VARİSLƏR
Ölümə
doğru gedən yol
"Varislər"in bugünkü
qonağı milli oyanış davamızın
ideoloqlarından biri, türkoloq, tənqidçi alim, siyasi
xadim, "Sovetskaya Türkologiya" jurnalının baş
redaktor müavini, Azərbaycan Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzinin
yaradıcısı, ilk rəhbəri, millət vəkili,
unudulmaz Aydın Məmmədovun varisi, Dövlət
Gömrük Komitəsinin əməkdaşı Araz Məmmədovdur.
Məşhur türkoloq
1944-cü ildə qədim Şəkidə, adı
minillik tarixlərdə keçən Kiş mədəniyyətinin
beşiyində, Kiş kəndində anadan olub. Atası Mirsaleh kişi milis zabiti idi, sahə müvəkkili
işləyirdi, evdar qadın olan anası isə
uşaqların tərbiyəsi ilə məşğul olurdu. Aydın Məmmədov hələ uşaqlıqdan ədəbiyyata
maraq göstərir, vaxtının çox hissəsini kitablar
arasında keçirir, kənd kitabxanasının daimi abunəçisi
kimi diqqət çəkirdi. Orta təhsilini
Kiş məktəbində almış, onilliyi qonşu Oxud kəndində
qızıl medalla bitirmişdi. 1965-ci ildə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya
fakültəsini bitirən Aydın Məmmədov bir müddət
pedaqoji fəaliyyətlə məşğul olur.
Dilçilik, filologiyanın problemləri onun yolunu Azərbaycan
Elmlər Akademiyası Nəsimi adına
Dilçilik İnstitutunun aspiranturasına salır, bir
neçə il Moskvada aspiranturada oxuyur, müəyyən
dövrlərdə həyatını elmi fəaliyyətə
sərf edir və qısa zaman kəsiyində həm ədəbi
cameədə sözükeçən tənqidçi,
türkoloq, həm də cəmiyyət içində
tanınmış siyasi simalardan birinə çevrilir.
Cəmi
47 il ömür sürən və bu
qısa həyatı ilə özündən sonra yalnız
işıqlı xatirələr qoyub gedən unudulmaz Aydın
Məmmədovun varisi Araz Məmmədovla Bakıdakı
çay evlərinin birində görüşdük.
Yaşadığımız
şanlı tarix
- Araz bəy,
belə şərəfli, tarixi bir gündə sizinlə
görüşməkdən məmnunam. Fürsətdən
istifadə edib sizi "Ədəbiyyat qəzeti" ailəsi
adından Böyük Qələbəmiz münasibətilə
ürəkdən təbrik edirəm. Sözün
düzü, otuz ilə yaxın müddətdə hər
birimiz bu günləri ümidlə gözləmişik və
nəhayət, Azərbaycan xalqı qüdrətli Ordusu və
qətiyyətli Ali Baş Komandanı ilə bu möhtəşəm
tarixi yazdı. Gözümüz aydın olsun!
- Bəli,
gözümüz aydın olsun! Mən də Aydın Məmmədovun
ailəsi adından, öz adımdan xalqımızı təbrik
edirəm! Bu müqəddəs amal uğrunda
döyüşüb, şəhidlik zirvəsinə
ucalmış şəhidlərimizə Allahdan rəhmət,
ailələrinə səbr diləyirəm! Qazi
qardaşlarımıza Allah şəfa versin, tezliklə
öz normal həyatlarına qayıtsınlar. Doğrudan
da, şərəfli günlər yaşayırıq və bu
tarix xalqımızın qan yaddaşından heç vaxt
silinməyəcək! Aydın Məmmədovun
ailəsi adından cənab Ali Baş Komandanımıza,
möhtərəm İlham Əliyev cənablarına bizə
bu şərəfli tarixi yaşatdığı
üçün təşəkkür etməyi özümə
borc bilirəm. Artıq otuz illik həsrətə
son qoyuldu və fikrimi son günlər bütün xalqın
dilində şüara çevrilmiş "Qarabağ Azərbaycandır!"
nidası ilə bitirmək istəyirəm.
