Varislər
Ruslan QƏDİRZADƏ: BİR AY
VƏ... ƏBƏDİ AYRILIQ
Söhbətləşdi: Əyyub QİYAS
"Varislər"in
bugünkü qonağı nasir, dramaturq, naşir, ötən
əsrin 50-ci illərindən sonra əsərləri
əl-əl gəzən, kitabları böyük tirajla
çap olunan gözəl insan, unudulmaz
yazıçımız Salam Qədirzadənin varisi, şərqşünas
Ruslan Qədirzadədir.
Əsərləri işıq saçan
yazıçı
1923-cü ildə Bakıda, xırda ticarətlə məşğul olan Dadaş kişinin ailəsində dünyaya göz açıb. Ailə o qədər yaxşı dolanmasa da, Dadaş kişi oğlunun təhsil alması üçün əlindən gələni edirdi. Salam hələ yeniyetməliyindən ədəbiyyata böyük maraq göstərir, şeirlər yazır, müxtəlif ədəbi birliklərdə, ədəbiyyat dərnəklərində fəallıq edirdi. Arzusu filoloji təhsil alıb, bütün ömrünü yaradıcılığa sərf etmək idi. Lakin 1941-ci ildə başlayan müharibə onun bu arzusunu ürəyində qoydu. Hələ 18 yaşı tamam olmamış gənc könüllü olaraq ordu sıralarına yazıldı, uzun döyüş yolu keçdi, yaralandı...
Salam Qədirzadə... Yəqin, ötən əsrin kitab sevdalıları bu imzanı gözəl xatırlayırlar. Onun "Qış gecəsi", "Sevdasız aylar", "46 bənövşə", "Kəndimizdə bir gözəl var", "Hər gün ömürdən keçir" və başqa kitabları vərəqləri tökülənə, səhifələr cırılana qədər oxunurdu, dəfələrlə bərpa edilirdi. Oxucular onun qəhrəmanlarının romantikası ilə köklənir, sevir, sevilirdilər. O, gənclərin sevimlisi idi. Bu gözəl yazıçı, unudulmaz insanın varisi Ruslan Qədirzadə ilə Bakıdakı çay evlərinin birində görüşdük.
- Bəzən sağlığında böyük populyarlıq qazanmaq, sevilmək hər yazıçıya nəsib olmur. Salam Qədirzadənin bu sarıdan bəxti gətirmişdi, daha çox gənclərin, yeniyetmələrin sevimli yazıçısı idi deyilsə də, məncə, 7-dən 77-yə hamı onu oxuyurdu. Mənim üçün maraqlıdır, bu qədər romantika, sevgi, işıq onun yaradıcılığında haradan idi? Necə ailədə böyümüşdü? Valideynləri kim olub?
Doğum tarixi çinara yazılan körpə
- Atam Bakı şəhərində, köhnə "Sovetski" deyilən məhəllədə Dadaş Qədirzadənin ailəsində dünyaya gələn ilk oğlan uşağıdır. Bəzi yerlərdə qeyd olunur ki, guya babam Dadaş kişi tacir olub, amma atam həmişə uşaqlıqda müəyyən çətinliklərlə böyüdüyünü deyirdi. O nəsildən çoxu haqq dünyasındadır, bircə 82 yaşlı bibim sağdır. Bu yaxınlarda söz düşdü ondan, babam tacir olubsa niyə çətinlik çəkmisiniz, soruşdum. Dedi, tacir olmayıb, sadəcə, xırda pal-paltar dükanı işlədib. Ailədə yeddi uşaq olublar: beş bacı, iki qardaş. Atamın doğum tarixi dəqiqdir, çünki bu barədə maraqlı xatirə var. O biri bibilərim, əmim deyirdi ki, üzüm yetişəndə dünyaya gəlmişəm, biri deyirdi əncir vaxtı doğulmuşam, digəri qar yağanda... Bu məsələ məni maraqlandırırdı: necə olur ki, atamın doğum tarixi dəqiqliyi ilə qeyd olunur?! Demək, bir neçə qızdan sonra atam olur, babam bu xəbərə çox sevinir, Pirşağıda bağımız varmış, oradakı çinar ağacına çıxıb, bıçaqla ağacın gövdəsində "10.IV.1923" yazır. Bu, atamın ən dəqiq "doğum haqqında şəhadətnaməsidir". İllər sonra pasport almaq vaxtı çatanda atam maraq üçün həmin çinara dırmaşıb yazıya baxıb. Onun doğum tarixi dəqiqdir.
