Möhlət
Kinonovella
Sadıq Elcanlı
8 may 1992-ci ildə göz yaşları içində başladığım, 8 noyabr 2020-ci ildə Prezident,
Ali Baş Komandan
İlham Əliyevin Şuşanın azad olunmasıyla
bağlı
Azərbaycan
xalqına müraciətindən sonra bitirdiyim bu yazını
Qarabağ şəhidlərinin
əziz, unudulmaz və əbədiyaşar xatirəsinə
ithaf edirəm.
Müəllif
Onu Bakının Bayraq
meydanı yaxınlığında gördüm; meydanın Xəzər
səmtində, tənha tut ağacının yanındakı
oturacaqda əyləşib dənizə baxırdı.
Səhər tezdən idi,
günəş dənizdən təzəcə
boylanırdı. Yanından keçəndə salam
verdim. Su səsinə bənzər qəribə
pıçıltıyla dedi ki, danışmaq istəyirəm.
Ayaq saxlayıb soruşdum:
- Nəyi danışmaq istəyirsiniz?
- Hər şeyi, bütün
olmuşları danışmaq istəyirəm. - Birnəfəsə
dedi.
Yaxınlaşıb yanında əyləşdim:
- Buyurun, sizi dinləyirəm.
Yenə həmin su səsi:
- Bu, uzun, kədərli bir əhvalatdır,
xahiş edirəm, səbirli olun, sözümü kəsməyin.
- Və qəribə bir təlaşla davam etdi. - Nə vaxt istəsəniz
heç nə demədən durub gedə bilərsiniz. İncimərəm.
- Narahat olmayın, - əl telefonumun
ekranındakı saata baxdım, - vaxtım var, sizi dinləyirəm,
danışın.
- Bir xahişim də var, telefonunuzla söhbətimi
yazsanız... Məndən bir xatirə qalar... Bilirəm,
yazıçısan...
Səsindəki uzaqlıq,
soyuqluq ruhumu üşütdü, telefonun səs yazı
düyməsini basıb oturacağın üstünə,
ikimizin arasına qoydum.
- Sizi dinləyirəm və səsinizi
də yazıram, buyurun.
Və o danışmağa
başladı.
***
Dörd bir tərəfinə
tikanlı məftillər çəkilən köhnə qoyun
yatağı idi. Eni-uzunu əlli-altmış addım olan
qoyun yatağında yüzdən çox girov vardı;
qanı qovrulan qocalar, qəm qalası qarılar, sinəsi
sökülən, səsi sınan igidlər, gözlərinin
dərd dənizində boğulub ayaq üstə ölən
qız-gəlinlər, böyüklərin xarabaya dönən
ürək sınıqlarında kor kədərlə gizlənpaç
oynayan körpələr bir-birinə
qarışmışdı. Hamısı
arıq, üzgün idi, qəmli kölgələrə, dəriyə
bürünən dərdə bənzəyirdilər. Gözləri sönmüş ocaq yerləri idi,
baxışları buz bağlamışdı. Sönmüş ocaq yerlərinin külü sovrulur,
buz bağlayan baxışlar Allahın qəlbini
parçalayırdı.
Dərd dalğa-dalğa dikəlib
dənizə dönmüşdü, səbrin son sahillərini
oya-oya uçurur, qərq edirdi. Duyğular dona-dona
daşa, çınqıla çevrilir, ürəklərin
burum-burum burulan boranlı göy üzündən gecə-gündüz
daş-dolu yağırdı;
daşlı-çınqıllı yağı yollar ümidlərin
ayağını əzir, qəlbini qanadırdı. Səbrin son sahillərində, ümidlərin
ölüm yuxulu yollarında ruhlar başdaşına, bədənlər
qəbrə bənzəyirdi; yara kimi səssiz-səmirsiz
göynəyən qəbiristan sükutunda hönkürtüdən
qulaq tutulurdu. Zülmün zülmətində,
qəmin qaranlığında girovlar - dərd dalğaları
aramsız çırpınır, əzilən,
ağrıyan, bezən, əzab çəkə-çəkə
yanan, kösövə dönən ruhlar əbədi ocaq yerləri
kimi tüstülənirdi. Neçə
vaxt idi ki, bədənlər qəm qazanı, ruhlar qəm
qaynarıydı. Və girovların saxlandığı
köhnə qoyun yatağından yanıq iyi gəlirdi...
Onlarca girov aclıqdan,
üzgünlükdən, qəm yükünün
ağırlığından quru torpağa, dərdin dibinə,
dərinliyinə döşənmişdi. Payız
yarpaqlarıtək solub-saralıb, qana bələnib,
üzülüb xəzələ dönür, ürəklərində
quruyan ümid ağaclarından qopub
yıxılırdılar. Köhnə
qoyun yatağının dar-darısqal torpağına gecə-gündüz
xəzəl yağır, ölüm tökülürdü.
Gözətçilər ölən girovları
yaxınlıqda qazılan xəndəyə qədər
sürüyür, üstlərinə benzin töküb
yandırırdılar. Uşaqlar o soyuq
tonqallara baxa-baxa, ruhu bədəndən qovan o dəhşətli
tüstü-qoxuda, boğanaqda boğula-boğula analarından
çörək istəyirdilər; anaların heç nəyi
yox idi, göz yaşından savayı. Qarıların
soyuq-solğun sözü-söhbəti, qocaların dərdə
qov gələn öyüd-nəsihəti, sinəsi
sökülən, səsi sınan igidlərin xofu-xəcaləti,
uşaqların çörək istəyən ac
yalvarışı tükənmişdi. Ümiddən
arzuya, ürəkdən Allahacan hər şey tükənmişdi,
bircə anaların göz yaşı tükənmək
bilmirdi. Və kişilər o göz
yaşı dəryalarında batan ümid gəmilərinin dor
ağaclarında çarmıxa çəkilə-çəkilə
çırpınır, çapalayır,
çıxış yolu axtarırdılar. Neçəsi qaçmaq, soydaşlarına əlac
etmək ümidiylə tikanlı məftilləri aşıb
keçmək istəmişdi və hamının gözü
qarşısında yanıb külə-kömürə
dönmüşdü; girovlar saxlanan köhnə qoyun
yatağının dörd bir tərəfinə çəkilən
tikanlı sərhəd məftillərinə yüksək gərginlikli
elektrik cərəyanı buraxılmışdı. Məftillərdə
yeddi kişinin, üç gəlinin, dörd uşağın
kömürə dönən meyiti qaralırdı. Gəlinlərdən
ən gözəli el-camaata üz tutub göynəmişdi: -
Məni acizlikdə qınamayın, namussuzluq ləkəsinə
dözə bilmirəm, bətnimdə çırpınan erməni
küçüyünün zingiltisinə dözə bilmirəm...