Qızıl medallı Aydın
- Təşəkkür edirəm. Araz bəy, "Varislər" layihəsində
oğullar atalardan danışır. Bu
gün, təbii ki, söhbət böyük ədəbiyyatşünas
alim, türkoloq, ictimai xadim və həm də şəxsən
mənim üçün xatirəsi hər zaman doğma olan
Aydın Məmmədov haqqında danışacağıq.
Aydın Məmmədovun dəfnindən xeyli
müddət sonra - 2014-cü ildə növbəti dəfə
Kiş qəbiristanını ziyarət etdim və ustadın
ruhuna dualar oxudum. Kiş Azərbaycan
tarixinin maraqlı səhifəsidir. Alban mədəniyyəti,
Kiş çayı, qədim tikililər, tarixi abidələr
və s. Aydın Məmmədov bu mədəniyyətin
dünya türkologiya elminə bəxş etdiyi ən dəyərli
simalardan biridir. Mümkünsə, bir az
onun dünyaya gəldiyi ailə, böyüdüyü
mühit haqqında məlumat verin.
- Aydın Məmmədovun atası sovet milis
orqanının zabiti olub. Babası isə o ətrafda
indi də xatırlanan və həmişə hörmətlə
yad edilən çox savadlı, geniş
dünyagörüşlü din xadimi kimi ad
çıxarıb. Nəslimiz bu gün də
Molla İsmayıl nəsli kimi xatırlanır. Molla İsmayılın böyük ailəsi olub.
Bu gün Şəkinin əfəndisi olan Kamran əmi
atamın əmisi oğludur. Atamdan əvvəl
ailədə üç uşaq dünyaya gəlib, amma onlar
çətin müharibə dövründən çıxa
bilməyib, aclıq və xəstəlikdən elə uşaq
yaşlarında tələf olublar. Atam
evin yeganə övladı kimi böyüyüb. Ağlı kəsəndən, belə deyək də,
oyuncağı, məşğuliyyəti kitablar olub. Yazıb-oxumağı çox tez öyrənib və
orta məktəbə yaşıdlarından tez gedib. Babam onun normal təhsil alması üçün
bütün şəraiti yaradıb və atam orta məktəbi
yüksək nəticə ilə, qızıl medalla bitirib.
-
Aydın Məmmədov bir müddət müəllim kimi fəaliyyət
göstərib, az sonra aspiranturaya daxil olub
və həyatını elmə sərf edib. Niyə
müəllimlik etmədi? Mənim aləmimdə
müəllimlik ən müqəddəs peşədir. Aydın Məmmədov türkçülük
ideyalarının önündə gedirdi və bu, sovet dönəmində
bir türkdilli xalq üçün mühüm hadisə hesab
edilirdi. Çünki sovet ideologiyası
bizi milli kökümüzdən və milli kimliyimizdən
uzaqlaşdırmağa çalışdırırdı.
Aydın Məmmədov isə əksinə, bizi
bu milli kimliyə doğru yönləndirirdi. Bütün bunlar hansı zərurətdən
doğurdu?
- Əlbəttə, atam da həmişə öz müəllimlərinin
xətrini əziz tutub, hörmətlərini saxlayıb. O ki qaldı onun nədən
müəllimlikdən uzaqlaşıb elm arxasınca getməsinə,
məncə, elə əvvəldən atam elmlə məşğul
olmaq istəyib, sadəcə, ali təhsildən
sonra təyinatla işləmək məcburiyyəti, müəyyən
karyera qurana qədər tələb olunan vaxt və s. bunu
qaçılmaz edib. Ali məktəbi bitirdikdən
sonra Ağdaşda, kənd məktəblərinin birində əmək
fəaliyyətinə başlayıb və paralel olaraq
aspiranturaya hazırlaşıb. Subay
vaxtları olub, daha çox hazırlaşmağa imkan
qazanıb həm də.
