Yaddaşımızla
yaşadıqlarımız arasında
Dönüb öz keçmişimizə baxmağa, on
illər boyu bizi məğlubiyyətlə barışmağa
qoymayan mənəvi dayaqları və dəyərləri
görməyə, onları qoruyub saxlamağa həmişə
ehtiyacımız var və bundan sonra da olacaq. Bu gün fəxrlə
deyə bilərik ki, Qarabağın azadlığı
uğrunda Vətən Müharibəsində bizi qələbəyə
qovuşduran ən güclü amillərdən biri tükənməz
enerji mənbəyi olan yaddaşımız oldu. Yaddaşdan gələn dəyərləri qiymətləndirmək
baxımından Zemfira Məhərrəmlinin Qarabağ
müharibəsində nəsillərə nümunə olacaq rəşadətlər
göstərmiş qəhrəman qadınlara həsr etdiyi hekayələr
müstəsna tərbiyəvi əhəmiyyət
daşıyır.
Z.Məhərrəmlinin
hekayələri ayrı-ayrı səhnələri və
simaları hələ gözümüzün önündən
çəkilməmiş yaxın tariximizin ruhunu, o tarixin
içindən keçən, onu yaradan insanların iç
dünyasını, sarsıntılarını
canlandırır, yaralanmış yaddaşımızla
yaşadıqlarımız arasında körpü salır...
Bu əsərlərin böyük əksəriyyəti sənədli
hekayələrdir. Ümumiyyətlə, Zemfira xanım
öz yaradıcılıq təyinatına və təcrübəsinə
görə publisistikaya daha çox bağlıdır.
Onun konkret insanların həyatını, tərcümeyi-halını
"bədiiləşdirilməsi", ayrı-ayrı fakt və
hadisələrə poetik nəfəs verilməsi isə
zamanın sınağından çıxmış bir həqiqətə
əsaslanır: qədim yunan müdriki Aristotel poeziyanı,
başqa sözlə, bədii söz sənətini tarixdən
daha fəlsəfi və daha ciddi hesab edirdi. Çünki
tarix baş verən hadisələri ayırır, xüsusiləşdirir,
poeziya isə ümumiləşdirir, zamanın fövqünə
qaldırır.
Mövzusu və qəhrəmanları real həyatdan
götürülmüş hekayələrin bədii təqdimatı
müəllifin yaradıcı düşüncəsinin məhsulu
olduğu üçün bu yazılar müharibənin və
insan talelərinin publisistikanın əhatə dairəsinə
sığışmayan daha geniş və ümumiləşdirilmiş
mənzərələrinə işıq salır.
Bu hekayələrin mənəvi enerjisi ilkin yaddaşdan,
əxlaq və davranışların ölməz
qaynaqlarından gəlir. "Qırxqız dastanı" adlanan kitabın
adı kimi burada toplanmış hekayələrin sərlövhələri
də yaddaşınıza səslənir: "Ağ atlı
qız", "Qırxqızın qırx birincisi",
"Rəhilə və Həsən Qorxmaz əfsanəsi"...
Zemfira xanımın hekayələrində müharibə
başlayanda hələ zamanın bərkindən-boşundan
çıxmamış, həyatın astanasında olan təcrübəsiz
gənclər milli yaddaşın
daşıyıcıları kimi təqdim olunurlar. Yaddaşın
daşıyıcısı olmaq isə təhsillə, tərbiyə
ilə bağlı deyil: qandan gələn əzəli keyfiyyətdir.
Kökləri
qədimlərə uzanan yaddaş bəzən müəllifi
və qəhrəmanları özlərinin belə
ağlına gətirmədiyi, lakin hamıya tanış
və doğma olan sonsuz ənginliklərə aparır. Dildəki simvola çevrilmiş ayrı-ayrı ifadələr,
söz və anlayışlar bədii mətndə yenidən
doğularaq əzəli mənalarını "dirildir".
Analitik psixologiya elminin yaradıcılarından olan Karl Qustav
Yunq belə hesab edirdi ki, söz və ya təsvir özlərinin
aşkar və birbaşa mənaları ilə müqayisədə
daha çox məna kəsb edərək rəmzi mahiyyət
daşıyır: "Sözlər və təsvirlər daha
geniş "şüurdanxaric" aspektə malikdir ki, bu
aspekti hər zaman dəqiq müəyyənləşdirmək
və ya izah etmək olmur".
