Fonetika
və fonologiya: yeni araşdırmalar işığında
XX əsrin ortalarından etibarən Azərbaycan
dilçiliyi yavaş-yavaş dirçəlməyə
başlamışdı. Dilimiz, xüsusən onun qrammatik sistemi ölkəmizdə
əvvəl ali məktəb səviyyəsində
tədris məqsədilə öyrənilirdi. 1960-cı illərdə
bu iş akademik səviyyədə də həyata
keçirilməyə başlandı. 1974-cü ildə
ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə ali məktəb filoloqlarının
hazırladığı dörd cildlik "Müasir Azərbaycan
dili" dərsliyi Azərbaycan Dövlət Mükafatına
layiq görüldü. Bu hadisə akademiyanın Nəsimi adına Dilçilik İnstitutunda qeyd olunan
istiqamətdə işlərin canlanmasına təkan verdi. Belə
ki, az sonra akademiyanın Nəsimi adına
Dilçilik İnstitutunda üç cilddə
hazırlanması nəzərdə tutulmuş "Müasir
Azərbaycan dili" kitabının birinci cildi (1978)
işıq üzü gördü. Qeyd edək
ki, bu cilddə dilçiliyimizin bir neçə bölməsi
- fonetika leksikologiya, semasiologiya, frazeologiya və leksikoqrafiya
bölmələri tədqiq olunmuşdur. Kitabda
dilimizin səs quruluşunun öyrənilməsinə vur-tut
78 səhifə ayrılmışdı.
AMEA-nın
müxbir üzvü Əbülfəz Quliyev: Azərbaycan əsgəri
mütləq qalib
gələcək - AZƏRTAC – Azərbaycan Dövlət
İnformasiya Agentliyi
Müstəqillik illərində dövlət dili statusu
qazanmış doğma dilimizin - milli-mənəvi dəyərimizin,
sərvətimizin qloballaşma şəraitində
qorunması, istifadəsi, eyni zamanda öyrənilməsi
istiqamətində Dövlət proqramı hazırlanıb
dövlət səviyyəsində həyata keçirilmişdir. Dövlət
proqramının bölmələrində açıq şəkildə
qeyd olunduğu kimi, dövlət orqanları
akademiyamızın Nəsimi adına
Dilçilik İnstitutunda elmi tədqiqatların genişləndirilməsi
üçün diqqət və qayğını daha da
artırmışdır. Məhz buna görə
Dilçilik İnstitutunda son illərdə orfoqrafiya məsələləri,
terminologiya məsələləri, qrammatika problemləri,
funksional-praktik dil məsələləri elm adamlarının
yaradıcı fəaliyyətində prioritet vəzifə
halını almışdır.
Bu baxımdan son vaxtlarda "Elm" nəşriyyatında
çapdan çıxmış dördcildlik akademik
qrammatikanın - "Müasir Azərbaycan dili"
kitabının birinci cildi diqqəti cəlb edir. Təxminən 700 səhifədən
ibarət olan bu kitabda Azərbaycan dilinin fonetika, funksional
fonetika, fonologiya, orfoqrafiya, orfoepiya, qrafika, eyni zamanda
morfonologiya, fonosemantika, fonoüslubiyyat, fonosintaksis məsələləri
dilçilik elminin son nailiyyətləri əsasında akademik
səviyyədə tədqiq və təhlil edilmişdir. Bu sanballı elmi əsərin elmi məsləhətçisi
akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Möhsün
Nağısoyludur.
Məlumdur
ki, XX əsrin 50-60-cı illərində görkəmli Azərbaycan
dilçisi Bəkir Çobanzadənin yetirməsi prof.
Əbdüləzəl Dəmirçizadə, daha sonra akademik
Ağamusa Axundov, prof. Aydın Ələkbərov, prof. Fəxrəddin
Veysəlli və prof. Firudin Cəlilovun dilimizin səs
quruluşunun öyrənilməsi sahəsində
apardıqları tədqiqatlar milli dilin fonetik və fonematik
sisteminin əsaslı tədqiqi üçün baza rolunu
oynamışdır.
