Əmimgilin məhəlləsi
İç-içə yerləşən
yöndəmsiz kiçik birmərtəbəli evlərin mənzillərinə
darvaza ömrü yaşadan bu məhəllə həm də
divar duruşuyla yol kənarındakı maşın gözətçilərinin
"qoruduğu" hay-küylü "xəstəxana
küçəsi"nə qədimlik pozası verir.
Bu məhəllənin bütün sakinləri,
hamısı bir nəfər kimi, hər gün xəyallarında
tezliklə evlərinin sökülüb, yerində
hündürmərtəbəli bina tikiləndə hansısa
sahibkardan çoxlu pul qoparmaq arzu və ümidlərini qəzəblə
silahlandırıblar. "Məhəlləmiz söküləndə
biri-birimizə yaxın yerdə ev alıb qonşu
olarıq" deyən yaşlı qadınlar yuyulmuş
paltarlarını məhəllənin düz ortasındakı
paltar ipindən asmaq növbəsi uğrunda
günaşırı dava-dalaş seremoniyalarının yeganə
səbəbi yorğun əsəblərinin
dözümsüzlük zəifliyi, ya da yaşlı
ömürlərinə qəfil geri qayıtmış gənclik
səbirsizliyindəndir. Yaşları 80-85-dən yuxarı
olan , ərlərini itirmiş bu 5-6
arvadın yeganə təsəllisi "dul"
sözünün heç birindən yan keçməməsidir.
Zamanlarının çoxunu məhəllələrinin
düz ortasında oturub, "vacib toplantılarla" mənalandırırlar
qalan ömürlərinin kəm tərəfini. Bu
toplantılara qonşu məhəllələrdəki həmyaşıd
arvadlar, həqiqi üzv olmasa da, tərəfdaş tərəf
kimi qatılmaq hüququ əldə ediblər. "Səs"
hüququ olmayan qonşu məhəllənin arvadları, məhəllə
arvadları tərəfindən toplantılara xəbər gətirib,
xəbər aparmaq, çıxışlar etmək, rəy
bildirmək, qeybətlərinin ən kulminasiya məqamlarına
qədər zəngulələr vuraraq improvizələr etmək
kimi hüquq və səlahiyyətlərlə görəvləndirilmişlər...
O
yaşlı qadınsa kənarda əllərini dizləri
üstünə qoyub, köhnə, alçaq dördayaqlı
taxta oturacaqda oturub, başını aşağı salaraq
dodağı altında bu sözləri
pıçıldayır:
- Allah, sənə
min şükür, külli aləmin sahibisən, verən də
sənsən, alan da sənsən..., Adilsən,
Vəkilsən, Baissən..., 99 adına şükr olsun. -
Sonra: "Ya Allahın bir adı" deyib, əlləriylə
dizlərindən kömək istəyərək ayağa
durur.
Siyasət
- məqsədə nail olmaq sənətidir.
...Siyasi
hadisələrin təhlili yığıncaqlarının ana
mövzusu olmasa da, bəzən dünyada baş verən hadisələrə
də biganəlik göstərmirlər. "Siyasi
təhlillər" zamanı özlərinə məxsus
xüsusi "terminologiyalardan" geninə-boluna
yararlanmağı bacarırlar. Dünya siyasətinə
baş vurub, sonra bu dərinlikdə boğulmaq təhlükəsini
hiss edən kimi mövzudan yayınmaq bəhanəsiylə
canlarını götürüb gülməli vəziyyətdə
çullarını sudan
çıxarmağa çalışırlar...
İnsan o zaman gülünc vəziyyətinə
düşüb, gülüş obyektinə çevrilir ki,
o, istər əqli, istərsə də fiziki olaraq gücü
çatacağından daha ağır yükü qaldırmaq
iddiasında olur. Eynən ruhi bir xəstənin "Mən
Napoleonam, mən Nyutonam" və bu tip deyimləriylə
özünü hansısa tarixi səxsiyyətin timsalında
reallaşdırmaq istəyi, ya da hansısa bir adamın
ağır yük altındakı bədəninin gülməli
pozası kimi. Başqa halda, bu kimi iddialarda
bulunmayan ruhi xəstələrə mərhəmət hissi
yaranır, ağır fiziki yük qaldırmaq istəyən
adamın ehtiyacı olanda isə kömək nümayiş
etdirik, gülüş yox.