Zemfira xanım gənc qəhrəmanlarının
xarakterindəki yaddaşdan gələn və rəmzi mahiyyət
kəsb edən dəyərləri izah və sübut etməyə
çalışmır. Bunları obrazlar vasitəsilə göstərməyə,
əyaniləşdirməyə üstünlük verir və
mənə elə gəlir ki, hekayələrin uğurunu və
əhəmiyyətini, ilk növbədə, burada
axtarmalıyıq. Qarabağ müharibəsinin və
"Ağ atlı qız" hekayəsinin qəhrəmanı
Nərmin Abbasquliyevanın bədii obrazının ağ at üstündə təqdim edilməsi
yaddaşımızda əbədi yaşayan ağ atlı
oğlan obrazı ilə paralellik yaradır. Bununla
da Nərmin haqq uğrunda mübarizənin, qara qüvvələrlə
döyüşün əbədi simvolu kimi maraq doğurur.
Ağ at və ağ atlı
obrazlarının mənşəyində qaranlığa qalib
gələn işıq rəmzi dayanır.
Yaddaşımızdakı Ağ atlı oğlanın da,
Qarabağ müharibəsində döyüşən Ağ
atlı qızın da yolu qaranlıqla, qara qüvvələrlə
döyüşməkdən, işıq uğrunda, haqq
uğrunda mübarizə aparmaqdan keçir. Mifoloji təsəvvürlərə
əsasən, ağ at, hətta o
dünyada, əbədi yolçuluqda da öz süvarisini
müşayiət eləyir, onu ölməzliyə aparır.
"Əbədiyyət nəğməsi" adlı
kiçikhəcmli poetik etüdün qəhrəmanı
Qaratel Hacımahmudovanın obrazı insan şüurunun alt
qatında yaşayan yurd, torpaq arxetipi ilə səsləşir. Hələ sağ ikən cəbhədəki
rəşadətləri dilə-ağıza düşüb əfsanələşən,
son nəfəsinə qədər misilsiz qəhrəmanlıqlar
göstərib döyüşən və döyüş
meydanında qəhrəmanlıqla həlak olan Qaratelin
varlığı və adı torpaq kimi əbədiyyətin
simvoluna çevrilir. "Təkcə sözlə
yox, əməlinlə, ən odlu yerlərə
atılmağınla sübut edirdin ki, Vətəni yalnız
sinəsində torpaq məhəbbəti ilə döyünən
ürəyi olanlar qoruya bilərlər. Sən
bunu öz ölümünlə də təsdiq etdin".
Zaman ilə ayrı-ayrı janrlar arasında müəyyən
bağlılıq olur və bir çox hallarda janr zamanın
səsi kimi çıxış edir. Müharibə
dövrü də istisna deyil. Məsələn,
müharibənin "yaradıcılığında"
şayiələr daha geniş yer tutur. Bununla
yanaşı, müharibə həm də öz miflərini, əfsanələrini,
nağıllarını yaradır. Biz bunu
Z.Məhərrəmlinin hekayələrində də
görürük. Tovuzun Qədirli kəndində,
sadə bir ailədə dünyaya göz açan Rəhilə
ilə Qubadlının Tarovlu kəndindən olan Həsən əfsanəsi,
sanki yazıçı iradəsinin fövqündə
yaranıb. Bu əfsanənin yaradıcısı məhz
müharibədir və müəllif həmin əfsanəni
bizə təqdim etməklə müharibənin daha sərt və
daha amansız simasını canlandırmağa nail olub.
Bir-birini döyüşlərin odu-alovu içində,
ölüm saçan güllələrin, mərmilərin
altında seçən talelərə müharibə öz istədiyi məzmunu
və şəkli verir. Bölük komandiri olan Həsəni
düşmən cəbhəsindən snayper nişan
alanda əsgər yoldaşı Qorxmaz öz sinəsini
komandirinə sipər eləyib şəhid olur. "Həsən isə sədaqətli
döyüşçü dostunun xatirəsini əbədiləşdirmək
üçün o gündən "Qorxmaz" ləqəbini
götürdü".
Sonradan Qorxmaz adı ölümün qarabaqara izlədiyi
mistik mahiyyət qazanır. Həsən Qorxmaz Yuxarı Cibikli kəndi
uğrunda döyüşdə ağır mərmi
yarasından həlak olur və bu adı Rəhilə
özünə ləqəb götürür. Başına
Həsənin qara şəridini bağlayaraq səngərdən-səngərə
atılan Rəhilə Qorxmaz Cibikli kəndi düşmənlərdən
azad edilənə qədər kişilərlə
çiyin-çiyinə döyüşür. Amansız ölüm növbəti Qorxmazı - Rəhiləni
də sona qədər təqib eləyir. 23 yaşlı
Rəhilə Qorxmaz 1993-cü il iyulun 31-də
Qubadlı torpağında qanlı döyüşlərin
birində şəhid olur. Bir-birini təqib edən və
tamamlayan bu amansız dram - qəhrəmanlıq ilə
ölümün münaqişəsi isə XX əsrin,
şahidi olduğumuz tarixin yaddaş abidəsinə
çevrilir: "Ölümü ilə sevgisinə
qovuşan bu iki gəncin bitib-tükənməyən yurd
eşqindən, igidliyindən rəvayət söyləyir, əfsanə
danışırlar. Nakam məhəbbətin tərcümanı
olan Rəhilə və Həsən Qorxmaz əfsanəsini".
