Müqəddəs savaşımız və
sözümüz
Qarabağ müharibəsi bu gün milli mənəviyyat və yaddaş məsələsidir.
Əlbəttə, ədəbiyyat göstərişlərlə,
sərəncam və sifarişlərlə idarə
olunmur. Amma indi, Prezident
İlham Əliyevin təbiri ilə desək, həqiqət məqamıdır. Bu həqiqət məqamında
ədəbiyyatımız öz
yerini tutumalıdır.
Xalqın taleyində elə
bir gün gəlib ki, ədəbiyyat qətiyyən
kənarda qala bilməz, mütləq öz sözünü deməlidir.
XX yüz ildə Azərbaycan insanı və ədəbiyyatı
iki dəfə müharibə təcrübəsi
keçib: İkinci Dünya müharibəsi və Qarabağ müharibəsi.
Xalqımızın ekzistensial təcrübəsi
də məhz Qarabağ müharibəsi
ilə bağlıdır. Müharibə ədəbiyyatımız üçün
də bir tale şansıdır ki, ona mükəmməl hərb təcrübəsi
qazandırır - bu da öz növbəsində
bu mövzuda yazılmış əsərlərin
yeni poetikasını müəyyənləşdirir. Məhz savaş nəsri psixikamızın
gizlinlərini göstərməyə
də imkan verir. Çünki müharibə insanın
psixoloji portretini "içəridən" verir.
Ruslarda və türklərdə olduğu
kimi, ürəyimizin qanı ilə yazılmış müharibə
ədəbiyyatımız, savaş poeziyamız güclü olmalıdır. Bunu gənclərdən
ummağa da haqqımız var. Kinayəli
poza və ruh düskünlüyü
çıxış yolu
deyil. İstedadlı tənqidçi Elnarə
Akimova 90-cı illərin
poeziyasından yazarkən
qeyd edirdi ki, gənc nəsildə
bu mövzuya münasibətdə bir ruh düşkünlüyü,
pessimist əhval-ruhiyyə (halbuki adi məntiqə
görə, əksinə
olmalıdı) hakimdir.
Orta və yaşlı nəsildə mübarizə
əzmi, coşqu sanki daha mühafizəkardı,
problemin həlli prosesində yaranmış
gərginlikdə inamlarının
sarsılmasına mümkün
qədər müqavimət
göstərirlər".
Tənqidçinin o dövrlə bağlı deyilmiş sözləri, təəssüf ki, hələ də müəyyən qədər
qüvvəsində qalır.
Bu gün şair
və yazıçılarımız
ön cəbhədə
olmalıdır. Necə ki, 1941-45-ci illərdə
şair və yazıçılarımız da (R.Rza, S.Vurğun,
B.Qasımzadə, Z.Cabbarzadə,
M.Aranlı, M.Əkbər...)
cəbhəyə yollanmışdılar.
Cəbhə qəzetləri buraxırdılar.
Səngərlərdə qəhrəmanlarla canlı təmasda olurdular. Bu gün
həmin təcrübəni
təkrarlamaq olar.
Hərbi
müxbirlərdən söz
düşmüşkən, İkinci Dünya müharibəsi ilə bağlı bir maraqlı epizodu yazmaq istərdim: 10 dekabr 1941-ci ildə (Nizami Gəncəvinin yubileyindən təxminən
iki ay sonra) Leninqrad blokadasında, Ermitajda Əlişir Nəvainin yubileyi keçirilir. Tanınmış rus şairi
Vs.Rojdestvenski əsgər
şinelində böyük
özbək şairinin
lirikasından etdiyi tərcümələri oxuyub
tələsik oranı
tərk edir. Çünki hərbi müxbir idi, gecə saat 12-yəcən
cəbhəyə qayıtmalı
idi...
İndi ədəbiyyatımız bu
cür sərt rejimə girməlidirmi? Müəyyən mənada ritorik sualdır.
Möhtəşəm işlər sözün də möhtəşəmliyini
istəyir. Bu Vətən
müharibəsi xalqımızın
taleyüklü ən
möhtəşəm işidir.
Müqəddəs savaşımızı indi
saxta patetika ilə yazmaq olmaz. Necə ki, Qay
Svetoniy və Tit Liviy kimi qədim
Roma tarixçiləri mövzunun
möhtəşəmliyinə görə yalançı
pafosdan və lüzumsuz boşboğazlıqdan
imtina etmişdilər.
Həqiqət məqamı Qarabağ
savaşının möhtəşəmliyini
bizə, ədəbiyyatımıza anladır.
