Səlim Babullaoğlu: “Azərbaycan ərəb ədəbiyyatına həmişə maraq göstərib”

 

 

Birləşmiş Ərəb Əmirliyi Şarja Kitab Palatasının mətbu orqanı olan  Al-Nasher Al-Usboei” jurnalında jurnalın icraçı redaktoru Əli Əl Əmirinin şair Səlim  Babullaoğlu ilə geniş müsahibəsi dərc edilib, eyni zamanda şairin şeirlərinə yer ayrılıb. Xüsusən Azərbaycan-ərəb ədəbi-mədəni əlaqələrindən geniş bəhs edən söhbəti “Ədəbiyyat qəzeti” oxucularının diqqətinə qismən ixtisarla təqdim edirik.

 

-Deyirlər uşaqlıq şairləri həyatları boyu müşayiət edir. Uşaqlığınız, o vaxtkı yerlər, ən yaddaqalan xatirələrinizi danışın, şair kimi formalaşmada necə rolu və təsiri olub uşaqlığın?

 

 

-Mənə təsir edən üç şeyi xatırlayım. Erkən uşaqlığımın keçdiyi evdə, Bakıdan 25 kilometr şimalda bir şəhər var- Sumqayıt, o şəhərdə, ana tərəfdən babamın və nənəmin evində böyümüşəm. O evdə qəribə bir kitab kultu olub. Cavabımı bir qədər dəqiqləşdirim. Qara parçaya bükülmüş bir kitab vardı evdə. Biz qorxanda, qorxulu yuxu görəndə nənəm o kitabı gətirib başımızın üstündə tutar, sonra da bizə deyirdi ki, bu kitabı öpün. O sizi qoruyacaq. Nənəm deyirdi ki, bu Şeyx Əfəndinin kitabıdır. Biz - mən və qardaşım  ürəklə o kitabı öpərdik. Hər dəfə o kitabı öpəndə bir qoxu hiss edərdim, sonra da rahatlaşar, qorxum keçər və yuxulayardım. Mən sonradan biləcəkdim ki, bu Azərbaycanın sufi şairlərindən olan Seyyid Nigarinin “Divanı”dır. Daşbasma üsulu ilə nəşr olunmuş əski bir kitab. Burnuma dəyən qoxu isə köhnə kağız qoxusu idi, bunu sonradan kitabxana və arxivlərdə olanda dəqiqləşdirmişdim. Kitab fiziki şəkildə qoruya bilərdimi?  Mən Borxes deyiləm və öz mövhumatçılığımdan cəsarətlə danışa bilmərəm. Amma söz axı enerjidir, ola bilsin ki, o kitabın və o cür böyük kitabların oxumadan belə enerjisi insana təsir edə bilər.

İkinci amil babamla bağlıdır. O da, onun atası da ərəb və fars dillərini, o cümlədən Şərq və Azərbaycan klassikasını bilirdi. Özü də əzbərə. Quran oxuyurdular, ərəbcə və farsca şeirlər oxuyurdular. Onları mənim üçün tərcümə edir, izah edirdilər. Mən babalarımı da sevirdim, onların söylədiyi hər bir sözü də. İndi o sözlərdən çox az şey qalıb yadımda, amma bəzi şeyləri xatırlayıram. Düşünürəm, o şeirlər və babam mənə ciddi təsir edib.

Üçüncü amil atamla bağlıdır. Artıq 7 yaşım vardı və atamın evinə gəlmişdim, məktəbə gedəcəkdim. Bakıdan 125 km. cənubdakı Şirvan şəhərinə, istisi ağızda tüpürcəyi qurudan bir şəhərə. Atamı onda yaxından tanımağa başladım. Atam şeir yazır və tez-tez də dost məclislərində oxuyurdu. Mən onun oxuduğu şeirlərə vurulur, o cür danışmağı arzulayırdım. Təbii idi,  bütün uşaqlar atalarına oxşamaq istəyirlər. Sadəcə o məndən daha yaxşı adam oldu: şeir yazmağı həyatının başlıca məsələsinə çevirmədi, elə bir sahədə çalışdı ki, ailəsinə daha böyük və stabil rifah versin. Mən isə uzun müddət şeiri, bohem həyatını hər şeydən daha vacib saydım, çoxlu şeyləri ona qurban verdim. Şeir yazmadığım anları əzab çəkdim. Bir gün içimdə hər şey dəyişdi. İndi dəqiq bilirəm: şeir və poeziya o qədər də vacib məsələ deyil. Hətta heç vacib məsələ də deyil. Yalnız peşəkar vərdişləri və üslubi bacarıqları itirmək qorxusu qədərdi şeirin vacibliyi. Sevərək, sevinərək, səmimiyyətlə deyilən hər bir söz həmişə şeirdi. Məsələn, mən axşam qızımı gəzməyə çıxardıram, o ulduzlu səmaya baxır, atası ilə gəzintiyə çıxdığından məmnundur və deyir: “Ata, mən bilirəm, ulduzlar göydə yatır...” Bu, şeirdi.

