Estafet
"Qarabağ hekayələri"
silsiləsindən
Lələtəpə
döyüşlərində həlak olmuş polkovnik Sənan
Axundovun əziz xatirəsinə
Davud baba yenə hərbi
formasını geyinib parada hazırlaşırdı. Böyük Vətən müharibəsində
aldığı orden və medallar döşünü bəzəyirdi.
Yaşı yetmişi ötsə də qamətini
dik saxlaya bilirdi, hərbi geyim isə onu yaşından xeyli
cavan, həm də olduqca zəhmli göstərirdi. Sanki indicə hərbi eskadronun qarşısına
keçib döyüş əmri verəcəkdi. Elə bil heç zaman ötməmişdi,
müharibə illərin o tayında qalmamışdı.
Davud babanın üst-başından barıt
qoxusu çəkilməmişdi. Hər ilin 9 may
günü yüksək əhval-ruhiyyə ilə yuxudan
oyanır, üzünü taraş edir, hərbçi
qıvraqlığı ilə geyinib döyüşə
gedirmiş kimi parada yollanırdı.
... Qamışlar
qırov bağlamışdı, külək əsdikcə
cızıltılı səslə bir-birinə
sürtünürdü. Yol kənarındakı
xırda qamış çöplərə, keçən ildən
qalma quru ot tayalarına da qırov
düşmüşdü. Gecə qaranlıq olduğundan adam gözünü bu qırovlu
cığırdan ayıra bilmirdi. Təzə təşkil
olunmuş alayın döyüşçüləri hardan,
hansı kəndin, hansı şəhərin
yaxınlığından keçdiklərindən xəbərsiz
idilər, hara getdikləri də məlum deyildi. Nə qədər gedəcəkdilər, bunu da bilən
yox idi. Zülmətlə sükut, sanki bu
sualların cavabını udmuşdu. Adama
elə gəlirdi ki, bu sükut fırtınadan əvvəlki
sakitlikdir. Davud yaxınlıqdakı əsgəri
dümsüklədi:
- Taleh, o
işıqları görürsən?
- Hə,
görürəm.
- Fişənglərə
oxşayır.
- Deyəsən,
elədir.
- Demək,
cəbhəyə gedirik.
- Aha...
Davudun dediyi
işıqlar heç də vaxtilə onların sübhə
qədər qovduqları addımlayan məşəllərə
bənzəmirdi. Elə bil göy
qurşağının rəngbərəng zolaqlarını
bir-birindən ayırıb tək-tək səmaya
buraxırdılar. Zolaqlar göy
üzündə gah çəhrayı, gah yaşıl, gah da
sarı dairələr cızırdı. Bəzən
də göy qübbəsində qəfildən zolaqsız
işıq peyda olurdu. Tavandan
asılmış lampa kimi eyni bir nöqtədə hərəkətsiz
dayanıb bir xeyli yanırdı. Elə bil
günəşin kiçik bir zərrəsini gətirib oradan
asmışdılar.
- Taleh,
bunlara kəşfiyyatçı fişəng də demək
olar, elə deyimi?
- Necə
yəni?
- Məncə,
bunları ona görə havaya buraxırlar ki, kəşfiyyatçılar
hansı səmtə gedəcəklərini müəyyən
edə bilsinlər.
Taleh gülümsədi, bir söz demədi.
Soyuq işıqların arxasından ara-sıra uzaq və
boğuq gurultular eşidilirdi. Sanki əvvəl
şimşək çaxır, sonra göy guruldayırdı.
- Taleh,
top səslərini eşidirsən?
-
Eşidirəm.
- Deyəsən,
bizimkilərdir.
- Nə
bilmək olar? Bəlkə faşistlərdir...
- Amma
çox iri, ağır toplara oxşayır...
- Aha.
Adamlar
arasında bir səs gəzdi; nəfəsləri donduran,
dodaqları əsdirən, ürəkləri titrədən səs:
- Səngərlərə!..