- Belə deyib özünü tikanlı məftillərə
toxumuşdu... Erməni gözətçiləri
meyitləri dəfn etməyə icazə vermirdi, göz
dağı kimi saxlayırdı. O iylənən cəsədlər
birinin atasıydı, birinin ömür-gün
yoldaşıydı, birinin övladıydı. Və
ölüm gözlərinin qabağında gecə-gündüz
kösöv kimi tüstüləndikcə girovlar ürəklərinin
dustaq kameralarında boğulurdular...
Qəfil zəng
hamısının diqqətini cəlb etdi. Ürəklərinin
dustaq kameralarında sıxılan, boğulan girovlar, gözlərinə
- təkadamlıq türmələrin gözlüklərinə
tərəf süründülər, köhnə qoyun
yatağının dəmir qapısına baxdılar. Bu qara qapı gündə iki dəfə - səhər
və axşam açılır, hərəyə bir tikə
üstünə palçıq yaxılan (deyirdilər, yeyin,
Qarabağ torpağıdır) quru arpa çörəyi
paylayırdılar. Həftədə, on
gündən bir paslı dəmir çən bulanlıq,
gözlərinin qabağındaca murdarlanan çay suyu ilə
doldurulurdu.
İndi nə səhər, nə
axşam idi, gün günorta yerinə qalxmışdı;
aylarla istinin yandırıb soyuğun dondurduğu girovlar
baş-başa verib dərd dəyirmanında
üyünürdülər.
Qoyun yatağına daxil olan əlisilahlı,
saqqallı ermənilərin - bunlar gözətçilər
idi - arxasınca iki əcnəbi, bir tərcüməçi
göründü.
Təkadamlıq dustaq
kameralarının gözlüklərində sısqa ümid
qığılcımları odlandı; yəqin, BMT-dən,
ATƏT-dən, ya da hansısa başqa təşkilatdan gəliblər. Bəs, bura nə
üçün? Axı, ermənilər
belə qonaqlara həmişə nümunəvi yeri -
azsaylı girovxananı göstərirlər. Yəqin, məcbur
ediblər, beynəlxalq təşkilatlar ciddi təsir göstərib,
yoxsa... İlahi, sən özün kömək ol, bir
bağlı qapı aç...
Öndə gələn
şişman, saqqallı erməni girovların
pıçıltı-uğultusuna nifrətlə
tüpürüb, Kalaşnikov silahını oynadaraq
qışqırdı:
- Sakit! İt uşağı,
hamınızı qarışqa kimi qıraram... Bu gecə dostlarım gələcək, üç
qız hazırlayın... - İyrənc şəkildə
hırıldadı. - Özüm gəlib seçəcəyəm,
- bir qədər susub əcnəbiləri göstərərək
əlavə etdi, - bu cənablar isə xaricdən gəlib, bir
cavan oğlanı azad etmək istəyirlər.
İndiyə qədər
yüzdən artıq say-seçmə gənc oğlanı,
qızı azad etmək adıyla aparmışdılar;
onlardan heç bir xəbər yox idi. Son vaxtlar haradansa məlum
olmuşdu ki, "azad edilənlərin" ürəklərini,
böyrəklərini, başqa bədən üzvlərini
xaricə satırlar.
Dərdin ağırlığından
beli bükülən, ürəyinin dibsiz dərinliklərinə
sınıb tökülən qoca qəlbinin
xarabalığından güclə başını
qaldırıb inildədi:
- Hardan gəlibər, nə məqsədlə?..
- Dedim də, xaricdən gəliblər,
bir cavan oğlanı azad etmək istəyirlər, onu da
özləri seçəcək. Ara...
- Axı nə üçün?
Şişman gözətçi zəhər
tuluğuna dönə-dönə mırıldandı:
- Qoca türk köpəyi, çox
danışdın, üç saat sonra o söz...
Kim etiraz edir, artıq söz
danışırdısa, üç saatdan sonra aparıb
ölülər yandırılan, gecə-gündüz
külü sovrulan xəndəkdə güllələyirdilər. Bu hesabla
yüz yeddi girov güllələnmişdi.
Qoca şişman erməniyə - zəhər
tuluğuna baxa-baxa girov meyitləri yandırıllan xəndəkdə
ölümünü gördü, ucalığından bircə
söz də enmədən aramla dilləndi:
- Bədbəxt, mən ölümdən
qorxmuram. Ölümümlə ruhum azad olacaq; səni
ruhumun əlləriylə boğacağam.
Saqqallı zəhər tuluğu
xoflandı, qeyri-ixtiyari qışqırdı:
- Sus! Səni güllələməyəcəyəm,
diri-diri yandıracağam, türk köpəyi!
Qoca aram-arxayın
gülümsədi.
- Qulağıkəsik qorxaq
küçük. Sən məndən qorxursan.
Siz bizdən qorxursunuz. Qaranlıq
işıqdan qorxan kimi.
Zəhər tuluğu
boğula-boğula bağırdı:
- Danışma! Sus! Ara, sənin məssəbüvü...
Əcnəbi tərcüməçidən
nəsə soruşdu. Şişman gözətçi
bağırtısını kəsib tərcüməçini
dümsüklədi.
- Bu söhbəti tərcümə
etmə, - deyə pıçıldadı.
Əcnəbilər
girovların arasında gəzə-gəzə cavan
oğlanlara diqqətlə baxır, dişlərini, gözlərini,
nəbzlərini yoxlayırdılar.
Yarım saatlıq
axtarışdan sonra on səkkiz yaşlı qarabağlı
oğlanın qarşısında dayandılar. Ayların
aclığına, girovluq işgəncələrinə,
zülm və təhqirlərə baxmayaraq Şuşa
tərəfdən olan bu gənc əyilməzliyi, məğrurluğu,
sağlam boy-buxunu ilə diqqəti cəlb edirdi.
Xəstəhal əcnəbinin
gözləri güldü, yanındakı eynəkli
soydaşına dedi:
- Bunu yoxla, deyəsən,
axtardığımızı tapmışıq. - Öz
dilində danışdığından heç kim nə dediyini başa düşmədi.
Eynəkli, yarıyaş əcnəbi
həkim idi, cəld irəli yeriyib şuşalı gəncin
nəbzini, ürəyinin döyüntüsünü,
ağız boşluğunu, gözlərini yoxladı. Başını
tərpədərək razılığını bildirdi.
- Yaxşıdır, - dedi, - lakin
kompleks tibbi müayinədən keçməlidir.
Şişman, saqqallı erməni
nifrətlə şuşalı cavana baxa-baxa söylədi:
- Canavar kimi sağlamdır, əlavə
yoxlamaya nə ehtiyac, - nə düşündüsə tez-tələsik
dilləndi, - özünüz bilin, necə istəyirsiz,
yoxlayın bu qoyunu.
Arıq, uzun tərcüməçi
gözətçinin dediklərini təkrarladı.