Kitabın ön sözündə (akad. Möhsün
Nağısoylu) də qeyd edildiyi kimi, "Müasir Azərbaycan
dili" kitabının I cildində Azərbaycan
dilçiliyində ilk dəfə olaraq fonetika, fonologiya,
prosodiya (intonasiya və vurğu), morfonologiya, fonosemantika,
fonoüslubiyyat, fonosintaksis, yeni orfoqrafik və orfoepik normalar,
onların prinsipləri və s. konkret dil materialları əsasında
təsvir və tədqiq olunur. Bütün bu
problematik məsələlər izah və şərh olunarkən
həmin məsələlərə təkcə ənənəvi
planda deyil, həmçinin funksional-qrammatik cəhətdən
yanaşılır.
Akademik araşdırma fonetika və fonologiya məsələlərinin
geniş tədqiqi ilə seçilir. Məhz bu mühüm
amili nəzərə alaraq, tədqiqata Dilçilik
İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin əməkdaşları
ilə yanaşı, Azərbaycanda fonetika və fonologiya sahəsində
tanınmış dilçilər də cəlb olunmuşdur.
Kitabın giriş hissəsində Azərbaycan dilinin
inkişaf tarixi, Azərbaycan dili fonetik strukturunun tədqiqi məsələləri
(prof. Qəzənfər Kazımov) zəngin dil materialları əsasında
geniş şəkildə
araşdırılmışdır. Sonuncu bölmə,
sanki bu kitab, onun mövzusu, içərisindəkilər, onun
elmi əhəmiyyəti, elmi yeniliyi haqqında çox mötəbər
opponent rəyini xatırladır.
Əsərdə ən diqqəti cəlb edən bölmələrdən
biri "Fonetika haqqında ümumi məlumat" fəslidir
(prof. Mübariz Yusifov). Fonem, səs məfhumu geniş
anlayışdır. Ona görə də
bu bölmədə səsin əmələ gəlməsi,
yaranma yolları və sair məsələlər yeni aspektdə
işıqlandırılmışdır. Bu bölmədə ilk dəfə olaraq
fonetikanın fizioloji, akustik, təsviri, tarixi, müqayisəli,
təcrübi (və ya eksperimental), semantik, funksional fonetika
kimi növləri və fonomorfologiya haqqında da sistemli şəkildə
məlumat verilmişdir. Məlumdur ki,
danışıq səsi fonem anlayışı ilə
sıx bağlı bir dil vahididir. Məhz
buna görə kitabda səs və fonem əlaqələri
dilçilik elminin yeni nailiyyətləri
işığında araşdırılmışdır.
Bu bölmədə digər diqqəti cəlb
edən cəhət də ondan ibarətdir ki, fonetika məsələlərinin
tədqiqinə dil tarixi və türkologiya, oğuz dilləri
kontekstində yanaşılmışdır. Müəllifin
fonemin müəyyən olunması məsələsində
aşağıdakı fikri də diqqəti cəlb edir:
"…fonem müstəqildirsə, onun özünün daxilində
müəyyən bir məna xüsusiyyəti gizlənir. Fonem müstəqil deyilsə, onun semantik mühiti də
yoxdur. Başqa sözlə, o səslər
fonemdir ki, onlar se-mantik mühitə malikdir. Semantik mühitə malik olmayan səs fonem yox, variant
(və ya variasiya) səciyyəli hesab edilməlidir".
Kitabda "Azərbaycan dilinin funksional fonetika və
fonologiyası" (prof. Fəxrəddin Veysəlli) bölməsində
də danışıq səsi və fonem münasibətlərindən,
fonem nəzəriyyəsindən bəhs olunur. Xüsusi tədqiqat
əsəri təsiri bağışlayan, təxminən 140 səhifədən
ibarət olan bu bölmədə dilimizin səs sisteminin
ümumi dilçilik, dünya dilləri kontekstində
araşdırılması tədqiqatın elmi əhəmiyyətini
daha da artırır.
