Tənqidçi Şəxsiyyəti

 

Sənətdə, ədəbiyyatda, elm sahəsində istedadlar çoxdur. Allah Azərbaycandan maddi sərvətləri əsirgəmədiyi kimi, mənəvi sərvətlərin əsası olan istedad payını da əsirgəməmişdir. Ancaq istedadın çoxluğu bir xalqın böyüklüyü üçün müəyyən meyar olsa da, həlledici meyar sayıla bilməz. Bu istedad şəxsiyyət formulu ilə birləşəndə böyüklüyün meyarına çevrilir. Görkəmli tənqidçi, ədəbiyyatşünas, professor Qulu Xəlilov sözün əsl mənasında şəxsiyyət idi. Təbii ki, onun bir şəxsiyyət kimi formalaşması birdən-birə baş verməmişdir. İlk növbədə, onun xalqsevərliyi, öz xalqının tarixdə yetirdiyi görkəmli şəxsiyyətlərə, Azərbaycan ədəbiyyatına, onun əsrlər boyu yetirdiyi böyük sənətkarlara məhəbbəti əsas rol oynamışdır. Çünki mənsub olduğu xalqa, onun şanlı tarixi keçmişinə, dahi şəxsiyyətlərinə dərindən sevgi bələmədən, ən dar ayaqda belə bu sevgi ilə nəfəs almadan şəxsiyyət olmaq qeyri-mümkündür. İkincisi, bu sevgini əməli işə yönəltmək, öz peşəsiylə xalqa xidmət etmək, onun ən çətin günlərində "mən səninləyəm, əziz xalqım" söyləmək də şəxsiyyətin mənəvi ucalığına dəlalət edir. Üçüncüsü, xalqın da həmin şəxsiyyətə münasibəti də unudulmamalıdır. Qulu Xəlilovu bir ziyalı və alim kimi xalq da sevirdi. O, Azərbaycanın ziyalı mühitində kifayət qədər tanınmışdı, onun sözü, dediyi fikirlər elm üçün, mədəniyyətin, ədəbiyyatın inkişafı üçün faydalı idi. Azərbaycanın bütün şəhər, kənd və qəsəbələrində onu tanıyanlar az deyildi.

1930-cu il noyabrın 20-də - düz 90 il bundan öncə Qərbi Azərbaycanın Sisyan rayonunun Qızılcıq kəndində dünyaya gələn Qulu Xəlilov ailəsi ilə birlikdə Ağdama köçür, burada fəhlə-gənclər məktəbini bitirir və sonra BDU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alır. Və bundan sonra Qulu Xəlilovun ədəbi ömürlüyü başlayır. Elə tələbəlik illərində ictimai fəallığı (Tələbə elmi cəmiyyətinin sədri) və ilk ədəbi-tənqidi yazıları ilə diqqəti cəlb edən Qulu Xəlilovu "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında Tənqid şöbəsinin müdiri kimi işə götürürlər. Sonra APİ-də aspirant, oranı bitirdikdən sonra isə səkkiz il Ədəbiyyat İnstitutunda baş elmi işçi, daha sonra BDU-da pedaqoji fəaliyyət illəri (Jurnalistika fakültəsinin mətbuat tarixi kafedrasının professoru, filologiya fakültəsində dekan), ən başlıcası isə Jurnalistika və Filologiya fakültələri tələbələrinin sevimli müəllimi.

 

Əlbəttə, bu tərcümeyi-hal cizgilərində bəlkə də deyiləsi bir qədər ağır gələn bir məqamı gizlətmək istəmirəm. Qulu müəllim ömrü boyu xəstəlikdən qurtula bilmədi, neçə dəfə ağır əməliyyata məruz qaldı, amma "Yaşamaq istəyirəm" həyat prinsipinə son nəfəsinədək sadiq qaldı, cəmi 65 il yaşadı. Hərdən ədəbi-elmi tədbirlərdə, universitetdə, Yazıçılar Birliyində gördüyüm bu elm fədaisinin və yazıçının - bu Azərbaycan kişisinin bir qədər sərt baxışları ilə rastlaşdığımı unutmuram və bu görüşlərdə onun xəstə deyil, çox güclü bir xarakterə malik olan görkəmi məndə belə bir təəssürat yaradırdı ki, Qulu müəllim qətiyyən xəstə deyil. Və onun çıxışlarını dinləyəndə buna bir daha əmin olurdum.