Xəstəhal əcnəbi eynəkli
yoldaşından soruşdu:
- Neçə saata yoxlaya bilərsən?
- Üç saata...
- Tez elə, mən daha dözə
bilmirəm, - girovların dəhşətli vəziyyətinə,
tikanlı məftillərdə kömürə dönən cəsədlərə,
dünyanı dolduran acı göz yaşlarına, imdad diləyən
baxışlara baxa-baxa təkrar pıçıldadı, -
dözə bilmirəm, dözə bilmirəm... Vəhşilər,
alçaqlar... Girovla da belə rəftar edərlərmi...
- Nə deyir o? -
Şişman gözətçi tərcüməçidən
soruşdu.
Tərcüməçi
sözü dəyişdi.
- Bu cavan kompleks tibbi yoxlamadan
keçməlidir, nəticə yaxşı olsa, sövdə
baş tutacaq.
Zəhər tuluğu
fınxırdı:
- Tez edin, bura hələ heç bir əcnəbi
gəlməyib... bilsələr...
Tərcüməçini dinləyən
xəstəhal narazılığını bildirdi:
- Biz təkcə buna görə min
dollar vermişik...
***
Tibbi müayinə
şuşalı gəncin sağlam olduğunu təsdiq etdi. Ona yemək, təzə
paltar verdilər. Xüsusi vertolyotda Yerevana
qayıtdılar.
Canlı ehtiyat hissələr biznesi
ilə məşğul olan gizli dövlət idarəsinin
şefi xəstəhal milyonçu ilə yarım saatlıq
sövdələşmədən sonra dedi:
- İdeal tibbi standartlara
cavab verən sağlam, cavan ürəyin qiyməti yüz min
Amerika dollarıdır. Lakin biz sizə təkcə ürək
yox, sağlam, cavan donorun bütün canlı hissələrini
təklif edirik.
Milyonçu
narazılığını bildirdi:
- Mənə təkcə ürək
lazımdır, ürəyim dəyişilməlidir. Böyrəklərimi
üç il əvvəl dəyişdirmişəm...
- Əvvəla, belə
sağlam donoru, ideal canlı ehtiyat hissələrini
dünyanın heç bir gizli klinikasında tapa bilməzsiniz. Çünki
bu cavan oğlanı yetirən, boya-başa çatdıran
yerin - Şuşanın su, hava, digər ekoloji standartlar
baxımından dünyada analoqu yoxdur. Üstəgəl
- üz-gözünü turşudaraq nifrətlə,
içindən kəsilə-kəsilə etiraf etdi, -
güclü türk etno-genetik imkanları...
- Bilirsiniz, - xəstə milyonçu
alveri uzatmamaq üçün sözünü kəsdi, -
bunlar mənə məlumdur, ona görə də xeyli xərc
çəkib məhz bura gəlmişəm, özü də
yalnız cavan, sağlam şuşalı türk donorun ürəyinə
sahiblənmək məqsədilə. - Yaxşı, həmin
donorun qanını da bütünlüklə almağa
hazıram...
Gizli idarənin şefi əsəbiləşdi:
- Bu neçə ildə birinci dəfədir
ki, sizin kimi xəsis müştəri ilə
qarşılaşıram. Siz onu əməliyyat
üçün Avropaya, Fransaya aparmaq, həm də təkcə
ürək və qanının pulunu ödəmək istəyirsiniz.
Axı, belə olmaz, bu, heç bir məntiqə
sığmır.
Milyonçu təəccübləndi.
- Niyə? Donorun qalan
ehtiyat hissələri yüksək tibbi səviyyədə
qablaşdırılaraq sizə - öz sahibinə göndəriləcək.
Mən buna yazılı zəmanət verirəm
və mal itsə, sizə gəlib çatmasa, zərəri
ödəməyə hazıram.
- Yox, bu variant tibbi-klinik
imkanlarımızın zəifliyi baxımından bizə əl
vermir. Biz donorları diri halda, bütün
ehtiyat hissələrin birgə qiymətiylə satırıq.
- Səsini qaldırıb fərəhlə elan etdi. - Və
müştəri sarıdan bolluqdur. Dünyanın
neçə-neçə qoca milyonçusu bədənlərini
şuşalı donorların ehtiyat hissələri hesabına
təmir elətdirmək üçün növbəyə
dayanıb. Və heç biri qəpik-quruş davası
eləmir, - kinayə ilə dedi, - çünki
aldıqları malın qiymətini yaxşı bilirlər.
- Axı...
- Qurtardıq. İstəmirsinizsə,
gedə bilərsiniz. Onu da bilin ki, geri
göndərmək istədiyiniz canlı ehtiyat hissələrini
Avropada daha yüksək qiymətə satmaq şansınız
da var. Dünya canlı ehtiyat hissələr biznesinin tələbatı,
daim artan qiymətlər cədvəli bizə yaxşı məlumdur.
Fransız milyonçusu
narazılıqla başını buladı, nifrətlə
mızıldadı:
- Yaxşı... hesablayın...
Şefin qara-qançır
sifəti, irinləyən gözləri güldü.
- Bu, başqa məsələ, -
yanındakına göstəriş verdi, -
diri, sağlam, cavan donorun bütöv qiymət blankını
cənab milyonçuya təqdim edin.
Xəstəhal əcnəbi hazır
blankı alıb gözucu baxdı, dodaqaltı oxudu:
- Ürək yüz min, böyrəklər
qırx beş min, ciyərlər kompleksi
yetmiş min... - hövsələsi
çatmayıb qiymətlər siyahısının
aşağısına baxdı. - Cəmi yeddi yüz otuz beş min dollar...
Tələb olunan məbləği
ödədi.
Əvvəlcədən bir neçə gün
Yerevanda qalmağı, istirahət etməyi
planlaşdırmışdı. Lakin
fikrini dəyişdi, birbaş hava limanına yollandı, həmin
gün şəxsi həkimi və cavan şuşalı
girovla birlikdə öz ölkəsinə qayıtdı.
***
Nəhəng şəhərin kənarında,
hər cür rahatlığı olan dəbdəbəli
bağ evində - buna adi ev demək olmazdı,
böyük bir saray idi - düz bir ay yaşadı. Həkim gündə gəlib yoxlayır, xüsusi
cihazlar vasitəsilə müayinə edir, girovluqda olmazın
müsibətlər çəkmiş, amansız
aclığın, təhqir və işgəncələrin
sarsıdıcı zərbələrinə məruz
qalmış gəncin tam bərpasına
çalışırdı. Ona ciddi rejimdə
güclü yeməklər verilir, hər üç-dörd
gündən bir paltarları təzələnir, cavan
qulluqçu qızlar qayğısına qalırdı. Maraqlı əyləncələrlə, oyunlarla, hər
addımı sevinclə dolu gəzintilərlə
başını qatır, onu darıxmağa, fikir çəkməyə
qoymurdular. Zərrə sevincin həsrətlisi dərya
xoşbəxtliyin sehrli dünyasına
düşmüşdü...