Kitabın
bu bölməsi önəmli elmi-nəzəri məsələləri
əhatə edən aşağıdakı əsas
başlıqlara ayrılır: "Azərbaycanda
fonetikanın tədqiqi tarixinə qısa baxış",
"Tələffüz üslubları və tələffüz
normaları", "Fonetikanın ümumi məsələləri",
"Fizioloji fonetika", "Dil səslərinin funksional
aspekti və ya fonologiya", "Fonem qarşılaşma və
korrelyasiyaları", "Fonemlərin manifestasiyası və
heca", "Cümlə fonologiyası", "Prosodiya və
intonasiya". Müəllifin funksional fonetika və
fonologiya əlaqələrinə aid bu əsəri əslində,
Azərbaycan dili fonemlər sisteminin struktur-semantik məsələlərinin
tədqiqinə həsr olunmuşdur. Çünki
prof. Q.Kazımovun da qeyd etdiyi kimi, "fonologiya, yəni
danışıq səslərinin funksional cəhəti fonetik
vahidləri sistem şəklində öyrənir. Funksional cəhət dil səslərinin fonoloji
mövqeyi, digər səslərlə əlaqə və
münasibəti, leksik, fonetik və sintaktik mövqeyinin
araşdırılması ilə bağlıdır".
Təsadüfi deyildir ki, prof. F.Veysəllinin
yazdığı bölmənin bir hissəsi elə "Dil səslərinin
funksional aspekti və ya fonologiya" adlanır. "Danışıq səsi və fonem
anlayışı" (dos. Elşad
Abışov) və "Fonem və onun funksionallığı"
(prof. Qara Məşədiyev) bölmələri də
mövzusuna görə yuxarıdakı bölmənin
davamı səciyyəsindədir. Bu
bölmələrdə real dil faktlarına, Azərbaycan dili
materiallarına istinad da çoxdur.
"Saitlər sistemi (vokalizm)" (filologiya üzrə fəlsəfə
doktoru Zülfiyyə Quliyeva) "Samitlər sistemi
(konsonantizm)" (prof. Aydın Ələkbərov, dos. Aytəkin
Ələkbərova) adlı bölmələrdə ilk
öncə Müasir Azərbaycan ədəbi dilində
fonoloji səpkidə mübahisəli olmuş sait və samit
fonemlərin sayı məsələsinə aydınlıq gətirilir.
Daha sonra sait və samitlərin təsnifat
prinsipləri ilə bağlı Azərbaycan dilçiliyindəki
fikir ayrılığından bəhs edilir və bildirilir ki,
fizioloji təsnifat hamı tərəfindən qəbul
edilmiş universal səciyyə daşıyır. Kitabda sait və samıtlərin təsnifat prinsipləri
cədvəl şəklində təqdim edilir. Eyni zamanda, Azərbaycan ədəbi dilindəki sait və
samit fonemlərin hər birinin ayrılıqda səciyyəvi
xüsusiyyətləri göstərilir.
"Fonetik hadisələr və əvəzlənmələr"
bölməsi mərhum akademik Ağamusa Axundovun "Azərbaycan
dilinin fonetikası" kitabı əsasında
hazırlanmışdır. Burada, xüsusilə
türk dillərinin spesifik xüsusiyyəti olan ahəng
qanunu, onun ifadə imkanları geniş dil materialları əsasında
tədqiq olunmuşdur.
Kitabda
"Heca" (dos. Qüdrət Cəfərov) və
"Vurğu" (dos. Elmira Əhmədova)
bölmələri də dilçilik elminin son nailiyyətləri
səviyyəsində qələmə
alınmışdır. Məlumdur ki, müxtəlif
dövrlərdə Azərbaycan dilində fonetika məsələlərindən
bəhs edən tədqiqatlarda vurğu, onun funksiyaları,
növləri, sözdə vurğunun yeri və s. kimi məsələlərdən
danışılmışdır. Lakin bu kitabda digər tədqiqatlarda
rast gəlinməyən vurğunun orfoepik və orfoqrafik
funksiyası, vurğunun fonetik aktuallaşma funksiyası və
s. barədə ətraflı məlumat verilmişdir.
Vurğunun funksiyalarından bəhs olunarkən onun fonetik
aktuallaşma və orfoepik, orfoqrafik funksiyaları, vurğunun
növləri, sözdə vurğunun yeri, şəkilçilərdə
və köməkçi nitq hissələrində, köməkçi
sözlərin vurğu qəbul etməyən şəkilçiləşmiş
formalarında, alınma sözlərdə vurğu və s. məsələlər
burada dərin tədqiqata cəlb olunmuşdur.
