"Bayatı-Şiraz" və metafizik intuisiya

 

"O dövran, o əsr xoşbəxtdir ki, qədim insanlar ona qızıl adını qoymuşdular, ona görə yox ki, həmin xoşbəxt çağlarda heç bir çətinlik olmadan qızıl (indi bizim dəmir dövrümüzdə heç dəyəri olmayan) çıxarılırdı, ona görə ki, o zaman yaşayan insanlar bu iki sözü bilmirdilər: mənim və sənin...".

 

Servantes. "Don Kixot"

 

 Fikrimcə, müharibə təkcə insanların deyil, təsir etdiyi mətnlərin də taleyini sınağa çəkdi. Onların da müharibədən sağ çıxıb-çıxmayacağı məsələsi var...

 

 Hədiyyə Şəfaqət

 

Yusif Səmədoğlunun "Qətl günü" romanı və ondan əvvəl yazdığı bir neçə hekayəsindəki əşya dünyasını araşdırmaq maraqlıdır. Müəllifin nəsrində əşya realiyaları konsepsiyasının təhlili, bəzi mətnlərinin əşyalarla "dolub-boşalması" və bunun fonunda məna və kontekst yaradıcı detalların görünməsi bir çox əhəmiyyətli sualların yaranmasını şərtləndirir və bu suallara cavab vermək lazımdır. Yusif Səmədoğlu nəsrində, belə deyək, hansısa əşyanın yada salınıb mətnə daxil edilməsi, həmin əşyaya bədii xarakteristika verilməsində, daha sonra həmin əşyanın yox olub, oxu prosesində virtual olaraq görünməsində intuitivlik dərindən hiss edilir. Əşyaların xarakteristikasının verilməsində elə məqamlar olur ki, konkret olaraq hansısa sözün (təsvir məqamında) bədahətən "tapılması" hissiyatı yaşanır. Və bu hissiyat, eyni zamanda şux zarafat ahəngli ironiya ilə süslənir və tez bir zamanda, anidən çəkilib gedir, bu "ekspressionist" süjet qurma modeli onun demək olar, bütün mətnlərinə xasdır. Müəllif (müəllif obrazı) əşyalara, sanki anidən toxunub çəkilir, virtual olaraq tutduğu yeri personaj və əşyaların mövqe və sözlərinə verir. Personajların nitqi həmin əşya-detallarda işarələnən mətləbin açılıb bütöv, tam süjet xətti olmasına yardımçı olur, məsələn, elə "Bayatı-Şiraz" hekayəsinin sonluğu ilə bu nitq axınındakı istənilən element arasında assosiativ əlaqə qurmaq, finalın şərtiliyini izah etmək mümkündür. Nəyə görə Səbzəli birdən- birə uca binaların zil qaranlıq siluetləri arasında süd yolunu görür və ağladıqca ağlayır, ürəyini boşaldır? Səbzəlinin xam xəyallar içində ömrünü bada verməsi insan taleyinin dibinə çökmüş faciələrin böyüdücü şüşə altında görünüb-yoxa çıxma effektini yaradır. Hekayənin ilk pasajlarında hər şey bir ritmə köklənib, yəni bütün hadisələr hansı nöqtəyə qədərsə irəliləyir və birdən: cəhənnəmə ki!.. Mətndəki hərəkətin bu ritm forması onun indiyə qədər yaşadığı ömrün də əslində, yarımçıq qaldığını bildirir. Bir təsadüf ucbatından dörd il qazamatda yatıb. Orda kontrabas çalmağı öyrənib. Qızıldiş Cəbinin ayaqlarını yumaq sayəsində çox şeylər qazanıb. Evdəki təsvirlərdəki ritm doğrudan-doğruya həmin ifadəyə köklənir: cəhənnəmə ki! Restorana çataçatda birdən yadına düşür ki, bəlkə evdə qazı söndürməyib. Yəni o təsvirlərdəki ritm "oktavası" dəyişir, bir alət kimi o, "sarı simdə" çalınır (sarı rəng effekti-!), qəfil yaranan ortam (iki əllilik...) onun bütün xəyal dünyasının üstünə qığılcım atır.   