Anası evdar qadın olub, uşaqları böyüdüb. Bu ailədə daha çox təhsilli, savadlı, tanınmış adam bircə mənim atam olub. Salam Qədirzadə böyüyə, ağsaqqala yaraşan bütün xüsusiyyətləri, təmkini, səbri, sərtliyi, qətiyyəti özündə cəmləşdirirdi. Babam Dadaş kişi rəhmətə gedəndən sonra evdə böyüklük etmək, ailənin yükünü çəkmək birbaşa atamın çiyinlərinə düşüb. Bacıları yaşda ondan böyük olsalar da, atamın sözü qanun kimi qəbul edilib.
Sadiq təxəllüslü qəzəlxan
Atam yaradıcılığa şeirlə başlayıb. Evdə içərisində 70-ə yaxın şeir olan dəftərçə var. Həmin dəftərçədə əski əlifba ilə yazılmış şeirlər, Sadiq təxəllüsü ilə yazdığı qəzəllər yer alıb. Mən şərqşünasam, bu şeirləri sərbəst oxuya bilirəm. Sonra kiçik hekayələr yazıb. Həm lirik-romantik, həm də satirik hekayələri var. Bu həvəs müharibədən sonra onu BDU-nun Filologiya fakültəsinə gətirib çıxarıb. Yaxşı oxuduqları, artıq ədəbi cameədə tanındıqları üçün bir neçə istedadlı gənclə birlikdə atamı da M.Qorki adına Ədəbiyyat İnstitutuna göndəriblər. Həmin gənclərin arasında İsa Hüseynov, Nəbi Xəzri, Əli Kərim kimi məşhur imzalar olub.
- Amma bütün bunlar müharibədən
sonra olub... Salam Qədirzadə az qala orta təhsilini
bitirdikdən dərhal sonra müharibəyə gedib. Siz onun
"Sovetski"də böyüdüyünü dediniz,
yadıma "Bizim Cəbiş müəllim" filmində
müharibəyə gedən bığ yeri təzə tərləmiş
məhəllə uşaqları düşdü...
- Bəli, atam müharibədə iştirak edib. Orden və medallarla təltif olunub. Özü də rabitəçi kimi xidmət edib. Anasından xəbərsiz, könüllü orduya yazılıb. Ağır döyüşlərin çoxunda iştirak edib. Şimali Qafqazdan başlayan döyüş yolu, Belarusiya cəbhəsinə, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniyaya qədər davam edib. Döyüşlərin birində ağır yaralanıb və qələbə xəbərini Çexoslovakiyada eşidib. Müharibədən sonra ali təhsil alıb.
Yenə manşet problemi
- Ruslan müəllim, onun Moskvaya getməsi nə ilə bağlıdır? Saytların birində atanızın Bakıda sevdiyi qızdan ayrılıb, Moskvada rus qızı ilə ailə qurması yazılmışdı. Səhv etmirəmsə, bu yazı sizin ürəyinizcə olmayıb. İmkan varsa, bu məsələyə aydınlıq gətirin.
- Hə, olub elə bir şey.
