"Qışa
bir taya şeir yığmışam..."
Qulu Ağsəsin
şeirləri haqqında
Şairin yurd-yuvası işğal
olunanda, taleyinə didərginlik, yurd həsrəti çəkmək
yazılanda o, daha həssas, sözə qarşı diqqətli
olur və bu ağrını, acını uğurla poetikləşdirə
bilir.
Qarabağın gözəlliklərini
yana-yana, ağrı ilə poetik dillə bildirmək Qulu
Ağsəsin əsir yurdu haqda şeirlərinin əsas qayəsini
təşkil edir. Yurd-yuvası işğal olunan, el-obasından,
doğulduğu torpaqlardan didərgin düşən Qulu
Ağsəsin "Şuşa" şeiri onun yaşadıqlarını
poetik ovqatla oxuculara çatdırır:
Özün dağ başına qoyan
şəhərin
ayağın xan kəndi yuyurdu
kürəyinin təri
cıdırda soyuyurdu.
Girməzdi
dumanına gün işığı,
havasına çay
qaşığı.
Qayaları sərxoş idi,
adamları tay-tuş idi,
küçələri tay-keş idi.
Qəbirüstü yazıları
nəğmə kimi oxunurdu,
kolda-kosda tələf olan
qurd-quşu gül qoxuyurdu.
Qəbirüstü
yazıları nəğmə kimi oxunan şəhərin
kol-kosda tələf olan qurd-quşunun gül qoxuması
Q.Ağsəsin doğulduğu torpağa, yurda sevgisinin təzahürüdür. Şəhərin göz
yaşını da ağrı ilə təsvir etmək Qulu
Ağsəsin Qarabağ nisgilini poeziyaya maraqla çevirə
bilmək bacarığından xəbər verir:
Kim idi qalxan o boyda
dağı?
-
yağışdan sallanıb enirdi
qonağı.
...Dağın dizləri əsdi bir
may səhəri
gözünün yaşı
ayağının suyuna qarışdı
şəhərin...
Qulu Ağsəs bu şeirdə may
ayının 8-də işğal olunmuş Şuşanın
gözünün yaşının ayağının suyuna
qarışmasını bildirir.
Doğulub, boya-başa
çatdığı yurdu erməni qəsbkarları tərəfindən
işğal olunan Qulu Ağsəsin şeirlərindəki
Qarabağ dərdi onu yaşayan şairin
ağrı-acısını, kədərini, dərdini
mükəmməl ifadə edir.
İşğal olunmuş yurdu haqda
yazdığı şeirlərdə onu retrospektiv duyğular
bir an da tərk etmir. Bu, əlbəttə,
vətən sevgisindən, onsuz yaşamağın çətinliyindən,
ağrısından irəli gəlir...
Yurdu işğal olunan,
taleyinə didərginlik yazılan Qulu Ağsəsin şeirlərini
hiss və həyəcansız oxumaq mümkün deyil. Doğulduğu torpaq
düşmən tapdağında qalan bir şairin öz hiss və
emosiyalarını bu cür poetikləşdirə bilmək
bacarığı onun vətən həsrətinin şəklini
peşəkar rəssan kimi çəkir.
"Səhər - körpəsidi
doğan Günəşin"
Şeir sevgi, gözəl hisslər qədər
dərdlə, ağrı-acı ilə də assosiasiya olunaraq
poetik ovqatın uğurlu ifadəsinə çevrilir...
Taleyinə yurd həsrəti, vətən
dərdi yazılmış Qulu Ağsəsin başqa
mövzularda yazdığı bəzi şeirlərdə də
şair ürəyinin ağrısı, çəkdiyi həsrət
hiss olunur:
Görsən ki, qaranlıq
çökür aləmə,
Görsən ki, axşamdı...
fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var
rahatlan, uyu...
Qəflətən bir çağa
salar hay-həşir
Səhər - körpəsidi
doğan Günəşin.
Onu ovutmağa tələsər
hamı.
İnsan ağrı,
acılarla üzləşəndə nə
düşünür, nə fikirləşir? Üşümürmü,
titrəmirmi? Q.Ağsəs də belə məqamlarda, yəni
üşüyəndə neyləmək lazım olduğunu
şair təxəyyülü ilə oxucusuna
çatdırır:
Təzədən qaramat basar
dünyanı,
Hanı doğan Günəş?
körpəsi hanı?