 

Qulu Xəlilovun vəfatına qədər iyirmi kitabı çap olunub (Ədəbi-tənqidi və nəsr, publisistika kitabları). Amma mətbuatda çap olunan yüzlərlə məqaləsi də buraya əlavə olunsa, görün, bir alimin, yazıçının, publisistin doğrudan da əməksevərliyinə, yorulmadan, gecə-gündüz bilmədən həyatını fanatik kimi yaşadığına heyrət edirsən.

 

Qulu Xəlilov ilk növbədə, tənqidçi idi. Onun tənqiddə və ədəbiyyatşünaslıqda heç kimə bənzəməyən yazı tərzi, üslubu vardı. Bu üslubun komponentlərini araşdıranda üç sözün üzərində dayanmalı olursan: təkcə ədəbi ictimaiyyətin deyil, xalqın başa düşəcəyi sadəlik prinsipi. Bu sadəlikdə əsas meyar elmi təfəkkürün aydınlığı, anlaşıqlı ifadə tərzi idi. İkincisi: məsuliyyət hissi. Təbii ki, bu, tənqidçi üçün ən başlıca kriteriyalardan biri idi. Qulu Xəlilov istər ədəbiyyatın canlı klassiklərindən, istər cavan şair və nasirlərdən, istər ədəbi janrların taleyindən, istərsə də ədəbiyyatın müxtəlif problemlərindən yazanda o məsuliyyət hissini dərk edirdi. Dərk edirdi ki, hər hansı bir məqaləsində dediyi fikirlər (xüsusilə, tənqidi mülahizələr) məsuliyyət tələb edir. Odur ki, sözünü açıq şəkildə, çəkinmədən söyləyə bilirdi. Və üçüncüsü: ədəbiyyata sevgilər. Qulu Xəlilov klassik irsin və müasir ədəbiyyatın bilicisiydi. Əsas o idi ki, Qulu Xəlilov klassika ilə müasirlik arasında mənəvi körpülərin daşıyıcılarından biri idi.

 

Qulu Xəlilovun bir neçə monoqrafiyası var ki, ondan söz açanda həmin monoqrafiyalar göz önünə gəlir və Qulu Xəlilovun tənqidçi-ədəbiyyatşünas obrazı haqqında düşünəndə həmin əsərlərsiz keçinmək olmur. Elə əsərlər ki, onlar Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının inkişafında mühüm rol oynamışdır.

 

"Azərbaycan romanının inkişaf tarixindən" (1973). Hələlik, subyektiv fikrim olsa da, deməliyəm ki, bu monoqrafiyanın alternativi yoxdur. Doğrudur, bu əsər Azərbaycan romanının yalnız ötən əsrin yetmişinci illərinə qədərki dövrün roman mənzərəsini əhatə edir. Ancaq Azərbaycan romanının doğum tarixi, onun dünya romanına niyə gec qoşulmasının səbəbləri, dünya romanı "xəritəsi"ndə bu janrın bir sıra çətin dönəmlərdən sonra özünəməxsusluq qazanması və təbii ki, Azərbaycan romanının Azərbaycan gerçəkliyi ilə bağlılığı ilk dəfə Q.Xəlilovun təhlillərində öz əksini tapır. Əsərə yazdığı son dərəcə maraqlı müqəddiməsini oxumaq kifayətdir ki, Q.Xəlilovun dünya roman praktikasına necə bələd olduğunu görəsən.

 

Həmin monoqrafiyada Qulu Xəlilov Azərbaycan sovet romanının (təbii ki, o dövrün ənənəvi termininə uyğun olaraq) ənənələrini, ideya-məzmununu, tematikasını, süjet, konflikt və xarakterlərini, dil və üslub məsələlərini tədqiq edir.

