Belə qısa

 

yazıram ki...

 

Qəşəm Nəcəfzadənin "Yerdən aşağı, göydən yuxarı" kitabı üzərinə

 

Sərvaz Hüseynoğlu

 

Ötən il tanınmış şair Qəşəm Nəcəfzadənin 60 yaşı tamam oldu. Aradan keçən bütöv aylar boyunca bu münasibətlə duyğulu bir dost qutlaması yazmaq istədim.  Amma hər dəfə ötən günlərin imisti ( heç cür unudulmaz) xatirələri gəlib araya girdi, o şirin anların xoş əsintilərindən ayrıla bilmədim. Sadəcə, götürüb onun tanış ( dönə-dönə oxuduğum) şeirlərinə yenidən nəzər saldım. O şeirlərə ki, orada həm bizim birgə yaşadığımız təəssüratların səmimi ifadəsi hər sətirbaşında xüsusi duyğusallıqla şəkillənmişdi, o şeirlərdə mən özüm vardım. O şeirlər, bir növ , Qəşəmli-mənli günlərin sözə, misraya çevrilmiş abidələrini simvolizə edirdi. Yəni, çox doğmaydı. O şeirlər eyni zamanda  mənim unudulmaz Sabir Əliyevlə, Mürşüd Məmmədliyə, Qərib Mehdiylə, bütün yaxşılar, yaxşılıqlarla görüş yerim kimidi. O aləmdə yaşamağın məmnunuyam...

 

60-ı haqlayan şair Qəşəm Nəcəfzadə:

 

Qəşəmin "Elm təhsil" nəşriyyatı tərəfindən yenicə çap edilmiş "Yerdən aşağı, göydən yuxarı" kitabı həmin o xoş aləmin pünhan məhrəm hücrəsi kimidi. Ədəbi söhbətlərini, düşüncələrini, essee müsahibələrini, haqqında yazılanları bir araya gətirib. Ən maraqlısı odur ki, o yazılanların hər biri ayrı-ayrılıqda ( ümumən) daha çox səmimi şeir parçaları kimi oxunur. Yəni, zəngin, orijinal bir poetik ovqatın yazılarıdı. Bütün ömrünü söz uğrunda girov qoymuş, yalnız sözə məğlub olmuş, sözə yenilmiş, sözə vəfalı bir qələm adamının yazdıqlarıdı. Hisslə, həyəcanla yoğrulub. Bütün yazılanların hamısı Qəşəmin səmimi poetik aləmindən süzülüb gəlir; oxucunu yormur, daha çox həyatı, sosial münasibətləri, ədəbi-mədəni həyatı, bütövlükdə, insanı dərk etməkdə, sevməkdə adama kömək edir.

 

