Ərəfə
Romandan parça
Mübariz
CƏFƏRLİ
O şey ki, bizlərə
lap aşikardır,
Orda da gizli bir xəzinə vardır.
Nizami
- Niyə dayandın, qalx da pillələri...
- qadın yuxarıdan donuxub qalaraq nə edəcəyini bilməyənə
baxıb dilləndi.
- Qalxmaq istəyirəm e, yuxarı,
amma bilmirəm birinci sağ ayağımı qoyum pilləkənə,
ya solu...
Yuxarıdakı qəhqəhə
çəkdi:
- Kefsən e, sən... Qırxayaqdan
soruşurlar ki, sən yeriyəndə birinci hansı
ayağını atırsan, başlayır fikirləşməyə,
fikirləşə-fikirləşə də ayaqları
bir-birinə dolaşır, gəzə bilməyib
yıxılır yazıq qırxayaq...
Aşağıdakı
dodaqlarını büzdü:
- Mən ki, qırxayaq deyiləm, cəmi
iki ayağım var... - ilk dəfə
görürmüş kimi ayaqlarına baxdı. - Bu bir, bu da
iki... - şəhadət bağmağını uzadıb
saydı ayaqlarını... - İndi ki belə oldu, mən
yuxarı qalxmayacam... - geri döndü. - Gedirəm
meydançada futbol oynamağa...
- Onda gözlə, mən də gəlim...
- qadın küsənin könlünü almağa
çalışdı. - Futbolu tək-tənha oynamayacaqsan
ki...
Küsəyən kin saxlamadı:
- Gəl...
Qadın tələsik pillələri
enib küsəyənin yanına çatanda futbol oynamaq istəyən
dedi:
- Skamyada oturub mürgüləyən
ağsaç kişi ilə başı
şallı arvadı da çağıraq?
- Niyə?
- Qoy bizimlə futbol oynasınlar...
- Yox, onlarla işin olmasın, onlara dəymə,
- qadın etiraz elədi. - Onsuz da onlar bizimlə oynamayacaqlar...
Küsəyən ayaq saxladı:
- Niyə oynamayacaqlar?
Qadın da dayanmalı oldu:
- Çünki onlar topdan qorxurlar...
- Topdan qorxurlar? Nəyinnən
qorxurlar topun?
- Çünki... çünki... -
qadın uyarlı sözlər axtarsa da, ağlına heç
nə gəlmədiyindən həqiqəti söyləməli
oldu. - Çünki onların gözünün
qabağında uşaqlarının başını kəsib
top kimi oynadıblar...
- Uy!.. - küsəyən səntirləyən kimi olub
bir addım geri atdı, həm hayqırdı, həm də
içini çəkdi. - Harda kəsiblər uşaqların
başını? Kim kəsib?
- Davada kəsiblər...
- Kim kəsib? - bu
dəfə küsəyən qorxa-qorxa və yazıq-yazıq
təkrarladı.
- Ermənilər...
- Onlar kimdi ki?
- Pis adamlar... Vəhşi adamlar...
- Ermənilər bura gələ bilməz
ki?
Qadın səhv elədiyini
anlayıb onun əlindən tutdu:
- Yox, qorxma, bura heç kəs gələ
bilməz...
Küsəyən qadına
qısıldı:
- Gəlsələr?..
Qadın gözlərini bərəltdi:
- Gəlsələr mən onların
başını kəsərəm...
Qadın futbolçunun əlini
buraxdı:
- Yaxşı, bəsdi
danışdıq, gedək oynayaq...
- Yox, day mən də futbol
oynamıyacam... Heç vaxt oynamıyacam!..
- Niyə? Sən yaxşı
futbolçusan axı... Əvvəllər ölkə
mükafatçısı da olmusan... Yadından
çıxıb?.. - qadın
əl çəkmədi. - Gedək oynayaq...
- Acmışam e, sestra bacı... -
küsəyən burnunu çəkib yazıq-yazıq dedi. -
Mənə yemək ver də...
