HEKAYƏ GÜNÜ - ritmdən üsluba
Cavanşir
YUSİFLİ
"Bir çox
yazıçılar, o cümlədən ən məşhurları
da nəsr ritmi
sayəsində mümkün olan poetik effekt
barədə düşünmədən yazırlar. Onlar
şərab şüşəsini stolun üstünə
qoyur, siqareti külqabına söykəyir,
sözlə sevdiyi qəhrəmanın üz-gözünü
boyayır, saatı qurur və heç düşünmürlər
ki, indicə yazdıqları cümlənin hərəkəti
sürətli, gərgin, yaxud
asta,
təntənəli, yaxud soyuq
olmalıdır...".
Con Qardner
Hər bir nəsr mətni həm
də daxili ritmilə seçilir; hekayədə ritm
baxımından ikiplanlılıq onun ümumi
süjet-kompozisiya quruluşunda təyinedici faktor rolunu oynaya
bilər. Hekayənin daxili ritm dəyişkənliyi "bədii
mətnin dərinlikləri" anlayışını ortaya
qoyur ki, bu məsələ bizim nəzəri fikirdə demək
olar, öyrənilməyib.
Şübhəsiz ki, ritmik mütəhərriklik
və çoxplanlılıq belə bir gərgin hərəkətin
nitq baxımından gerçəkləşməsinin
özünəməxsus forması ola bilər.
Onun enerjisi nitq quruluşunun bütün birləşmə
və parçalanmalarını əhatə edərək,
bütün çoxsaylı təkrar və kontrastlara sirayət
edərək ümumi perspektivdə nitq axınının
istiqmətini təyin edir. Bu kontekstdə
nitqin hərəkəti hissələrinə
ayrılmış (yəni, parçalanmış) və
çoxplanlı funksional sistem kimi nəzərə
çarpır.
Həmid Piriyevin "Yer üzündə
axırıncı gecə" hekayəsində, mətnin lap
üst qatında daxili ritmik enerjinin varlığı hiss
edilir; təhkiyə üçün elə bir fon seçilib
ki, mətnin qurulmasında təkrarlardan istifadə
olunacağı dərhal (fəhmlə-!) hiss ediləndir, həm
də bu təkrarlar hekayənin bütün mətni ilə
kontrast yaradır, təhkiyə içində nitq
axınının, onun hərəkətinin bu şəkildə
parçalanması mətləblə bağlı işarələrin
çoxalması ilə müşayiət olunur. Nitq
sırasında, bədii mətnin daxili ənginliyində
sözlərin vurğusu elə bir funksional çərçivədə
verilir ki, yaxud eyni sözün yan-yanaşı həm təsdiqdə,
həm də dərhal sonra inkarda verilməsi, mətnin,
cümlələrin esse qurulıuşuna yaxın ritmdə
davam etməsi (zahiri şairanəlik və bu həm də
çox təhlükəlidir, çünki oxucu bunu oxuduqda dərhal
düşünə bilər: şeirlə bu hissi daha
görümlü vermək olardı...) ritm baxımından
müxtəlif səviyyələrin yaranmasını şərtləndirir.
Diqqət edin: "...Əllərini başından çəkirsən,
qorxa-qorxa gözlərini açıb baxırsan. Bacındı. Yanında diz
çöküb oturub. Bacına
qısılırsan, başını bacının sinəsinə
dayayırsan. Başın dayanmır, saat kəfkiri
kimi yellənir. Amma bunun beynindəki
zoqqultuya, yoxsa bacının həyəcanla döyünən
ürəyinə görə olduğunu anışdıra
bilmirsən. Bacının əlləri hələ
də saçlarını sığallamağa davam edir.
Bacın ağlayır, gözlərindən gilə-gilə
tökülən göz yaşları saçlarına
düşür". Nitq axını, təhkiyə
boyunca bu təkrar və kontrastlar daxili hərəkət
enerjisinin xassəsini də bəlirləyir: "...Sən də
ağlamaq istəyirsən, amma bacarmırsan. İllərdi
daha ağlaya bilmirsən, bədəninin suyu quruyub elə bil.
Ağlaya bilsəydin, bəlkə də gözlərindən
axıb tökülərdi. Ağlaya bilməməyinin
də ağrısı qoşulur zərbələrin
ağrısına. Daha da güclənir
ağrı. Beynindən boğazına,
ordan da ürəyinə axır. Qışqırırsan.