 

Vaxtilə V.Q.Belinski yazırdı ki: "Romanda, yaxud povestdə surətlər və şəxslər olmadıqda, xarakterlər olmadıqda, heç bir tipiklik olmadıqda - yazıçı nağıl etdiyi əhvalatları naturadan nə qədər doğru və səylə köçürmüş olsa da, oxucu burada heç bir naturallıq tapmaz, düzgün duyulub göstərilmiş, məharətlə tutulmuş heç bir cəhət görməz" - Qulu Xəlilovun Azərbaycan romanı ilə bağlı tədqiqlərində məhz iki amil özünü büruzə verir. Onun təhlilləri əsasən xarakter-obrazların nə dərəcədə həyat hadisələri və reallıqla bağlı olduqlarına və bunun ardınca bədiiliyə (süjetə, ümumən kompozisiyaya, dil-üslub xüsusiyyətlərinə) necə cavab verməsinə yönəlirdi. Əgər belə demək mümkünsə, Qulu Xəlilov, sanki xalqın gözü ilə əsərlərin qəhrəmanlarına nəzər yetirirdi və yaradılan qəhrəmanların doğru-dürüst əks olunmasını da bu meyarla qiymətləndirirdi. O, Süleyman Rəhimovun şəxsində "Azərbaycan nəsrinin ağır artilleriyası"nı çox sevirdi, deyək ki, "Şamo", "Saçlı", "Mehman" əsərlərinin ən obyektiv təhlilləri məhz Qulu müəllimə aiddir. Həm də yazırdı ki: "Sənətdə səmimiyyət böyük məziyyətdir. S.Rəhimovun əsərlərində nə qədər qüsur olsa da, bunlar böyük və yaradıcılıqda həqiqətə sadiq qalan səmimi sənətkarın nöqsanlarıdır". Eyni zamanda deyə bilərik ki, Mirzə İbrahimovun "Böyük dayaq" romanı ilk dəfə, özü də geniş aspektdə Q.Xəlilovun təhlilində öz əksini tapır və təbii ki, əsərin nöqsanlarına da münasibətsiz keçinmir. Sabir Əhmədlinin yaradıcılığı haqqında da ən obyektiv, indinin özündə də aktuallığını qoruyan məqalənin də müəllifi Q.Xəlilovdur. "Zirvəyə qalxan araba" məqaləsində S.Əhmədlinin romanları haqqında ən maraqlı, düşündürücü təhlillərin müəllifi də Q.Xəlilovdur. Burada Q.Xəlilovun bir tənqidçi kimi ədəbi portret yaradıcılığını xüsusi qeyd etmək lazımdır. M.P.Vaqif haqqında "Görkəmli realist sənətkar", "Mayakovski barədə bir neçə söz", S.Rəhimov haqqında "Dağ vüqarlı sənətkar", S.Rüstəm haqqında "Şərəfli ömür yolu" yazıları tənqidin bu janrında maraqlı nümunələridir. Onun 1960-cı ildə çap olunan "Rəsul Rza" monoqrafiyası da əslində, ən mükəmməl ədəbi portret ustalığını sübut edir.

 

Qulu Xəlilovun "Vaqif" pyesi və tarixi dram janrı" monoqrafiyasına gəldikdə, deyə bilərik ki, o bu əsərilə S.Vurğunun məşhur pyesinin janrı ətrafında mübahisə doğuran məsələlərə son qoydu. Sübut etdi ki, "Vaqif" pyesi məhz qəhrəmanlığı əks etdirən, xalqın yenilməz gücünü ümumiləşdirən bir dramdır. Səməd Vurğun deyərdim ki, Qulu müəllimin idealıydı.

