"Məhdudiyyətlər imkan vermir ki,
özümü tam realizə edim"
"Gənclər nə istəyir?"
rubrikasının budəfəki qonağı
gənc yazar Bahəddin Salmandır
- Bahəddin, sən
teatr rejissorluğu fakültəsini bitirmisən. Bəs, necə
oldu ki, öz ixtisasını bir kənara qoyub,
yazıçı olmaq qərarına gəldin?
- Desəm ki, institut illərində tam
şəkildə özümü ixtisasıma həsr
etmişəm, bu yalan olar. Sözsüz ki, təhsilimdən
irəli gələn xüsusi teatr savadına yiyələnmişəm.
Həftə sonları ardıcıl olaraq teatr
tamaşalarını izləyirdim. Amma
tamaşaçı oturacağından izlədiyim
bütün haqq-hesablarda - aktyor oyunu, səhnə dekorasyonu,
mizanlar, rejissor yozumu - heç nə məni dramaturq qədər
təəccübləndirməyi bacarmırdı.
- Nə vaxtsa dram
yazmaq fikrin varmı?
- Hələ ki, buna güclü
daxili tələbat duymuram.
- Teatr institutunu
bitirməyin yazı-pozu işlərinə necə təsir
edir?
- Yiyələndiyim ixtisas mənə
əsl sənətin, sənətkarın nə olduğunu
öyrədib. Yazdığım bütün bədii mətnlərdə
obrazları, onların dayandığı, gəzdiyi məkanları
bir an belə diqqətdən kənarda
qoymuram. Bəlkə də, bu, oxucunu yorur. Amma nə deyim?! Bu mexanizmə
aludəçiliyin səbəbkarı teatrdır və bundan
qəti narahatlıq duymuram.
- Müasir teatr və
dramaturgiyamızın durumu sənə necə
görünür?
- Teatrlarımızın müasir ədəbiyyatımıza
qarşı sərgilədiyi güvənsizlik onları tam
şəkildə geri qoyur. Bilmirlər ki, özləri
düşdükləri quyuya bizləri də dartırlar.
Əgər teatrlar gənc, müasir dramaturqlara
öz qapılarını açmasalar, olan-qalan
tamaşaçılarını da itirəcəklər.
Ədəbiyyat və teatr vəhdət təşkil
etməlidir. Məsələn, mən artıq dörd il olar ki, teatrların qapılarını açmıram.
Məncə, biz heç vaxt
barışmayacağıq.
- Bu gün gənclər,
elə yaşlılar arasında da dünya kinosu ilə dialoq
çabaları geniş yayılıb. Məsələn, mən
Aslan Quliyevin nəsr yaradıcılığında rus
rejissoru Balabanovdan, Murad Könəqala və Qan Turalıda
yapon rejissoru Kurosavadan, yaxud Pərvində italyan neorealistləri
De Sika və Antonionidən gələn mövzu, məzmun və
ya üslubi təsirlənmələr görürəm. Bəs, sən çağdaş dünya kinosunda
kimləri daha çox izləyirsən? Kimlər
bu yöndən sənə təsir edir?
- Sənət deyilən gözəllikdə
məni təəccübləndirən yeganə şey ədəbiyyatdır.
Bir az kobud səslənsə də, filmlərə
boş vaxtımı doldurmaq niyyəti ilə baxıram. Yəni filmə baxmaq kimi xüsusi bir vərdişdən
uzağam. Amma mənim də maraqla izlədiyim
rejissor var - filmsevər kütlənin yaxşı tanıdığı
Roman Polanski. O, filmi ən minimalist detallarına qədər
işləməyi mükəmməl bacarır. Onun "Qəddar
Tanrı", "Doqquzuncu qapı", "Xəyal
yazıçısı" filmləri, ən əsas da
"Pianoçu"su, sadəcə möhtəşəmdir.
Amma bu filmlərin yazılarıma təsirindən
danışa bilmərəm. Məncə,
belə bir şey yoxdur, varsa da, birbaşa yox,
şüuraltı qatdadır.
- İndiyə qədər
yazıçı olmaq istəyən onlarca, hətta yüzlərlə
gənc görmüşəm. Mən sənin
başqalarından fərqini də görürəm.
Birini deyim - heç kimin təsiri altına düşmür,
həmişə və hər yerdə özün olaraq
qalmağa çalışır və buna nail də olursan. Bu, yəqin ki, müəyyən çətinliklər
hesabına başa gəlir.