Kitabın
"Yazı. Əlifba. Qrafika"
adlı hissəsində (dos. Aytən Bəylərova)
yazının bir-birini şərtləndirən üç
komponentindən - əlifba, qrafika və orfoqrafiya məsələlərindən
bəhs olunmuşdur. Bu hissədə tarix
boyu istifadə olunan yazı növləri, əlifbanın
yaranma tarixi, qədim əlifbalar, türk xalqlarının və
Azərbaycan xalqının istifadə etdiyi əlifbalar, qrafika
haqqında məlumat verilmişdir. Bundan əlavə,
əlifba ilə orfoqrafiyanın əlaqəsi, yad əlifbalardan
istifadənin dilin orfoqrafiyasına mənfi təsiri kimi məsələlər
də burada öz əksini tapmışdır.
"Ortaq türk əlifbası" bölməsində
(fil. üzrə fəlsəfə doktoru Elçin
İbrahimov) türk dünyasının birliyi və
bütünlüyü üçün çox önəmli
olan ortaq dil və əlifba problemindən bəhs edilir. Türk dünyasının
hər bir sahədə aktual olan məsələlərinin
düşüncədə birləşməsi bütün
türk xalqlarının anlaya biləcəyi bir türkcə
ilə mümkün ola bilər. Elə buna görə də türk xalqları
arasında ortaq ünsiyyət dilinin
formalaşdırılması günümüzdə çox
böyük əhəmiyyət kəsb edir. Bunun üçün isə ortaq əlifba, ortaq imla
prinsipləri, lüğət tərkibi (sözlük), ortaq
terminologiya yaradılması, ortaq dərsliklərin
hazırlanıb nəşr edilməsi qarşıda duran
mühüm vəzifələrdəndir. Müəllifin
də göstərdiyi kimi, 1991-ci ildə Ankara şəhərində
türk dünyası elm adamlarının iştirakı ilə
34 hərfdən ibarət ortaq əlifba layihəsi qəbul
edilmişdir. Təqdirəlayiq haldır
ki, alimin bölmənin sonunda bu problemin həllinə aid 10-15
maddədən ibarət təklifləri də öz əksini
tapmışdır.
Kitabda "Azərbaycan dilinin fonetik
üslubiyyatı" bölməsində (dos. Nərgiz
Hacıyeva) əvvəlki tədqiqatlarda "üslubi
fonetika" adlanan kateqoriyanın funksiya və ifadə vasitələrindən
bəhs edilir. Təsadüfi deyildir ki, Azərbaycan
dilçiliyində fonetik üslubiyyat, üslubi fonetika barədə
ilk dəfə Ə.Dəmirçizadə məlumat
vermişdir. Bu bölmədə Azərbaycan dilinin
fonetik üslubiyyatının nəzəri məsələləri,
onun fonosemantika ilə qarşılıqlı əlaqəsi,
morfonologiyada fonetik üslubiyyatın rolu, fonetik üslubi
kateqoriyaları ilk dəfə olaraq üzə
çıxarılmış, fonetik-ülubi kateqoriyalarda
fonetik ifadə vasitələrinin qarşılıqlı əlaqəsi,
fonetik-üslubi ifadə vasitələrinin dilin bir sıra
bölmələri üzrə tədqiqi, tələffüzün
geniş mənada işlənmə xüsusiyyətləri və
intonasiyanın komponentlərinin üslubi xüsusiyyətləri
tədqiq olunmuşdur.