Adamlar arasında ikinci bir səs gəzdi. Elə bil nəfəslərin
donunu açmaq, titrəyən ürəkləri sakitləşdirmək
istəyirdi:
- Bura
ikinci xətdir, ön xəttə hələ var.
Davudun əmri ilə bölmədə olan əsgərlərin
hamısı bir uzun tranşeyə doluşdu. Bu, adam
boyu hündürlüyündə, dibinə quru qamış
döşənmiş uzun, əyri bir xəndək idi. Hər dörd-beş addımdanbir xəndəyin
böyrü çəpinə yarılmışdı.
Orda bir adam rahatca ayaq üstə durub irəlini
seyr edə və istəsə, atəş aça bilərdi.
Vasya ilə Talehin arasındakı çəpinə
qazılmış səngərin dibinə nisbətən
çox və daha quru qamış küləşi
döşənmişdi. Çox rahat səngər idi. Boş patron gilizləri, əzilmiş konserv
qutuları tez-tez ayağına ilişirdi.
Bir neçə dəqiqə sükut içində hər
kəs öz yerini rahatlamaqla məşğul oldu. Az sonra
tranşeyin sol tərəfindən, çəpinə səngərlərin
birindən Vasyanın istehzalı gülüşləri
axıb gəldi:
- General
Axundov həzrətlərinə hörmət və ehtiram!
Davudun
dodaqları qaçdı:
-
Çox narahatsansa, general səngərində səni bir
siqaretə qonaq edə bilərəm.
- Ehtiyac
yoxdur. Mən özümə söz vermişəm
ki, cəbhəyə gələndə papirosu tərgidim.
-
Çox nahaq yerə! Yaxşı, bəs sənin
yerin rahatdırmı?
- Niyə,
pis deyil, mən ki general olmaq arzusunda deyiləm, soldat səngəri
də bəsimdir.
- Bəyəm
general arzusu pisdir? Heç bilirsən Suvorov nə
deyib?
- Xeyr,
bilmirəm. Suvorov nə deyə bilər ki?
Çox olsa, deyib ki, general olmaq arzusu ilə
yaşamayan soldatdan heç soldat da olmaz.
Davud özünü saxlaya bilməyib astadan
güldü.
Vasyanın ədalı səsində nə isə
çox incə, çox əziz bir şey vardı, bu, adicə
gülüş olmayıb, daha qiymətli, daha zərif bir
gözəllik idi.
Səhərə
yaxın səngərlərə tam sakitlik çökdü.
Bəziləri şirin yuxuya getmişdi. Qamışlıqlar qəmli-qəmli
uğuldayırdı. İrəlidə yorğun top atəşləri
susmuşdu. Fişənglər getdikcə seyrəlməyə
başlamışdı. Təkcə
Davudla Talehin gözünə yuxu getmirdi. Davud
onu da öz səngərinə dəvət etmişdi ki,
darıxmasın. Amma danışmağa
söz tapmırdılar. İkisi də
buna məəttəl qalmışdı. Çünki
hər ikisinin ürəyi sözlə dolu idi. İkisi də, sanki fürsət gözləyirdi,
ürəklərini boşaltmağa məqam axtarırdı.
Sol tərəfdəki qonşu səngərdən
hansısa əsgərin xorultusu eşidildi.
Taleh bu səsi
dinləyərək:
-
Qardaşın gör nə yatır? - deyə
astaca səsləndi. - Elə bil evində,
çarpayısında uzanıb.
"Qardaşım" deyə, Davud bəlkə ilk dəfə
olaraq bu sözü həyəcanla ürəyində təkrar
etdi. Talehin bu əsgərə olan sevgisi ona da sirayət
etmişdi. Bu anlarda Davud qardaş məhəbbətinə
layiq olmaq üçün əlindən gələni etməyə
hazır idi.
- Arif
qağa, yaman tünd adama oxşayır, - deyə Davud
sözünə davam etdi. - Ondan yaxşı
döyüşçü olar. Ölər,
tutduğunu əldən buraxmaz.