 

 

-Ölüm, yaddaş, uşaqlıq və təbiət .. şeirinizdə gözə çarpan nəsnələrdir, bu nəsnələrə müraciətinizin səbəbi, istinadlar nədir?

 

 

 

-İnsan həyatı  doğuluş və ölüm arasında baş verən hadisələrdir. Bu iki nöqtə arasında ən gözəl dövr isə uşaqlıqdır. Elə belə demirlər ki, biz hamımız uşaqlıq adlı məmləkətdən qovulmuşuq. Bu dövrü biz ancaq yaddaş vasitəsi ilə qaytara bilirik. Başqalarını bilmirəm, mən uşaqlığımı çətinliklə xatırlayıram, görünür çox xoşbəxt olmuşam, ondandır. Xoşbəxtlik yaddaş istəmir, yalnız yaşamaq istəyir. Hiss etmək. Qaldı təbiətə. Babamgilin evində elə dövr olurdu ki, tək qalmalı olurdum. O dövrdə dostum küləklər və ağaclar, bir də əlbəttə xəyal gücü olurdu.  Saatlarla susub küləyi dinləyə bilir, üzqoyulu uzanıb küləyin otları necə titrətdiyini müşahidə edə bilirdim… Ölüm haqqında isə əsaslı heç nə deyə bilmərəm, nə desəm həyatın alətlərindən istifadə edib deyəcəm, şeirlərimdə yəqin ki, belədir.

 

 

-Tərcümənin bilik, gözəllik, ülvi dəyərlərin yayılmasında və “mədəni körpülər” qurulmasında rolu nədir, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi fikriniz?

 

 -Tərcümə- oxucu üçün ən əlçatan səyahətdir. Dünyanı tanımağın, dərkin ən gözəl vasitəsidir. Tərcümə-tərcüməçi üçün ədib kimi yetişməyin və kitabları düzgün oxumağın ən doğru imkanıdır. Tərcümə hamı üçün özünü dəqiqləşdirmənin ən kamil vasitəsidir. Sözlə dərk, sözlə tanıma, sözlə hiss etməni heç nə əvəz edə bilməz.  Bu dediklərim mənim insan və ədəbiyyatçı kimi qənaətlərimdir. Mərkəzin sədri kimi isə fəaliyyətim bu qənaətlərə sahib adamın daha çox tərcümə təşkilatçısı kimi çıxış etməsidir.

 

-“Mədəni kimlik” məsələsi  dartışılanda "vəhşi qloballaşma" xatırlanır, sozcə necədir?

 

-Adətən mədəni kimlik deyiləndə  onun qabağına bir milli sözünü də qoyurlar. Fikrimcə,  həqiqi mədəni-milli olan mütləq qlobaldır, həqiqi qlobal olan da milli. Başqa məsələdir ki, biz bunu  öz maraqlarımızla uzlaşdırmağa çalışır, hər şeyi qəlizləşdiririk. Bu məsələ, bu qəlizlik yəqin qiyamətə qədər aktual  olaraq qalacaq. İndiki durumumuzda “milli-mədəni kimlik” və “qlobal kimlik” heç vaxt kəsişməyən parallel xətlərə bənzəyirlər.  Birinci bəşər tarixinin ən uzunömürlü formatına çevrilib. Ən ağrılı, ən çox dartışılan. Bu formatın, bu kateqoriyanın qəbuledilməz çalarları var və bəşər tarixində bunun nümunələri çoxdur.   Başqa tərəfdən, indiki, populyar yozumlarda qloballaşma da elədir. Hər iki halı qəbul etmirəm. Fikrimcə, zaman-zaman hər iki format cilalanacaq, bu  iki  xətt kəsişəcək. Paralel xətlər qütblərdə kəsişdiyi kimi.