- Yaxşı, onda qalxaq yeməkxanaya,
çörəyimizi yeyək... Amma bir şərtlə ki,
daha mənə sestra bacı demə... Axı, gombul sestra
burdan gedənnən sonra, sizə tapşırıldı ki,
bizi öz şərti adlarımızla
çağırasız...
- Şərti ad nədi?
Qadın diksindi. "Bu gün
nə olub mənə, bu nə səhvlərdi eləyirəm,
İlahi? Ağlıma, ağzıma gələni
danışıram. Qeydə alanlar həftə sonu
payımı verəcəklər, yəqin... Hələ
də öyrəşə bilmirəm buralara, neyləyim?
Məktəb keçmək ayrıdı, birbaşa təmas
ayrı... Ha dəridən-qabıqdan çıx,
özünü öldür, xeyri yoxdu... Hərdənbir xoruz
buraxacaqsan...".
- Yəni öz adımızla...
- Yaxşı, Nona bacı, oldu...
- Heç baçını da demə...
Elə-belə Nona de, vəssalam...
- Yaxşı... Amma sən də məni
adımla çağır bunnan sonra... Yaxşı, Nona?..
- Yaxşı...
- Mənim adım nədi ki, Nona?
- Sənin adın... - Nona anicə
fikrə getdi. - Sənin adın: doqquz nömrə...
- Hə, yadıma düşdü,
futbol oynayanda da nömrəm doqquz idi...
- Doqquz yaxşı rəqəmdi...
- Nəyi yaxşıdı?
- Yaxşıdı ki,
yıxılanda da heçə dönmür... Olur altı...
- O nə deməkdi ki?
- Hər şey yıxılır... Ölür... - Nonanın gözləri yol çəkdi.
- Bir əvvvəl var, bir də son...
- Əvvəllə son? Bəs, indi
biz hardayıq?
- İndi?..
İndi... İndi yəqin ki, ortadayıq...
- Ortada?.. Bəs, yemək yeyəndən sonra harda
olacağıq?
Nona qəfil qəhqəhə çəkdi:
- Ay səni!.. Bir
dənəsən e, bir dənə... Kefimi açdın mənim...
Yeməkdən sonra sən hara istəsən ora gedərik...
Ancaq düzünə qalsa, yəqin ki, elə yemək yeyəndən
sonra da ortada olacağıq... Gedək...
- Ortada olmaq yaxşıdı?
- Harda olmağın fərqi yoxdu... Əsas odu ki... - Nona sözünü
yarımçıq kəsib uyarlı sözlər axdardı.
- Əsas odu ki, olduğun yerdə həqiqətən
özün olasan... Yaşaya-yaşaya diriykən kölgəyə
çevrilməyəsən...
***
Baş həkim iri çətirin
altındakı taxta kətildə oturub ovuclarını
yanaqlarına yapışdıraraq qollarını dizlərinə
dirəmişdi. Lal-mat havada ləpələri heysizləşib
"dincələn" dənizə diqqətlə baxsa da,
fikri o qədər uzaqlarda idi ki, cəmləşdirib bir yerə
yığa bilmirdi. Ölgün
dalğaların ləpədöyəndəki sakit
şırıltısı da, dənizə baxanın
içinə qəfil hardansa hakim kəsilmiş
sıxıntıya məlhəm olmağa kifayət deyildi.
Hərcənd Baş həkim dənizin sakit,
"yuxuya gedən" vaxtını lap uşaqlıqdan
sevirdi. Belə vaxtlarda suya girib "yatanın"
yuxusuna haram qatmağa da qıymazdı. Elə
indiki kimi sahildən seyr eləyərdi rahat-rahat mürgüləyəni.
Üzərinə öləzik sığal çəkilənə
uzun-uzadı tamaşa eləmək seyrə dalanın ən
azı düşüncələrini aydınlaşdırar,
fikirlərini duruldardı, indisə ziqzaqlı, dolanbac xəyalların
arasında ikicə kəlmə iləli çıxıb
qalan düşüncələrin yolunu elə kəsmişdi
ki, sanki arxada, xatirələrində, keçmişində
bütün olmuşlar o iki kəlməyə
sığışmışdı, o iki kəlmənin əsiri
idi: "Heç nə...".