Gözləri xoşbəxtlik
dəryasına, gülüşü bahar çiçəklərinə
bənzər sarışın bir qız vardı. Milyonçu ilk gün həmin
qızı şuşalı cavana təqdim edib demişdi: - Bu
mənim yeganə qızım, yeganə varisimdir, onu sənə,
səni Allaha tapşırıram... - Eynən belə
demişdi, sirli-sirli göz vurub gülümsəmişdi. Və o sirli, işıqlı təbəssümdən
yaralı ürəyə bir qığılcım
düşmüşdü. Günlər
ötdükcə o qığılcım zülmət
qaranlığa qısılan qərib qəlbdə odlanır,
düz-dünyanı sevgi işığına qərq edirdi.
Min ildi əkilməyən xam torpaq kimi bərəkətli
düzdə sevgi zəmiləri dalğalanır, sadəlövh
gəncin qəlbində-qanında Məcnun küləkləri
əsirdi.
Gözəl qız yarıyaş
milyonçunun övladı yox, ev
qulluqçularından biri, ən gözəli idi və tapşırılan
rolu məharətlə oynayırdı. Qafqazlı gəncin qəlbi-qanı
elə duru, gözləri bahar səmalarıtək elə təmiz,
duyğuları elə saf, sadəlövh idi və
qulluqçu qız tapşırılan rolu elə məharətlə
oynayırdı ki, bir ürəkdə alovlanan od
tezliklə o biri ürəyi də isitməyə,
işıqlandırmağa başladı. Nəhəng
şəhərdə, milyonçunun evində kasıb taleyi,
soyuq qəlbi ilə üz-üzə yaşayan qulluqçu
qız qəlbini dolduran istiliyi, işığı
boğmağa çox çalışdı, amma
bacarmadı. Gənc girovu ruhi sarsıntılardan, əzablı
duyğulardan, iliyə, sümüyə işləyən
streslərdən xilas etmək, onun yaralı ürəyini
ovutmaq, qanını güldürmək məqsədi güdən
yalançı sevgi düz-doğru hökmləri ilə
qulluqçu qızı məğlub etdi... Və bir-birinin
dilini bilməyən gənclər qəlbin diliylə tərcümansız
danışdılar, sevgi dünyasının əbədi
işığına düşdülər...
Qız hardansa
"Fransız-Azərbaycan" qısa danışıq
lüğəti tapmışdı. Çox vaxt bu balaca
kitabı vərəqləyib höccələməyə də
ehtiyac qalmırdı, sevginin sehrli diliylə bir-birini başa
düşürdülər. Girov gənc hərdən
"Şuşanın dağları" mahnısını
zümzümə edir, qız pianoda onu müşayiət etməyə
çalışırdı. Dəbdəbəli bağ
evinin dumduru hovuzunda çimir, gözoxşayan çəmən-çiçəklikdə
gəzişir, məhəbbətin möcüzəli
çöllərində əylənə-əylənə
günlərin bir göz qırpımında necə
ötüb keçməsindən xəbər tutmurdular...
Ayın sonuncu günü
qız həmişəkindən tez gəldi, gözləri
qızarıb qan çanağına dönmüşdü,
bütün varlığı dərd alovlarında
qarsalanıb yanır, kədər içində qovrulurdu. Heyrət,
ağrı dolub daşan gözləriylə dəli kimi
baxır, dinib danışmırdı. Oğlan
təəccüblə qıza yaxınlaşıb
qucaqladı, qan çanağına dönən yaşlı
gözlərindən öpdü.
- Nə olub? - Həyəcanla
soruşdu.
Qız cavab vermədi, titrək əlləriylə
balaca lüğət kitabını vərəqləyərək
tapdığı ifadəni höccələdi:
- Biz qaçmalıyıq...
Oğlan daha da həyəcanlandı.
- Hara? Niyə?..
Qız höhkürtüsünü
güclə boğaraq təkrar etdi:
- Biz qaçmalıyıq...
Bu vaxt qapı
açıldı. Yarıyaş milyonçu həkim və tərcüməçi
ilə birlikdə daxil oldu, qulluqçu qıza tərs-tərs
baxıb:
- Siz azadsınız, - dedi.
Qulluqçu qız bir
anlıq dayandı, arıq, eynəkli həkimə baxdı -
girov gənci gözləyən faciə haqqında dünən
gecə o demişdi - diz çöküb yalvarmaq, onları rəhmə
gətirmək istədi, lakin mənasız olduğunu yəqin
edib hönkürə-hönkürə otaqdan
çıxdı.
Milyonçunun dediklərini tərcüməçi
belə təkrarladı:
- Sənə xoş xəbər gətirmişəm.
Dünən sizinkilər işğal olunan
bütün torpaqların azad edilməsini başa
çatdırdı. Artıq Şuşa
da azaddır, Laçın da. Beynəlxalq
qüvvələrin köməyi, Azərbaycan Milli Ordusunun
qüdrətiylə erməni işğalına son qoyuldu.
Hə, hə, bütün Dağlıq
Qarabağ və ətraf yeddi rayon azaddır, oğlum... - Bir
anlığa nə düşündüsə, əlavə
etdi. - Bizim qız səni yaman sevir, azad olan Şuşaya
qayıdacağını düşünüb dərd çəkir.
- Göz vurub gülümsədi.
Şuşalı gənci, sanki
ildırım vurdu, bir neçə an heyrətlə
susaraq qəfildən qışqırdı:
- İlahi! Bu
doğrudurmu?
Milyonçunun dumduru təbəssümlə
dedikləri tərcümə olundu:
- Əlbəttə,
doğrudur. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir
və artıq, dünya bunu başa düşüb. Bir-iki günə ermənilər yəqin, Xankəndini
də tərk edəcək və siz - əsl
qarabağlılar öz tarixi yurdlarınıza
qayıdacaqsınız.
- Mən də
qayıdacağammı?
- Əzizim, buna heç bir
şübhən olmasın, günü sabah
şəxsi təyyarəmlə Bakıya, oradan da
Şuşaya uçacağıq. - Yenə göz vurdu. - Sənin
gözəl sevgilini də özümüzlə apararıq,
toyu da Şuşada edərik, Cıdır düzündə...
Şuşalı gənc nə
deyəcəyini, nə edəcəyini bilmədi,
milyonçunun qarşısında diz çöküb dəli
dağ çayı kimi hönkürdü. Bütün ruhu, bədəni,
bütün iliyi, sümüyü hönkürürdü...
Hönkürdükcə
duyğularını bürüyən qatı dumanlar çəkilir,
dünən gecə gördüyü yaralı yuxunun
qarı-buzu əriyirdi.
Sürüsündən ayrı
düşən ağappaq qoç idi; dörd tərəfini
bürüyən qara duman qara qoç kimi kəllə
atırdı...