Elmi fəaliyyətinin tam mərkəzində Azərbaycan
dilinin problemləri, türkologiya məsələləri, ədəbiyyatşünaslıq
durur. Onun
onlarca elmi məqaləsi var və imkan düşdükcə
arxivindəki məqalələrlə tanış
olmuşam. Birmənalı olaraq deyə bilərəm
ki, atamın əsas elmi fəaliyyəti ədəbi proseslərə
münasibət bildirmək, türkologiya məsələlərində
olan problemləri qabartmaq və bunların həlli
üçün müəyyən sxemlər göstərmək
olub. Mən onun akademiyada işlədiyi
dövrləri çox yaxşı xatırlayıram.
Müdafiə etdiyi dövrlər, həyəcanlar, əsəbilik,
qazandığı uğurların sevinci və s.
hamısı kino lenti kimi qarşımda canlanır.
"Sovetskaya türkologiya"
- Aydın Məmmədov həm də baş ofisi Moskvada
yerləşən "Sovetskaya Türkologiya"
jurnalının baş redaktor müavini idi. Bu jurnalla
bağlı hansı xatirələriniz var? Bir qədər jurnaldakı fəaliyyətindən
danışın.
- Bəli,
atam təxminən 12 il müddətində
bu jurnalın baş redaktor müavini oldu. Birbaşa
şahidi olduğum hadisələri danışa bilərəm.
Bu jurnal onun daxili tələbatını, hisslərini,
potensialını ortaya qoymaq üçün çox
geniş mühit idi. Çox böyük
həvəslə yazıb-yaradırdı. Geniş əlaqələri vardı bu jurnalın.
Adıçəkilən jurnal demək olar,
türkçülüyün qadağan olunduğu,
sıxışdırıldığı bir dövrdə
türk dünyasına açılan pəncərə idi.
Türk dünyasını əhatə edən
bir coğrafiyada yayılırdı. Türk
dünyasının tanınmış aydınları, alimləri,
yazarları jurnalla təmas qurur, yazıları çap
olunurdu. Maraqlı tədbirlər, səfərlər
baş tuturdu.
Türk xalqları arasında
körpü
Jurnalın baş redaktoru tatar əsilli, Rusiya EA-nın
müxbir üzvü Ədhəm Tenişev idi. Azərbaycan
üzrə təmsilçi və baş redaktor müavini də
atam. Azərbaycan və Türkiyə
arasında ilk türkoloji kollokvium atamın təşəbbüsü
ilə təşkil olunmuşdu. Bu,
türkdilli xalqlar arasında körpü rolu oynadı. Belə tədbirlərdə atam böyük həvəslə
iştirak edirdi. Türkologiyaya olan məhəbbətini
bu jurnalın imkanları ilə ortaya qoya bilirdi.
- Azərbaycanda
və ümumiyyətlə, türk coğrafiyasında olan
türkoloq alimlərdən kimlərlə münasibəti
vardı? Kimlər gəlib-gedirdi onun yanına?
Məşhur türkoloqlardan kimlərlə
münasibət qura bilmişdi?
- Azərbaycanda Tofiq Məlikli ilə çox isti,
işgüzar münasibətləri vardı. Həm də
Moskvada aspiranturada bir yerdə oxumuşdular. Tenişev özü çox məşhur
türkoloq idi və atamla yaxşı münasibətləri
vardı. Eləcə də dünya
şöhrətli qazax şairi, ictimai xadim, alim Oljas
Süleymenovla. Yəni indi
danışdıqca xatırlaya bilmədiyim çox imza
vardı o vaxtlar atamın yaxın ətrafında. Müəyyən məsələləri, problemləri
akademik Kamal Abdulla ilə məsləhətləşirdi.