Bir də qəfil ürəyindən
keçdi ki, durub yavaşca suya girsin, dəryada irəli
yeridikcə hiss eləsin ki, bədəni pulcuqlanır, su
başından yuxarı qalxdıqca görsün ki,
balığa çevrilib, dəryadakı saysız-hesabsız
balıqlardan seçilmir, amma dənizin ən dərin yerində
birdən-birə bədənindəki pulcuqlar təzədən
yox olsun və o, yenidən adam cildinə dönsün, nəfəsi
təngisin, tıxcansın, nə illah eləsə də,
suyun üzünə qalxa bilməsin, içindən:
"Heç nə!" bağırıb ürəyimi
soyutmaq keçsə də, ağzına dolan su buna imkan verməsin,
o da əzabla dənizin dibindəcə əlacsız-əlacsız
çırpına-çırpına, nə edəyəcəyini
bilmədən suyun dibindəki napnazik yosunlardan
yapışmağa çalışa-çalışa
canını tapşırıb bayaqdan yanında
üzdüyü balıqlara yem olsun...
Keçmişindən o ikicə kəlmə
boylanan gələcəyi barədə xəyala dalmağı
sadəlöhvlük olardı, çünki o xəyali,
nagüman və naməlum gələcək hər an yarı yolda qala bilərdi, qırıla bilərdi,
gəlməyə bilərdi. Gələcəyin gəlib gəlməyəcəyi
sual altında olsa da, Baş həkimin gözlədiyi gəlmişdi;
önündə dayanıb onun quma batmış yalın
ayaqlarına baxa-baxa robot kimi fikrindəkiləri dilə gətirirdi,
baş həkimin yarıçılpaq, qeyri-rəsmi
görünüşü - baş həkimin əynində
dizdən yuxarı şalvardan başqa heç nə yox idi -
önündəkini bərayi-ehtiyat daha rəsmi olmağa
sövq eləyirdi:
- Doktor, keçin o biri masaya,
tapşırmışam, indicə hər şeyi gətirsinlər...
Baş həkim ayağa qalxsa da etiraz
elədi:
- Yox, Nona, narahat olma, yemək yeməyəcəm,
iştahım yoxdu. De ki, ancaq çay gətirsinlər.
Elə çay içə-içə sənnən
dərdləşmək istəyirəm, - qonşu masaya
doğru addımlaya-addımlaya ətrafa boylandı. - Nə
əcəb sakitdi buralar?..
- Gəlmirlər çimməyə
neçə gündü... - Nona Baş həkimin yanında gələ-gələ
cavab verdi.
- Niyə?
- Deyirlər, guya, gombul sestradı, nədi,
dənizdə boğulub ona görə...
- Ooo... Özləri
quraşdırdıqlarına özləri də
inanıblar... - Baş həkim qımışıb
üstünə ağappaq süfrə çəkilmiş
masanın arxasındakı yüngül bağ kreslosuna əyləşdi
və önündəki kresloda qadına yer göstərdi. -
Otur... - azca ara verib qadın əyləşəndən
sonra davam elədi. - Necə oynadım rolumu mən?
- Əla! Heç gözləməzdim...
- Bəs ssenarini kim
yazıb?
- Yazıb niyə? Yazı-pozu hələ
də davam eləyir... Şairnən klassiklərin şeirlərini
təhlil eləyən görür əsas işi... Bir də
ki, şaxmatist... Başqaları da kömək eləyir... Deyirlər
ki, heç kim kənarda qalmayacaq...
Ərazidəkilərin hamısı oynayacaq bu filmdə...
- Sən də oynamısan?
- Mənə hələ növbə
çatmıyıb...
- Maşını hardan tapıblar?
- Elə həyətimizdəki
maşınlardı...
- Yaman yerdən
yapışıblar... Milli təhlükəsizlik, filan...
Qlobal məsələlər... İt-pişik haqq-hesabı... Hardan gəlib buların ağlına sən bilən?
Kinonun adını "Yaba" niyə qoyublar?