Qara qoçla kəllə-kəlləyə
gəlməkdən ağ qoçun burma
buynuzları ovulub tökülür, gözlərinin qan
çanağından dağılan isti qana bələnirdi...
Yox, bu, qan deyildi, ağ qoçun burma
buynuzları, alnı, boynu, ayaqları
xınalanmışdı. Qəfildən qara xəncəri
qara daşa çəkdilər, xınalı qoçun
ayaqlarını xınayı iplə bağlayıb yerə
yıxdılar, bir göz qırpımında
başını bədənindən ayırdılar. Kim
idisə, dərinin soyulmasını gözləməyə səbri
çatmadı, ləhləyə-ləhləyə qara, titrək
əlləriylə hələ də çapalayan qoçun
qarnını cırıb ürəyini axtarıb tapdı,
dartıb çıxararaq bir anda parçaladı, şişə
keçirib körüklənən közə tutdu, vəhşi
bir acgözlüklə qanlı-qanlı yedi və yedikcə
dodaqlarından axan qan çənəsinə,
boyun-boğazına, sinəsinə, bütün
üst-başına yayıldı...
Qoçun gözləri bərələn
başı yerdə atılıb qalmışdı. Girov diqqətlə
baxıb heyrətləndi; bu, heç də qoçun
başı deyildi, onun öz başı idi; kəsilmiş,
qanı laxtalanan başına baxdı, bərələ qalan
gözlərində ağappaq kəfənə bürünən
ölümünü gördü. Ağappaq
kəfənə bürünən ölüm əllərini
irəli uzadaraq, xırıltılı səslə nəsə
deyərək ona tərəf gəlirdi. Bu, elə
qorxulu, vahiməli gəliş idi ki, bağrı
yarıldı, qışqırıb yuxudan oyandı...
Milyonçu sevinclə
düşünürdü ki, ürəyi-qanı
qara-qaramatdan, his-pasdan, İblis dilli gizli streslərdən bu
hönkürtülər qədər heç nə yuyub təmizləyə
bilməz; qulluqçu qızın uğurlu sevgisi ilə
yuyunub yüngülləşən, qara qışdan sonra
baharlı işığı, duruluğu yenidən
qayıdan, hüdudsuz sevinc hönkürtüləri
ümmanında paklanan ürək ağır cərrahiyyə
əməliyyatına hazırdır.
Həkim milyonçunun nə
düşündüyünü bilirmiş kimi gizlicə təsdiqlədi,
baxışlarıyla hər şeyin əla olduğunu
bildirdi.
Düşmən
tapdağından azad olan doğma yurd yerləri
şuşalı gəncin dəniz-dəniz qabaran, sahillərini
aşan gözlərində gülürdü. Cıdır düzündə
elə bir toy çalınırdı ki, səsi-sədası
bütün dünyaya yayılırdı... Eləcə gözlərində
doğma, azad yurd yerləri, qulağında toy səsləri
gülə-gülə milyonçuya baxdı:
- Siz mənim Allahımsınız, -
dedi, - ömrüm boyu bu yaxşılığı
unutmayacağam. Siz mənim... - Söz tapa bilməyib
yenidən hönkürdü, yazağzı daşan dəli
dağ çayına döndü.
- Bu mənim insanlıq borcumdur, -
gülümsədi, - söhbətimizi Şuşada davam etdirərik.
İndi isə sonuncu dəfə hərtərəfli
müayinə olunmalısan. - Yarıyaş milyonçu
hələ də hıçqıran gəncin
başını sığallaya-sığallaya dedi.
- Mən tamamilə sağlamam,
heç bir şikayətim yoxdur...
- Hər halda müayinə
olunmağınız məsləhətdir, bu mənim
xahişimdir. Sabah Bakıya uçacağıq,
sevgilinlə birlikdə. - Belə deyib yenə göz
vurdu, gülümsədi və çıxıb getdi.
Bir neçə saat sonra
gizli klinikada mürəkkəb cərrahiyyə əməliyyatı
başlandı. Təkcə tibbi müayinədən
keçəcəyini düşünən, sevincin, xoşbəxtliyin
ilahi ucalığına yüksələn gəncin ürəyi
milyonçunun sinəsinə köçürüldü.
Şuşalı girovun qanı son damlasına qədər
sorulub xəstənin damarlarına vuruldu...
Canlı ehtiyat hissələr
donorunun böyrəkləri, ciyərləri, gözləri,
qan damarları, əzələləri, sümükləri, dərisi,
bir sözlə, bütün bədən üzvləri cərrah
əlləriylə diqqətlə ayrılıb xüsusi
hazırlanmış hermetik qapalı qutularda yerləşdirildi. Hər qutunun üstünə
canlı ehtiyat hissənin adı, fiziki-kimyəvi göstəriciləri
və qiyməti yazıldı...
***
Nəhəng şəhərin
kənarında, cənnət guşəsini xatırladan dəbdəbəli
bağda, dumduru suyu sayrışan hovuzun yanındakı
çəmən-çiçəklikdə gəzişən
qoca milyonçu sinəsində, damarlarında qeyri-adi
yüngüllük, cavanlıq eşqi duyurdu. Bu duyğunun sirli-sehrli
işığı ruhunda-canında neçə il əvvəl qaynamışdı, onu sonu
görünən üzgün, ümidsiz, gedər-gəlməz
yollarından geri qaytarmışdı; əbədi əcəl
yuxusunun qürub kölgələri vurnuxan xəstə bədən
səhərin bol işığına göz açıb
oyanmışdı, kövrək ağaca bənzər
sümüklər pöhrələyib
yaşıl-yaşıl gülmüşdü...
Və on səkkiz
yaşlı şuşalı girovun ürəyi, qanı
zaman-zaman fransız milyonçusunun bədənindən didərgin
düşür, özünü axtarırdı. Qoca
milyonçu bağ evinin baharlı yaşıllıqları
içində gəzə-gəzə, varlığını
bürüyən günəşli yüngüllükdə
xoşbəxtliklə üz-üzə uça-uça ara-sıra
didərgin duyğular, sısqa soyuqlar, uzaq göynərtilər
də hiss edirdi. Həkim bir müddət
davam edəcək bu göynərtilər, soyuq duyğular
haqqında da danışmışdı. Bu, donorun yeni bədəndə
sıxılan qan-qəlb yaddaşıdır, - demişdi, -
üç-dörd ilə keçib gedəcək...
***
Cərrahiyyə əməliyyatından
neçə-neçə illər keçmişdi. Talelərə
təzə, yaşıl səhifələr yazan yaz gəlmişdi.
Mayın ortalarıydı. Hava elə
yüngül, elə xoş, elə işıqlı idi ki,
sanki dünyanın on səkkiz yaşı vardı. On səkkiz yaşın eşqiylə
yaşayırdı, gülürdü dünya.