Xalq yazıçısı Elçinlə
çox yaxın idilər. Filologiya elmləri doktoru Vilayət
Quliyev... Elə eyni süfrə arxasında
oturub-durduğu adamlar da onlar idi.
- Həyatını
elmə sərf edən adamların maraqlı hobbiləri olur. Kimi ova getməyi
xoşlayır, kimi balıq tutmağı sevir, kimi idmanla məşğul
olur və s. Aydın Məmmədovun hobbisi nə idi?
Ömrü
kitablar arasında keçən adam
- Onun
ömrü kitabların arasında keçdi. Böyük
kitabxanası vardı və özünü daha çox o
kitabların arasında rahat, sərbəst hiss edirdi. Onun işi elə idi ki, mütləq
oxumalıydı. Baş redaktor müavini
olduğu üçün ümumiyyətlə jurnala təqdim
edilən materialların müəyyən hissəsini mütləq
oxuyub rəy bildirməli idi. Bu səbəbdən
türkologiyada baş verən son hadisələr, tədqiqatlar
haqqında ilk məlumat alanlardan biri elə atam idi.
- Sizi necə,
kitab oxumağa məcbur edirdi, yoxsa özünüzdə həvəs
vardı? Ya da elə olur ki, valideynlər nə
qədər desələr, çalışsalar da
övladlarda kitaba həvəs yarada bilmirlər.
- Yox,
atam, ümumiyyətlə, bizi heç nəyə məcbur
etməyib. O bizə müəyyən qərarlar qəbul etməkdə
sərbəstlik vermişdi. Özü elə
şərait yaradır, elə nümunə göstərirdi
ki, bizdə maraq yaranırdı. Mən
ixtisasca şərqşünasam. Bacım
filoloqdur. Rəhmətlik qardaşım isə
hüquqşünas idi, ədliyyə sistemində
çalışırdı. Yəni
müəyyən qədər yaxın sahələrdir bunlar,
humanitar elmlər. Onun oxuduğu kitablar elə
bizim üçün də maraqlı idi. Bəzən
elmi söhbətlər edirdik evdə, çox maraqlı
olurdu. İndi də xatırlayıram o
unudulmaz anları. Atamın mülahizələri,
analizləri bizi valeh edirdi. O, auditoriyanı asanlıqla ələ
ala bilirdi. Evdə də elə idi, ictimaiyyət
içində də. Məncə, hamı
ondan razı idi. Yəni mənim ondan
narazı kiminsə varlığından xəbərim yoxdur.
Atam dövlət məmuru ailəsində
böyümüşdü, uşaqlığı müharibədən
sonrakı ağır illərə təsadüf etmişdi.
Atası təhsil alması, yaxud hansısa
peşə seçməsi üçün onu nəyəsə
məcbur etməmişdi, bu, Aydın Məmmədovun öz seçimi
idi. Bizə də sərbəst seçim
etmək üçün hər bir şəraiti
yaratmışdı.
Ailənin
yazılmayan qanunları
-
Aydın Məmmədov ünsiyyətcil adam
idi. Dediyiniz kimi, qısa zaman ərzində
auditoriyanı ələ ala bilirdi. Ümumiyyətlə,
Şəki camaatında özünəməxsus ünsiyyət
forması var, nə danışsalar adama xoş təsir
bağışlayır, üzündə təbəssüm
yaranır. Yəqin, Aydın Məmmədovu
sevənlər də çox olub. Alim, məşhur adam, millət vəkili və s. Ananızın
münasibəti necə idi bütün bunlara? İllər əvvəl
necə tanış olmuşdular, necə
ailə qurmuşdular?
- Anam da əslən
şəkilidir. Bacım Pərvanə xanım
bir dəfə mətbuatda bu barədə yazmışdı.
Onlar təsadüfən tanış
olmuşdular. Bir toyda qarşılaşıblar.