Ancaq evdən işə gəldikdə birbaşa salona daxil olmur, əvvəlcə Movseslə danışıb onun Samsun tütünündən olan bolqarski filtirli siqaretindən çəkməlidir. Bir alət kimi köklənməli, salona beləcə hazır girməlidir. Movsesdən eşitdiyi məbləğ başına qəfil daman sopsoyuq su damcısı effektini yaradır. Təsvir ritmi dəyişir. Bu mənada "Bayatı-Şiraz" hekayəsində "xatırlamaq" seqmenti əsərin bütün mətni boyu onun ritmini idarə edir; Səbzəli xatirələrində keçmişə elə belə, istədiyi zaman gedib-qayıda bilmir, bu hərəkət onun üçün biryolluq qadağan edilib, həm də ona görə ki, illər boyu xəyalında həyatını necə qurubsa, ömrü də o qaydada davam edir, rahatlanması üçün mütləq xəyallara dalmalıdır. Bu, birinci dəfə deyildi. Həmişə pul söhbəti, özü də az pul, on-on beş manat yox, çox pul, miqdarı yüz mini, milyonu aşan pul söhbəti Səbzəli dayının beynini yerindən oynadırdı. "... Başqa vaxt kefi duru olanda belə nə qədər əlləşirdisə, nə qədər hıqqanırdısa yaxşı, ürəkaçan bir şey xatırlaya bilmirdi. Elə bil ömrün yarısını zəbt etmiş xatirələr, keçmiş günlər birdəfəlik onunla şərt kəsmişdilər: bizi havayı çağırma, gələn deyilik...". Səbzəli evdən çıxıb işə gəlir, restoranda ayaqyolunun yanında xidməti vəzifəsini icra edən Movseslə söhbətin bir məqamı beynində qıcıq yaradır və içinin narahatlığı ("ojoq") çəkilib gedir. Yada düşmüşkən, personajın xarakteristikasının dəqiq alındığına işarə kimi Movsesin Səbzəliyə münasibətini yada salaq: "...- Sən bilən, bu yay dava başlamaz ki?

Görünür, Movses Sergeyeviç Səbzəli dayının belə qəfil suallarına öyrəncəli idi. Buna görə də müharibə haqqında çoxdan danışırlarmış kimi, aram-aram Səbzəli dayının cavabını verdi:

- Başlamaz, inşallah... yaponlar qəmiş olmasa".  Səbzəli daim hər hansı mətləbin əvvəlini kəsib-doğrayır, yəni bunu öz içində xırdalayır, özü üçün danışır, həmsöhbətinə onun ortasından qəfil suallar yağdırır. Keçmişlə indinin sərhədində itkin düşmüş bu adamın məkanı xəyallardan başqa bir yer deyildir.

Müharibədən söz açılır. Movses belə bir fantastik faktı açıqlayır ki, o zaman amerikanlar Yaponiyaya üç atom bombası atıblarmış, ikisi partlayıb, biri isə yox. Yaponlar bu üçüncüsünü götürüb alimlərinə veriblər, onlar bunun sirrini öyrənib özləri üçün atom bombası hazırlayıblar... "Bizi havayı yerə çağırma, gələn deyilik...". Keçmiş, ötən günlərin onunla kəsdiyi bu şərt (sanki-!) Səbzəli adının, bu adın içindəki adamın nə qədər faciəvi məna kəsb etdiyini bildirir. Yuxarıda müəllifin əşyaların təsvirindəki "qəfil" intuitivlik hissiyatından danışdıq, bu, eyni zamanda təsdiq edə bilərik ki, "metafizik intuisiyadır" (baxmayaraq ki, Y.Səmədoğlu bu və digər hekayələrində sırf sosial problemləri qabardır). Həyatın mənası, ölüm, yaddaş və yaradıcılıq... kimi məsələləri əhatələyən bu metafizik intuisiya konsepsiyası nəsr mətnindəki əşyaların xassəsi ilə sıx şəkildə bağlıdır. Və şübhəsiz ki, bu intuitiv baxış rəng spektrindən də ayrı deyildir. Səhər açıldıqda yerindən durub özünə qayğanaq bişirir, tavaya (qapqara qaralıb ortadan çat vermiş...) əvvəlcə yağ salmağı unudur, nəticədə yumurtanın sarısı çiy qalır. İçindəki tarazlıq pozulur və hər şeyi, bütün əşyaları həmin tənasübsüzlük çərçivəsindən görür: "Dibi qapqara qaralıb ortadan çatlamış tavanın içindəki yumurta sarısı Səbzəli dayının bir dəqiqə bundan qabaq pəncərədən gördüyü Aya oxşadı.

