Qonşuların hekayəsi

 

 (Türkoloq, yazıçı, tərcüməçi Ömər Küçükməhmətoğlu 1979-cu ildə Qəhrəmanmaraşın Türkoğlu rayonunda doğulub. Universitet bitirib. Türk dili və Ədəbiyyatı üzrə doktorluq alimlik dərəcəsi var. Türkiyədə bir neçə elmi və bədii kitabı yayımlanıb. Azərbaycan, rus, özbək, qırğız, qazax ədəbiyyatlarından birbaşa Türkiyə türkcəsinə xeyli tərcümələr edib. Azərbaycan ədəbiyyatının cəfakeş dostlarındandı.)

 

 

Salt rüzgar olma sakın

Dönüşü yoktur nedense

esen yelin.

 

 

Biba İsmayıl

 

 

 

Salavan dağının yamacındakı bağçalı evlərin birinin yan otağında işıq sönməmişdi. Obada  bütün evlərin işıqları sönsə də, yalnız orda lampa yanırdı.

 

Yazıçı uzanıb dərin xəyallara daldığı divandan qalxdı. Çoxdan yan tərəfdəki qonşusuna söz verdiyi bir əhvalatı qələmə alacaqdı. O, artıq rəhmətə getmişdi. Yazı masasının arxasına keçib, yazmağa başladı. Əsərin adını zatən illər öncə fikirləşmişdi: "Qonşuların hekayəti". Barmaqları klaviaturaya toxunduqca, əhvalat ekranda görünməyə, canlanmağa başladı.

 

Salavan dağı dünya və dağlar yaranandan bəri yerində dururdu. Bu dağ milyonlarla əhvalatın şahidi olmuşdu. Ancaq onun yazdığı bir az fərqlənirdi. Rəssamlıq insanın fitrətindədi, hərə öz həyatının rəsmini cızar və o başqalarının rəsminə bənzəməz. Salavan dağının ətəklərində yapılan rəsmlər, yaşananlar digərlərinə bənzəmirdi. Burdakı evlərin bağçasında armud, alma, gilas, gilənar, şaftalı, heyva, fındıq, üzüm, ərik, tut, zoğal, qoz... ağıla gələn hər cür meyvə ağacları vardı.

 

Üzü günəşdən qaralmış uşaq, ayaqlarındakı qara rezin ayaqqabıların dabanlarını tapdalayaraq qoz ağacının altında oturmuş böyüklərin yanına gəldi. Həmin gün qozun altında oturan oba sakinləri iki qonşunun davasından danışırdılar. Yaşı o biri qonşudan 10 yaş kiçik olan qonşu əhvalatı danışmağa başladı.

 

- Keçən il mən bağda olmayanda bağıma girdi. Hasarın dibində əkdiyim alma fidanlarını çıxarıb atdı. Pisləşməmək üçün həmin il heç nə demədim. Ancaq bu il bağımın lap kənarında, hasarımın dibində armud fidanı əkdi. İndi buna nə deyəsən? Onunla danışmağa getdim. Amma yola gəlmədi. Fidanları çıxartmaram, deyib durdu. Bax, dava buna görə baş verdi.

 

Oradakılar ona diqqətlə qulaq asdılar. Ancaq kimin haqlı olduğunu bilmək üçün gərək qarşı tərəfi də eşidəsən. Çünki insan həmişə özünü haqlı sayır. Axşam qonşusu olmadığı zaman digər qonşu qozun altında göründü. Hadisəni danışmağa başladı. Lakin o da özünü haqlı çıxardı. İki əlinin barmaqlarını göbəyinin üstündə bir-birinə keçirmiş hacı qonşusunu dinləyirdi. Bilmək istəsəniz, hacı da bu obanın tanınmışlarındandı. Həcc ziyarətinə getməmişdən bu adı almışdı. Puluna minnət. Hacı onun cibinin nüfuz göstəricisiydi. Sonra xanımı ilə həccə getmiş, hacı olmuşdu. Başqa sözlə, ikiqat, iki dəfə hacı hacı olmuşdu.

 

Qozun altında oturan hacı onu sakitləşdirmək məqsədilə dilləndi.