Atam bəyənmişdi anamı. Həmin toydan sonra aralarında münasibət
yaranmışdı və bu, sevgiyə çevrilmişdi.
Təbii, bizim ailənin də yazılmayan
qanunları var. Belə ciddi məsələlər mütləq
böyüklərlə müzakirə olunur və əgər
böyüklər də münasib bilirlərsə, o zaman hər
şey adət-ənənə ilə davam edir. Elə mən də ailə quranda ağsaqqallarla,
böyüklərlə məsləhətləşdim və
bundan peşman deyiləm. Ailə institutu
ciddi məsələdir, burada yanlış seçim etmək
gələcəkdə bir neçə nəfərin həyatına
təsir edə bilər. Biz ailədə
bu prinsipləri uşaqlıqdan görüb dəyərləndirmişik.
Ümumiyyətlə, böyüklərdən
xeyir-dua almaqla görülən işlər xeyirli işlərdir.
Atamla anam Cənanə xanım ailəni möhkəm
təməl üzərində qurmuşdular,
qarşılıqlı sevgi və hörmət sona qədər
davam etdi. Atam iş adamı idi, bizim tərbiyəmizlə,
təhsilimizlə daha çox anamız maraqlanır, ciddi məşğul
olurdu, amma bütün bu şəraiti ailə
üçün atam yaratmışdı.
Ərinin
ruhuna keşik çəkən qadın
İndi mənim öz
ailəm var, evim var. Bacım bir müddət Müasir Təhsil
Kompleksində, daha sonra Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə
məşğul oldu. Daha sonra
İstanbuldakı konsulluğumuzda işlədi. Hal-hazırda Türkiyə Cümhuriyyətində
yaşayır. Öz evi, ailəsi. Anam da xatirələrinə sığınıb,
öz dünyasında tək yaşayır. Bayılda atamın yadigarı olan evdə qalır,
onun ruhunu qoruyur, onun xatirəsinə keşik çəkir.
Bu da onun özünün seçimidir. Təbii, mən də, bacım da onun bizimlə
yaşamasını çox istəyərdik, amma hər
şeydən üstün olan onun öz qərarıdır.
- Ailədə
üç uşaq böyüyüb. Hansınız
xasiyyətcə daha çox ona çəkmisiniz? Hansı xüsusiyyətlərdə?
- Bəli,
ailədə üç uşaq böyüyüb və
üçümüz də içində olduğumuz
mühitə uyğun olaraq formalaşmağa
çalışmışıq. Üçümüz
də zəhmətkeş olmuşuq. Yəni
o mənada ki, hazıra nazir olmamışıq. Bilirdik ki, yaxşı oxumalıyıq. Yaxşı ad çıxarmalıyıq. Tərbiyəli olmalıyıq. Ali
təhsil almalıyıq. Bunu bizə
demirdilər, sadəcə, özümüz bilirdik. Atam
çox səmimi adam idi. Biz
də ona baxıb səmimi olmağa
çalışırdıq.
Hamı
hamı üçün
Ailədə bir prinsip
vardı - hamı hamı üçün. Bir yerdə hazırlaşırdıq, bir-birimizə
kömək edirdik, ehtiyac yarananda atadan məsləhət
alırdıq. Ona baxırdıq, görürdük bu adam elmə böyük maraq göstərir, istər-istəməz
bizdə elmə həvəs yaranırdı.
Görürdük bu adam bütün
varlığı ilə xalqı, milləti üçün
yararlı olmağa çalışır. Biz də
onun kimi xalqımız üçün, cəmiyyət
üçün yararlı olmaq istəyirdik. Ensiklopedik yaddaşı vardı. Çox əhatəli
savadı ilə bəzən adamı mat qoyurdu. Dostları
onun təşkilatçılıq qabiliyyətini indi də
xatırlayırlar. Tədbirlərdə
çıxışları, qaldırdığı məsələlər
hər zaman öz aktuallığı ilə seçilib.