 

Qulu Xəlilovun "Tənqidçilik çətin peşədir" (1986) məqalələr kitabı isə zənnimcə, həm simvolik, həm də real məna daşıyır. Niyə tənqidçilik çətin peşədir? Bunun cavabını onun "Ədəbi tənqidimizə aid qeydlər" məqaləsində axtardıq: "Hər şeydən əvvəl demək lazımdır ki, uzun zamandan bəri ədəbiyyatımızda ədəbi tənqidə qarşı elə bir etinasızlıq vardır ki, tənqid ədəbiyyatın mühüm bir sahəsi, janrı kimi deyil, ikinci, üçüncü dərəcəli bir növü kimi sıxışdırılıb lap arxa plana keçirilmişdir. Ayrı-ayrı yazıçıların, təşkilatların, redaksiyaların tənqidə olan pis və ağayana münasibəti tənqidin cəsarətini, prinsipiallığını öldürmüş, onu üzüqara, fərasətsiz, yetim, yad bir övlad vəziyyətinə salmışdır. Tənqid yazan adamların bəzən mükafatı təhqir, qaba sözlər olmuşdur. Tənqidçi nəinki müdafiə olunmamış, ruhlandırılmamış, əksinə, tərksilah olunmuş, qəlbinin, ilhamının odu söndürülmüşdür". Bu fikirlər sovet dövründə - əllinci-altmışıncı illərdə ədəbi tənqidə qarşı haqsızlıqların baş alıb getdiyi acı reallıq idi. Amma tənqidçilik həm də ona görə çətin peşədir ki, (həm o zaman, həm də indi) V.Q.Belinskinin ifadəsilə desək, belə nadir şəxslərdə ağıl, istedad, cəsarət, ədəbiyyata əsl sevgi, obyektivlik xüsusiyyətləri birləşməlidir. Qulu Xəlilov da məhz bu tənqidçilərdən olmuşdur.

 

Tənqidçi ədəbi prosesin içində, cərəyan edən bütün hadisələrin mərkəzində olmalıdır və Qulu Xəlilovun timsalında biz bunu görürdük. Olurdu ki, onun bəzi məqalələrində subyektiv fikirlər də diqqətdən yayınmırdı, amma bu da tənqidçi "mən"inin ifadəsiydi. Ancaq mübaliğə olmasın, Qulu Xəlilovun heç bir yazıçının yaradıcılığı və ədəbiyyatda az-çox ədəbi hadisəyə çevrilən əsərlərin heç biri onun tənqidçi nəzərindən yayınmamışdır. Baxın: "Gənclik və müasir həyat" - bu yazıda o, altmışıncı illərdə ədəbiyyata gələn şair və nasirlərin əksər qismi haqqında öz sözünü deyib, Sabir Rüstəmxanlının, Eldar Baxışın, Seyran Səxavətin, Zəlimxan Yaqubun tənqiddə yaxşı mənada ilk himayəçisi və havadarı Qulu Xəlilov olub. Onların yaradıcılığındakı irəlici meyilləri vaxtında qiymətləndirib. O, ədəbi gəncliyin dostu idi.

 

Bu yazıda mən Qulu müəllimi ancaq bir tənqidçi-ədəbiyyatşünas kimi səciyyələndirdim. Amma Qulu Xəlilov çoxcəhətli yaradıcılığa malik bir insan idi. O, bir neçə nəsr əsərinin (xüsusilə "Yaşamaq istəyirəm" romanı oxucuların sevə-sevə oxuduğu əsərlərdən biri idi, həmçinin "Atam və mən", "Ömrün baharı" romanları), xeyli publisistik məqalələri, mətbuat tariximizlə bağlı mühazirələri bu çoxcəhətli yaradıcılığın ayrı-ayrı parçalarıdır.

 

Qulu Xəlilov o sağlam olmayan cismi ilə Azərbaycan ədəbi fikrinə sağlam bir ruh, cəsarətli fikirlər, özünün tənqidçi üslubunu gətirdi. Qulu Xəlilov imzasını əbədiləşdirdi.

 

Vaqif YUSİFLİ

Ədəbiyyat qəzeti.- 2020.- 28 noyabr. S. 24.