...İlan
udduğu qidasının həzmi üçün ağaca,
daşa sarıldığı kimi, bu məhəllənin
yaşlı arvadları da toplantılarındakı
mövzulara sarılıb, konfliktlərini, daxili münaqişələrini,
bir-birlərinə olan şəxsi hikkə və
acıqlarını zahiri mehribanlıq davranışları
altında gizlətməyə çalışsalar da, bir-birlərini
"həzm" edə bilmirlər.
Məhəllədə
oynayan uşaqların paltarlarına göydə bioloji tələbatını
ödəyən bir quşun
zılı düşüb bulaşdıranda arvadların
"göydən gələn nə varsa müqəddəsdir"
inanclı, amma heç bir elmi, tioloji, mifoloji əsasa söykənməyən
"Bala, böyüyəndə pullu olasan, quş zılı
bərəkətdir" deyimləri, uşaqlarla
yanaşı, həm də analarını sevindirir ki: oğlu
böyüyəndə pullu olacaq...
Ziyalısı olmayan məmləkətin taciri varlı
olar.
...Girişindəki
inzibatçılıq, içərisindəki natamamlıq vəziyyətindən
xəbər verən, həkim qəbuluna gələn xəstələrin,
xəstəsiylə görüşə can atanların
mühafizəçiləri tərəfindən mənasız,
bürokratık əngəllərlə bezdirilən bir xəstəxanaya
da qonşuluq edir bu məhəllə...
Bədənin daşıyacağı ən ağır
yükün adı ölümdür.
Pompey xarabalıqlarında yeganə
uçub-dağılmayan evlərdən birinin
qarşısındakı uzun növbə diqqətimi çəkir. Turistlərin bu evə daha
çox maraq göstərmələrinin səbəbi isə
sən demə, pozğun həyat tərzi keçirən qadınların
kişi müştərilərinə iki
min il öncə bu evdə xidmət göstərmələri
imiş. Bu evə baxmaq üçün növbə
gözləyən turistlərin içərisində ailəli
və nişanlı cütlüklər daha çoxluq təşkil
edir. Şəhərin uçub-dağılmış
xarabalığında salamat qalmış bu evin təyinatı
barədə məlumatım bir el deyimini xatırlatdı:
"pozğun ol, bəxtin olsun".
Bank yarıb pul aparmaq - cinayət ənənəsi
ölməz məzmununu dəyişməyib, sadəcə,
üslub formasını dəyişərək silahı
klaviatura düyməsiylə əvəzləyib.
...Balaca
qızcığaz arvadların toplantılarının birində
ağlayır, səbəbi qəfəsdəki bir cüt
tutquşudan birinin ölməsidir. Nənələrin
təskinlik vermə məqsədilə səfərbər
etdikləri "bilik və bacarıqları" balaca
qızcığazın kədərinə qəti aidiyyatı
yoxdur. Tutuquşu cütlüyünün
tamamlanması - bır ədəd quş alınması
üçün tərəfimdən uzadılan pul körpə
qızcığazın kədərini həmən sevinclə
əvəzləyir. Tələsik ayağa qalxıb
tutquşu almaq üçün küçəyə
şığıyanda arxasınca: "Qızım,
dişisini alacaqsan, ya erkəyini? Bax gör
ölən dişi, ya erkəkdir?" sualımdan diksinib ayaq saxladı,
başını nazik boynu ilə geriyə döndərib
dodaqlarını büzərək, çiyinlərini
"bilmirəm" işarəsi ilə yuxarı dartdı.
Nənələrin məsləhətinə görə, cinsin
fərqi yoxdur: "təki birini al gətir" nəticəsilə
yekunlaşacaqdı sonluq. Amma arvadlar qızcığaza dediyim
bu sözlərdən nəinki hirslənirlər, əksinə,
gülməkdən üz qırışlarını gizlədə
bilmirlər: - Qızım, erkəyini al, ölən erkək
olacaq. Görürsənmi, hamısı ərlərini
çərlədib oldürüb, özləri isə
sağ-salamat oturublar burada.