Adını çəkmək istəmədiyim saytların
birində çox mənasız bir başlıq
çıxarmışdılar manşetə: "Salam Qədirzadə
nişanlısını ataraq, başqa qadınla ailə
qurdu". Belə çıxırdı ki, guya
atam burada nişanlısınımı, ailəsinimi atıb,
gedib Moskvada rus qızı ilə ailə qurub.
Düzü, mən heç fikir verməmişdim o yazıya,
bacım zəng vurub xəbər verdi. Həmin o "başqa qadın, rus qızı"
dedikləri mənim anamdır. Məni, bacım
Leylanı böyüdən, bizə tərbiyə verən,
atama yaxın dost, sirdaş olan qadından gedir söhbət. Və məsələ ondadır ki, atam Moskvaya, təhsil
almağa gedəndə subay oğlan olub, heç
nişanlı da deyilmiş. Zəng vurub
saytın redaktoruna ailəmiz adından iradımı bildirdim.
Bəzən oxucu yığmaq, sensasiya yaratmaq xətrinə
insanların heysiyyətinə toxunan yazılar,
başlıqlar verilir manşetlərə. Bu, yolverilməzdir.
- Olur elə şeylər. Müasir jurnalistikada belə ənənələr
var və saytları da başa düşmək
lazımdır. Oxucu da dəyişib, əksəriyyəti
manşetdə gözünü almayan yazını
açıb oxumaq istəmir. Eyni
narazılığı mənə Rafiq Babayevin
qızları, hətta məhz bu səbəbdən müsahibə
vermək istəməyən türkoloq Aydın Məmmədovun
oğlu da bildirdi. Onlar da hansısa
saytın manşetə çıxarılan tezisindən
şikayət edirdilər. Məncə, bu
məsələ jurnalistikanın diqqətindən kənarda
qala bilməz. Yaxşısı budur, Salam müəllimlə
ananızın necə tanış
olduğundan danışasınız.
Moskvalı qızı sevən
oğlan
- Moskva ətrafında Peredelkino deyilən
yer var, yataqxana orada olub. Tələbə dostları Nəbi Xəzri,
İsa Muğanna, Əli Kərimlə bir yerdə hər səhər
elektrik qatarı ilə dərsə gedirlərmiş.
Hər dəfə vaqonda gözəl bir rus
qızının qonşu skamyada oturub kitab oxuduğunu
görürlər. Bir gün, səhv etmirəmsə,
Nəbi Xəzri deyib ki, bir ora baxın, neçə
gündür fikir verirəm, bu qız başını kitabdan
qaldırmır. Özü də gözəl
qızdır. Cavandırlar da, həm də
yazıçılar, şairlər. Deyiblər get bir
maraqlan gör nə oxuyur. Atam
yaxınlaşıb, oxuduğu kitabla maraqlanıb. Sonra qız ondan kimliyini soruşub. Atam gənc
yazıçı olduğunu, M.Qorki adına
Ədəbiyyat İnstitutunda oxuduğunu deyib. Beləcə,
aralarında münasibət yaranıb, atam rus dilinə tərcümə
olunmuş hekayəsini oxumaq üçün qıza verib.
Bir gün sonra qız yenə elektrik qatarında
hekayəni atama qaytarıb və deyib ki, çox maraqlı
hekayə idi. Yəni
tanışlıqları belə başlayıb. Anam Roza Yefimovna Qədirova da o vaxt texnikum tələbəsi
olub. Elə tələbə ikən, 1952-ci ildə
Bakıya gəlib ailə qurublar, bir il
sonra mən doğulmuşam, beş il sonra bacım Leyla
xanım dünyaya gəlib.
- Yəni Salam Qədirzadənin
adı başqa qadınla da hallandırılırdı həmin
müsahibədə?