- Elədir,
bir az qaraqabaqdır, amma şirin
oğlandır.
- Müharibə
bitsin, onu evləndirmək lazımdır.
Taleh
qımışdı:
- Deyəsən,
Nastenka ona vurulub.
Davud təəccüblənmədi, təzəcə
ağarmağa başlayan dan işığında onun sifəti
cazibəli və qayğılı görünürdü.
- Həə,
onda məsələ başqa cürdür.
- Məni
görəndə quş kimi uçub gəldi yanıma. O saat
Arifi soruşdu. Dedim yola çıxıblar, istədi
onların dalınca qaçsın. Qoymadım, dedim
çatmazsınız, şəhərdən
çıxmış olarlar. Kaş onda qızın nə
hala düşdüyünü özün görəydin!
Gözlərindən od
çıxırdı. Titrəyə-titrəyə
yaxınlaşıb dedi ki, sizdən bir xahişim var. Ona deyin
ki, mən albomu tapdım. Sonra duruxub sözünü dəyişdi,
dedi ki, ona deyin mən onu sevirəm.
Albomda Arifin nişanlısı ilə şəkilləri
vardı. Nastenka bu şəkilləri görmüşdü.
Səngərin nəm divarına söykənib
qalmışdılar. Davud gözlərini toran üfüqlərə
zilləyib baxdı. Birdən çəhrayı
fişəng yoxa çıxdı. Əvəzində
onun sayrışdığı nöqtənin sağ və
sol tərəfində bir-birinin ardınca mavi fişənglər
yanmağa başladı. Elə bil ulduzlar
axıb yerə tökülürdü.
Davud Arifi yanına çağırıb ərkyana danlamışdı. Demişdi:
- Bu nə
oyundur çıxarırsan? Qızın ürəyinə
girmisən, səni sevir, bəs nişanlının da
gözü yoldadır axı. İki qəlbi
yaralamısan, ay zalım.
Arif də günahkarcasına başını
aşağı salıb dinməmişdi.
- Nastenka
yaxşı qızdır, çalış ona yalan
danışma, həqiqəti de.
-
Müharibədir, komandir. Bilmək olmaz nə
olacaq... - Arifin səsi titrəmişdi.
Vasya da, Taleh də mütəəssir olmuşdular. Az sonra
onların başı üzərində təyyarə
uğultusu eşidildi. Başlarını
qaldırıb göyə baxdılar. Səs
gələn səmtdə heç nə görə bilmədilər.
- Bizimkilərdir,
- Taleh astaca dilləndi.
-
Hanı? Mən görmürəm, - Davud dedi, - sən
görürsən?
- Yox, mən
də görmürəm. Deməli, lap
yuxarıda, buludların üstündə uçurlar.
- Bəs
nə bilirsən bizimkilərdir?
- Səsindən
tanıyıram. Bizimkilərin səsidir, eynilə...
Davud Talehə məəttəl
qaldı. O bunu hardan, necə bilir? Dəfələrlə
eşitdiyi alman təyyarələrinin səsini
xatırlamağa çalışdı. Bacarmadı.
Birdən qəlbinin dərin, uzaq bir guşəsində
unudulub qalan bir uğultu eşitdi və o dəqiqə həmin
səsi tanıdı. Bu səsi o, düz iki il bundan əvvəl, müharibə təzə
başlayanda sərin bir yay axşamı, ömrünün ilk
xoşbəxt dəqiqələrində eşitmişdi. Sevdiyi qızın ilk ürək
döyüntüsü ilə birlikdə eşitmişdi.
Biri çırpınır, o biri isə
uğuldayırdı.
Artilleriya hazırlığı çox da uzun sürmədi. Toplar təzədən
susdu. Bundan sonra irəlidə nələr
baş verdiyini bilmək çətin idi. Çox
keçməmiş onların səngərləri hərəkətə
gəldi. Vasya hardasa düz gəlib Davudun səngərinə
çıxdı:
-
Uşaqlar, hazırlaşın! Bir azdan döyüşə
girəcəyik! - Bunu deyib harasa getdi.
