Tanrının evi - Türk Qarabağ və
Bir hilal uğruna batan günəşlər...
Azər TURAN
Üçrəngli
bayrağımız nə 1918-ci ildə, nə də 1992-ci ilə
qədər Qarabağda dalğalanmayıb. Buna tarixi
fürsətimiz olmayıb.
İndi o, ilk dəfədir ki,
Qarabağ səmasında dalğalanır…
Bəlkə də yüz ildən
çoxdur ki, Şuşa məscidinin minarəsində
azan verilmirdi.
İlk dəfədir ki,
Gövhər Ağa məscidinin minarəsindən azan səsi
eşidilir.
Üçrəngli Azərbaycan
bayrağının da, o azanın da yolunu Qarabağa Vətən
müharibəmiz açdı.
Şuşa qalasına bayrağı əsgər
sancdı!
Şuşa məscidində azanı əsgər
verdi!
***
Vətən müharibəmiz
Dağlıq Qarabağın nəinki ermənilərin xəstə
təxəyyülünün bəhrəsi olan respublika, hətta
1923-cü ildə Sovet İttifaqı K(b)P
MK Qafqaz Bürosunun plenumunda uydurulmuş muxtar vilayət
statusunu heçə sayan siyasi sənədin
imzalanmasını təmin etdi. Ermənistan alçaldı və
məğlub edildi
Qarabağı rəsmən
Dağlıq və Aran hissələrinə bölən təsəvvür
siyasi düşüncəyə nə vaxtdan daxil olub? 1921-ci ilin 4
iyulunda Qafqaz Bürosunun plenumundan qabaq Dağlıq Qarabağ
anlayışı mövcud olubmu? Ermənilərin
"yaylaq bizim olsun, qışlaq sizin" deyə
Qarabağın dağlıq hissəsinə iddiası
hansı məntiqlə yaranıb?
1906-cı ildə Tiflisdə
canişin Vorontsovun sədrliyi ilə keçirilən Erməni-Azərbaycan
konfliktinə həsr olunmuş ilk konfransda da ermənilər
bu iddia ilə çıxış etmişdilər. Niyə məhz
Dağlıq Qarabağ? Hətta
"Qarabağnamələr"də də Dağlıq
Qarabağ istilahı heç bir halda görünmürsə,
hətta 1906-ci ilin fevralında keçirilən həmin
konfransda onlar Qarabağda yalnız dağ əhalisi deyilən
bir zümrəni təmsil edirlərsə, bəs o zaman
Dağlıq Qarabağ təbiri hardan meydana
çıxdı? Və bu ermənilər
nə zamandan Qarabağın dağ əhalisi oldular?
İki yüz ildən öncəki tarixin bu suala cavabı
yoxdur… Tarixin cavabı başqadır. Tarixin cavabı türkcədir. Məsələn,
ən qədim sivilizasiya örnəklərindən olan 2500
yaşlı Pazırıq xalçası da Qarabağda
toxunulubsa və təbii ki, özündə sak-iskit
dövrünün əlamətləri və türk-oğuz
yaddaşının bütün tarixi mərhələlərini
və naxışlarını bütövlükdə ehtiva
edirsə, harmoniya və rəmzlərlə dolu elə bir
möhtəşəm sənət abidəsi bəlli bir
müddət ərzində yaylaqda deyil, qışlaqda toxunula
bilərdisə, bəs o zaman niyə ermənilər bu gün
Ermitajda qorunan o xalçaya da "Qarabağda erməni
xalçaçı tərəfindən toxunmuşdur" deyə
iddia etdilər?
Vorontsovun sarayında
keçirilən toplantıdan sonra Əli bəy Hüseynzadənin
yazdığı məqalə barədə ötən
sayımızda bəhs etmişdim.
Həmin toplantıda ermənilər
bizi köçəri adlandırırmış,
"Mşak" qəzetinin redaktoru Kalantar bir az
da irəli gedərək "köçərilik
öz-özlüyündə insanın çox alçaq və
səfil dərəcədə olmasına dəlalət edir. Ancaq qeyri-mədəni xalqlar köçəri
olur" - demişdi.