- Nə deyim, hələ ki baş
açmıram... Ad məsələsinə gəlincə
deyirlər ki, bu ad şərtidi, ola bilər,
axırda dəyişsin...
- Qorxuram ki, bu filmin axırı həqiqətən
ölüb-öldürməklə, qətllə bitsin... Sənin yazının sonluğundan xəbərin
var?
- Yox, yoxdu... Mən biləni yazı
bitməyib, hələ də yazılır...
- Ayıq-sayıq olmaq
lazımdı...
- Axı, siz özünüz icazə
verdiniz onların həvəskar kimi kino çəkməyinə...
- Noolsun... Mən də yanıla bilərəm...
Necə deyiblər onu, ağıllıların səhvi daha dəhşətli
olur...
- Narahat olmayın, doktor, hər
şey nəzarətimizdədi, biz özümüz də
gizli kamera ilə çəkirik hər şeyi...
- İş başa çatandan sonra
birinci mənə göstərilməlidi... Bəlkə həqiqətən
ortaya nəsə çıxarda biləcəklər... Biz də
dünyaca məşhur olacağıq... Baxma ki, bu kinonun
bütün yaradıcıları həvəskarlardan ibarətdi...
Bəs rejissorları kimdi?
- Konkret rejissor yoxdu... Hərəsi
öz fikrini deyir, axırda qərar çıxardırlar...
- Onu hiss elədim... Amma
mən də rolumu pis oynamadım. Hələ
desən, ssenaridən kənara da çıxdım. Su məsələsində...
- Eləmi?.. Bəs nə dedilər?
- Heç nə... Deyəsən,
xoşlarına gəldi... Üstünü vurmasalar da, mənim
çaldığım havaya oynadılar...
- Day sizə nə deyə bilərdilər?
- Yox, sifətləri bozdu... Mənnən
olan səhnəni düz üç dəfə çəkdilər...
- Bilirəm... Səbr var sizdə...
- Onu düz dedin, səbrdən
başqa güvəniləsi heç nəyimiz qalmayıb...
- Nəsə olub, doktor? - Nona
narahat-nigaran xəbər aldı.
- Niyə soruşursan?
- Belə... Birtəhər
görünürsüz? - Nona səsini
yavaşıdıb çəkinə-çəkinə xəbər
aldı. - İşlər pisdi?..
- Pis yaxşıdı... - Baş həkim
gülümsündü. - Bərbaddı...
- Niyə, nə baş verib?
- Sonra deyərəm...
Nona masaya yaxınlaşan
ağxalatlı, ucaboy, cavan qadına:
- Yemək lazım deyil, - dedi. -
Çay içəcəyik... - qadın dinməz-söyləməz
dönüb getdi.
Baş həkim söhbəti dəyişdi:
- Təzə nə var?
- Heç nə, hər şey həmişəki
kimidi...
- Nağayrırlar?
- Hərə öz işindədi...
Kino çəkirlər, şeir yazırlar, höcətləşirlər,
mübahisə eləyirlər, öz-özləri ilə
danışırlar...
- Futbolist neyniyir?
- Day futbol oynamır... Qorxur
topdan... - Nona qımışdı.
- Dənizdə çimməkdən
qorxurlar, futbol oynamaqdan qorxurlar... - Baş həkim
öz-özü ilə danışırmış kimi səsini
yavaşıtdı. - Axı gərək bu illər ərzində
onlar qorxu-hürküdən qurtulub tamam azad olaydılar, hə?.. Biz onları qorxutmamaq üçün nəinki
ölkəmizi, dünyanı cənginə alan yoluxucu xəstəliyin
varlığını dilə gətirmirik, bayırda, burdan kənarda
hamıya dənizdə çimməyin yasaq olunduğunu xəstələrimizə
demirik, bayırdakı yasağı da, burda qəbul eləmirik,
içəridə heç bir yasaq-tilan olmadığına sən
də şahidsən, şahid nədi, özün bu işin
içindəsən, necə deyim onu, icraçısısan,
amma onlar yenə də çəkinirlər, üşənirlər,
xoflanırlar... Bəs, hardadı çıxış yolu?.. Deyəsən, kələfin ucunu
itirmişik axı, Nona?.. Bəlkə
siftədən işi düz qurmamışıq, ona görə
çıxış yolu tapa bilmirik? Yəqin,
bütün günahlar məndədi, Nona... Yox,
elə bilmə ki, doktorun metodu fiaskoya uğrayıb indi də
öz günahını başqasının boynuma şələləmək
istəyir. Min kərə, yox!.. Axı sən mənə çox əzizsən,
türklər demişkən, sən mənim canımın
içisən... - Baş həkim yorğun-yorğun göz
vurdu önündə əyləşənə. - Sən
olmasaydın mən bu qədər yükü çəkə
bilməzdim. Evdə, burda...
