngləri,
uzun bıçaqları, gödək bıçaqları,
açılan-açılmayan bıçaqları, köhnə-təzə
bıçaqları, paslı-passız bıçaqları
qarğıdı. Bu qarğışlarda
bir dünya işıq, bir dünya səmimiyyət vardı.
Bu qarğışlar Əyrinin suları kimi
süzülüb ürəyimə axmışdı. Axdıqca özü ilə sərinlik, məstlik gətirmişdi.
Doğrudan ha, bu, nə sirr-xudadır? Adam alqışın səmimisinə də nadir
hallarda rast gəlir. Qarğışsa həmişə
səmimidir, həmişə büllur kimi təmizdir.
- Bəxtiqara
dünyanın pis vaxtında getdi girdi türməyə. - Nəhayət,
Mastıx arvad monoloqunu bitirmişdi.
Mastıx arvadın əri heç nəyə
yaramırdı. Səhərdən-axşama qədər
veyil-veyil gəzir, zəvzək-zəvzək
danışır, bir işin qulpundan tutmurdu. Çaşıb, birdən tutsa belə, mütləq,
zibilini çıxarırdı. Səbəbsiz,
mənasız yerə bütün günü kəndi
dolaşardı. Bir evdə çay verirdilər,
o birində yemək. Əslində, ev
yiyəsi çayla canını qurtarmağa
çalışırdı. Amma Ələfsərin
getmədiyini görüncə, məcbur olub qabağına
yemək də qoyurdular. O da yedikcə, içdikcə
Mastıxdan danışardı. Həm də ikrah doğuran
qeybətlə: "Mastıx yemək bişirmir. Mastıx çay dəmləmir", - və daha nələr,
nələr. Lap Əyri kimi gündə
yüz kərə nala-mıxa vururdu. Elə
yaşadığı kimi də öldü: hörmətsiz,
izzətsiz.
Mastıx arvad tək oğlunu bir üzü qız, bir
üzü gəlin böyütmüşdü. Oğlan
Kiplinqin pişiyi kimi böyümüşdü - azad, asudə.
Bütün günü Qobuda balıq tutur, (nədənsə,
Əyri ilə arası yox idi) elə oradaca bişirib araqla
içəri ötürür, sonra da ona-buna ilişirdi.
İstədiyi yamazlığı yapır, kənd
camaatının qınağına tuş gəlsə də,
evdə danlanmırdı. Bütün
günü bir parça çörək dalınca
qaçan Mastıx arvadın buna vaxtı, hövsələsi
hardaydı?
O gün
Mastıx arvadın "reseptini" yazıb, ağrıkəsici
iynələrini də özüm alıb vermişdim. Adi ağrıkısicilərin girəcəyi kol
deyildi. Narkoz vasitələrini seçib, təyinatı
yerinə yetirən tibb bacısına xüsusi göstərişlərimi
vermişdim. Necə deyərlər,
qarğış adamı pardaxlandırır - alqış
korşaldır.
"Müalicə"dən iyirmi gün
keçmişdi. Mastıx arvad ulamağa başlayan kimi
tibb bacısı başının üstünü kəsdirirdi.
Qonşular rahat yatırdı. Uşaqlar da
adam kimi, arın-arxayın dəcəllik
edirdilər. Ünvanıma tərif, ölənlərimə
rəhmət qazansam da, yuxum qarışmışdı.
Hər gecə əynində həbsxana paltarı olan qəribə
varlıq əlindəki şprislə üstümə gəlirdi:
- İndi
mən də sənə narkoz verərəm! Niyə qoymursan əzabını
biz yazan kimi çəksin! - deyirdi.
- Axı
siz kimsiz? Axı, o xərçəngdir! Mən
onun əzabını yüngülləşdirirəm.
- Məsələ
xərçəngdə deyil! Hər xərçəng olan
ulamır! - Qəribə varlıq əsas sualdan yayınırdı.
- Bəs,
məsələ nədədir? - Sual cavabsız
qalırdı. Naməlum yoxa
çıxırdı.
On gün sonra Mastıx arvad öldü. Tək-tənha, ulaya-ulaya! Uladı-uladı, sonra yoruldu ulamaqdan, bezdi
yaşamaqdan, doydu ağrılardan və öldü. Oğlu həbsxanada öz "kefindəydi".
Yəqin, bu ulamaq tək böyütdüyü
oğluna verə bilmədiyi tərbiyənin təəssüfündən
doğurdu. Həmin gün naməlum
varlıq yenə yuxuma gəlmişdi. Bu dəfə əynində
həbsxana paltarı, əlində şpris yox idi...
Əyri başdaşı olan tənha qəbrin
yanında xeyli dayandım. Qobu qəbirin bir tərəfindən
burulub axırdı. Mənə elə gəldi
ki, su axmır, Mastığa layla çalır. Əbədi
layla..
Vüqar AMRAX
Ədəbiyyat qəzeti.-
2020.- 28 noyabr. S. 31.