Atamı sevənlər çox olub
- Hallandırıla bilməzdi,
çünki elə bir şey olmayıb. Cavan,
tanınmış, yazıları çap olunan
yaraşıqlı oğlan olub. Əlbəttə,
kimsə onu sevə bilər, kiminsə ürəyində
gizli, platonik eşq yarana bilər, amma atam heç bir qıza
nəsə vəd etməyib, kimisə aldatmayıb, kiməsə
könül verməyib. Sumqayıtda
işləyəndə yanılmıramsa, Maral adlı bir heykəltəraş
gənc qız olub, onun atamı sevdiyini eşitmişdim, atam
isə bu sevgiyə qətiyyən qarşılıq göstərməyib.
- Beləliklə, Salam Qədirzadə
ali təhsil aldı, ailə qurdu və Bakıda mətbuat sahəsində
fəaliyyət göstərməyə, bir neçə mətbu
orqanında məsul katib, redaktor, baş redaktor işləməyə
başladı.
- Atam müharibədən sonra
Filologiya fakültəsində qiyabi oxuyub və müharibənin
başlaması ilə tikintisi yarıda saxlanılan, yeni
qurulmaqda olan Sumqayıt şəhərinin quruculuğunda
yaxından iştirak edib, peşə məktəbində müdir
müavini işləyib, şəhər radiosunda redaktor kimi fəaliyyət
göstərib. Yəni onun ilk əmək fəaliyyəti
Sumqayıtla bağlıdır.
Gənclik şəhərindən bəhs
edən "Gənclik"
Həmin o Maral adlı heykəltəraş
qız da onu Sumqayıtda görüb, sevib... Atam
Sumqayıtın daş-daş, küçə-küçə,
bina-bina tikilməsini, genişlənməsini gözləri ilə
görüb. Bibilərimdən biri
Sumqayıtda yaşayırdı, atam sonralar da ora tez-tez gedib- gəlirdi.
Atamın "İlk hekayələr"
adlı kitabı 1953-cü ildə işıq üzü
görüb. "Gənclik" adlı
povesti isə birbaşa Sumqayıtı tikən gənclərin
həyatından, onların sevgisindən, problemlərindən,
yaxşı və pis adamlardan bəhs edir. Həmin kitab "Yunost" adı ilə Moskvada da nəşr
olunub. O, yazıçı kimi çox erkən
yaşlarından tanınıb, jurnallarda, qəzetlərdə
çap olunmağa başlayıb. 1948-ci ildə
"Pioner" jurnalında çap olunan "Oqtay"
adlı hekayə onun yaradıcılıq yolunun
başlanğıcı hesab edilə bilər. Bir müddət "Azərbaycan" jurnalında məsul
katib işləyib. Ən çox işlədiyi
yer "Kirpi" jurnalı olub. O, bu jurnalın
redaksiyasında ədəbi işçi, məsul katib və
baş redaktora qədər yüksəlib.
- Sovet dövründə
"Kirpi" jurnalı çox "qorxulu" mətbuat
orqanı hesab olunurdu. Birbaşa Mərkəzi Komitənin nəzarətində
olan jurnalın dostu da, düşməni də az
deyildi. Yəni "Kirpi"nin tikanları
adamı məhv edə bilərdi. Salam Qədirzadə
necə işləyə bilirdi, çətinlik çəkmirdi,
özünə düşmən qazanmaqdan ehtiyat etmirdi?