- Oy, doktor!.. - Nona
nazla qəhqəhə çəkdi. - Elə ürəyimə
dammışdı ki, məni futbolistə görə
çağırmısız... - Baş həkimin sözlərini
ağlına gələn kimi yozdu. - Bağışlayın,
hərdən zəiflik göstərib ağzıma gələni
danışıram xəstələrin yanında... Quş
buraxıram... Günah, səhv yalnız məndədisə,
yüz kərə üzr istəyirəm...
Çalışacam ki, bir də...
- Yox, sənlik bir iş yoxdu, -
Baş həkim onun sözünü kəsdi. - Olar xırda
şeylərdi... Hamımız insanıq... Robot deyilik ki... Deyəsən,
səhv daha dərindədi, alt qatdadı...
- Hər halda, mən üzr istəyirəm,
doktor...
- Üzrxahlığa ehtiyac yoxdu, mən
səni başqa işdən ötrü
çağırmışam...
Nona diqqət kəsildi:
- Buyurun, doktor...
- Mən gedib böyük
qardaşıma dəymək istəyirəm.
- Mürsəl dayıya?
- Hə... Arvadı öləndən
sonra tək qalıb o... Oğul-uşağın hərəsi
bir dərədədi...
- Baxanı yoxdu?
- Var, qızları var, bacım da
yaxında yaşayır, intəhası, qardaşımın
başı hay-küy götürmür...
- Mürsəl dayıya salam deyin...
- Deyərəm... Ona dəymək
adıyla elə özümün də
tanıdığım yerlərə baş çəkməyim
bəd olmaz. Bir az raharlanıb, stresdən
qurtularam bəlkə... Tak şto, buralar sənə əmanət
olur...
- Nə vaxt getmək istəyirsiz?
- Elə günü sabah...
- Haçan qayıdacaqsız?
- Üç-dörd günə...
Uzağı, bir həftəyə...
- Yaxşı yol, arxayın gedin,
rahat dincəlin... Birinci dəfə deyil ki...
Gözünüz arxada qalmasın, doktor...
***
...Xəyaldan ayrılıb bir xeyli
maşının şüşəsindən baxdı və
ağlına nə gəldisə amiranə səslə
sürücüyə:
- Saxla!.. - dedi.
Maşından
düşüb oturacağın üstündəki
yüngül əl cantasını götürərək
çiyninə atdı. Sürücü qapını açmaq istəyəndə
qoymadı:
- Sən düşmə, get...
Sürücü çaşdı:
- Hara gedim, doktor?
- Hara gedəcəksən? - Baş həkim
gülümsündü. - Qayıt şəhərə...
- Çatmamışıq axı...
- Sən qayıt, mənim burda bir az işim var...
Sürücünün
ağlı bir şey kəsməsə də, baş həkimin
sözünü çevirmədi, maşını döndərib
geriyə üz tutdu. Amma dilinə gətirə bilmədiklərini
ürəyindən keçirtdi. "Bu dəlilərin
arasında qala-qala özü də xərifləyib e... Çölün düzündə nə işi var
görəsən? Nə isə, mənim üçün
lap yaxşı". Sürücü
bilmirdi ki, burdan kəsə yolla Baş həkimin gedəcəyi
yerə bir neçə cığır var, o
çığırlarla mənzil başı yaxındı.