 

-Həyatınızda təsiri olan kitablardan danışın….

 

-Müxtəlif dövrlərdə müxtəlif kitablar məni dəyişib. Uşaq vaxtı eşitdiyim şeirlər, oxuduğum nağıllar və dastanlar.  Sonradan bəzi hekayə və romanlar. Sonra isə əlbəttə dini kitablar.  İndi kitab anlayışı mənim üçün daha çox məğz və mahiyyət sözünün ekvivalentidir, nəinki janr, cild və sairə. Yəni bir cümlə də kitab sayıla bilər. Amma konkret əsər, kitab adı çəkməliyəmsə,  böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsi, Hamsunun “Aclıq” romanı, Hessenin “Yalquzaq” romanı, Nəcib Məhfuz  “Bizim məhəllənin hekayətləri”, Strindberqin “Tənha”sı mənə çox ciddi təsir ediblər.  Quran ayələri həyatımı dəyişib. Şeirlər də elə.

 

 

 

 

 

-Düşünürəm ki, bəzi şairlərin yazı ritualları var, xüsusi şərait… sizdə necədir?

 

-Şeir üçün belə deyil, məncə bu şeylər tələb olunmur. Hər halda mənim təcrübəmdə. Xüsusi ritual yoxdur. Bircə mürəkkəblə yazan qələm və kağız olsun. Dizimin üstü də masa ola bilər. İri həcmli əsərlər üçün vəziyyət başqa cürdür.

 

 

-Oxumaq və yazmaq üçün təcrid olunmaq lazımdırmı ?

 

-İş elə gətirib ki, mənim ayrıca otağım və yazı masam olmayıb, başqa sözlə hər yeri yazı otağı və masası kimi görməyə öyrəşmişəm. Yeri gəlmişkən, iş yerimi çıxsaq bu gün də belədir, evdə iş otağım və ayrıca yazı masam yoxdur. Yazı prosesi üçün, şeir yazmaq üçün mənə xüsusi təcrid və qapanma tələb olunmayıb. Mən ən səsli-küylü yerdə özünü kənar səslərə qapamağı bacarıram. Amma yenə deyirəm, xüsusi araşdırma tələb edən, əl altında onlarla kitab, mənbə tələb edən işləri demirəm, burda ən azı böyük bir masa olmalıdır. Mütaliə üçün əlbəttə təcrid də olmasa, sakitliyi xoşlayıram.  Çünki mütaliə başqası ilə söhbətdir həm də.

 

 

-Korona pandemiyası,  təcrid dövründə “Evdə qal” kampaniyası zamanı həyata keçirdiyiniz “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar” layihənizdən danışın və bu çətin anı necə yaşayırsınız?

 

 