"Kirpi"nin
tikanları
- Atam "Kirpi"yə
baş redaktor təyin ediləndə artıq redaksiya
kollektivinə bələd idi, çünki məsul katib
işləyirdi orda. Onun baş redaktor keçməsinin
maraqlı tarixçəsi var. Demək, rəhmətlik Seyfəddin
Dağlı baş redaktorluqdan getdikdən sonra bir müddət
o vəzifə boş qaldı. Atamın iş
otağı vardı, telefon da masasının üstündə
olurdu. Bir gün evə zəng gəldi,
qapını bağlayıb danışdı. Adətən evdən, ailədən
gizli-saxlısı olmazdı. Bir qədər
telefonla danışdı, sonra otağa keçdi. Kiminlə
danışdığını xəbər aldım, zorla cavab
verdi, dedi Mərkəzi Komitədən zəng
vurmuşdular. O vaxt Mərkəzi Komitənin Birinci katibi Ulu
Öndərimiz idi. Atamın yaxın dostu
vardı - Teymur əmi, SSRİ Xalq artisti Mehdi Məmmədovun
qardaşı. Sirdaş idilər. Atam onu evə dəvət etdi, otağa çəkilib
xeyli danışdılar. Dağılışanda
sözarası eşitdim ki, atamı Mərkəzi Komitəyə
çağırıblar. O ərəfədə tələbə
yoldaşlarımdan biri Suriyadan qayıdanda mənə
çox gözəl qalstuk gətirmişdi. Üzərində
milli ornamentimiz olan butalar vardı. Səhər
səliqə ilə geyindi, qalstukları arasında seçim
edəndə, dostumun gətirdiyi qalstuku taxmağını təklif
etdim. Hə isə, qalstuku taxdı,
özünün "Volqa"sı vardı, sükan
arxasına keçib getdi və bir neçə saatdan sonra
qayıtdı.
Qırmızı butalı qalstuk
Ciddi məsələlər
olanda həmişə dostlarını başına
toplayıb məsləhətləşirdi. Yenə elə
oldu. Dostları Teymur Məmmədov, Xalq şairi Qabil,
Əli Tohidi onun otağına toplaşdılar. Süfrə açıldı, məni araq almağa
göndərdi. Təkilf etdi ki, mən də
yanlarında oturum. Atadır da, adətən
yüz qram araq da verirdi mənə. Məclisdə
özümü necə aparmalıyam,
böyüyün-kiçiyin yerini bilməliyəm və s.
Belə şeyləri öyrədirdi, özü nümunə
olurdu. Həmişə deyirdi ki, arada araq
içmək olar, amma heç vaxt siqaret çəkmə.
Yenə bir tikə yedim, yüz qramımı içdim, dedi
gedə bilərsən. Özləri
baş-başa verib süfrə arxasında məşvərət
elədilər. Məclis
dağıldı, yenə özü mənə heç nə
demədi. Əli Tohidi ilə aram
yaxşı idi. Lap dost idik. Ondan öyrəndim
nə məsələ olduğunu. Əli əmi dedi ki,
"Heydər Əliyev yoldaş şəxsən atanla
danışıb, onu "Kirpi" jurnalına
baş redaktor təyin etmək istəyir. Atan isə
imtina edib. Deyib hipertoniyadan əziyyət
çəkirəm. Səhhətim məni
narahat edir, birdən bacarmaram". Bunu
eşidəndə yer ayağımın altından
qaçdı. Dedim o boyda kişinin sözünü yerə
salmaq olar?! Doğrudan da, yüksək təzyiqdən
əziyyət çəkirdi. Ona bir həftə
fikirləşmək üçün vaxt vermişdilər.
Atam sonra danışırdı o hadisəni.
Demək, Ulu Öndərimiz qəbul edib
atamı, tapşırıqlarını, məsləhətlərini
verib, həm də söhbət əsnasında qalstukuna
baxıb gülümsəyirmiş.
Ulu öndərin qəbulunda
O boyda kişinin otağında deyə
bilməz axı nəyə gülürsünüz. Atam da öz fikirlərini bildirib, planları barədə
danışıb. Maraq üçün soruşub ki,
yoldaş Əliyev, məni sizə kim məsləhət
verib? Ulu Öndər Süleyman Rüstəmin təklifi
ilə bu addımı atdığını bildirib. Sən demə, Süleyman Rüstəm atam
haqqında çox yaxşı rəy formalaşdırıb.
Ayrılanda birdən atamın gözləri Ulu
Öndərin qalstukuna sataşıb. Demə o gün Heydər
Əliyev də eyni qalstukdan taxıbmış. Beləcə, 1976-cı ildən 1980-ci ilə qədər
atam "Kirpi" jurnalının baş redaktoru oldu.