Qafqazda erməni
varlığını hesaba almayan Hüseynzadə Qafqazın
keçmişini Azərbaycan türkləri ilə
yanaşı, gürcülərin, çərkəzlərin
və ləzgilərin simasında dəyərləndirirdi və
elə həmin günlərdə yazdığı başqa
bir məqaləsində "Bu məmləkətin
ab-havasında hürriyyət rayihəsi vardır, bu xalqın
açıq alnında hürriyyət nuru bərq vurur, bu
camaatın xilqət və təbiətində bir hürriyyət
işığı gizlənib!.. Məncə, Qafqaz türkləri türklərin ən
hürriyyətpərəstidir. Köçəbəliyi
ona qəbahət biliyorlar. Ah! O köçəbəlik!.. O köçəbəlik hürriyyət
şövqünün böyük bir əlamətidir! Bu məmləkətdə
heç bir qüvvət hürriyyət şövqünü
məhv edəməz! Heç bir cəbr və
təzyiq, heç bir cəfa və əziyyət, heç bir
zülm və sitəm hürriyyət odunu söndürəməz"
- deyərək Kalantarın, Xatisovun, Arutunyanın və hətta
həmin toplantıda Bakı ermənilərini təmsil edən
Muşekyanın, Arakelyanın nüvəsini sancırdı.
1920-ci illərin əvvəllərindən
ermənilərin sovet siyasi leksikonuna sürüdükləri
"Dağlıq Qarabağ" anlayışı
böyük bir mədəniyyətin yaradıcısı olan
tərəkəmə elini "mədəniyyətsiz
köçəri" qismində təqdim etmək, sonralar Azərbaycan
türklüyünün Qarabağdakı
varlığını şübhə altına almaq
üçün idi.
Maraqlıdır, görəsən,
Kalantardan 75 il sonra - 1981-ci ildə yenidən bizi "mədəniyyətsiz
köçəri" adlandıran Zori Balayan Ermənistanın
və dünya erməniliyinin indiki bu məğlub, rəzil,
miskin günlərində hardadır?
Yadıma Xəlil Rza Ulutürkün
35 il əvvəl - 1985-ci ildə Zori
Balayanın "Ocaq" kitabı ilə bağlı mənə
yazdığı məktubu düşür: "Necə
zavallı, necə miskin imiş "Ocaq" yazarı Zori
Balayan. Bəşəriyyətə sazı və misri
qılıncı, muğamatı və xalça
gülzarını, Naxçıvan memarlığını,
Nəsimi və Füzuli xəzinələrini, Vaqif dürdanəsini
bəxş etmiş bir milləti dönə-dönə,
utanmadan, həyasızlıqla "vəhşi",
"barbar", "mədəniyyətsiz köçəri",
"başkəsən" adlandıran, bu cür
başından yekə danışmağa ağız bəhəm
edən zatıqırıq nə qədər dargöz və
cahil imiş! Ədəbi xuliqan, yaxud ədəbsiz dələduz
Zori özünü zora salaraq Oljas Süleymenovun böyük
alim-şair qələmindən çıxmış "Az i Ya" kitabını ləkələmək
üçün necə də dəridən-qabıqdan
çıxır. Türk kainatı ilə rus arasında
ixtilaf yaratmaq, real və qeyri-real ziddiyyətləri
qızışdırmaq, alovlandırmaq qəsdilə
sonuncunun ardından girib ağzından çıxır və
əksinə... Qədim slavyan, o sırada rus mədəniyyətinin
dərin qatlarında aydın və möhtəşəm bir
türk layı var. Oljas Süleymen öz kitabında bu günəş
kimi həqiqətlərin yalnız bir
qığılcımını deyir və bu həqiqət
qığılcımı Zori Balayanı cin atına mindirir.
"Az i Ya" kitabını "Aziyasentrizm"də - Asiya
mərkəzçiliyində, panislamçılıqda,
türkçülükdə ittiham etmək üçün
dəridən-qabıqdan çıxan zavallı türk
respublikalarında əhalinin say artımından, aman Tanrı,
necə qorxur və yeganə nicatını "sovetskiy
narod", "edinıy splav" gerçəkliyində
arayır. Kimisə qızışdırmağa
çalışır ki, bu artan ulusu ümumsovet dəyirmanında
üyüdüb "vahid ərintiyə" çevirsin....
***
Qarabağa müqəddəs
torpaq deyirik. Niyə? Səbəblər
çoxdur. Birini də Xəlil Rza yuxarıda
xatırlatdığım məktubda yazmışdı:
"Qarabağ qədim türkcədə Ulu Tanrı deməkdir".