...Görsən hər tərəfdən
əlin üzülür,
Görsən üşüyürsən...
yandır özünü...
"Yorğun ağac..."
525-ci Qəzet - Qulu Ağsəsin
şeiri
Zaman-zaman müharibələr,
xəstəliklər insanların həyatına öz mənfi
təsirini göstərib, onlara bu gözəl həyatdan
doya-doya zövq almağa imkan verməyib. Əsrlər,
qərinələr, illər dəyişib. Amma fələyin bu amansız hökmü dəyişməyib.
Yenə bəşəriyyət belə bir
çətinliklə üz-üzə qaldı. Pandemiya bəlası insanların başının
üstünü kəsdirdi. Həmişə
bədii əsərlərdə - nəsrdə, poeziyada
insanların üzləşdikləri bütün əzablar,
çətinliklər kimi belə halların da yer alması
yenə özünü göstərdi. Yazıçılar,
şairlər heç vaxt insanların dərdini, qəmini,
başına gələn bəlaları unutmadıqları
kimi bu dəfə də onları unutmadılar. Qulu
Ağsəsin bu gün insanların üzləşdiyi
koronavirus pandemiyası haqda yazdığı şeirdə bəşəriyyətin
bugünkü bəlası poetik ovqatla ifadə olunur:
- Əgər doğrudan sevirsənsə,
şərtim budur:
çəkilək bir hücrəyə,
amma məndən uzaq dur...
Sabun köpüyü partlatsın
qoxusu sarımsağın,
Kefli əllərin doqquz yazsın
on barmağı...
Çölə çıxma!
Telefona baxma!
Darıxma!
O, dünyanın üz-üzə
qaldığı bu çətinliklərin öz
qanunlarını - sarımsaq yeməyi, maskasız gəzməməyi,
evdən çölə çıxmamağı, kütləvi
tədbirlərin olmamasını poetik tərzdə oxucuya
çatdırır. Bu hadisələri poeziyaya bir az yumorla bildirməsinə baxmayaraq, onun fikirləri
həqiqəti ehtiva edir:
...Başqa şərtlərin də
olsaydı, kaş:
Maskasız olmazsa,
maska da olmasın,
Yas olmazsa,
ölüm də olmasın,
Toy olmazsa,
sevgi də ...olsun! -
sözləri çıxsaydı
dodağından...
O, bütün qadağaları qəbul
edir və sevginin də olmasını istəyir. Əgər
sevgi olmazsa... Şair təbiəti bu cür
şərtlərlə razılaşmır və sevginin
olmasını istəyir. Sublimasiya ona sevginin gözəlliyini,
əbədi olduğunu deyir:
Asacam özümü! -
şərt cümləsinin
budağından...
Qulu Ağsəsin şeirlərində
insanın əzab-əziyyəti, zülmə tabe olması,
çəkdiyi zəhmətin isə çox vaxt boşa getməsi
faktları da önəmli yerlərdən birini tutur. İnsanın bihudə əziyyətini,
onun bəzən layiq olduğu qiyməti almamasını, hədər
yerə əziyyət çəkməsini şair şeirlərində
poetik ovqatla oxucuya diktə edir:
Bu dünyada heç kəsə demədim...
O dünyada soruşsalar:
sən kimsən? -
gözümü yumub, ağzımı
açacam!
Deyəcəm ki:
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam...
Bu cür "yorğun
ağaclar" həyatda azmı olur? Başqalarına əziyyət
çəkən, sonra çəkdiyi zəhməti hədər
gedənlər
Q.Ağsəsin dediyi "yorğun
ağaclar"dır...
Şeir yazmaq ruhun
gördüyü işdir. Ruh, Allahın insana bəxş
etdiyi istedadın gördüyü bu işlə təskinlik
tapır, dincəlir, yorğunluğunu çıxarır.
Məmməd Araz necə demişdi?
Gərəksiz tərif də yuxuya bənzər,
Uyudar qələmi iş
üstündə də.
İstedad elə bir toxuma bənzər,
Göyərər bir quru
daş üstündə də.
Qulu Ağsəs şeir
yazmağını əlvan bədii çalarlarla təsvir
edir:
Yorulub oturdum
varağın bir küncündə,
ürəyim it kimi ulayır
it kimi...
at gücündə.
Qışa bir taya şeir
yığmışam
sözü misraya vura-vura.
Günəş - müqəvva
görünsəydi
gecəni quş kimi qorxuzub
uçura...