Arif
işıqlı gözlərindəki nəcib ifadə ilə
ondan üzr istəyirmiş kimi:
- Əgər işdi, birdən geri qayıtmasam, - deyə
pıçıldadı. - Ona yazarsan ki...
...Davud
baba xəyalən yarım qərinə əvvələ
qayıtmışdı. Bütün olub
keçənlər gözləri önündən
keçirdi. Sanki hər şey dünən
olmuşdu. Arif həmin döyüşdə
həlak oldu. Nastenkanın acı göz
yaşlarını xatırlayanda ürəyinin başı
göynəyirdi. Bəbəklərinə
yığılmış yaş diyirlənib yanağı
boyu axanda balaca Sənan körpə əlləriylə
babasının göz yaşını silirdi. Ona söz vermişdi ki, mən də sənin kimi hərbçi
olacağam.
Davud baba
nəvəsinin bu arzusuna ürəyində qürrələnmişdi,
uşağın başını sığallayıb:
"Babası kimi igid olacaq!" - deyə
pıçıldamışdı. Hər ilin 9
may günü eyni ritual təkrarlanırdı; baba hərbi
formasını geyinirdi və ulduzlar döşündə bərq
vururdu. Bu ulduzların işığı,
cazibəsi balaca Sənanı sehrləyirdi, həyəcandan
ürəyi köksünə sığmırdı,
toppuş əllərini ordenlərə, medallara toxundurub qəhrəmanlığın
maddiləşən örnəklərinə sonsuz maraq hissiylə
baxırdı. Babasıyla fəxr edirdi,
düşünürdü ki, dünyanın ən
güclü, yenilməz adamı onun babasıdır, onu
heç bir qüvvə məğlub edə bilməz. O
da böyüyüb babası kimi məğlubedilməz olacaq,
onu da hamı barmaqla göstərib "baxın, o bizim qəhrəmanımızdır"
deyəcək.
Sənan öz uşaq xəyalında qəhrəmanlıq
səhnələri qururdu, onun altşüuru belə
döyüş səhnələri ilə zəngin idi. Sənan hələ
bilmirdi ki, müharibə nə deməkdir, müharibənin
törətdiyi dağıntılardan, qandan-qadadan xəbərsiz
idi, barıt qoxusu dadmamışdı. İlk
dəfə on üç yaşı olanda qulağına
güllə səsləri dəymişdi,
ölümsaçan bu səslər uşaq
yaddaşını qanatmışdı. Füzulinin
kəndləri boşaldılanda yurd itkisi balaca ürəyini
ağrıtmışdı. İnsanı
öz yurdundan niyə qovsunlar? İnsan
insana niyə düşmən kəsilib? Niyə
adamları öldürürlər? O, bu suallara cavab
tapmaqda aciz idi, onun uşaq dünyası tarmar olmuşdu və
balaca Sənan bu haqsızlıqla barışa bilmirdi. Düşmən kəndləri güllə
yağışına tutanda o da babasını sual atəşinə
tuturdu. Berlinə qədər
döyüş yolu keçmiş baba nəvəsinin
suallarına məğlub olmuşdu. Davudun
ağlına gəlməzdi ki, tale ömrünün
qürubunda ona didərginlik gətirəcək. O, qalib
bir ölkənin qəhrəmanı idi və bu zəfər
ömrünün sonunadək ona bəs edəcəkdi. Hər
ilin 9 may günündə o, sanki yenidən qələbə
sevincini yaşayırdı. İndi bu sevinci onun
əlindən almışdılar.
Cəbhədə qanlı döyüşlər gedirdi,
ermənilər rayonu artilleriya yağışına
tutmuşdular.
