Gəlirik, Vətən
Səbrimiz aşıb-daşıb,
Hücumdadır igidlər.
Şeypurlar döyüş deyir,
Döyüş o döyüş deyil.
Bizi saxlamaz yetən
Gəlirik, Vətən.
Tarix şans verib bizə,
İndi sınaq vaxtıdır.
Üfüqdən doğan günəş
Millətimin baxtıdır.
Ölsəm ruhum vuruşar,
Sənə qurbandır bədən
-
Gəlirik, Vətən.
Oyunlar oynanmayır
Daha iki tərəfli.
Döyüşlərə girmişik
Ləyaqətli, şərəfli.
Üstünə çökə bilməz
Bir də o çiskin, o çən,
Gəlirik, Vətən.
Canımızdan əzizdir
Torpağında hər tikə
Şəhid qamətlərindən
Sərhədlər çəkə-çəkə
Doğma
ocaqlarımız
Yenidən olur məskən,
Gəlirik, Vətən.
Yad havaya düşdüyün
Yağı anlasın barı.
Üfürülmüş söz deyil
BMT-in qərarı.
Ordumun qüdrətiylə
Həyat
tapır bu gündən,
Gəlirik, Vətən.
Sabah gec olacaqdı,
İndi doğdu o ulduz.
Bu eşq, bu sevgi
ilə,
Demə, - niyə yubandız.
Yetə
bilməzdik sənə
Vuruşsaydıq biz dünən -
Gəlirik, Vətən.
Bir daha yaralanmaz
Nə ağacın,
nə daşın.
Xeyli vaxt ayrı düşdük,
Təki
sağ olsun başın.
Yenə
çiçək açacaq
O yamaclar, o çəmən
Gəlirik, Vətən.
Atababa İsmayıloğlu
Ədəbiyyat qəzeti.- 2020.- 3
oktyabr.- S.29.