- Bəs niyə "Kirpi"
jurnalından çıxdı? Özünüz də dediniz,
rəhbərlik ona qayğı göstərirdi, hörməti,
nüfuz, güc... Nəsə ciddi bir şey baş verdi?
- Çox qəribədir, atam mənim
toy günümdə, 1980-ci il iyul
ayının 9-da öz ərizəsi ilə "Kirpi"dən
getdi. Səbəb o idi ki, təzyiqlər
çox olurdu. Kimi tənqid edirdin
düşmən kəsilirdi adama. Birini
jurnaldakı yazıya görə işdən
çıxarırdılar, yaxud cinayət işi
açırdılar, qohum-əqrəbası
tökülüşürdü ora-bura. Yəni onun kimi
həssas, hipertoniyadan əziyyət çəkən, daha
çox yazı masasına bağlı bir adam
üçün o atmosferdə işləmək çətin
idi. Bilirsiniz necədir, elə adamlar o vəzifədə
işləyə bilməzlər. İki
yol var, ya gərək təmiz işləyəsən, gələn
siqnallara, yazılara, şikayətlərə reaksiya verəsən,
məsələ qaldırasan, ya da həmin şikayətlərin
izi ilə gedib, ancaq özün üçün
çalışasan, öz cibini doldurasan. Atam birinci yolu tutdu və nə qədər
bacardısa, tab gətirə bildisə, o qədər işlədi.
Müharibə qənimətləri
- Danışdıqlarınızdan
belə anladım ki, Salam Qədirzadə bir vaxtlar əl-əl
gəzən romanlarını bəzi jurnal redaktorları kimi
iş vaxtı yox, evində, öz şəxsi yazı
masası arxasında oturub yazıb.
- "Kirpi"dən
çıxdıqdan sonra evdə rahatca yaradıcılıqla
məşğul oldu. Pürrəngi çayı, siqareti
yanında, saatlarla işləyirdi. Çox
səliqəli xətti vardı. Əvvəlcə
səliqə ilə, mürəkkəbli qələmlə əlyazma
kimi yazır, sonra özü redaktə edərək makinaya
köçürürdü. Həmin
makinanın da çox maraqlı tarixçəsi var.
Makinanı müharibədən qənimət kimi gətirmişdi.
Almanların "Trumpf" firmasında istehsal
olunan makina indi bacımdadır. Müharibənin
sonunda Çexoslovakiyada boş evlərə girəndə həmin
makinanı, bir də tapança tapmışdı. Gülləri də içində. Onları özü ilə qənimət kimi evə
gətirmişdi. Makina çox əla əziyyətdə
olub, lenti üstündə. Sonradan
şriftlərini dəyişdi, ömrünün sonuna qədər,
qırx ildən artıq ondan istifadə etdi. Babam
Dadaş kişi tapançanı görəndə,
atamdan "onu neynirsən", soruşub. O da cavab verib ki,
müharibə təzə qurtarıb, tapançadı da,
atıram evə, birdən lazım olar. Babam təkid edib:
"Götür onu at məhəllədəki su quyusuna!". Atam əvvəlcə,
"sonra ataram" deyib, babam əl çəkməyib, deyib
"elə indi, gözümün qabağında at
quyuya". Belə. Atam
deyilənə əməl edib.
- Kitablarına münasibəti necə
idi? Elə yazıçı var buna adi
baxır. Eləsi də var, məsələn,
mənim kimi, hər kitabım çap olunanda uşaq kimi
sevinirəm.