Qəribədir ki, sufilərin ilk səma ayinləri
də Azərbaycanda - Qarabağ dağlarında - Ulu
Tanrının evində keçirilib. Səma
Qarabağda müsəlmanlaşan (və sufiləşən)
türk şamanlarının ibadət ayinidir. Qədim
şamanist türklərin əvvəlcə
xristianlaşması, daha sonra islamlaşması prosesi də
Turanın hər yerində, o cümlədən Qarabağda,
Oğuz xanın nəvəsi Avşarın ata yurdunda baş verib
və dediyim kimi, tarixdəki ilk səma ayinləri də Konya
ilə eyni vaxtda, bəlkə daha əvvəl, Qarabağda
Qarabağ türkləri arasında görünüb... Mirzə Bala Məmmədzadə demişkən,
"Zamanımızda Qarabağın saz və söz sənətkarlarının
beşiyi halında olması şaman-türk musiqi ənənəsinin
bir davamı sayıla bilər".
***
Qarabağ şəhidləri
Ulu Tanrının dərgahına - Qarabağ dağlarına
merac etdilər. Səsimiz onlara çatırmı? "...Ey şəhid oğlu şəhid, istəmə
məndən məqbər, / Sana ağuşunu
açmış duruyor Peyğəmbər".
Amma əfsus ki, çağdaş
poeziyamız bu qırx dörd gün ərzində şəhidləri
vəcd halında və metafizik bir üslubda, ruhlarının
eşidəcəyi bir dildə əzizləyə bilmədi. Ədəbiyyatımız
millətimizi dünyada tanıda bilməsə də, qırx
dörd gündə ordumuz onu dünyaya təqdim etdi.
Kaş ki, müzəffər Ali Baş Komandanımızın
yanında da Atatürkün çevrəsində olduğu
kimi, azərbaycanlı bir Mehmet Akif Ərsoy olaydı:
Şühəda gövdəsi, bir
baxsana dağlar, daşlar...
O rüku olmasa, dünyada əyilməz
başlar.
Yaralanmış təmiz alnından,
uzanmış yatıyor,
Bir Hilal uğruna ya Rəbb nə
günəşlər batıyor?
Ey bu torpaqlar üçün
torpağa düşmüş əsgər!
Göydən əcdad enərək
öpsə o pak alnı dəyər.
Nə böyüksən ki, qanın
qurtarıyor Tovhidi...
Bədrin arslanları ancaq bu
qədər şanlı idi.
Sənə dar gəlməyəcək
məqbəri kimlər qazsın?
"Göməlim gəl səni
tarixə" desəm, sığmazsın.
... "Bu daşındır" deyərək Kəbəni diksəm başına:
Ruhumun vəhyini duysam da keçirsəm daşına;
Sonra göy qübbəyi alsam da rida
namiylə,
Qanıyan lahdinə çəksəm
bütün əcramiylə,
Lor buludlarla açıq türbənə
çatsam da tavan,
Yeddi qəndilli Sürəyyayı
uzatsam oradan;
Sən bu avizənin altında,
bürünmüş qanına,
Uzanırkən, gecə mehtabı gətirsəm
yanına,
Türbədarın kimi ta fəcrə
qədər bəklətsəm;
Gündüzün fəcr ilə avizəni
ləbriz etsəm,
Tüllənən məğribi
axşamları sarsam yarana,
Yenə bir şey yapa bildim
deyəməm hatırana.
... Sən ki, İslamı
kuşatmış, boğuyorkən hüsran
O dəmir çənbəri
köksündə cırıb parçaladın,
... Ey şəhid oğlu şəhid,
istəmə məndən məqbər,
Sana ağuşunu
açmış duruyor Peyğəmbər.
***
Müharibə günlərində
qalib ordumuzun televiziya ilə yayınlanan döyüş
epizodlarını izlədikcə mən orada ölən ermənilərə
baxa-baxa əziz Təbrizini Daşaltıda itirən Xəlil
Rza Ulutürkün misralarını xatırlayırdım:
"Südəmər balamın ağ boğazında /
Göy ləkələr qoyub o beyni çopur... / Vur, ölən
daşnakdır, insan deyil, vur".
***
Bir az əvvəl
Şuşa məscidindən bir görüntü
yayınlandı. Şuşaya bayraq sancan dünyanın ən
güclü əsgəri 28 illik həsrətdən sonra
Gövhər Ağa məscidinin döşəməsini
süpürürdü...
***
Məfkurəvi müharibəmiz -
Qarabağ savaşı Türk gücünün və
Türk ruhunun zəfəri ilə başa çatdı...
Tanrı türkü
qorusun!
Ədəbiyyat
qəzeti 2020.- 14 noyabr.- S.7.