 

- Bax, ikimiz də hacıyıq, ayıbdı. Bundan sonra bir də mübahisə, dava etməyin. Bu obada gül kimi gözəl günlər yaşayırıq. Bizim burda qonşularımızdan başqa heç kimimiz yoxdu.

 

Qoz ağacının əyilmiş budaqları altındakı kətildə oturmuş uşaq yerdə yeriyib gedən hörümçəyə baxsa da, bir qulağı onlardaydı. Onlar uzun-uzadı danışdılar. Nəsihət verdilər. Bu söhbətlərdən bezən uşaq ayağa qalxdı və körpünün yanındakı qoz ağaclarına qonan qarğalara baxmağa getdi.

 

Günlər bir-birini qovdu. O uşaq universitetə girdi, təhsil almaq üçün uzaq ölkələrə getdi. Universitetdə oxuyarkən həm də yazı-pozu ilə məşğul oldu, hekayələr yazdı. Havayı deməmişlər, tülkü gəzib-dolaşar, qayıdacağı yer kürkçü dükanı olar. O da tətildə yenidən öz kəndinə gəldi. Yaxın qonşuları ilə görüşdü. Birlikdə ərik ağacının altına yığışdılar. Hal-əhvaldan, xoş-beşdən sonra həmişəki kimi yan tərəfdəki yenə qonşusundan gileyləndi.

 

- Sən balacaydın, o illəri xatırlamazsan. Həcc ziyarətinə gedirdim. Toyuqları gəlib bağıma girdi. Mən onu çağırıb dedim, bax, belə olmaz, qonşu. Ancaq baxçada üstümə gəldi. Əlimə bir daş götürdüm, az qaldım vuram. Həccə gedəcəyimi xatırladım. İllərlə xanımımla növbəyə yazıldıq, gözlədik, çoxlu pul-para ödədik, indi bunu vursam, məhkəməyə verəcək, həcc ziyarətinə gedə bilməyəcəkdik. Allahdan olan kimi, araya da girdilər. Mənə, etmə, eləmə, dedilər. Mən də davanı buraxdım. Hərçənd dava mənim bağçamdaydı, vursam da, bir şey olmazdı. Şəxsi mülkümdə təcavüzdü, deyərdik.

 

- Xeyr, vursan, o iddiaçı olmasa da, səni cinayətə cəhdə görə məhkəməyə verəcəkdilər. Son hadisəni eşitmədiniz? Bir nəfər o birinə çəki daşını atmış. Adam şikayət etmədi. Amma öldürməyə cəhd davası açdılar. Üç il verdilər, indi həbsdədi. Yəqin iki il azadlıqdan məhrum edər, türmədə yatardın. Qəzəb ağılın bəlasıdı.

 

- Sən son hadisəni, deyirsən, ancaq bizim əhvalat neçə il əvvəl olub. Yəni onda mənim belə şeylər haqqında məlumatım yoxdu.

 

- Neçə il əvvəl olsa da, qanun hər zaman qanundu. Sonrasından gözləmək lazımdı.

 

Bir tərəfdən qonşu qonşusu ilə çay içir, digər tərəfdən gözünün ucu ilə qonşusunun bağçasında işləyən qonşuya baxırdı. Sonra icazə istədi və qalxıb evinə getdi.

 

İllər illəri qovdu, bu hadisə keçmişdə yerini aldı. Yüzə nərdivan dirəyən yaşca böyük qonşu rəhmətə getdi. Hamı onun ölüm xəbərini eşitdi. O zaman yazıçı da kənddəydi. Dəfndə iştirak etmək üçün məscidə getdi. Cənazə namazı qılındıqdan sonra imam camaata "Mərhum necə adamdı?" deyə soruşdu. Tabii, həmişəki kimi hamı "Yaxşı adamdı", dedi. Yazıçı, artıq kifayət qədər yaşlaşmış digər qonşusunu görə biləcəyi bir yerdə dayanmışdı. O anda ona baxdı. Bundan xəbəri yoxdu. O da başını aşağı salıb "yaxşı adamdı", dedi.

 

Sonra mərhumu qəbristanlığa aparıb dəfn etdilər. Yazıçı da, o qonşu da üç gün ərzində yas yerində oldular. Burda yanında oturan qonşu yazıçıya mərhumla həyatdaykən etdikləri başqa bir davanı danışdı.