Üçüncü kitabdan sonra
alınan maşın
- Əlbəttə, sevinirdi. Çox
sevinirdi. Ona ilk məşhurluq gətirən
"Gənclik" povesti mənimlə yaşıddır,
1953-cü ilə çap olunub. İki il
sonra "Sarmaşıqlı aynabənd" adlı kitabı
çıxıb. 1957-ci ildə "Qış
gecəsi" romanı çap olunub və onun qonorarı ilə
özünə maşın alıb - "Moskviç
408". O dövr üçün əla göstərici
idi.
- Salam Qədirzadənin
"Kirpi" jurnalındakı təcrübəsi onun həm
də satirik yazılar müəllifi kimi
çıxış etməsinə təkan verib,
"Mozalan" satirik kinojurnalı üçün ssenarilər
yazıb. Bu da yaxşı qonorar deməkdir.
- Hə, "Mozalan"
üçün süjetlər yazıb. Xeyli
satirik yazısı var. Atam qonorar sarıdan heç vaxt problem
yaşamayıb. Kitabları böyük
tirajla çap olunur, tez də satılırdı. Bir kitabını ard-arda bir neçə dəfə
çap edirdilər. Biz qətiyyən
korluq çəkmirdik. Sonra özünə
"Volqa" aldı. O dövrdə "Volqa. QAZ-24"dən üstün maşın yox idi.
İstəsəydi mənə də
maşın ala bilərdi, amma ərköyün,
hazırın naziri kimi böyüməyimi istəmirdi. Maşın sürməyi mənə atam öyrədib.
Yanımda otururdu, sürürdüm. Sonra sərbəst sürməyə başladım.
Sevgisi də, münasibətləri də, qəzəbi
də ölçülü idi. Özü
hər şeyin yerini bildiyi üçün, bizdən də hər
şeyin yerini, təhərini bilməyi tələb edirdi.
Gənclərin sevimli
yazıçısı
- Tələbə auditoriyalarında,
gənclərlə, o dövr üçün dəbdə
olan terminlə desək, zəhmətkeşlərlə
görüşləri çox qələbəliklə
keçirdi. Onun qəhrəmanları sadə
insanlar idi, amma sevməyi bacaran, xoşbəxt gələcəyə
ümid edən, romantik, kosmopolit adamlar və onlara mane olmaq istəyən
hansısa vəzifə sahibi, elm pillələrini təsadüfən
qalxmış professor, zovod direktoru və başqaları.
Şöhrət bəzən insanları
çaşdırır. Salam Qədirzadə
şöhrət sarıdan korluq çəkmirdi. Vəzifəsi,
imkanları, altında dəbdə olan, çoxunun həsəd
apardığı maşın... Bütün
bunlar çaşdırmırdı ki, onu?
- Qətiyyən. O, uşaqlıqda,
yeniyetməlikdə çətinlik görmüşdü,
müharibə görmüşdü, ağır
yaralanmışdı. Əldə etdiyi imkanlar, bəlkə də, bir
başqasını, sizin dediyiniz kmi, çaşdıra bilərdi,
amma o, həyatda yaşamağı və doğru
yaşamağı bacaran nadir insanlardan idi. Ailə, cəmiyyət, dostlar, yaradıcılıq
atmosfer... bütün bunlara çox həssaslıqla
yanaşırdı. Əslində, yazılarını
oxuyanda deməzdin bu adam qapalı, az
danışan ola bilər. Amma hər şeyi hər
yerdə danışmağı xoşlamazdı. Sözlərini yerində deyərdi. Heç kəsin qarşısında əyilmədi.
Heç bir fəxri ad, ev və s.
üçün kiməsə ağız açmadı. Mən ailə qurmuşdum. Mənzil
şəraitimiz yaxşı deyildi. Onu zorla
Yazıçılar İttifaqına ev
almaq üçün müraciət etməyə razı
saldıq. O ərəfədə Yazıçılar
İttifaqının qurultayı keçirilirdi. Ulu Öndər də qurultayda iştirak edib. Çıxışında deyib ki, sizi eşidirəm,
kimin nə sözü, nə problemi varsa buyursun. Səhv etmirəmsə, Mirzə İbrahimov sədr
idi. O deyib ki, Salam Qədirzadə oğlunu evləndirib,
amma evi yoxdur. Heydər Əliyev o dəqiqə
tapşırıq verib və qısa zaman ərzində bizi
evlə təmin etdilər.