Görünür, bütün bunlar atama da
böyüyüb tərbiyə aldığı ailədən
keçmişdi. Sizinlə
danışdıqca bir söhbət yadıma
düşdü. Balaca vaxtı bir dəfə
babamdan soruşdum ki, müsəlman olmaq nədir?
Çox unikal cavab verdi: "Müsəlman olmaq odur ki,
qonşunu narahat etmirsən!". Biz elə böyüdük. Belə
bir gözəl, böyük tarixi olan xalqın nümayəndəsi
olması ilə fəxr edirdi. O ki qaldı özəl
ifadəyə... Evdəki pianonun içinə
girən siçan ora-bura hərəkət etdikcə alətdən
qəribə səslər çıxırdı. Atam hər dəfə bu səsləri eşidəndə
gülümsəyərək deyirdi ki, evimizin
siçanları da istedadlıdır. Bir də
bilmirəm niyə, amma mənə "Alyoşa" deyirdi.
- Araz bəy,
sonradan məlum oldu ki, 1985-ci ildə M.Qorbaçovun SSRİ-yə
gətirdiyi "yenidənqurma" ideyası xəyanətə
planlaşdırılıb. Onun hakimiyyətə
gəlməsi ilə sovet xalqları arasında milli
münaqişələr başladı və bu, Azərbaycandan
da yan keçmədi. 1987-ci ilin sonları,
1988-ci ilin əvvəllərində isə bu münaqişələr
artıq qanla yaddaşlara yazıldı. İlk qurbanlar,
ilk şəhidlər... Aydın Məmmədov emosional adam idi. Azərbaycanda milli
azadlıq hərəkatı yarandı və bu hərəkatın
ilk ideoloqlarından biri məhz atanız oldu. Tələbə nümayişləri, yüz minlərlə
insanın toplaşdığı meydanlar, o insanların fikirlərini
dünyaya çatdırmaq üçün canlı yayın
tələbləri və s. Aydın Məmmədov bu hadisələrin
mərkəzində idi. Çünki
meydana toplaşan hər adamın səsini eşitmək, hər
sözə əməl etmək həvəsində deyildi.
O insanları idarə etmək çətin, həm də təhlükəli
idi. Tribunadan enən kimi onu yox edə bilərdilər.
Ailəsi zərər görə bilərdi...
Ailəmizin rahatlığı pozuldu
- Sizə deyim ki, hadisələr
başlayandan sonra əksər ailədə olduğu kimi, bizim
ailənin də rahatlığı pozuldu. Atamın
günü daha çox ictimai işlərdə keçirdi.
Amma açığını deyim, o, həm də çox
enerjili adam idi, bütün
qayğıların arasında yenə elmə vaxt
ayırır, ailənin problemləri ilə
maraqlanırdı. İctimai yükü də
çox idi. Sonra millət vəkili
seçildi və bir qayğısı da artdı. Bu dəfə həm də seçicilərin problemlərini
həll etmək onun üçün əsas fəaliyyət
proqramı oldu.
Meydan hərəkatında o izdihamı idarə etmək,
o insanlara müəyyən çağırışlar etmək
sözün həqiqi mənasında məsuliyyət və cəsarət
tələb edirdi. Biz də çox vaxt televizorda izləyirdik
onu. Əlbəttə, anam narahat olurdu.
Elə biz də narahat olurduq. Amma bu narahatlıq daxildə idi, ona heç nə
demirdik. Çünki ailədə hər
kəs yaxşı bilirdi ki, onu tutduğu yoldan, əqidəsindən,
düşüncələrindən döndərmək mümkün
deyil. Ailədir də, bəlkə anam təklikdə
ona nəsə deyə, ehtiyat etdiyini, qorxduğunu, ailəyə
görə narahatlıq keçirdiyini söyləyə bilərdi,
ancaq biz belə söhbətlərə şahid
olmamışıq. Çox çətin
dövlər idi. Hər şey çox
sürətlə dəyişirdi. Daxildə
üç-dörd cür düşünənlər
vardı. Xaricdən təzyiqlər
vardı. Proseslər Azərbaycanı
parçalamağa aparırdı. Əlbəttə,
Aydın Məmmədov və onun kimi düşünənlər
buna göz yuma, sakit dayana bilməzdilər.