Şairin sevgilisinə əziyyət
verməməsi üçün bu cür dəyərləndirməsi
onun nəzərində sevginin necə bir hiss olmasından bəhs
edir. Əlbəttə, şairlər
üçün sevgi ən gözəl, bəşəri
hissdir. Q.Ağsəs də həmin bəşəri hiss
haqqında yazdığı şeirlərdə bunu sübut
edir:
Düşünürəm:
Yaşamaq!
- dünyanın ən
zor işi!
Yaşamaq!
- irəli qovaraq
keçmişi!
Fəqət...
istəyirəm əcəl gələndə
qarşımda heç nə dayanmasın.
Məni elə
çağırsın ki,
sevgilim yuxudan oyanmasın...
"Yarpaq salma
külək poçtuna..."
Q.Ağsəs lirik qəhrəmanına
verdiyi suallara cavab almaq üçün "Xəbərin
varmı?", - deyə soruşur. Cavab isə "Bilmirəm" olur. Bu suallar
maraqlı təşbehlərdən ibarət poetik nümunələrdir:
Dan yeri - gecənin göydə od tutan
bağrıdı.
Xəbərin varmı?
- Bilmirəm.
Bir də yarpaq salma külək
poçtuna
bağlıdı.
Xəbərin varmı? -
Bilmirəm.
"Dan yerinin gecənin
göydə od tutan bağrı" olması, "külək
poçtuna məktub salınması" şair təxəyyülünün
poetik məhsuludur. Şeir insanların ən çox
düşündüyü, fikrini etdiyi ölüm mövzusu
ilə davam edir. Ölüm haqda çox
şeirlər yazılıb və yazılmaqdadır.
Q.Ağsəsin də bu haqda düşüncələri
maraqlıdır:
Ürəyin - içəri
qapındı sənin,
Aç görək, nəyin
var qabında sənin?!
Ömür-gün
bölünüb... qalıqda səni
saxladı.
Xəbərin varmı? -
Bilmirəm.
Hərəmiz borcludu bir can
ölümə,
Ölsək də,
tapmarıq əncam ölümə.
Tanrı qırmır bizi... Ancaq
ölümə
yoxladır.
Xəbərin varmı? -
Bilmirəm...
Qulu Ağsəs insan həyatının
labüd sonluğu olan ölüm haqda yazdığı
şeirdə Taras Şevçenkodan fərqli
vəsiyyət edir. T.Şevçenko "Vəsiyyət"
şeirində deyirdi:
Mən öləndə məni
basdırarsınız
Yüksək bir təpədə,
bir dağ başında.
Elə bir yerdə ki,
görünsün yalnız
O gözəl Ukrayna. Onun
daşında,
Onun tarlasında, geniş
çölündə,
Mən öləndən
sonra, görüm nələr var?
Qulu Ağsəs isə motivasiya edərək
ölümdən qorxmadığını poetik ovqatla
bildirir:
İşdi-qəzadı
səndən əvvəl ölsəm,
məni son mənzilə
aparırlar görsən,
vəsiyyətimə əməl elə:
Arxamca su at,
uğur dilə.
Saçını yolma,
köksünü ötürmə.
"Əvəzini vermədən
aldığım son nəfəs..."
O, lirik qəhrəmanına getdiyi
yeri də deyir. O yer bütün dünyaya gələnlərin
son yeri olsa da, Allahın yanı - cənnət və pis
adamların yeri - cəhənnəm amillərinin fərqi bu
şeirdə əks olunaraq Q.Ağsəsin yerinin hara
olacağını bildirir:
Allahın yanına gedirəm
ürəyinə ayrı şey gətirmə,
Borclunun qapısın döyərlər:
Yeganə borclu qaldığım
əvəzini vermədən aldığım
son nəfəsdən özgə
kimsəni qapıma yaxın qoyma.
Bir də
ta uşaq deyilsən
burnunun suyunu
gözündən axıdan
bu faniyə uyma...
Qulu Ağsəsin şeirlərində
onun şair ruhunu, yazdığı mövzuların rəngarəngliyini
duymamaq mümkün deyil. Fərqli mövzulara fərqli
yanaşma onun poetik mövqeyidir. Bu şeirlərdə oxucular
da öz yaşadıqlarını, arzularını, istəklərini
görə, duya bilirlər...
Xuraman Hüseynzadə
Ədəbiyyat
qəzeti.-2020.- 21 noyabr.- S.4;5.