"Ondan sənə dost olmaz"
- Ruslan bəy, atanızın
dostlarının adını çəkdiniz. Belə başa
düşdüm ki, ədəbi came
yoldaşları çoxluq təşkil etsə də, evə
gəlib-gedən çox məhdud sayda dostu olub.
- Atam dost məsələsinə xüsusi həssaslıqla yanaşırdı. Onunla dostluq etməyin öz tələbləri, öz qanunları vardı və həmişə deyirdi ki, adamın uzaqbaşı 3-4 dostu ola bilər. Bir hadisəni xatırladım. Ailədə tək oğlan olmuşam. Dosta ehtiyacım olub. Tələbə vaxtı bir nəfərlə yoldaşlıq edirdim. Hansı rayondan olduğunu demək istəmirəm. "Azdrama"nın arxasındakı gecəqonduların birində kirayədə qalırdı. Yaxın idik də. Cavan oğlan, tələbə. Evdə bişirilən yeməkdən, çərəzdən, meyvədən götürüb tez-tez onun yanına gedirdim. Ondan yaxın dostum yox idi. İmkanım düşəndə cibinə pul da qoyurdum. İstəmirdim dostum korluq çəksin. Bir gün təkidlə onu evimizə, atamla tanış etməyə apardım. Görüşdülər, bir qədər söhbət elədilər, sonra dostumu yola saldım getdi. Atam məni otağına çağırıb bir kəlmə söylədi: "Ondan sənə dost olmaz!". Çox incidim. Hətta bəlkə də həyatımda ilk dəfə atamdan küsdüm. Həyətə düşüb bir-neçə siqaret çəkdim dalbadal. Atamın sözünə baxmadım, dostluğumuzu davam etdirdim. Həmin adam sonuncu imtahandan sonra biryolluq itdi. Yaxşı olduğunu, işlədiyini, imkanlarının əla olduğunu eşidirdim. Mənim ona ehtiyacım yox idi, amma axtarırdım onu, o isə qaçırdı məndən. Atamdan üzr istədim.
- Cəmi 64 yaş... Bilirdim, hipertonik idi, amma niyə müalicə almırdı, niyə pəhriz saxlamırdı. Bu xəstəlikdən özünü qoruyaraq, uzun ömür yaşayanlar da var.
"Bilsəydim elə olacaq..."
- Qismət. Məncə,
ölümdən qaçmaq mümkün deyil. O yaşda
öləcəyini ağlına da gətirməzdi. Qəfil
insult keçirtdi. Bir həftə 1 saylı Kliniki Tibbi Mərkəzdə
huşsuz yatdı, 1987-ci il 15 noyabrda dünyasını dəyişdi.
Çox qəribə bir gün idi... Maşını qarajdan
çıxaranda qapısını əzmişdi.
Maşını usta yanına aparmışdı. O ərəfədə
mən bir aylıq hərbi toplanışdan
qayıtmışdım. Yəni son bir ayda görüşməmişdik.
Evdən çıxarkən zəng vurub dedi ki, qayıtmağım
münasibətilə dostları toplayıb, yığcam məclis
qurmaq istəyir, məni filan yerdə gözləyəcək.
Başımı yumuşdum, hava soyuq olduğundan dedim,
yuyunmuşam, bayıra çıxsam soyuqlayaram. Qalsın
sabaha. Razılaşdıq. Nə bilim belə olacaq. Elə
usta yanında olanda insult keçirmişdi.
Ədəbiyyat
qəzeti.- 2020.- 21 noyabr.-
S.16-17.