Var gücünlə qışqırırsan.
Ancaq qışqırıqla çıxır
ağrı bədənindən".
Ritmin bu forması hekayənin
finalına da əsaslı şəkildə təsir edir. Bunu daha
dolğun şəkildə izah edə bilmək
üçün hekayənin "nəqarətinə" diqqət
yetirmək lazımdır, bu bir neçə sözün
alt-alta gəlməsi və hansı mətləbi ifadə edən
cümlədən sonra gəlməsi də önəmlidir.
Beş dəqiqə
keçir.
On dəqiqə keçir.
Yarım saat keçir.
Üç saat keçir.
İlk dəfə bu sözlər
"Daha bir gün başlayır. Minlərlə
günün eynisi, daha bir dənəsi..." cümləsindən
sonra, ikinci dəfə "Əllər palçıq
yaxır, daş düzür" (bu zaman və əbədiyyət
qədər vaxt keçir cümləsi də təkrara əlavə
edilir), üçüncü dəfə, "Adamlar
keçir, külək getdikcə zəifləyir" və qəribə
sonluq. Birinci dəfə təkrar bezginlik, hər
şeyin bir-birinə son dərəcə oxşaması effektini yaradır. İkinci dəfə təkrarlandıqda (...əllər
palçıq yaxır, daş düzür) artıq onun
üçün çəkə bilmədiyi əzaba
dönmüş keçmişi yada salır, bütün
yaraların gözü açılır, çeşmələr
çağlayır və bu diyarda dərddən bol heç nə
yoxdur effektini yaradır. Üçüncü
dəfədə isə (...adamlar keçir, küləksə
getdikcə zəifləyir) hər şeyin yoluna
düşdüyünü yox, tam əksini, qapının bu
dünyaya bağlanmasını, hamının eyni anda, eyni
zaman fokusunda kor olmasını bildirir. Və... bununla ideya, bədii mətləb zaman-zaman ən
müxtəlif ortamlarda təkrarlanan fiziki gerçəklik,
parlaq obraz kimi ifadə edilir, ritm yaradır və
yaddaşı stimullaşdırır...
Hekayə mətnində ritm
onu ifadə edir ki, hər şey, hər bir hərəkət
ifrat gərginlikdən boşalma halına keçir, hekayə
qəhrəmanının başına gələn qəzayla
bağlı ifrat və qəribə həssaslığı
başqalarının sezib görmədiyi şeyləri
görməsinə və bütün bunlardan təsirlənməsinə
səbəb olur. Elektrik məftillərinə baxır,
bunların hara qədər gedə biləcəyini
düşünür, külək güclənibsə o məftillərdə
quşlar da yoxdu demək, - deyə düşünür.
Hekayə mətnində zamanla bağlı
sözlərin təkrarlanması və bunun daxili hərəkət
enerjisinin (nitqin) ifadəsi əslində, o qəhrəman
üçün zamanın donması, həyatın
donuşluğa dönməsi anlamına gəlir. Sonra qardaşının gəlib onu küçədən
evə gətirməsi və qapını bağlamasıya
"daha sizi görmürəm" deməsi hər şeyin bəlirsizliyinə,
zamanla bir həyatın, onun içindəki mənaların da
donmasına işarədir.