Qoca milyonçu - yetmişi
keçən yaşına baxmayaraq, ona qoca demək olmazdı
- nəhəng şəhərin restoranlarından birində,
gül-çiçəyə qərq olan xüsusi guşədə
gözəl xanımı ilə nahar edirdi. Qonşu
stoldan eşitdiyi zümzümə onu elektrik cərəyanı
kimi vurdu. Qəfildən qanı
coşmağa, ürəyi aramsız göynərtilərlə
çırpınmağa başladı.
Sarışın xanım - bu,
neçə il əvvəl
şuşalı gəncin faciəli taleyinə göz
yaşı axıdan həmin sarışın qulluqçu
qız idi - nəsə danışır, gülür,
milyonçu ərini şənləndirməyə
çalışırdı. Lakin qonşu stolda
tək-tənha oturan - deyəsən, bir qədər
içmişdi - ağappaq saqqalı göz yaşlarıyla
islanan qocanın qəmli oxuması onu tilsim kimi kamına
çəkirdi. Cani-dildən qəmli
zümzüməyə fikir verməməyə, qəfil
tilsimdən qurtulmağa çalışırdı.
Xanımın məzəli danışığına qulaq
asır, zorla gülür, yeyir, içir və bir də onda
ayılırdı ki, qəlbi-qanı yenidən onu tərk
edib, kədərli zümzümə ilə üz-üzə
dayanıb: Şuşanın dağları başı
dumanlı...
O kədərli oxumada nə isə
sirli bir doğmalıq, yaxınlıq vardı. Keçilməz
qayalıqlara söykənən doğma düzün didərgin
səsi gəlirdi. Qoca milyonçu uzaq-uzaq
fəhmlərdən, əlçatmaz, ünyetməz
dumanlı duyumlardan baş qaldıran o didərgin düzün
sirli səsini, çağırışını son iyirmi
yeddi ilin yuxulu yollarında çox eşitmişdi.
Ürəyini ovutmaq, gizli göynərtilərdən can
qurtarmaq ümidiylə tez-tez təbiətə üz
tutmuşdu, sıldırım qayalıqlara söykənən
düzlərə səfər etmişdi. Amma bu
düzlərin heç biri qəlbini-qanını
ovutmamışdı. Sirli anımlar, uzaq fəhmlər
susmur, vaxt-bivaxt ürəyin qıfıllı
qapılarını açır, keçilməz
qayalıqlara söykənən dəlisov düzün xəyal-xatirələrindən
deyib danışırdı. Tanrı sirri kimi
anlaşılmaz, dərki müşkül
danışığın göylərindən at
ayaqlarının səsi gəlir, qəribə bir mahnı -
zümzümənin kədərli gözləri
baxırdı... O gözləri oyub şikəst etmişdilər.
Və o kədərli, şikəst gözlərdən elə
hey qan damırdı...
Milyonçu heyrətləndi. İndicə eşitdiyi kədərli
oxuma gözlərindən qan daman həmin
mahnı-zümzümənin eyni idi...
Qeyri-ixtiyari dönüb
qonşu stola baxdı. Göz yaşları ağappaq
saqqalını isladan qəmli qoca getmişdi.
- Ey, qarson. - Az
qala qışqıraraq xidmətçini
çağırdı. Xidmətçi
qaçaraq gəldi.
- Buyurun, cənab.
- O kim idi? -
Qonşu stolu göstərərək soruşdu. - Orada oturan, qəmli-qəmli
oxuyan kədərli qoca...
- Qafqazlıdır, cənab. Mühacirdir.
- Onun ünvanını, heç
olmasa telefonunu verə bilərsinizmi?
- Əlbəttə, cənab. O bizim ən etibarlı
müştərimizdir, bəlkə otuz-qırx ildir ki, bu
restorana gəlib-gedir.
Xidmətçi baş əyərək
qəmli qocanın vizit vərəqini gətirməyə
getdi.
Bayaqdan bəri susan
sarışın xanımı soruşdu:
- Nəyinə lazımdır?
- İyirmi yeddi ildən
artıqdır yuxularımda göynəyən kədərli
mahnını oxuyurdu o.
- Ürəyinə, qanına sahibləndiyin
o bədbəxt cavanın ruhu, yaddaşı rahat buraxmır səni.
- Sus! - Kinli-kinli baxdı. - Bu haqda
danışmağı qadağan edirəm sənə.
Görürəm, - udqundu, - o gənci sən də unuda
bilmirsən...
Xanım da bozardı.
- Bəli, unuda bilmirəm. Xatirə
kimi bir dəst paltarını saxlamışdım, dünən
gecə yoxa çıxıb; özü isə yoxa
çıxmır, unudulmur... Sənin sinəndə
onun ürəyini dinləmək əzab verir mənə.
Bu əzabları yalançı
gülüşlərlə nə qədər gizlətmək
olar. - Ağlamsındı. - Axı, mən dönə-dönə
dedim, yalvardım ki, biz evlənə bilmərik;
mən onu sevirdim, mən...
Sıxıla-sıxıla
balacalaşan, yumağa dönən qoca onun deyəcəklərindən
qorxurdu, tez sözünü kəsdi.
- Yaxşı, burda məhkəmə
açma.
- Neçə illərdir ki, ürəyim
məhkəmə salonudur. Hakim odur, məhkum biz...
- Qurtardıq. - Nə fikirləşdisə
ilıq səslə, təbəssümlə əlavə etdi.
- Sevdiyin gəncin ürəyi də, qanı da məndədir,
deməli, məni sevməyin və bizim evlənməyimiz
tamamilə təbiidir. Təəssüf ki,
uşağımız olmadı.
Sarışın xanım
gözlərindən üşüyə-üşüyə,
göynəyə-göynəyə baxdı. Qoca onun bumbuz əllərini
titrək ovuclarında sıxdı, oxşadı.
- İnan mənə, bütün bu
duyğular ötüb-keçəcək, unudulacaq...
- Və biz xoşbəxt
olacağıq, eləmi?.. - Xanımın
gözlərindən, danışığından qar
yağırdı. Dünya qar havasına köklənmişdi,
qara göylərdən buram-buram qar gəlirdi...
Milyonçu qoca hikkələndi.
- Bəli, xoşbəxt
olacağıq. Əgər buna inanmırsansa
günü bu gün boşana bilərik. - Qar
havasını susdurmaq, sındırmaq üçün cəhd
etdi.
Milyonlara sahib olan gözəl
xanım diksindi, neçə il əvvəlin
kasıb, küskün taleli qulluqçu qızı gözlərinin
qabağında kədər heykəlinə döndü.
- Əzizim, - ipək kimi yumşaq,
gün işığıtək dumduru, isti səslə dilləndi,
- əlbəttə, bu qara-qura duyğular ötüb-keçəcək.
Sevdiyim ürək sənin sinəndə döyünür; mən
o ürəyin sahibini, səni sevirəm...