Yumurta sarısı da üfüq xəttinin üzərində sallanıb durmuş taqətsiz Ay kimi adamın ürəyini sıxırdı...". Bu rəng spektri təkcə konkret bir əhvalı, deyək ki, elə xəstəliyin taqətdən saldığı Səbzəlinin emosiyasını göstərməklə qalmır, bədbəxtliyin ən dibini nişan verən rəng qırıntısı birdən xəyalında qurduğu xoşbəxt anları da göstərə bilər. Söhbət əsnasında Movsesdən atom bombasının neçəyə başa gəldiyini soruşur, Movses də deyir ki, köhnə pulla bir milyon iki yüz min. Məbləği eşidən kimi, onu yaşadan, "ojoqdan" xilas edən xəyalı hərəkətə gəlir. Paho! "Bir belə pulu xərcləyib qurtarmaq olmaz ki! Yox, niyə? Xərcləyərsən, lap canını da alarsan! Əvvəlcə otağı əməlli-başlı düzəldərəm, dəlmə-deşiyini tutaram. Divarları eləyərəm oboy, sarı rəngdə...".

Qayıdaq metafizik intuitivlik məsələsinə. Bu konsepsiya hekayənin ilk cümlələrindən sətirlər arasında sızaraq sona qədər irəliləyir, püxtələşir və finalda qeyri-adi, paradoksal formada açıqlanır. Sarı rəng ilk pasajlarda bezginliyi, taqətsizliyi bildirirdi, daha sonra personaj qəfil qıcıqlanıb xəyallar aləminə düşdükdə həmin rəng xoşbəxt anları da işarələyir. Nəzərə alsaq ki, Səbzəlinin xəyalları xam xəyallardır, yəni yaşanmayan, ortada qırılan bir ömrün içinin aldadıcı nəsnələrlə doldurulmasına işarədir, demək burada, yəni evin oboylarının sarı rəngdə olması da "səhvdir", dolaşıqlıqdır, başqa sözlə desək, çaşan bir adamın bədbəxtliyi və xoşbəxtliyi eyni rəngdə görməsi təbiidir. Hər gün, səhər saat yeddidən gecə on birə qədər çalğısına görə ikicə manat alan bir adamın qabağına birdən yüz manat atılması gülüşlə faciəni bir yerə qatır, Səbzəli bəlkə də ilk dəfə başını yuxarı qaldırıb göyə baxır (...Az getdi, üz getdi, sevindiyindən birdən başını qaldırdı. Qaldırdı ki, baxsın görsün yuxarılarda nə var, nə yox?).  Göy üzündəki işıqlı zolağın möcüzəli görünüşünü seyr etdi, az qala əlli il idi ki, buna tamaşa etməmişdi.

Və çoxdan bu dünyada olmadığını dərk etdi. Və bu məqamda hekayənin əvvəlindəki ritmlə sonluğun ritmi üz-üzə dayanır: üfüq xəttinin üzərində sallanıb durmuş taqətsiz Ay... və süd yolu.

Bu adam ancaq xatirələr aləminə qədəm basdıqda yaşadığını hiss edir. Daha çox uşaqlıq çağlarını yaşayır. Beynində, ruhunda xatirələrə açılan təbii yol bağlanıb, tutulub, xəyalda bir qığılcım yanmalıdır ki, o vaxt qurşağına dönə bilsin. Uşaq olanda həyətlərindəki balaca hovuzun kənarında əyləşərdi, gecələr. Ulduzlar hovuzun suyunda əks olunar, gilavar, xəzri əsdimi, bu ulduzlar suda batıb-çıxardılar və birdən yox olardılar. 

"...Səbzəli dayıya elə gəlirdi ki, ulduzları ikibir-üçbir udan hovuzdakı qızılbalıqlardır, külək dayanan kimi yenə suya buraxacaqlar".

Daha sonra, "... Hovuzun üstündə, iri məcməyinin içində anası həmişə üzüm saxlardı. Səbzəli dayı bir salxım götürüb, hər gilədə axşam şehinin sərin təmasını hiss edə-edə üzüm yeyərdi. Sonra yenə səs gəlirdi:

 

"Ədə, ay uşaq, ay Səbzəli, ay ciyəri yanmış, gəl yat!".

 

O biri səs: "Tez ol, qulyabanı gəlib yeyəcək səni".

 

Səbzəli dayı əllərini qoşalayıb ağzına aparırdı, qışqırırdı: "Yeməz!".

 

Doğrudan da, nə o gecə, nə də ondan sonrakı gecələr qulyabanı Səbzəli dayını yemirdi...".

 

Bu sonradan baş verəcəkdi.

 

Cavanşir YUSİFLİ

Ədəbiyyat qəzeti.- 2020.- 28 noyabr. S. 21.