,Həm də bayaqdan maşının arxa
oturacağında mürgüləyən yuxuda səs
eşitmişdi. "Necə getmişdim, elə
də gəlirəm". Kim
pıçıldamışdı qulağına o kəlmələri,
mənası nə idi o sözlərin? Düz-əməlli
anlamırdı. Lakin öz aləmində, başa
düşdüyü tərzdə həll elədi məsələni;
sürücünü saldı yola, düşdü
çoxdandı keçən olmadığından
üstünü ot-ələf örtən torpaq yolun
ağına... Əslində, day buna yol da demək
olmazdı; əməlli-başlı otluqdu. Deməli, kəndə gedən bütün kəsə
yollar yoxa çıxıb. Axı qabaqlar
nəinki kəndlərarası heç rayonları birləşdirən
asfalt yollar demək olar ki, yox idi. Olsa da bircə adı
asfalt idi, altı təzək, üstü bəzək...
Cuxurlu, "yamaq"lı, kələ-kötür,
quraq-quraq...
Baş yoldan aralanan Baş həkim
gedəcəyi istiqaməti fəhmən müəyyənləşdirib
elə cığırın-izin üstünü tamam örtən
otluqla gedirdi.
Görünür, çoxdandı burdan pay-piyada keçən
olmadığından ot basmışdı
yol-rizi. Ancaq qurumuş mal-qara peyini gözə dəyirdi
sarımtıl otların arasında... Baş həkimə
də köhnə mal-qara təzəyi yol göstərirdi elə
bil. Əslində isə onun heç bir
"bələdçiyə"-filana ehtiyacı yox idi.
Əksinə, özü bu yerlərdə kimə desən
gözüyumulu bələdçilik eləyə bilərdi,
Burda təkcə otlar, ağaclar, quşlar deyil, hava, bəmbəyaz
asiman da ona yaxşı tanış idi, yalnız adamların
çoxu yaddaşından silinmişdi, adamları ona
xatırlatmaq üçün adi bələdçiyə yox,
salnaməçiyə ehtiyac vardı.
"Bu da salxım
söyüd... - qara eynəyini çıxarıb nazik yay pencəyinin
döş cibinə qoydu. - Burdan Mürsəlgilə bir
kilometr ola, ya olmaya... Ordan da
o yana qəbiristanlıq".
Yorulmasa da dayanıb çöməldi,
kürəyini ağacın gövdəsinə dayadı,
çantasını yerə qoydu, deşik-deşik ağ panamasını çıxarıb sol əli
ilə seyrək saçlarını sayaladı. "Bu panamada mən salxım söyüdə bənzəyirəm".
Baş həkim yanılırdı yəqin ki... Panama başında olanda o, şöyüddən
çox göbələyə bənzəyirdi, intəhası,
ətrafda müqayisə olunacaq göbələk yox idi, o dəm
Baş həkimin ağlına gəlmədi bu bənzətmə.
Çantasını altına qoyub əyləşdi,
dizlərini qucaqladı, pencəyinin ətəklərinin yerə
dəyməsinin fərqinə varmadı. Elə bil məhrəm
bir adamla qucaqlaşmışdı - daha doğrusu,
yaxınına söykəmişdi kürəyini - bu
söyüd Baş həkimdən böyük olmalı idi, hər
halda, Baş həkim gözünü açandan bu
ağacı başıaşağı, "fikirli",
"qəm-qüssəli" görmüşdü. Həqiqətən Baş həkimə həmişə
elə gəlirdi ki, külli-aləmin bütün dərd-sərini
indi altında bardaş qurub ədəb-ərkanla əyləşdiyi
salxım söyüd çəkir, əgər bu ağac
olmasa onun çəkdikləri cəmi bəşərin qəddini
əyəcək. Bəlkə şəhərdə məhrəm
adam tapmadığından tez-tələsik
kəndə qayıdıb ağacla dərdləşməyə,
dərdini bölməyə, yükünü ağacın
böynuna qoymağa gəlmişdi. Ağac onsuz
da öyrəncəli idi, boynuna nə qədər yük
qoyulsa da dillənməyəcəkdi. Amma kim
deyə bilərdi ki, Baş həkim tez-tələsik, bir
günün içindəcə qərara gələrək kəndə
qayıdıb? Əslində, bir
ömürlük yükünü paylaşmağa gəlmişdi,
Baş həkim. Bir ömür yaşadığın
şəhərdə bölüşməyə bir məhrəm
tapmırsansa, bax budur faciə!..