Belə bir deyim var, "söz konusu Vatansa,
gerisi tafarrüat".
"Söz
konusu Vatansa..."
Vətən darda idi və o vətən olmayandan sonra
minlərlə ailə qurban olsun, məhv olsun, bir şey dəyişməz. Atam bunu belə
dərk edirdi. Atam bütün
gücünü milləti ayaqda tutmağa, onu
başıpozuqluqdan uzaq olmağa sərf edirdi. Milli Məclisdə komissiya sədri idi. O vaxt
gürcülərlə azərbaycanlılar arasında
münaqişə yaratmaq istəyirdilər. Atam
oraya gedib, hər iki tərəfin nümayəndələri
ilə görüşmüş, problemlərini dinləmiş,
hökumətlər səviyyəsində məsələnin
həllini qaldırmışdı. Tez-tez
səfərlərdə olurdu və bu səfərlər həm
türkologiya məsələləri, elmi fəaliyyətlə,
həm də ictimai-siyasi fəaliyyətlə bağlı
olurdu. O, bütün bunları
çatdırırdı. İndi düşünürəm:
cəmi 47 il ömür sürdü və
onun tələskənliyinin, bu enerjisinin arxasında, sanki
hansısa mistik düşüncə dururdu. Sanki
dünyadan tez gedəcəyini bilir və müəyyən qədər
də olsa qarşısına qoyduğu məqsədə
çatmağa tələsirdi. Bilirsiniz,
o, həm arzularla yaşayan romantik ədəbiyyat adamı, həm
də reallıqları görüb, onlardan nəticə
çıxaran, gələcəklə bağlı proqnoz verə
bilən biri idi.
-
Maraqlı cavab oldu. Gələcəklə
bağlı hansı proqnozları vardı və onlardan
hansı özünü doğrultdu?
O deyirdi
ki...
- Deyim ki,
millətlə bağlı, ölkəmizlə bağlı
proqnozlarının əksəriyyəti özünü
doğrultdu. Məsələn, deyirdi ki, tezliklə
Azərbaycan müstəqilliyini elan edəcək - etdi. Deyirdi ki, Azərbaycanın güclü dövlət
olmaq üçün bütün imkanları var və olacaq -
oldu. Həmişə ruhunu nikbinliyə
kökləməyə çalışırdı. Bizim uğurlarımıza uşaq kimi sevinə
bilirdi. Nəsə bir uğursuzluğumuzu
görəndə sarsıla bilirdi. Deyim ki,
bütün işləri planlı görürdü, xeyir.
Amma heç vaxt xaotik vəziyyətə
düşmürdü, işin çoxluğundan
başını itirmirdi. Dediyim kimi,
çətin vaxtlar idi. Mobil telefon yox.
Qardaşım, ya da mən, hərdən evə
gec qayıdırdıq. Görürdük,
kürkü atıb çiyninə, binanın
qarşısında siqaret çəkir, bizi gözləyir.
Biz gələndən sonra rahat olurdu.
- Ata kimi
necə idi? Ailənin, sizin gələcəyinizlə
bağlı hər hansısa planı vardımı?