 

Sən o zaman xaricdəydin. Eşitmədyin o əhvalatı sənə danışım. Barışdığımız, mehriban olduğumuz günlərdən biriydi. Bostanıma gəldi, məndən petruşka və bibər istədi. Petruşka və bir az da bibər verdim. Bir az da Hatay bibərindən istədi. Nə qədər xanımım onu turşuya qoyacaq desəm də, əl çəkmədi. Mən də hirsləndim. Acgözlüyündən doymursan, dedim. O da üstümə gəldi, sonra deyinə-deyinə çıxıb getdi. Bibərləri də apardı. Mənimlə dalaşırsan, pisləşirsən, barı bibərləri aparma. Nə isə, bu da keçib getdi. Bax, indi rəhmətliyin yas yerindəyik.

 

Başını bir az irəli əyərək danışan qonşusu təkrar ona tərəf baxdı. "Sən yazıçısan, hekayələr yazırsan. Mənim haqqımda da bir hekayə yaz", dedi. Yazıçı da ona "Yaxşı, yazaram", deyib söz verdi.

 

Üç günlük yas bitdi, hamı yenə öz qayğılarına qatıldı. O yay tətili də sona çatdı. Yazıçı yenidən qürbət ellərdə çalışmağa getdi. İllər illəri qovdu. Bir gün qürbətdə o qonşusunun da rəhmətə getdiyini öyrəndi. İsti bir avqust günü tətilini keçirmək üçün yenidən kəndə gəldi. Qonşunun dəfnində iştirak edə bilməmişdi. Evdə anası ilə birlikdə qəhvə içirdilər. Ordan-burdan danışdılar. Arada bir qonşunu da yada saldılar.

 

- Ana, o qonşumuz harda dəfn olundu?

 

- Həmişə dalaşdığı qonşusunun yanında.

 

- Vay bə, sən bir işə bax! Demək, orada da qonşu olmuşlar?

 

- Bəli, qəbristanlıqda o yer daha münasibmiş, qəbrini orda qazmışlar.

 

- İnşallah, torpağın altında dalaşmazlar.

 

Qəhvəsini içib qurtardı. Axşama qədər bağçadakı daşları əl arabasına doldurub hasarın dibinə daşıdı. Gecə yarısına qədər qonşusunu düşündü. Sabah onun qəbrini ziyarət etmək fikrindəydi. Ancaq ona bir söz vermişdi: onların əhvalatını yazacaqdı. Sağkən o hekayəni yaza bilməmişdi. Verdiyi sözü yerinə yetirməliydi. Gecə yarısı durub divanda uzandı. Keçmişdən xatirə olaraq qalan o illəri yenidən xəyalında canlandırdı. Qalxdı və hekayəni yazmağa başladı.

 

Kompüterdə yazdığı hekayəni bitirib printerə ötürdü. A4 kağızlarda üzünü çıxartdı. Ertəsi gün qəbristanlığa getdi. Qonşusuna hekayəni yazacağını və ona oxuyacağını vəd etmişdi. Sağlığında bunu bacarmamışdı. İndi verdiyi sözü yerinə yetirmək istəyirdi. Qəbiristanlıqda yan-yana yatan qonşuların qəbirlərinin yanına keçib çöməldi.Əvvəlcə bir fatihə verdi. Sonra qatlayıb cibinə qoyduğu kağızları çıxardı. İki qəbrin arasına keçdi. İkiniz də eşitməlisiniz, dedi.

 

Xəfif əsən külək hərdənbir güclənir, qəbirlərin üstündəki otları əyir, qəbirlərin torpaqlarını sovururdu. Hekayəni axıra qədər oxudu, sonra cibindən çıxardığı alışqanla yandırdı. Kağızın qaralmış külünü külək hər tərəfə dağıtdı.

 

Aşağı İçme/Cela/K.Maraş

20 Ağustos 2019

 

Ömər  Küçükməhmətoğlu

Türkiyə türkcəsindən çevirən:  Eyvaz Zeynalov

Ədəbiyyat qəzeti.- 2020.- 28 noyabr. S. 23.