-Bu gün yaşadığımız hadisələr bütün mənfi tərəfləri ilə, hər gün eşitdiyimiz təlaşlı statistika ilə nə qədər xoşagəlməz olsa da, qaçılmazlığı ilə labüddür. Bu, çoxlu tərəfləri ilə düşünmək, fərdi, milli, dünyəvi, sosial və b. çapda və miqyasda insanın  həyatını gözdən keçirmək, nəyisə, birinci növbədə özünü dəyişmək üçün verilən imkandır. Həmişə yalançı vətənpərvərlikdən, yersiz plakatdan uzaq durmağa çalışan biri kimi bu pandemiyanın xalqımız, insanlarımız, dövlətimiz üçün az itki ilə ötüşməsini istəyirdim. Elə vəziyyətlər var ki, orda boş oturmaq olmaz. Bu vəziyyətlərdə hər kəs öz çapında hamı üçün xeyirli ola biləcək işlər görməlidir. Buna cəhd etməlidir. Onsuz da Beynəlxalq Poeziya Festivalını gerçəkləşdirmək ideyamızın bu il də baş tutmayacağını hiss edib həm festivalı virtual şəkildə edə biləcəyimizi, həm də bu festivalı daha xeyirli məqsədə yönəldəcəyimizi anladım. Bu ideya yarandı, televiziyaçı dostlarımıza müraciət etdim, onlar da sağ olsunlar, bizə yaxından dəstək oldular, fikrimizi bəyəndiklərini və efir vaxtı verəcəklərini söylədilər. Biz də 20 ölkədən 30-a yaxın şairə müraciət etdik. Onların demək olar ki, hamısı bizim fikrimizi məmnuniyyətlə qarşıladılar, xalqımıza ehtiramlarını ifadə etdilər və az vaxt içində şeirlərini və xalqımıza müraciətdən ibarət eksklüziv videomaterialı mənə göndərdilər.  Rusiya, Moldova, Rumıniya, Türkiyə, ABŞ, İtaliya, Almaniya, Argentina,  İran,  Serbiya, Belorus, Polşa, Gürcüstan, Fələstin,  Qırğızıstan,  Ukrayna,  Özbəkistan,  Oman və   Estoniyanın nüfuzlu, tanınmış, istedadlı şairləri. Mən onların hamısına dərin təşəkkürümü bildirirəm. Bilirəm ki, həmin ölkələrdə də vəziyyət asan deyil, hətta bizdən qat-qat çətin vəziyyətdə olan insanlar var. Amma bu adamlar hər şeyə rəğmən mənə “yox” demədilər. Doğurdan da dostlar çətin gündə tanınırmış. Mən onların bu addımını həm həmkarları, həm də bir azərbaycanlı kimi heç vaxt unutmayacağam. Layihə iki həftə ərzində uğurla gerçəkləşdi. Əvvəl dövlət televizyası ilə başladı layihə, sonra isə əsas hissə Real TV ilə davam etdi. Məncə bu layihə  insanlarımıza bu gün həqiqətən gərəkli olan xoş və ümid dolu impulslar verdi.

 

-Siz Bakı Beynəlxalq Şiir Festivalının direktorusunuz, mənə bu barədə danışın…

 

 

- I Bakı Beynəlxalq Şeir Festivalını biz 2015-ci ildə keçirmişik.  Poeziya festivallarının keçirilmə ideyası, düşüncəsi fikrimcə hər yerdə eynidir. Məqsəd poeziyanın həyatımızın bir hissəsi olduğunu, ölkəmizin və ədəbiyyatımızın dünyanın bir hissəsi olduğunu, şairlərin əsla marginallar olmadığını bir daha təsdiqləməkdir.  Şairlər üçün canlı ünsiyyəti heç nə əvəzləmir: həm oxucuları ilə, həm kolleqaları ilə - biz həm də şairlərə bu imkanı vermək istəyirdik. İlk festival çox uğurlu oldu. Daha sonra bəzi reallıqları nəzərə alıb qərara gəldik festivalın ikincisini konkret bir ölkənin şairləri ilə davam edək. Qonaqlarımız  Moldova şairləri oldu. Üçüncü festivalı bayaq dediyim kimi virtual keçirdik. Amma növbəti il üçün, sağlıq olsun festivalı şairlərin iştirakı ilə və daha yaxşı keçirməyi düşünürük.

 

 

-Ərəb mədəniyyəti ilə Azərbaycan mədəniyyəti, ədəbiyyatı arasındakı əlaqə dərin köklərə malikdir... Bəs üfüqdə də var. Bu əlaqələri necə görürsünüz?

 

 

- Haqlısız, ərəb dünyası və dili ilə bizim münasibətlər dərin köklərə malikdir. Bu əlaqələrin dünənindən bir az ətraflı danışmaq istərdim, bəlkə də gələcək elə daha çox keçmişdir.

Azərbaycanın ərəb dünyası ilə mədəni mübadiləsi islamın təşəkkül tapması və dünyada yayılması ilə daha çox bağlıdır. 1400 illik böyük dövr ərzində müqəddəs Qurana, ordakı hadisələrə və o hadisələrin şərhlərinə Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərə aid klassikləri tərəfindən müraciətlər edilib, göndərmələr olub. Bu gün də belədir. Əruzda yazan, qəzəl yazan müasir Azərbaycan şairləri var ki, öz qəzəllərində həm Qurana, həm islam dünyasının əziz tutulan isimlərinə tez-tez müraciətlər edirlər.