Əhali narahat, səksəkəli günlər
yaşayırdı, amma bircə nəfər də olsun, rayonu
tərk etməmişdi. Bundan əvvəl,
1992-ci ilin 22 fevralında Füzuli rayonunun Yuxarı Veysəlli
kəndi erməni işğalçı qüvvələri tərəfindən
zəbt olunmuşdu. Səhərə
yaxın gözlənilməz hücum nəticəsində
dinc günahsız kənd sakinləri kəndi tərk etmək
məcburiyyətində qalmışdılar. Ermənilərin bu hücumu nəticəsində 3 nəfər
həlak olmuş, 2 nəfər girov götürülmüş,
4 nəfər yaralanmışdı. Onlarca ev, yüzlərlə iri və xırda buynuzlu
mal-qara düşmən əlinə keçmişdi. Dinc, günahsız kənd əhalisi erməni kəndlərinin
ərazisindən keçərək 22 km yol qət edib
Füzuli rayonunun inzibati mərkəzi olan Füzuli şəhərinə
pənah gətirmişdilər. Qarabağ
dağ silsiləsinin Cənub-Şərq ətəklərindən
Araz çayına qədər uzanan maili düzənlikdə
yerləşən bu ərazinin qorxubilməz oğulları
sinələrini düşmən mərmilərinə sipər
edərək şəhəri qoruyurdular.
Sənan gecələr yuxusunu
qarışdırırdı, həyəcandan bütün bədəni
titrəyirdi.
Hövlnak ayılıb özünü qan-tər
içində görürdü. Atası Tahir kişi də Könüllülər batalyonuna
yazılmışdı, gecə-gündüz həmyerliləriylə
birlikdə sərhəd məntəqələrində
keşik çəkirdi. Sənan evdə-eşikdə
qərar tuta bilmirdi, atasının yanında olmaq istəyirdi.
Neçə dəfə evdən qaçıb
atasını görmək üçün sərhəd kəndinə
qədər gəlib çıxmışdı. Tahir kişi oğlunu görüncə qucaqlayıb
bağrına basmışdı və gözləri
dolmuşdu:
- Sən
buralara gəlmə, oğul. Buralar çox təhlükəlidir.
Tez qayıt evə, anan, bacın səndən
nigaran qalacaqlar.
Sənan
düşüncəli gözlərini atasının
üzünə zilləyib: - mən də səninlə
qalıb döyüşmək istəyirəm, ata, -
demişdi.
- Sən
hələ balacasan. Döyüşmək
üçün gərək tüfəng atmağı
öyrənəsən, yoxsa səni vurarlar. Söz verirəm, sənə güllə atmağı
öyrədəcəyəm. Amma indi evə
qayıtmalısan.
Sənanın balaca ürəyi qisas hissiylə
döyünürdü, "axı mən nə vaxt
böyüyəcəyəm?" - deyə öz
yaşından utanırdı. Əgər həyatımızın
bir xəritəsi varsa, həmin xəritə yollarda deyil,
yolayrıcında, vacib məqamlarda çəkilir. Həmin gün hərbçi olmaq istəyi Sənanın
ürəyində cücərməyə başladı.
Erməni qəsbkarları
Füzuli rayonunu işğal edəndə Sənanın cəmi
on üç yaşı vardı. Hər
bir kənd, qəsəbə uğrunda ağır
döyüşlər gedirdi. Şəhərin
üzərini qara buludlar almışdı. Hava barıt qoxusu dadırdı. Tuğ,
Qırmızı Bazar, Çartar istiqamətindən şəhərə
güclü hücumlar başladı. Dinc sakinləri
yük maşınları ilə təhlükəsiz yerlərə
daşıyırdılar. Tahir kişi
düşünürdü ki, axı nəyə görə
bütün dünya bu boyda haqsızlıqlara göz yumur,
dünya birliyi niyə Azərbaycanın haqq davasına dəstək
vermir? Əksinə, separatçılara gizli,
aşkar yardımlar göstərirlər. Qəzetlərdən
birində oxumuşdu ki, Ermənistanla aramızda olan yeganə
dəmir yolunu ermənilər hələ sovet dövründə
Mincivan stansiyası ilə Culfa stansiyası arasında indi bu
ölkənin ərazisi sayılan Mehri rayonunda
partlatmışdılar. Dünyada
terrorizmin əleyhinə çıxış edən Qərb
dövlətləri niyə erməni terrorizminə
qarşı biganəlik göstərir? Saysız-hesabsız
suallar beynini yorurdu.