Yer adları yaddaşın zamanla dialoqunu qurmağa qadir
olan ən maraqlı dil abidələridir. Müharibə
yer adlarının da gizli saxladığı mənaları fəallaşdırır,
onların təyinatını özünə qaytarır.
Bu mənada, yaxşı günlərdə
zamanla romantik dialoq quran yer adları torpaq dara düşəndə
öz mənasının əslinə qayıdır,
yaddaşın çağırışını səsləndirir.
Məsələn,
Qırxqız yaylağı dünyanın dinc vaxtında məşhur
bir mahnıda romantik sevgi ünvanı kimi anılırdı:
Gedək
Qırxqız yaylağına,
Maral-ceyran
oylağına,
Enək
İsa bulağına...
Vətənin ölüm-qalım günündə isə
Qırxqız yaylağının adı torpağın
üstündə yaşayanlara uzaq keçmişimizin
ismarladığı çağırışa çevrilir. Beləliklə,
torpaq ona verilmiş adlarla, adların
daşıdığı mənalarla, rəmzləri
özündə qoruyan əfsanələrlə ayağa durub
müharibədə iştirak edir. Bu baxımdan, Zemfira
xanımın "Qırx qızın qırx birincisi"
hekayəsində Qırxqız dağı haqqında əfsanəyə
müraciət etməsi mənəvi yenilməzlik dəyərlərinin
canlandırılması, "işə salınması"
kimi uğurludur: "Qədim
zamanlarda bu ərazilərə basqınlar olanda ərənlər
son nəfəslərinədək vuruşublar. Elin igid qızları
da ox atmağı, qılınc oynatmağı bacarıblar.
Bir gün qanlı savaşda qarı düşmən
başı dəbilqəli xanımların da öz məmləkətinə
yiyə çıxdığına heyrətlənmiş,
onları əsir götürmək istəmişdi. Pusquya düşdüklərini anlayan qızlar
özlərini dərin uçurumlara atmış, öz namus
və heysiyyətlərini qorumuşdular. O vaxtdan bu
dağa Qırxqız dağı deyirlər".
Bu əfsanəni yaradan və özündə saxlayan
yaddaş bir-birini əvəz eləyən nəsillər
arasında estafet rolunu oynayır. Adda
yığılmış enerji zamanı gələndə hərəkətə
gəlir və öz tarixi missiyasını yerinə yetirir.
Qırxqız əfsanəsi təhsilin, tərbiyənin,
kitabın gördüyündən daha böyük iş
görür.
Ağdam zəfəri ilə bağlı Türkiyənin
"Haber Global" televiziya kanalına müsahibə verən
jurnalist Məhsəti Şərif ibrətli bir hadisə
danışdı. Onların ailəsi mühasirədə
olan Ağdamı son tərk edənlərdən olub. Məhsətinin atası maşındakı
qızların hərəsinə bir əl qumbarası verib
tapşırır ki, düşmənə əsir
düşmək ehtimalı yaransa (bu ehtimal çox
güclü idi), qumbaraların fitilini çəksinlər.
Məhsəti xanım vurğuladı ki, qızlar heç bir
tərəddüd etmədən hər an
fitili çəkməyə hazır idi...
O vaxt on
yeddi yaşında olan Məhsəti bu hekayəni
danışanda mənim yadıma düşən
"Qırxqız əfsanəsi", eləcə də Zemfira xanımın bu əfsanəyə verdiyi bədii
yozum oldu...
"Qırx
qızın qırx birincisi" kimi təqdim edilən Səma
ölümü düşmən əsirliyindən uca tutan,
adlarını bildiyimiz və bilmədiyimiz onlarca Azərbaycan
qadınından biridir: "Bu gecə əvvəlkilərə
bənzəmirdi. Səma gözləri yollarda qalan anasına
son məktubunu yazırdı: "Əziz anam, köç
edirəm. Amma bu, sizin köçməyinizdən
fərqlidir. İnanıram ki, siz nə
vaxtsa doğma el-obamıza qayıdacaqsınız. Mənimki isə ağır bir yol, əbədiyyət
köçüdür. İstəyirəm
biləsən ki, sənin qızın qardaşlarının
yanına "girov" damğası ilə qayıtmaq istəmədi".
Burada diqqəti
çəkən mühüm bir motiv var: əsir kimi
yaşamaqdan şərəfli ölümü üstün
tutan Səmanın el-obaya qayıtmaq ümidi və inamı. Zemfira xanımın hekayələrinin personajları
həlak olsalar da, onlar heç vaxt qələbə
ümidini, düşmənin ələ keçirdiyi
torpaqlarımıza yenidən qayıtmaq inamını itirmirlər.