Qocanın buz bədəni gün
işığında əridi, qarda donan duyğuları dil
açdı:
- Sinəmdə döyünən
ürəyin hökmüylə sevirəm səni; bu ürək
indi mənimdir, deməli, bu sevgi də mənimdir.
Xanım işvə ilə
güldü:
- Məni sinəndə döyünən
ürəyə də qısqanmayacaqsan ki...
Qoca bu məntiq
qarşısında əllərini qaldırıb təslim
olduğunu bildirdi və bayaqkı əsəbilik
üçün daxilən özünü qınadı.
Restorandan çıxanda xidmətçi
bir vizit vərəqi təqdim etdi.
- Həmin mühacirin, qafqazlı
qocanındır, - dedi, - bayaq narahat etmək, söhbətinizə
mane olmaq istəmədim.
Milyonçu dilucu təşəkkür
edərək vizit vərəqini aldı, əvvəl
cırıb atmaq istədi, lakin əl saxladı, pencəyinin
qoltuq cibinə, ürəyinin üstünə qoydu.
Hava duru,
işıqlıydı. Nəhəng şəhər may günəşinin
baxışları altında xumarlanırdı.
Qız sinə dolusu nəfəs
aldı.
- Əcəb sevdalı havadır, -
dedi.
Qoca qımışdı.
- Yoxsa, ürəyinə gəzmək
düşüb?
- Hə, gəzmək istəyirəm.
- Harada?
- Sıldırım qayalara söykənən
böyük bir düzdə. - Elə dedi ki, sanki
danışan o deyil, bir başqasıydı.
Qoca heyrətləndi.
- Bu haradan ağlına gəldi?
Qız da duruxdu.
- Nə bilim, ürəyim istəyir...
- Ürək, ürək... - Qoca titrək
əlini sinəsinə vura-vura hikkəylə təkrarladı,
cəld addımlarla yaxınlaşıb maşının
qapısını açdı, oturub mühərriki işə
saldı və dodaqlarını çeynəyə-çeynəyə
təkrar mızıldadı - Ürək, ürək...
Sarışın xanım da
keçib əyləşdi, incidiyini gizlətməyə
çalışaraq soruşdu:
- Nə oldu, əzizim, niyə əsəbiləşdin?
Gəzmək meylin yoxdusa, qayıdaq evə.
- Yox, evə qayıtmayacağıq,
sıldırım qayalıqlara söykənən düzə
gedəcəyik. - Səsindəki əsəbilik, kinayə
xanımın gülgün baxışlarını
doğradı, isti duyğularını biçib
tökdü, xəzələ döndərdi.
Maşın sürətlə
şütüdü, kəsə yollarla, əyri-üyrü
küçələrlə irəliləyib şəhərdən
çıxdı, uzaq üfüqlərdə ilğım kimi
görünən yaşıl düzlərə üz tutdu.
Qoca hələ də ürəyində
"Ürək, ürək..." deyə hikkələnirdi. Nəhəng
şəhərin iyirmi-otuz kilometrliyindəki yaşıl
düzlərə yaxınlaşdıqca, ürəyinin
çox-çox uzaqlara qaçıb getdiyini hiss edirdi.
O çox-çox uzaqlardan, keçilməz
sıldırım qayalıqlara söykənən sirli
düzdən at ayaqlarının səsi gəlir,
hönkürtüyə bənzəyən şikəst
mahnının kədərli gözləri baxırdı. Və
həmin gözlərin göylərindən qan
damırdı... Leysan havası vardı...
Könlüm keçir Qarabağdan...
Xanım qəfildən
qışqıraraq irəlini göstərdi.
- Ora bax! Odur!..
İrəlidə, yolun sol tərəfində
şuşalı girov dayanmışdı, maşına əl
edirdi.
- Odur, - qadın səsi sınıb
tökülə-tökülə içini çəkdi, -
dünən gecə itən hava rəngli kostyumunu geyib...
Qoca heyrətdən donub
qalmışdı, nə edəcəyini bilmirdi, var
gücünü toplayıb xırıldadı.
- Ola bilməz... Sadəcə ona bənzəyir...
Kostyum da təsadüfdür... - Sürəti
artırdı. Yenə titrək əli sinəsini
döyəclədi. - Ürək, ürək...
Qarşıda, yolun kənarında
dayanan, meh vurduqca hava rəngi nazik kostyumu yellənən (sanki
bədənə yox, adi taxta parçasına - müqəvvaya
geydirilmişdi) gənc düz onlara baxır, maşını
saxlamaq üçün işarə edirdi.
Qoca maşını əyləmək
fikrində deyildi, əksinə, anbaan sürəti
artırırdı. Lakin gəncin bərabərinə
çatan maşın qəfildən dayandı. Sürücü ha əlləşdisə, sönən
mühərriki işə sala bilmədi.
Gənc girov yaxına gəldi, zərif,
yüngül səslə dilləndi, elə bil bulaq
qaynayır, meh əsirdi:
- Sənə Allahım
demişdim, inanmışdım. Məni niyə aldatdın! Məni niyə öldürdün? Məni...
O idi, həmin girov gənc idi; buna
şübhələri qalmadı; heyrət buzlağında
dondular, vahimə alovunda qovruldular.
Qoca bütün
varlığı titrəyə-titrəyə,
uçuna-uçuna mühərriki işə salmaq
üçün əlləşirdi, sonra buna nail
olmayacağını görüb kəkələdi.
- Sən... Sən...
- Hə, mənəm, aldadıb
ürəyinə, qanına sahibləndiyin həmin
şuşalı girovam... - Gün eynəyi
taxmışdı, göz çuxurları uçurum kimi dərin
idi. Nurlu kölgələr
sayrışan sifəti bəzən ilğım kimi əriyib
itir, boşluğa dönür və bu anlar gəncin
bütün varlığını bürüyən əsəbi
titrəyişlər aşkar hiss olunurdu.
Qadın havalı kimi dedi:
- Paltarını xatirə
saxlamışdım... Nə vaxt götürdün?.. - Hıçqırdı. - Dedim axı, biz
qaçmalıydıq, qaçmaq lazım idi...
Ruh titrəyə-titrəyə
ona baxdı.
Gözləri elə boş, dibsiz uçurumlar kimi elə dərin,
vahiməli idi ki, qadın tab gətirməyib əlləri ilə
üzünü tutdu, sinəsi uçqunlayıb
töküldü, höhkürtü selində
boğula-boğula pıçıldadı:
- Heç nə edə bilmədim... Gücüm heç nəyə çatmadı.
Yad sinədə döyünən ürəyinə
sığındım - sənin ürəyinə...