Yeri gəlmişkən, ərəb dili və ədəbiyyatının faktı olan  əruz və qəzəl  Azərbaycan ədəbiyyatı, poeziyası tarixinin üç mühim yolundan və növündən biridir. İndiyədək belədir. Əlbəttə söhbət Azərbaycan əruzundan və türkdilli qəzəldən gedir.

    Bütövlükdə isə klassik Azərbaycan ədəbiyyatını yaradanlar doğma Azərbaycan - türk dili ilə yanaşı ərəb dilində də ölməz əsərlər yazıblar. Xaqani Şirvani (1120-1199) , Xətib Təbrizi (1030-1108),  İmadəddin Nəsimi (1369-1417) , Məhəmməd Füzuli (1483-1556)  və başqalarının ərəb dilində yazdığı əsərlər təkcə Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə ərəbdilli ədəbiyyatın, Şərq ədəbiyyatının inciləri sırasındadır.

 

 

Bu il 900 illiyini qeyd etdiyimiz dahi Azərbaycan şairi Xaqani Şirvanı ərəbcə 506 beytlik irs qoyub. Biz bu irsi, daha doğrusu Xaqaninin ərəbcə “Divanı”nın filoloji tərcümələrini bir neçə il əvvəl tanınmış Azərbaycan şərqşünası, xalqlarımızın ədəbiyyatlarının yaxınlaşmasında bu gün də fədakarlıqla çalışan professor İmamverdi Həmidovun çevrisində nəşr etdik.  O Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitunda “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiridir. Siz onu qiyabi tanıyırsınız, əziz doktor Əli, çünki o sizin bir neçə şeirinizi də Azərbaycan dilinə çevirib. Xaqaninin yaradıcılığında  ərəb-islam  mədəniyyətinin görkəmli simalarınına göndərmələr, təlmih  və işarələr var. Təqqiqatçılar bu fikirdədilər ki,   onun əsərlərində ərəbdilli ədəbiyyatın görkəmli nümayəndələrinin sadəcə adları çəkilmir, onların yaradıcılığını xarakterizə edən başlıca cəhətlər,  işlətdikləri bədii priyomların izləri də sezilir.  O tanınmış ərəb şairləri Bəşşar ibn Burd və Ləbid ibn Rəbiə, Həssan ibn Sabit, Əbu Ubadə əl-Buhturu və Əbu Teyyib əl-Mutənəbbiyə məxsus poetik sənətkarlığın əlamətləri var Xaqanidə. 

Yaxud klassik ərəb ədəbiyyatı tədqiqatçılarına yaxşı tanış olan İsmayıl ibn Yəsar (VII-VIII əsrlər) azərbaycanlı idi. Bu məncə çox maraqlı faktlardan biridir.

 

Ərəb dilinin və mədəniyyətinin izlərinə Azərbaycan ədəbiyyayında çox rast gəlmək olar. Qədim ərəb rəvayəti olan Leyli və Məcnunu poetik planda ən yaxşı işləyən iki böyük şair var Şərqdə, ikisi də azərbaycanlıdır – dahi Nizami Gəncəvi (1141-1209)  bu əhvəlatı fars dilində, Məhəmməd Füzuli (1494-1556) isə türkcə işləyibdir.

 

 

-Mədəni mübadilə işində və ərəb dünyası ilə əlaqələrinizin möhkəmlənməsində şərqşünaslıq nə qədər əsas və mühümdür?

 

-Bilirsiz, Azərbaycanda şərqşünaslıq məktəbi, ərəbşünaslıq həmişə güclü olub, bu gün də belədir. Mən ərəbşünas və ümumiyyətlə elm adamı deyiləm, amma indi bəzi xatırlatmalar edəcəm, güman edirəm, bu sizin oxucular üçün maraqlı olar. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu var. Bu elm müəssisəsi görkəmli şərqşünas, ərəbşünas və tarixçi alim, akademik Ziya Büynadovun (1923-1997) adını daşıyır. Allah ona rəhmət eləsin, o həm də Quranı Azərbaycan türkçəsinə ilk tərcümə edənlərdən biri idi. Yaxud elə həmin institutun direktoru da görkəmli ərəbşünas alim, akademik və ictimai xadim Gövhər Baxşəliyevadır ki, bu gün Azərbaycan-ərəb elmi-ədəbi mübadilə işinə məhz bu görkəmli Azərbaycan alimi rəhbərlik edir.