"Mürsəl olmasa mən dərd-sərimi
kimə danışacam, ürəyimi kimə boşaldacam,
xudaya?.. Yer üzündə dərdini
bölüşməyə bircə nəfər qalıbsa, ən
ağır əzaba sinə gərmək mümkündü...
Baş həkim kövrəldi. Qəhər gəlib
hülqumunda dayandı.
O evin həyət qapısından
içəri rahat keçmək üçün gərək
Baş həkim çəkmələrini çıxarıb
boynundan asaydı və qalan yolu mənzil başına
ayaqyalın, iməkləyə-iməkləyə gedəydi. Lakin bəlkə də buna ehtiyac yoxdu, qardaşı
onu çoxdan bağışlamışdı. Axı heç kəs oğlunun günahından
ötrü məhşər ayağına çəkiləsi
deyil, hərə öz əməlinin cavabını verəcək.
Kim-kim Mürsəl belə məsələləri
yaxşı bilir. Yoxsa, iki il öncə
ona qonaq gəlməzdi, gəlsə də iş yerində
adamlara qaynayıb qarışmazdı. Elə iki gün
Baş həkimin iş yerində qalmışdı, Mürsəl.
Demişdi ki, bura sənin evindən qat-qat maraqlıdı, evin
elə məzarlığa oxşayır, quş uçur,
qulaq cingildəyir sənin evində... Baş həkim
böyük qardaşının sözlərindən rəncidə
olsa da - hər halda, heç kəsə xoş gəlməzdi
evinin qəbiristanlığa bənzədilməsi - bunun
üstünü vurmamışdı. Çünki bəzən
Mürsəlin cavabı çox gözlənilməz, qeyri-adi
və qılınc kimi kəsərli olardı, çünki
Baş həkim qardaşının ona qonaq gəlməsindən
üç il əvvəl
aralarındakı söhbəti unutmamışdı və yəqin
ki, ölənəcən unutmayacaqdı...
- Bilirsən, Mürsəl, öz
aramızda qalsın, amma bil ki, day mənim oğlum yoxdu,
sonsuzam mən, bədbəxtəm mən... Bilmirəm
başıma haranın daşını salım...
- Nə gic-gic danışırsan,
yenə nə baş verib, sizin uşaq xaricdə deyil...
- Marseldədi...
- Nolub axı?
- Ailə qurub...
- Kiminlə evlənib?
- ...
- Hə, danış görüm...
- Evlənməyib... Dərd
burasındadı ki, əclaf evlənməyib... Özü... ərə
gedib... Qorxuram jurnalistlər-zad xəbər tuta, dilə-dişə
düşək... Ona görə sənə xəbər verirəm
ki, hazırlıqlı olasan... Erməni qancığından
törəyən uşaqdan nə gözləyəsən?.. O vaxt ara qarışanda
anasını başımdan elədim, o da uşağı
götürüb getdi, mənnən belə qisas aldı...
- Belə...
- Hə, hə... Biabır oldum... Sən
özün yaxşı bilərsən, nə Allah
götürər bunu, nə də din-iman...
- Dini tərəfdən götürəndə
ən böyük günahdı bu... Müqəddəs
kitablarda da yazılıb... Yəqin ki, o uşağın yeri
cəhənnəmdi...
- Bu saat mən elə diriykən cəhənnəmdəyəm...
Bəs, mənim aqibətim necə olacaq, görəsən?
- Sən heç... Sən xoşbəxt
adamsan...
- Mənə xoşbəxt deyən
elə mənim günümə düşsün...
Vəssalam... Belə deyib elə həmin
gün dinməz-söyləməz şəhərə
qayıtmışdı, Baş həkim, düz üç il böyük qardaşından xəbər
tutmamışdı. Ta o vaxtacan ki, böyük qardaş
şeytanın qıçını sındırıb qəfil
özü ona qonaq gəlmişdi. Şəhərə...