Kitabın "Orfoepiya və orfoepiya
anlayışı" (dos. İntizar Salehova)
bölməsi fonetik normanın bir qolu olan orfoepik (ədəbi
tələffüz) normalara həsr olunmuşdur. Müəllif orfoepiya anlayışının elmi
izahı üzərində geniş dayanmış və təsadüfi
deyildir ki, bu məsələnin tədqiqinə 50 səhifə
həsr edilmişdir. Burada dilçilikdə
tez-tez rast gəlinən orfofoniya, yoxsa orfoepiya məsələsinə
də toxunulmuş, orfofoniya orfoepiyanın tərkib hissəsidir
qənaətinə gəlinmişdir. Orfoepik
qaydaların müəyyənləşməsində tələffüz
üslubları və tələffüz şəraiti
mühüm rol oynayır. Buna görə
də yazıda onlara geniş diqqət ayrılır, səslərin
tələffüz qaydalarının tələffüz şəraitinə
uyğun müəyyənləşdirilməsi məqsədəuyğun
hesab olunur və araşdırma bu istiqamətdə
aparılır. Bu mövzunun davamı
"Orfoepiya normaları" (prof. İsmayıl Məmmədov)
bölməsində verilmişdir. Burada
orfoepiya ilə orfoqrafiyanın əlaqələrindən,
vaxtilə düzgün yazı qaydaları tərtib olunarkən
fonetik prinsipə əsaslanılmasından və buna görə
fonetikanın hər iki sahəsinin yaxınlığından
bəhs edilir. Orfoepiyanın prinsip və
normalarını elmi əsaslar üzrə şərh edən
müəllif xüsusilə alınma sözlərin tələffüz
qaydaları üzərində daha geniş
dayanmışdır.
Kitabda fonetika ilə sıx bağlı olan
"Orfoqrafiya" bəhsini prof. İsmayıl Kazımov və
filologiya üzrə fəlsəfə doktoru Şəlalə
Qasımova yazmışdır. Məlumdur ki, son illər
istər elmi mühitdə, istərsə də sosial şəbəkələrdə
orfoqrafiya qaydaları qızğın müzakirə olunur, məqalə
və məruzələrdə, müxtəlif tipli
yazılarda hər kəs öz düşüncə və
mülahizələrini ortaya qoyur. Azərbaycan
dilində müxtəlif illərə aid orfoqrafiya qaydaları
mövcud olsa da, bu qaydaların daha da təkmilləşməyə,
ayrı-ayrı müddəalarında dəqiqləşdirmə
aparmağa ehtiyac vardır. Ona görə
də bu bölmədə həm orfoqrafiya məsələlərinin
tarixinə nəzər salınmış, ayrı-ayrı alim
və ziyalılardan sitatlar verilmiş, onlarla polemikaya girməyə
çalışılmış, həm də orfoqrafiya
üçün vacib olan xüsusiyyətləri, bu
qaydaları formalaşdıran prinsiplərin hər biri
haqqında ərtaflı məlumat verilmişdir. Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları da bu
yazıya daxil edilmişdir.
Kitabdakı "Azərbaycan dilinin morfonologiyası"
(prof. Firudin Cəlilov) bölməsində fonetika ilə
morfologiya münasibətləri, "Dil və fonosemantika məsələlərinə
bir baxış" (prof. Buludxan Xəlilov) bölməsində
fonetika və semasiologiya münasibətləri,
"Fonosintaksis. Sintaqm - fonosintaksisin obyekti kimi" (prof.
İsmayıl Kazımov) bölməsində fonetika və
sintaksis münasibətləri dünya dilçilik elminin yeni
nailiyyətləri işığında yüksək səviyyədə
tədqiq edilmişdir.
Bildiyimiz kimi, prof. Əbdüləzəl Dəmirçizadənin
Azərbaycan dili fonetikasının öyrənilməsində
mühüm xidmətləri olmuşdur. Təqdirəlayiq
haldır ki, kitab müəlliflərinin hamısı öz
yazılarında prof. Ə.Dəmirçizadənin bu sahədəki
xidmətlərini xüsusilə qeyd edirlər.
Beləliklə,
AMEA Nəsimi adına Dilçilik
İnstitutu, onun Müasir Azərbaycan dili şöbəsinin əməkdaşlarının
hazırladığı "Müasir Azərbaycan dili I
cild" (fonetika və fonologiya) kitabı AMEA-nın 70 illik
yubileyinə layiqli bir hədiyyədir. 700 səhifəlik
bu kitab Azərbaycan dili fonetik sisteminin öyrənilməsi
tarixində yeni tədqiqatlar işığında
yazılmış ilk fundamental əsərdir.
İnanırıq ki, öz aktuallığı ilə diqqəti
cəlb edən "Fonetika və Fonologiya" kitabı filoloq
elmi işçilər, müəllimlər, doktorant, magistrant
tələbələr üçün dəyərli bir
töhfə olacaqdır.
Əbülfəz
QULİYEV AMEA-nın müxbir üzvü
Ədəbiyyat qəzeti.-
2020.- 28 noyabr. S. 22-23.