Xalq şairi Fikrət Qocayla, unudulmaz Fikrət Sadıqla, İlyas Tapdıqla olan söhbətləri, eləcə Arif Əmrahoğlu, Rafiq Tağı, Qərib Mehdi, Ramiz Məmmədzadə, Hüseynbala Mirələmov, Səyyad Aran, Murad Qoçuoğlu, Xəqani Nəbioğlu, Şəfa Vəli, Dayandur Sevgin, Nuranə Nur, Sərdar Amin başqaları haqqında olan yazıları o qədər oxunaqlı, təəssüratoyadıcıdır ki, adamın həmin yazılar haqqında söz açmaq imkanını əlindən alır. Yəni o yazılar, edilən söhbətlər barəsində fikir söyləmək əvəzinə yenidən həmin yazıların ovqatı, dil, üslub, təhkiyə özəllikləri səni səndən alıb aparır, başlayırsan yenidən oxumağa. Yazacaqlarını unudursan. Qəşəmin yazı üslubunun ovsunundan qurtara bilmirsən. Sanki çıxılmaz bir balıq torunun girinə keçmisən. Ancaq heç çırpınıb çıxmaq da istəmirsən. Əksinə, bu anların ömrünü daha da uzatmaq istəyirsən. Qəşəmin publisist üslubu imkanları ilk növbədə onun özünün (həmişə yeni, gözlənilməz, səmimiyyətlə dolu) poeziyasından, şeir dünyasından gəlir. o da təbiidir ki, çağdaş dünya ədəbiyyatının bir çox tanınmış nümayəndələri Qəşəmin yaradıcılığına məhz onun həmin o qeyri-adi, axtarışlarla dolu, ən başlıcası, müasir dünya poeziyasının tələblərinə cavab verən kriteriyalarından nəzər yetirməklə dəyərləndirirlər. Bu yöndən tanınmış Çin şairi Yi Sha "Qəşəmin şeirlərində bütün millətlərin oxşarlığını, qohumluğunu gördüm, o, yeni dünyanın ən maraqlı şairidir" yazmağında haqlıdı. Amerika şairi Artur Sze onun şeirlərini ona görə xoşlayır ki, "bu şeirlərdə metafora güclü boldur". Misir şairi Fatimə Naoot Qəşəmin şeirlərini həddən çox orijinal olmasına görə öz ana dilinə tərcümə etmək istəyir. Kanadada yaşayan alban şairi Rozi Theohori marağını gizlətmir ki, "Qəşəmin şeirləri mənim ruhuma çox yaxındır. O da hər şeyə albanlar, amerikalılar kimi baxır, sevgi haqqında eyni şeyi düşünürük. Mən onun ingiliscə şeirlərini Sergey Yeseninin Kanadada yaşayan yeganə sağ qalan oğlu Aleksandr Yeseninə göstərdim. O da Qəşəmin şeirlərini xoşladı. İndi mən Qəşəm Nəcəfzadənin şeirlər kitabını Alban dilində çapa hazırlayıram". Niderlan şairi Jonita Nootenboon Qəşəmə "Sənin şeirlərindən çox duyğulandım, sanki sən bir rəssamsan, göz önünə lövhələr çəkirsən, şeirlərinlə insanı fəth edirsən" yazır.

 

Gürcü şairi Şota İataşvili onun şeirlərində Azərbaycan fikrinin, dil düşüncəsinin, həyəcanının poetensialını duyur, dünyanı hiss edir. Belçikalı tərcüməçi Jean Mariel Flemal xəritədə Xəzər dənizinə baxdıqca bu dənizin sahilində Qəşəm Nəcəfzadə kimi bir şairin yazıb-yaratmasının şükranlığını yaşayır. Horlland şairi Jan Villem Ankep Qəşəmin fərqli şair dünyasının cəlbedici məqamlarından bəhs edir.

 

Bu sırada türkiyəli yazar Fəthi Gədiklinin, İsrail şairi Rami Saarın, qırğız şairi Lira Turdumambetovanın başqalarının maraqlı fikirləri var. Yəqin ki, gələcəkdə məhz bu cür xoş münasibətlər bildiriləcək. Çünki Qəşəmin yaradıcılığı öz bənzərsiz, fərqli poetik yazı texnologiyası həmin fikirlərin səsləndirilməsinə etibarlı, içdən gələn ipucu verir. Qəşəmin yaradıcılığı iç-içə yığılmış, duyğu emosiyalarla yoğrulmuş, həm gözlənilməz, ani sıçrayışlara hazır yay kimidi. Ünvanı hədəfi çoxyönlüdü. Kimə harda yetəcəyi, kimin harda haqlayacağı hər kəsin öz daxili enerjisindən asılıdır.

 

Qəşəmin "Yerdən aşağı, göydən yuxarı" kitabının hədəfi məhz həmin genişliyə, müxtəlifliyə çoxçeşidliyə hesablanıb. Onun yazlıqlarını oxuyuram bir daha düşünürəm ki, illər öncəsi, Gəncədəki tələbəlik çağlarımızın özündə belə ustad Qərib Mehdi "Qəşəm mənim uzaqvuran artileriyamdır" deyə ona xüsusi qayğı göstərməsində necə haqlıymış. Ustad eyni zamanda mənim könlümü almağından qalmırdı ki, "Sərvaz mənim qabarlı əllərimdi".

 

Bu yazını həm də, haradasa, Qərib müəllimin qabarlı əllərilə, qədim dostum və ədəbi xeyirxahım Qəşəm Nəcəfzadənin uğurlarına sevinə-sevinə yazıram. Belə tez bitirməyimin səbəbi ondan irəli gəlir ki, onu yenidən oxumaq, ondan öyrənmək və dərk etmək məqamını qaçırmayım...

 

Ədəbiyyat qəzeti  2020.- 21 noyabr.- S.29.