Sənan isə bu məkrli oyunlardan xəbərsiz idi,
işğalçılar onun ata-baba yurdu ilə birlikdə
uşaqlığını da əlindən
almışdılar.
Füzulinin işğalından sonra onlar Bakıda məskunlaşdılar. O vaxtdan Davud baba özünə
qapandı, qüssə-kədər üz-gözündə
naxış salmağa başladı. Bütün
günü fikirli gəzib-dolanırdı, bəzən
özüylə danışır, bəzən də
gözünü naməlum nöqtəyə zilləyib
saatlarla susurdu. Bakıya köçən gündən
Davud baba bir daha əyninə hərbi forma geyinmədi, 9 may
günlərində otağına qapanıb çölə
çıxmadı. Bir dəfə qələbə
günündə Sənan babasına yaxınlaşıb onu söhbətə
tutmağa çalışdı:
- Baba, bu
gün sənin günündür, siz bu gün alman faşistləri
üzərində qələbə çalmısınız.
Bəs niyə hərbi formanı geyinmirsən?
Axı hər ilin bu gününü intizarla gözləyirdin,
bu günə xüsusi hazırlaşırdın...
Davud baba uzun müddət dinmədi, içindəki
qarışıq duyğuları nizama salmağa
çalışdı. Handan-hana dilləndi:
- Bala, mən
bir daha o formanı əynimə geyməyəcəm. Biz Sovetlər
ölkəsini, həm də Rusiyanı qoruyurduq, buna görə
mənim xalqım üç yüz min şəhid verdi. Amma bu gün ruslar bizi qorumadı,
əksinə, işğalçılara dəstək oldu,
bizim balalarımızı öldürdülər,
ana-bacılarımızı süngüyə keçirdilər.
Mən daha qəhrəman deyiləm, oğul! Qəhrəmanlıq
növbəsi sənindir. O torpaqları siz azad edəcəksiniz!
Sənan eşitdiyi sözlərdən sarsıldı.
Belə günlərin birində Sənan Axundov Bakıda
oxuduğu 144 saylı orta məktəbi əla qiymətlərlə
bitirdi.
Atası onunla dost idi. Yenə xəlvətə
çəkilib məsləhət-məşvərət etdilər.
Tahir Axundov mavi gözlü, uca boylu oğlu ilə
qürur duyurdu. Atası ondan soruşdu:
- Sənan,
indi özün de, sən haranı seçsən, mən yox
deyən deyiləm. Bax gör də...
Sənan əllərini başının arxasına
aparıb, xısın-xısın gülümsədi. Bütün
üzünə işıq yayılmışdı.
Sevinci gözlərindən oxunurdu:
- Ata, hərbiyə
getmək istəyirəm. Bizim dövlətimizə
indi savadlı hərbçilər lazımdır.
Tahirin gözləri yaşardı. Ürəyi
titrədi. Durub oğlunun alnından
öpdü. Oğlu onun fikirləşdiyini
etmişdi. Savadlı hərbçi olmaq.
Doğru seçim idi:
- Sənan, gözümün işığı, ürəyimin taqəti, sən başqa yol seçə bilməzdin. Doğru seçimdir! Get, yolun açıq olsun. Biz qisası sizə saxladıq. Gərək belə olmayaydı. Ancaq sən bu günsən, gələcəksən, biz isə artıq keçmişik.
Elə həmin ilin yayında Sənan Bakı Ali Hərbi Məktəbinə daxil oldu.
1-4 sentyabr, 2020-ci il
Kənan HACI
Ədəbyyat qəzeti.- 2020.- 24 oktyabr.- S.18-19.