Bu həm də müəllifin və Azərbaycan xalqının
itirmədiyi ümidi idi...
Şərəfli
ölümündən sonra Azərbaycan Respublikasının
Milli Qəhrəmanı adına layiq
görülmüş Gültəkin Əsgərovanı
ictimaiyyət daha yaxından tanıyır. Bir vaxtlar onun haqqında
çoxlu yazılar nəşr olunur, televiziya və radio
verilişləri hazırlanırdı...
"Şuşa Gültəkini" hekayəsinin qəhrəmanını
isə bizə Z.Məhərrəmli tanıdır. Əsərin
finalında "hekayə içində hekayə" kimi təqdim
olunan epizod Gültəkinin təsəvvürümüzdə
olan obrazını bütövləşdirir, bu qəhrəman
qadının içindəki böyük insanın kimliyi
açılır. Müharibəyə
getməzdən əvvəl təcili yardım məntəqəsində
həkim işləyən Gültəkin gecə
çağırışa gəlir və xəstəyə zəruri
tibbi yardım göstərir. "Ertəsi
gün səhər tezdən həmin mənzilin qapısı
yenidən döyüldü. Dünən gələn
həkim idi. O bu dəfə
çağırışsız, ürəyinin istəyi, odu
ilə gəlmişdi.
- Gecə
növbəsini başa vurub evə gedirdim. İstədim
biləm xəstəmizin vəziyyəti necədir? - deyə soruşmuşdu.
O
qarlı gündə təbib köməyinə ehtiyacı
olan xəstə - bu sətirlərin müəllifi, mehriban,
qayğıkeş, təmənnasızlığı ən
ali məziyyət sanan həkim isə oxuduğunuz sənədli
hekayənin qəhrəmanı Gültəkin Əsgərova
idi...".
Bu epizod Zemfira xanımın nəsr
ustalığının da səviyyəsini müəyyənləşdirir.
Nəsr poetikasının mükəmməlliyi
baxımından Z.Məhərrəmlinin maraqla oxunan əsərlərindən
biri "Oğul dağı" hekayəsidir. Müharibəyə getməzdən
əvvəl şəxsi həyatında təlatüm yaşayan
Nurcahan Hüseynovanın keçdiyi cəbhə yolunu,
yaşadığı müharibə təcrübəsini,
müharibədə gördüyü dəhşətləri
bədii sözə yerləşdirmək çox çətindir.
Ananın döyüş meydanında şəhid
olmuş doğma oğlu Elxanın cəsədi ilə
qarşılaşması müharibənin qanlı əsərlərindən
biridir. "Elxan başına dəyən
ağır zərbədən həlak olmuşdu. Qəlpə başın arxasından keçib
gözünü tökmüşdü. İlahi!.. Ana üçün bundan da ağır mənzərə
ola bilərdimi? Nurcahan donub
qalmış, sanki daşa dönmüşdü. Ürəyinin
başı göynəsə də, ağlaya
bilmirdi"...
"Oğul dağı"nda Azərbaycanın
müharibə tarixinin amansız üzü epos poetikasına
xas sərt detallarla işıqlandırılıb. Bu hekayədəki
ana obrazı da Qırxqız əfsanəsi kimi
yaddaşımızın həmişəyaşar abidələrindən
biridir.
Z.Məhərrəmli
"Oğul dağı"nda torpaqları işğal
altında olan bir ölkənin insanlarının müharibə
ağrılarının epik lövhələrini göstərməyə
nail olub. Müharibənin əsl üzü də elə budur:
analara oğul dağı çəkdirmək!..
Böyük ədəbiyyatın missiyası isə
torpağın və anaların sinəsinə çəkilən
dağı canlandırıb əyaniləşdirməkdir.
Müzəffər Ordumuzun şanlı qələbəsi
sayəsində biz indi tariximizin tamamilə fərqli
qütbündə yaşayırıq. Bu qələbə həm
dövlətimizin və millətimizin qarşısında yeni
üfüqlər açır, həm də insanlarımızın
iç dünyasına, psixologiyasına intibah, yenidən
doğuluş işığı salır. Heç
şübhəsiz ki, qarşımızda açılan
geniş üfüqlərdə qalib millət mövqeyini ifadə
edəcək ədəbiyyatımız fərqli poetik rənglər
və çalarlar qazanacaq, mənəvi
varlığımızı bütün zənginliyi, incəlikləri
ilə əks etdirəcək, yaşayıb şahidi
olduğumuz tarixdəki təzadları göstərməkdən
çəkinməyəcək.
Mənəvi
intibahımızdan doğulacaq yeni keyfiyyətli ədəbiyyatın
içində mən Zemfira xanımın da səsini
eşidirəm...
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.-
2020.- 28 noyabr. S. 26-27.