- Mənimlə bağlı bu qənaətdə
olmağınız, açığı, çox
qürurvericidir. Məncə, kiminsə təsiri
altına düşmək, özün olmamaq, əslində,
"sən" deyə bir kəsin olmadığına
işarədir. Sadəcə, suni insan
olmadığımdan əminəm. Bunu
bilmək bütün çətinlikləri darmadağın
edir. Amma dünyaca tanınmış
yazıçıları, onların geyimləri, çəkdirdiyi
şəkilləri, mətnlərindəki ideyaları və
bütünlükdə yaşam tərzlərini kopyalamağa
çalışan kəslər də var ki, bu haqq-hesablar
zaman-zaman onların yerinə məni utandırıb.
- Niyə bir qayda
olaraq əlacsız xəstəliyə tutulanları, kimsəsizləri
öz qəhrəmanlarına çevirirsən - qozbellər,
cüzamlılar, bomjları... Səni şəxsən
tanımayıb, hekayələrini oxuyan düşünə
bilər ki, bu gənc kimdirsə, olsun ki, laübali bir həyat
tərzi keçirir. Özünlə
tanışlıq isə bu fikri alt-üst edir. Həyatın dibi niyə sənə bu qədər
maraqlıdır?
- Mən onları axtarıb
tapmıram. Onlar məni, mən də onları
qəfildən görürəm. Məsələn,
"Qozbelin son duası" adlı hekayəmi mənə
yazdıran gecələr evimizin
yaxınlığındakı metrostansiyanın
çıxışını süpürən yaşlı
bir qadındır. Onun zibil qutusundan
çıxardığı, içi meyvə şirəsi ilə
dolu şüşəni başına çəkib,
üst-başına tökə-tökə içməsi,
sonra qəzəblənib, boş şüşəni əziyyətlə
təmizlədiyi yerə çırpması, isterika
içində gülərək şüşə
qırıntılarını süpürməsi hekayəni
yazmağıma səbəb oldu. Yaxud, "Onun
Tanrısı burdaymış" adlı hekəyəmdəki
cüzam xəstəsi, rus vətəndaşı, dirijor... O,
məktəb illərində bacımla hər gün gedib-gəldiyimiz
yolun üstündə tez-tez qarşımıza
çıxırdı. Onun balaca burnunun
üstündə yara vardı. İllər
ötür, biz sinifdən sinfə keçir, bu yara da
böyüyürdü. Onu uzun illərdən
sonra bir də evimizin yaxınlığındakı
mağazada gördüm. Amma indi onun burnu
yerli-dibli yox idi. Ona görə də
burnunu örtmüşdü ki, əcaib görünməsin.
Görmədiyim illərdə belə tez-tez
xatırladığım bu adama yaxınlaşıb,
adını və burnunun hara yoxa
çıxdığını soruşdum. Sən demə, o, yüngül dərəcəli
cüzamlı imiş. Amma hekayədə
olduğu kimi dirijor deyildi. Bu, artıq mənim
əlavəm idi. Məncə, hamı əlacsız, xəstə,
kimsəsizdir - zahirən ən xoşbəxt görünən
adam belə. Yəni
varlılar da ağlayır.
- Bədii
sözün xəstə insanlığı
sağaldacağına, ağlayanları güldürəcəyinə
inanırsanmı?
- Kövrək insanlar həmişə
bu yolla sağalıb, ya da yüngülləşiblər. Qəddarları
heç nə sağalda bilməz!
- Bəzən həyatın
ən qaranlıq, hətta qeyri-estetik detallarını mətnə
gətirirsən. Bu aludəlik nədəndir?
- Mən həyata aşiq olduğum qədər
də, ondan iyrənirəm. Ölümü qəbullanmıram,
eyni zamanda, yaşamaq da çox cansıxıcıdır.
Əgər yazdığım mətnlərdə
bütün bu ziddiyyətləri unutsam, yəqin ki, heç nə
alınmaz.
- Allaha
inanırsanmı? Əgər inanırsansa, hekayələrindəki
bədbin ruh nədəndir?
- Hə, inanıram. Düşünün
ki, siz körpə olduğunuz vaxtda caninin biri sizi yerə
yıxır və belindən çıxardığı
bıçağı ürəyinizə saplayır. Siz ölürsüz. Cani isə
ayağa qalxıb, yoluna davam edir. Hekayələrimdəki
Tanrıyla bağlı bədbin ruh ancaq və ancaq bu həyati
epizodla bağlıdır. Biz xalq olaraq
bunun sübutunu ermənilərin törətdiyi Xocalı
soyqırımında görmüşük.