Məhəllənin
bu yaşlı sakinləri təfəkkürlərinin qədim
xəbərlərdən qidalanıb qol-budaq atmış
mentallıqlarına ömürləri boyu mövsümi
budanma və aqrotexniki qulluq göstərmədiklərinə
baxmayaraq mühafizəkarlıqları hec bir yad təsirdən
zədələnməyib...
Şüurun vahidi yaddaşdır.
Yayın
qızmar havalarında köhnə, nimdaş jaket, palto geyimli
ruhi xəstələrin zibil qutularında eşələnməsi
dünyanın hər yerində qarşılanan səhnədir:
bu adamlar dünyanın yeganə oxşarlarıdır.
...Məhəllənin
bu 80-90 yaşlı arvadları həyatı hamı kimi elə
sevirlər ki, elə bilirlər ölməyəcəklər,
ölsələr də çox gec öləcəklər. "Mən" anlayışı onlar tərəfindən
bir ad anlamındadır. "Mən"
psixikası, "Mən"ə olan reaksiyaları onlarda da
çoxları kimi, özünə vərdiş
qavramındadır. Hər beyin eyni tərkibli
məhsul ifraz etdiyi halda, bəs nədən ayrı-ayrı şüurlar,
"mən"lər yaranaraq, ayrı-ayrı fərdlər təcəlla
olur? Beynin bioloji-kimyəvi tərkib və quruluşu
hamıda eyni olduğu halda biri-birini təkrar etməyən mən-sən
fərqliliyinin hikməti nədədir bəs kimi suallar... Hər
hansı bir hadisədən, obyektdən uzaqlaşıb uzaqdan
müşahidə etdikdə mənasını,
yaxınından müşahidə etdikdə isə mahiyyətini
anlamaq olar" nəzəriyyəm onların həyat
düsturlarında öz mahiyyətini itirir...
Məntiqsiz sevgi fanatlıq, məntiqli sevda aşiqlikdir.
...Ağızlarının
itmiş dadının günahlarını yediklərində,
zəif görmələrinin günahlarını isə
havanın bulanıqlığında axtarırlar. Onlara elə gəlir ki, dünyanın rəngi dəyişib,
səma, buludlar əvvəlki rəngində deyil, heç
günəş də əvvəlki
işıqlığında deyil. Bu
ümidlərlə səbəbkar axtarışlı
mövqelərini inadcıllıqla qorumağa cəhd edirlər.
Tarix
dünya savaş meydanlarında indiyədək görmədiyi
hadisəni, ordumuzun itirilmiş torpaqlarımızın geri
alınması uğrunda apardığı haqq
döyüşündə gördü: canlı
savaşın 100-200 metr məsafəsində - Araz
çayının cənubundan təhlükəsiz, eygili
şəraitdə cənublu soydaşlarımızın
savaşı tamaşa edərək videoya almalarını.
Hollivud kino adamlarının həsədinə səbəb ola bilən: canlı müharibənin lap
içərisindən çəkilən kinokadrlar kimi. Hələ
bu savaşın ürək dağlayan, qəlbi tarmar edən
tərəfləri: iki qardaşdan birinin vətən
üçün quzeydə candan keçməsi, digərinin
isə vətən üçün güneydən seyr etməsi
kimidir bu məhəllə arvadlarının hadisələrə
mövqeləri.
Məhəllənin
yaşlı arvadlarının hərflərlə ünsiyyəti,
mənim qədim gil, daş yazıları
üzərindəki hərflərlə olan ünsiyətim
kimidir. Əks təqdirdə, bu yazımla o məhəllə
darvazasının üzümə taybatay bağlı
olardı reallığına şübhəniz olmasın...
Torpağı
irəliyə hərəkət edib şumlayan traktor,
torpağı geriyə hərəkət edib bellə qazan kəndli...
"Hərəkət zamana görə deyil, zaman hərəkətə
görə müəyyən olunur". Ə.Bəhmənyar.
Üzeyir Əlizadə
Ədəbiyyat qəzeti.-
2020.- 28 noyabr. S. 20.