 

Azərbaycan-ərəb ədəbi əlaqələrindən, xüsusən müasir ərəb ədəbiyyatının Azərbaycanda tanıdılması işindən və tədqiqatından danışanda ilk xatırlanmalı olan alimlərimizdən biri görkəmli ərəbşünas, elmlər doktoru, professor Aida İmanquliyevanın (1939-1992) adını xüsusilə qeyd etmək gərəkdir. Yeri gəlmişkən, o ilk azərbaycanlı şərqşünas qadın  idi,  Aida xanımın xüsusən Cübran Xəlil Cübran və Mixail Nüaymənin yaradıcılığının Azərbaycanda tanıdılmasında zəhməti misilsizdir və onun “Yeni ərəb ədəbiyyatının korifeyləri” tədqiqatı bu mənada çox qiymətlidir. O həm də  Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi “Ərəb filologiyası  məsələləri” məcmuəsinin tərtibçisi və redaktoru olub, xalqlarımız arasında ədəbi əlaqələri inkişaf etdirmək naminə fədakarlıqla çalışıb.

 

Yaxud bu yaxınlarda dünyasını dəyişmiş görkəmli ərəbşünas alim, akademik Vasim Məmmədəliyevi (1942-2019)  xatırlayıram. O da Qurani Kərimin ilk tərcüməçilərindən biri idi. Xüsusən Quran və İslamla bağlı “İslam əxlaqı və onun prinsipləri”, “İslamda məhzəblərin yaxınlığı” kimi və b. çoxsaylı tədqiqatların, eyni zamanda “Ərəb dilçiliyi ümumi dilçiliyin əsas qollarından biri kimi” monoqrafiyasının, “Ərəb dili proqramı”nın müəllifiydi.

 

Yaxud bu gün müasir dünya şərqşünaslıq çevrələrində yetərincə tanınan şərqşünas alim doktor Aida Qasımovanı xaıtrlayıram. Onun  “XIV-XVI əsrlər Azərbaycan ədəbiyyatı və Quran qissələri”, “Füzuli yaradıcılığında Quran rəvayətləri” , “Məhəmməd peyğəmbərin meracı”  tədqiqatları fikirmcə Azərbaycan ərəbşünaslığı üçün qiymətli olduğu qədər, ərəb elmi-mədəni mühiti üçün də əhəmiyyətlidir.

 

Yaxud digər tanınmış şərqşünas alim,  müfəssəl "Təcvid"    "Qurani-Kərim: latın qrafikası ilə fonetik transkripsiyası (təcvidli, vurğulu)" kitablarının müəllifi , Quranın Azərbaycan dilinə ilk tərcüməsinin indiyəqədərki 12 nəşrinin redaktoru doktor Vüqar Qaradağlının  xatırlayıram.

 

 

-Azərbaycan şərqşünaslarının və tədqiqatçılarının yeni nəsillərinin tədqiqatlarında müasir ərəb ədəbiyyatının iştirakı dərəcəsi nə qədərdir?

 

-Yeni nəsil ərəbşünaslar yetişir və çox sevindiricidir ki, onların elmi yaradıcılıqlarında, tədqiqatlarında XX əsr ərəb poeziyası xüsusi yer tutur. Məsələn, böyük məmnuniyyətlə Mahir Həmidovu və onun “Mixail Nuaymənin ədəbi-tənqidi görüşləri və şeirləri” tədqiqatını xatırlamaq istərdim. Yaxud Kamil Şərifovun “Müasir Suriya poeziyası və Nizar Qəbbani  adlı monoqrafiyasını. Hər iki alimin poetik tərcümələrini oxumuşam. Onlar olduqca maraqlıdır.

 

 Bilmənizi istərdim ki, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsi var ki, orda ərəb dili və ədəbiyyatı bölümü də var. Hər il o fakültərinin ərəb dili və ədəbiyyatı ixtisası üzrə məzunları olur.

Eyni zamanda, Bakıda İlahiyyat institutu var və orda da ərəb dili tədris edilir.