- Səhv etmirəmsə, zəngilanlısan,
amma Qarabağ mövzusunda yazmırsan...
- Əvvəla, qələbə
münasibətilə hamını təbrik edirəm. Respublika Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin yürütdüyü böyük
milli siyasət Qarabağ uğrunda mübarizədə bizi qələbədən-qələbəyə
apararaq, nəhayət, xalqımıza Şuşanın
alınması sevincini yaşatdı. Üstümüzdən
otuz illik bir yük götürüldü. Prezidentimizin
uğurlu xarici siyasəti ilə yanaşı, bu qələbədə
Azərbaycan ordusunun rəşadəti, Türkiyə və
Pakistan kimi qardaş və dost ölkələrin köməyi
və nəhayət, xalqın dəstəyinin böyük
rolu oldu. Sevinirəm ki, düşmən
tapdağından azad edilən torpaqlar arasında Zəngilan da
var. Təbiidir ki, Zəngilanın işğalı və azad
olunması mövzusunda yazacam. Bir dəfə
Mehdi Hüseyn İsa Hüseynovdan soruşub ki, niyə öz
atandan yazmısan? Cavab verib ki,
çünki onu daha yaxşı tanıyıram. Mən də Zəngilan əhalisinin psixologiyasına
daha yaxşı bələdəm. Onların
arasında dünyaya gəlmiş və böyümüşəm.
Amma sadəcə mövzunun aktuallığı
arxasında gizlənmək, plakatçılığa yol vermək
istəmirəm. Bu mövzuda ya gərək
yaxşı yazasan, ya da yazmayasan. Özümü bu
arzunu gerçəkləşdirməyə get-gedə daha
yaxın hiss edirəm. Ordumuzun qələbəsi
bu mövzuda yazmağa mənə və yazıçı
dostlarıma, inşaallah, güclü impuls olacaq.
- Nə yazmaq və
necə yazmaq... Hansı sənin
üçün daha önəmlidir?
- Hər ikisi vacibdir. Birindən
qaçsam, o birinin ayağıma dolaşacağından əminəm.
- Bir laborator
sualım var - özünü bayquş, yoxsa dolaşa tipinə
aid edirsən; yəni gecələr, yoxsa gündüzlər
yazmağı sevirsən?
- Yay aylarında qəti şəkildə
əlimə qələm almıram. Qalan prosesin
tələbi sakit evdir. Gecə, ya
gündüz fərq etməz.
- Turgenev deyirdi ki, istədin, ya istəmədin,
hər gün üç səhifə yazmalısan. Flober bəzən bir sözün üstə iki ay
baş sındırırdı. Yəni
onlar yazıçılığa peşə kimi
yanaşırdılar. Dostoyevskidə vəziyyət
başqa cür idi - əsərlərini makinaçıya
otaqda o baş-bu başa var-gəl edə-edə birnəfəsə,
qaynar ilhamla diktə edirdi. Səncə,
yazıçı özünü yazmağa məcbur etməlidirmi?
- Hər gün
boş-boş şeylər yazmaqdansa, yazmasan
yaxşıdır" deyə düşünürəm. İstəməyərək
etdiyin heç bir şey sevgiylə etdiyin nə iləsə
ölçülə bilməz. Əvvəllər
bir hekayəni 20-25 günə yazırdım. İndi bu vaxt üç aya, dörd aya qədər
uzanıb. Bu müddətdə mən hekayəmin
fabulasını yerində saxlamaq şərti ilə digər
haqq-hesabları dəfələrlə pozub, bəzən bir
cümləylə əvəz edirəm. Bunun
özü elə "hər gün yazmaq" deməkdir.
- Şəxsi həyatının yazılarına təsiri
olurmu?
- Uğursuzluqların məni
dayandırdığı vaxtlar çoxdur. Bu,
yazı prosesində ən bəyənmədiyim xüsusiyyətimdir.
Əgər belə bir çətinliyi aşa
bilməsəm, arzu etdiyim pilləyə qəti şəkildə
çatmayacam.
- Ədəbi tənqidin yazılarına münasibətindən
razısanmı?