- Neçə ildir sərgərdanam,
rahatlana bilmirəm. - Ruhun pıçıltısı zəif,
zərif su şırıltısını
xatırladırdı. - Ürəyim sənin sinəndə
girovdur, - nifrətlə qocaya baxdı, - ciyərlərimi bank
müdiri, böyrəklərimi məşhur bir müğənni,
gözlərimi və qol sümüyümü qəzaya
düşən siyasi xadim, dərimin yarıdan çoxunu
yanğından yarımcan qurtulan biznesmen aldı. Canlı bədən üzvlərimin bir hissəsini
Gen Mühəndisliyi Mərkəzinə, bir hissəsini gizli
klinikaya satdılar, qalanları hələ də xüsusi
hermetik qablarda saxlanılır. Müxtəlif adamlarda
yaşayan, hermetik qablarda çırpınan bədənimi əbədilik
tərk edə bilmirəm; mən ölüyəm, amma meyitim
yoxdur, əksər bədən hissələrim
ayrı-ayrı adamlarda girov kimi yaşayır... İllər, bəlkə min illər boyu sərgərdanlığım
susmayacaq, didərginliyim ovunmayacaq. Hamısının
günahkarı sənsən, qoca! - Hiddətlə
qışqırdı. - Səni görüm lənətə
gələsən!
- Axı... mən... belə
olacağını bilmirdim... İndi nə edim,
nə etməliyəm?
- Kömək et mənə.
- Ruh tələsik pıçıldadı.
Qoca da eyni cəldliklə soruşdu:
- Necə? Necə
kömək edə bilərəm? Yolunu
göstər.
- Müxtəlif adamlarda yaşayan,
hermetik qapalı sistemlərdə qıvrılan bədənimi
tərk edib doğma yerlərə qayıda bilmirəm.
Qayıtmaq istəyirəm, kömək et.
- Axı, necə?
- Ruh kimi qayıda bilmədiyim yolu
canlı adam kimi qayıtmalıyam.
Qız həyəcanla soruşdu:
- Bakıya uçan təyyarə ilə,
eləmi?
- Bəli.
- Bu, problem deyil, istədiyin vaxt səni
ən yaxşı reyslə yola sala bilərəm. - Qoca əmin
etdi.
Ruh razılıqla başını tərpədərək
dedi:
- Bir nəfər mühafizəçi
məni Bakıya qədər müşayiət etməlidir;
yolda, xüsusilə, Bakının hava limanında diqqəti cəlb
edib tutulacağımdan, əlavə söz-söhbətdən
qorxuram. Bundan əlavə, yaxşı maskalar, qrim ləvazimatı,
geyimlər almalıyam... Bakıdan Qarabağa, Şuşaya
gedəcəyəm... Bir vaxtlar məni aldadaraq dediyiniz
yalançı azadlıq bu günlərdə həqiqət
olacaq... Eşidirsən, Qarabağ, mənim Şuşam azad
olacaq!
Qoca milyonçu xeyli yüngülləşmişdi,
arxayınlıqla dilləndi:
- Nə lazımdırsa,
hamısı yüksək səviyyədə təşkil
olunacaq. Bakıya, istədiyin yerə qədər
yola salınacaqsan. Başqa nə arzun varsa
de, heç nədən çəkinmə, nə
mümkündürsə etməyə hazıram.
- Ehtiyat üçün müəyyən
pul məbləği...
- Əzizim, - qoca arxa
qapını açaraq razılığını bildirdi, - əyləş,
gedib mənim kabinetimdə, üçlükdə
bütün məsələləri həll edək.
- Ən geci bu gecə
qayıtmalıyam. Sabah həmin gündür, 28 il
altı aydan sonra Şuşa azad olacaq!
- Qayıdacaqsan. Mütləq! - Qoca
söz verdi.
Su səsində saf, sirli-sehrli bir
işıq qaynayırdı:
- Sabah Şuşada olmalıyam!.. Sabah taleyimin əbədi gülən
günüdür, didərginliyimin, girovluğumun son
günü...
***
Bütün bu əhvalatı bir an susmadan, dayanıb durmadan, birnəfəsə
danışdı. Sonra ayağa qalxıb gedə-gedə həmin
qəribə su səsiylə pıçıldadı:
- Mən Qarabağa, Şuşaya gedirəm. Bu gün, 8 noyabr və sonra 10 noyabr 2020-ci il həsrətimizin son günləridir; Azərbaycan əsgəri Şuşanı alçaq düşmənlərdən alacaq, Qarabağı xilas edəcək. Gövhər ağa məscidinin minarəsində azan səsi xoşbəxtliyimizi xəbər verəcək, ən yüksək məqamda Azərbaycan bayrağı əbədilik qaldırılacaq. - Bir qədər susub əlavə etdi. - Nə vaxt Şuşaya gəlsən, Cıdır düzünün ürək genişliyində, Daşaltı çayının dərəsindəki qədim mağarada, Xəzinə qayasında məni, mənim duyğularımın işığını hiss edəcəksən...
Heyrət və göz yaşı içində donub qalmışdım, nə edəcəyimi, nə deyəcəyimi bilmirdim. Handan-hana dilimi sürüdüm:
- Bu... Ola bilməz... Bütün bunlar...
- İnan, bütün bunlar həqiqətdir, hər sözü, hər cümləsi... Su kimi, torpaq kimi adi, sadə bir həqiqət.
- Axı...
- O dəhşətli hadisədən sonra çağırılan tərəfə gedə bilmirdim, sanki min bir zəncirlə bağlanmışdım, dirənib durmuşdum.
Eləcə heyrət, göz yaşı içində soruşdum:
- Bəs sonra nə oldu?
- Allah dedi ki, niyə dayandın, gəl.
Mən dedim ki, gələ bilmirəm; canlı bağlarım
qoymur, hələ bu dünyada qisasım qalıb... Onda ilahi təbəssüm
mənə möhlət verdi... Və bu
qisas günündə möhlətim başa çatır... Şuşanın Cıdır düzündə
dalğalanan Azərbaycan bayrağını atamın,
ulularımın ruhu kimi öpəcəyəm, Gövhər
ağa məscidinin qoşa minarəsindən ucalan azan səsinə
qoşulub xoşbəxt ola-ola Onun
çağırışına, təbəssümünə
doğru gedəcəyəm. Bu dünyada
Allahın "Niyə dayandın, gəl"
çağırışından, təbəssümündən
gözəl və möhtəşəm heç nə yoxdur.
İti addımlarla
uzaqlaşdı, yaşıllıq zolağının başında
sola dönüb gözdən itdi.
Və mən onun
danışdığı qeyri-adi əhvalatı heç nə
pozmadan, əlavə etmədən sözbəsöz yazıya
almağı özümə borc bildim. Doğrusu, Qarabağa,
Şuşaya gedəcəyim, onu nişan
verdiyi mübarək yerlərdə görəcəyim
günü səbirsizliklə gözləyirəm, ya qismət...
Ədəbiyyat qəzeti
2020.- 21 noyabr.- S.24-26;27.