 

Xalqlarımız arasında ədəbi münasibətlərin elə səhifləri var ki, onları da indi  xatırlamaq yerinə düşərdi. Məsələn XX Azərbaycan ədəbiyyatında, poeziyasında ərəb mövzusu ağlıma gəlir və   Azərbaycanın görkəmli şairləri Osman Sarıvəllinin (1905-1990) “Misirli qardaşlar” poeması, Rəsul Rzanın (1910-1981) “Əlcəzair meydanında”, Məmməd Rahimin (1907-1977)  “Bağdad gecələri”,  Nigar Rəfibəylinin (1913-1981) “Cəmilə”, Balaş Azəroğlunun (1921-2011) “Ərəb oğlu” kimi poema və şeirləri, görkəmli Azərbaycan yazıçısı Süleyman Vəliyevin (1916-1996)  “Əncir ağacı” və “Neysan yağışları” hekayələri yada düşür.

Yaxud 2015-ci ildə Misirə səyahət eləmiş gənc Azərbaycan şairi Fərid Hüseynin “Qahirə qədəri” şeir silsiləsini, digər gənc şair Pərviz Arifin “Fələstinli uşaq” şeirini. Bütün bunlar bizim ərəb dünyasına, o dünya ki, elə bir qədər də ümumislam, ümumşərq kontekstində bizim öz dünyamızdır, marağımızdan xəbər verir.

 

 

Bir neçə başqa faktı da sadalamaq istərdim. 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhəri, 2018-ci ildə Azərbaycanın bir guşəsi olan Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu.

2017-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin sərəncamı ilə Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunmuşdu. Bu əlamətdar tarixlər əlbəttə ki, eyni zamandan ərəb dünyası ilə elmi-mədəni mübadilə işinə ciddi təkan verdi. Keçirilən çoxsaylı konfrans və görüşlərlə, tədbirlərlə...

 

Yeri gəlmişkən o illərdə biz Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin “Oman ədəbiyyatı” xüsusi sayını hazırladıq. İlk dəfə idi ki, Azərbaycanda Oman ədəbiyyatı nəşr olunurdu. Özü də bu həcmdə.  50-dən artıq omanlı müəllifin, ərəbdilli ədbilərin roman, hekayə, pyes və şeirləri, habelə elmi-məqalələri yer alımışdı həmin sayda. Biz o sayın hazırlanması zamanı Oman Sultanlğı Mədəniyyət Klubu ilə, doktor Aişə əd Dərməki ilə yaxın əməkdaşlıq etmişdik.

 

 

Ölkə miqyaslı son vacib işlərdən daha biri ölkə prezidenti İlham Əliyevin  sərəncamı ilə nəşr olunan 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasıdır ki,bu seriyadan 2 kitabı - “Ərəb ədəbiyyatı antologiyası” və Nəcib Məhfuzun “Seçilmiş əsərləri”ni xüsusi olaraq qeyd etmək istərdim.  Ümumiyyətlə, Azərbaycanda ərəb ədəbiyyatına diqqət həmişə olub. Bu gündə var.

Məsələ budur ki, ərəbdilli areal böyükdür, bu bir tərəfdən  çoxsaylı ərəb ölkələrində yaşayan və ərəb dilində yazan ədiblərdir. Digər tərəfdən dünyaya səpələnmiş ərəb ədiblərinin xüsusən ingilis və fransız dillərində yazdıqları ədəbiyyat deməkdir.  Bütün bu ədəbi səhnəni, bu mənzərənin ən diqqətçəkən nümunələrini retrospektiv və perspektiv planda izləmək müşkül görünür. Biz cəhdlər edirik. Amma ərəb ölkələrinin kitab və ədəbiyyatla bağlı qurumları ilə ikitərəfli əməkdaşlıq planlarının, müqavilələrinin, qarşılıqlı dəstəyin olması çox vacibdir.

 

Müsahibənin orijinalını burdan yükləyə bilərsiniz:

 

https://xsi.sibf.com/Content/Uploads/Downloads/1_9ba551c3d42442f3964bfff6db7d16.pdf?fbclid=IwAR04VOmcWvKSOdala5M4Y-T7y51dvpA3aqbnxYjS8pDsETy8s-joYmAFxi4

 

Ədəbiyyat qəzeti  2020.- 21 noyabr.- S.30-31.