- Hələ ki yazılarımı ədəbi
mətbuatda sizdən başqa heç bir tənqidçi
çək-çevir etməyib. Sizin fikirləriniz
mənə yön verib və verir də. Nə vaxt ki, ədəbi
tənqid mühitini qızışdırmaqda digər tənqidçilərimiz
sizə kömək olacaq və məni də tənqid edəcəklər,
onda yenə bu sözü deyəcəm: "Mən
yazılarımın tənqid olunmasından sevinirəm!". Təəssüf ki, bəziləri,
yazıları barəsində edilən tənqidi şəxsləri
adına təhqir qəbul edirlər.
- AYB-nin Gənclərlə
iş üzrə katibliyinin fəaliyyəti səni qane edirmi?
- Mən AYB-də Dördüncü
Gənc Ədiblər Məktəbinin üzvüyəm. Düzdür, pandemiya ilə əlaqədər bir
neçə aydır ki, görüşlərimiz baş
tutmur. Buna baxmayaraq, AYB0-nin Gənclərlə iş
üzrə katibi Rəşad Məcidin gənc ədiblərə
göstərdiyi diqqət və qayğı danılmazdır.
Tanınmış
şair-yazıçılarla görüşlər,
aparılan ədəbi diskussiyalar dərnək üzvlərinin
ədəbi fəaliyyətinə xüsusi təsir göstərir.
- Bilirəm ki, imkan olsa, xarici ölkələrdən
birinə getmək istəyirsən.
- Hə elədir. Mən
fərqli hadisələr, insanlar, yerlər haqqında
düşünürəm və bütün bunları
görüb yazmaq istəyim dəyişməzdir. Demirəm, vətəndəki hər şeydən
yazıb qurtardım. Amma etiraf edim ki, burda
sənət qarşısında qoyulan məhdudiyyətlər
mənə imkan vermir ki, özümü tam realizə edim.
Yazılarımla sınanmaq, böyük oxucu
kütləsinə qovuşmaq istəyirəm. Mənə yazmaq üçün fərqli
tapıntılar gərəkdir. Müşahidəni
sevirəm. Amma hələ ki bu
arzularımın arasında Qarabağı görmək, ordan
yazmaq arzusu dayanıb.
- Sovet
dövrü gənclərinin əsas problemi çap olunmaq
idi. Müasir ədəbi gənclik, məncə, bu problemi
yaşamır. Bəs, səncə, necə?
- Bir vaxtlar belə bir problemimin
olduğunu dana bilmərəm. Bütün bunlar artıq geridə qalıb. Bunun üçün AYB-nin mətbuat katibi Xəyal
Rzaya minnətdaram. Onun köməyi sayəsində ədəbi
mühitlə tanışlığım yarandı, Varis
Yolçuyev, Əyyub Qiyas, İbrahim İlyaslı, Elçin
Hüseynbəyli, Elxan Zal, Fərid Hüseyn, Cavid Zeynallı və
əlbəttə ki, sizi tanıdım.
- Bir neçə
hekayəsi işıq üzü görəndən sonra bəzi
gənclər kitab sevdasına düşürlər. Kitab çıxarmaq fikrin varmı?
- Əlbəttə, var. Qismət
olsa, gələn il iki povest və yeddi
hekayədən ibarət kitabımı çap etdirmək
fikrindəyəm.
- Milli nasirlərimizdən
kimləri özünə ustad sayırsan?
- Heç kimi. Amma sənətdə,
yaşda məndən böyük
yazıçılarımız, şairlərimiz var ki,
onların məsləhətləri, fikirləri olduqca vacibdir.
-
Yaşıdlarından kimlərin yazılarını daha
çox bəyənirsən?
- Fərid Hüseynin
şeirləri, Cavid Zeynallı və Murad Muradovun hekayələrini
bəyənməklə qalmır, yaradıcılıq proseslərini
izləyirəm.
- Hazırda nə
üzərində işləyirsən?
- Hər gecə eyni röyanı görən, qorxuyla yuxusundan oyanıb, otağının divarındakı saatın hərəkətini cəld dayandıran, meyvə dolu taxta yeşiklər qoyulmuş, təkərləri xarab arabanı küçə-küçə sürüyüb, pul qazanmağa çalışan obrazımdan yazıram. Hekayənin sonundan özüm də xəbərsizəm!
- Nə istəyirsən?
- Sevgilərimdə
yanılmamaq və məni böyük oxucu kütləsinə
qovuşduracaq o əsəri yazıb, dünya ədəbiyyatında
debüt etmək!
Əsəd
Cahangir
Ədəbiyyat
qəzeti.-2020.- 21 noyabr.- S.28;29.