Başından zərbələr
alıb yumşaq şəkildə desək, müvazinətini
itirən bu şəxsin həyatını iki hadisə dərindən
etkiləyib, yəni biri baş verdikdə o biri məlhəm
olmalıykən yaranın şırımlarını daha dərinləşdirib
və adamın həyat adlı müstəvidən biryolluq
sürüşməsinə, yaşam adlı məmləkətdən
didərgin düşməsinə səbəb olub, ona
yalnız əsəbi həssaslıq qalıb, hər şeyi
lazım olduğundan artıq hiss edir, hətta yer üzündə
olmayan şeyləri də hiss edib, ürəyinə salır,
yerə yıxılıb zərbə dəyirmiş kimi
çapalayır. Ailə ifrat kasıblıqdan
normal həyat şərtlərinə doğru yol gəlir, hər
şey yaxşı gedirkən qəfil qəza baş verir,
daha doğrusu, kasıblıqdan, hər günün deyingən
ab-havasından səssizliyə düşmüşkən birdən
sinirləri yıpradan sarsıntı gəlir, anası ərinin
iranlı şərikinə uyur, ailəni atır. Onları evdən çıxarır. Kişi
içkiyə qurşanır, çox dözmür,
ölür, qardaşıyla bacısı
alayarımçıq tikilən suvaqsız evə
köçürlər (suvaq olmadığından
daşların arasında quruyan palçıq da əslində,
gerçəkliyin üzündən pərdələrin
qat-qat götürülməsinə, soyulub atılmasına
işarə edir...). Əsgərlikdə bir dindarla
dostlaşır, beş ayını onunla
keçirir, qayıtdıqdan sonra həyatını dua etməyə
həsr edir, amma... elə məsciddəcə məzhəb
davasının düz ortasına düşür, məlum
olur ki, məmləkətdə insanların getdikləri yolda
iman və inanc ən qıt olan nəsnəymiş. Bu fonda hekayənin sonluğu onu "ayaq üstə
saxlayan" daxili ritmlə yüz faiz səsləşir: bir
daha görünmədim...
Həmidin başqa bir hekayəsində ("Şaftalı çiçəkləri fəsli") ritm sakitliyin, sükutun içindəki bezginliyi, gündəlik monotonluğun yaratdığı öldürücü həyəcanı ifadə etməyə xidmət edir. Ard-arda gələn cümlələr gündəlik həyatda, sanki heç nəyin, əsaslı nələrinsə baş vermədiyini ifadə edir və bu, doğrudan da elə belədir, iki dost qonşu bağlarda keşik çəkirlər, çalışırlar, hər yerdən yabanı razyana qoxusu gəlir, əlini vursan əlinə yapışacaq, iyi azından yarım saat getməyəcək, bir də qəhrəmanın Sərxoş adlandırdığı dostunun əkdiyi şaftalı ağacı, bu ilin yazında meyvə gətirməlidi. Həyatın boşluğu və bu boşluğun araqla daha da dərinləşməsi, həyat, ömür tam olaraq boşluq içinə düşdükdə müxtəlif işarətlərin böyük məna qazanması və həyatını əvəz etməsi, Sərxoş soyuqdəymədən yorğan-döşəyə düşür və düşünür ki, atası kimi bu il otuz səkkiz yaşında öləcək. Bu ölüm söhbətindən dərhal sonra şaftalı çiçəkləri yada düşür, boşluq, mənasızlıq elə razyana kolu kimi bütün ərazini bürüyüb, şaftalı çiçəkləri bu səhrada tək-tənhadı, bir də Məlik kişinin utana-utana dükançıdan altı ədəd iris konfeti alması, sevinməsi və utanıb hürkməsi... Bütün bu təsvirlər necə deyərlər, "hamar müstəvi" üzərində cərəyan edir, halbuki, o təsvir fraqmentlərinin hər birinin o boşluqda dərin kökləri var, yəni nitq axarının ritmi dərəli-təpəli trayektoriyanı xatırladır. "...Uşaqlıqda araqdan xoşum gəlmirdi. Səlimə xalanın araq üçün yalvardığını görmüşdüm uşaqlıqda. Səlimə xala qonşumuz idi, uşaqları, nəvələri şəhərdə yaşayırdı. Qocalıb əldən düşmüşdü, hay-hayı getmişdi, vay-vayı qalmışdı, gedəndə ayaqları dolaşırdı bir-birinə. Yaman içəndi, hər gün içirdi. O vaxtlar limonad butulkalarını yığıb satırdım, puluna yenə limonad alırdım. Butulkaları Faiq əmi alırdı. Bir dəfə yenə butulka aparmışdım. Pulumu alanda Səlimə gəldi. Əlindəki sellofan torbalarda "çubuş" butulkaları vardı. "Faiq", - dedi, "otuz iki danadı...".
"Ritmik rezonans" ifadəsi var. Ritmik rezonans şəxsi emosional təcrübələrin kəsişməsindən yaranır. Steynbekdə, istisnasız olaraq bütün nəsr əsərlərində ekstremal hava şəraiti var. MakKortda aclıq səhnələri...
Müasir nəsrimiz bu
baxımdan çox rəngarəng və koloritlidir...
Ədəbiyyat
qəzeti 2020.- 21 noyabr.- S.9.