"İlahi, görəsən,
o vaxt Mürsəl niyə birdən-birə mənə
xoşbəxt demişdi? Qanmadığın şeyi gərək
öyrənəsən, yoxsa dalını çevirib getmək
ən asan yoldu. Elə anadan müdrik doğulmuşdu,
Mürsəl, elə bir tikə vaxtınnan sözünü
dik deyərdi, onun sözünün canını qananacan
eşidənə bir ömür gərək olardı, elə
qardaşın üzünə ağ
olmağın özü gönüqalınlıq,
qanmazlıqdı... Onun ürəyi genişdi, kinli-küdurətli
deyil, məni bağışlamayıb, çünki heç
vaxt küsməyib də mənnən... Allah keçsin mənim
günahımdan... Ancaq əslində, həqiqətən
kimin xoşbəxt, kimin bədbəxt olduğunu da yəqin
ki, Allahdan başqa kimsə bilməz".
Necə ki, hardansa
qulağına gələn səslərin-sözlərin mənasını
ayırd eləyə bilmirdi salxım söyüdüm sərin
çətiri altında bardaş quran. Ayırd eləməkdən
ötrü əməllicə diqqət kəsilməli idi ətrafa...
- Baba, baba, sən piyansan? - səs ətrafdan yox, önündən gəlirmiş,
önündə yeddi-səkkiz yaşında uşaq
dayanmışdı, əynində də ağ trusik-mayka...
- Yox, bala, piyan deyiləm, - Baş həkim
dikəlmək istədi. - Elə niyə deyirsən?
- Bəs onda, niyə
ağlayırsan?
- Hə? - Baş həkim qeyri-ixtiyari
əlini nəm yanaqlarına çəkdi. - Gözümə
gün düşüb, gözlərim yaşarıb... - uşağı
inandırmaqdan ötrü ucundan tutub getdi ucuzluğa... -
Gözlərim xəstədi, axı. Bax, eynək
də taxıram buna görə... - pencəyinin döş
cibindəki eynəyi çıxarıb taxdı və
ayağa qalxdı. Guya, uşağın
ona tamam-kamal inanmağı çox mətləblərin,
gizlinlərin öz-özünə açılmağına
kömək eləyəcəkdi. Bəzən
utandığını, daha doğrusu, zəifliyini gizlətmək
istəyən çaşqınlığından
ağlasığmaz üsullara əl atır.
Baş həkim əyilib
çantasını götürdü, çiyninə ataraq
yan-yörəsinə göz gəzdirdi.
- Adın nədi sənin?
- İbrahim...
- Bir beş ver görüm... - Baş həkim onun yumsaq, balaca əlindən tutdu. - Nə yaxşı oğlansan sən... - uşağın könlünü xoş eləmək xatirinə dedi.
- Uşaqların hamısı yaxşıdı... - İbrahim borclu qalmadı.
- Bunu sənə kim öyrədib?.. - Baş həkim təəccüblə soruşdu və heyifsiləndi ki, yanında çantasında, cibində uşağa bağışlaya biləcəyi heç nə yoxdu.
- Heç kəs öyrətməyib... - İbrahin arın-arxayın cavab verdi. - Özüm bilirəm... -uşaq yer üzünün altından-üstündən agah əda ilə danışdıqca, sanki çox şeydən xəbərdar olduğunu bildirmək istəyirdi...
- Yaxşı, İbrahim kişi, day mən gedim... - Baş həkim, nədənsə, utana-utana dodaqaltı mışıldandı. - Sağ ol...
- Sağ ol, baba... - dedi İbrahim.
Baş həkim üzü məzarlığa
doğru yol aldı.
Birdən-birə kürəkləri
alışıb yandı, bilmədi ki, günün istisidi
kürəklərini yandıran, ya ardınca baxan İbrahimin
baxışları... Geriyə qanrılmasa da, yüz faiz əmindi
ki, uşaq hələ də onun arxasınca baxır...
Ədəbiyyat qəzeti.- 2020.- 21 noyabr.- S.6-7.