- Bizim
xoşbəxt, azad cəmiyyətdə böyüməyimizi
arzulayırdı. Cəmiyyət içində
öz yerimizi almağımız, iş-güc sahibi,
ev-eşik yiyəsi olmağımızı görmək onun ən
böyük arzusu idi. Təəssüf,
heç birimizin əlinin çörəyə
çatdığı, ailə qurduğu günü görə
bilmədi. Alim idi, yazıları xaricdə
çap olunurdu, müəyyən qədər qonorar
alırdı və s. Gələcəkdə çəkinlik
çəkməyək deyə, əlinə düşəndə
əmanət kassasına pul qoyurdu. Yəni
normal ata, ailə başçısı necə olur, Aydın
Məmmədov da ailəsi üçün, övladları
üçün canından keçməyə hazır idi.
"Xəzər"
və "Xazar"
- Aydın Məmmədovun Azərbaycan ədəbiyyatına
ən böyük xidmətlərindən biri o vaxt
Yazıçılar Birliyi nəzdində Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzi yaratmaq oldu. Mərkəz
Azərbaycan və rus dillərində "Xəzər" -
"Xazar" jurnalları nəşr edirdi. Çox sağlam yaradıcı mühit vardı
orada.
- Onun hər
hansısa ideyası, təklifi heç vaxt nəticəsiz
qalmayıb. Tərcümə mərkəzi
yaratmaq atamın reallaşan arzularından oldu.
Tanınmış adam idi, bu mərkəzi
yaratmaqda elə bir çətinliyi olmadı. Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin əsas
məqsədlərindən biri də türk dünyası
arasında ədəbi əlaqələri genişləndirmək
idi. Atam mərkəzi yaratdı, əsas təşkilati
işləri gördü, amma ömür vəfa etmədi ki,
arzularını daha əhatəli şəkildə
reallaşdıra bilsin. Amma mərkəz hələ
də fəaliyyət göstərir və hətta bir mərkəz
iki olub. Biri artıq dövlətin nəzdində,
digəri isə Yazıçılar Birliyinin tərkibində
işləyir.
- Araz bəy,
1991-ci ilin məşum 19 aprel günü... Aydın Məmmədovun
avtomobil qəzasında dünyasını dəyişməsi
xəbəri ölkəyə ildırım sürəti ilə
yayıldı və bu acı xəbərdən çox adam üzüldü. Bu da o demək
idi ki, xalqımız yetişdirdiyi, sevdiyi doğma insanlardan
birini itirmişdi. O hadisə haqqında bir az danışın. Çünki
hələ də qəza ilə bağlı müəmmalar
dolaşır.
Yolun sonu çatanda
- İstintaq aparıldı və nəticə olaraq qəzaya
"sürücü səhlənkarlığından baş
vermiş adi yol hadisəsi" kimi rəy verildi. Hadisə birbaşa sürücünün
səhlənkarlığı üzündən olmuşdu və
buna görə məhkəmə ona 13 il həbs
cəzası vermişdi. Qısa müddətdən
sonra sürücü amnistiyaya düşüb azadlığa
çıxdı. Doğrudur,
maşının qarşısına qəflətən
meşədən heyvan sürüsü
çıxmışdı. Sürücü
idarəetməni itirmiş, qəza baş vermişdi. Dilarə xanım Əliyeva ilə bir yerdə
Gürcüstana getmişdilər. Qax
rayonunun birinci katibinin maşınında olmuşdular. Əslində, həyatda baş verən istənilən
itki ilə bağlı adamın
razılaşmadığı, qəbul edə bilmədiyi məqamlar
olur. Lap elə insan öz əcəli ilə ölsə
belə, adam bəzən günahı həkimdə,
qidada, havada, suda axtarır. Atam bir yola
çıxmışdı, bu yol onun canından çox
sevdiyi Vətənin azadlığı, müstəqilliyi yolu
idi və həmin yolun sonunda hər şeyi onsuz da gözə
almışdı. Belə çıxır ki, bu onun son
yolçuluğu imiş... Bir də, kim
bilir axı, yolun sonunda nə var?!
Araz Məmmədov
Söhbətləşdi: Əyyub QİYAS
Ədəbiyyat qəzeti.-
2020.- 28 noyabr. S. 16-17.