Bu müharibə ədəbiyyatımıza
həyatda baş verənlərə realist yaraşmağı
öyrədir. Sərt və kəskin
boyalarla təsvir etmək müharibənin xarakterindən irəli gəlir.
Hər bir müharibə janrların
kanonik mahiyyətini dəyişir. Bu zaman
janrlar bir-birinə
"axıb keçir".
(Məsələn: A.Fadayevin
"Gənc qvardiya"sı
Donbaş haqqında silsilə qəzet oçerklərindən, K.Simonovun
"Günlər və
gecələr" povesti
"Stalinqrad" oçerklərindən
"boy vermişdi". İ.Şıxlının
"Kerç sularında"
sənədli povesti cəbhə gündəlikləri
əsasında yazılmışdı).
Müharibə elə ruh məkanıdır
ki, burada poeziyanın bütün janrlar bir-birilə yola gedir, dil
tapır. Süjetli şeirlər, balladalar,
kiçik eroslar, sevgi lirikası... öz oxucularını tapır.
Düşünürəm ki, 1941-45-ci illər ədəbiyyatının
təcrübəsindən öyrənilməli,
əxz edilməli çox mətləblər
və ideyalar var. Sosrealizm deyib üstündən keçməyək,
imkan daxilində onun
janr resurslarını
faydalanmaq mümkündür.
İndi təbliğat şeirlərinə
də ehtiyac var. Həm kağız, həm də elektron mətbuatda xalqımızı qələbəyə
ruhlandıran mətnlərə
yer verilməlidir.
"Yol qeydləri"
janrını götürək. Mənfur düşmən
geri çəkildikcə
dağıdılmış, viran edilmiş yurd yerlərimizin təsviri yol oçerki janrının aktuallaşdıracaq. (Xatırladım ki, S.Vurğun "Göyərçin"
şeirini yol qeydləri - faşistlərdən
azad olmuş Ukrayna təəssüratları
əsasında yazmışdı).
Bu gün ədəbiyyatımızın
bütün janrları
səfərbər olmalıdır. Müdafiə Nazirliyinin gündəlik operativ informasiyalarından
başqa, ədəbiyyatın,
öz informasiya yaddaşı yaranmalıdı.
Doğrudur, müharibə insanlara dərd gətirir və ədəbiyyatdan əzab, ağrı-acı
motivini silib atmaq olmaz. Xalqın dərdi
və kədəri müqəddəs kədərdir,
şairlər bu müqəddəs kədəri
içində yaşadır.
Əminəm ki, savaşımız nəsrimizdə "dokumentalizmin
partlayışına" gətirəcək. "Detalların gerçəkliyi"
"uydurma" əmsalını,
heç olmasa, bir qədər azaldıb, sənədlilik
və gerçəklik
effektinin gücləndirəcək.
Səngər məişətinin faktoqrafik dəqiqliklə təsviri, Azərbaycan insanının müharibədə
varlığının dərki
"süjet fonu"
olmalıdı.
Əsgər gündəlikləri, qazilərin
xatirələri, veteranların
memuarları bu müharibənin əsl obrazını yaratmaq gücündədir.
Bağanis Ayrım, Əskipara,
Xocalı... neçə-neçə
yandırılmış, viran
edilmiş kəndlərimizin,
qəsəbələrimizin və şəhərlərimizin
faciəli taleyi haqqında bədii-sənədli
kitabların (Nobelçi
belorus yazar S.Aleksiyeviçin "Sonuncu
şahidlər", "Müharibənin
qadın üzü olmur", D.Qranin və A.Adamoviçin
"Blokada kitabı"
kitabı kimi!) mövzusu olmalıdır. Onlar haqqında (mənim üçün canlı obrazlardır) "bioqrafik
roman"lar yazılmalıdır və
əminəm ki, bu əsərlərin tamam fərqli emosional və estetik təsiri olacaq.
Yeri gəlmişkən,
bir məsələni
də burda xatırlamaq istərdim. Artıq uzun
illərdir ki, satiramız susmaqda davam edir. Müharibə dövrünün yumor və satirası
tam fərqli energetikaya
malik olan hadisədir. Düşmənlərin, satqınların, fərarilərin
satirik obrazları yaratmağın vaxtıdır.
Bu məsələdə meyxanalardan tutmuş pamfletlərə qədər
- bütün janrlar işə yarayır.
Əsgər həyatının, səngər məişətinin
xalq yumoru ilə süslənmiş
əsərlərə ehtiyac
var. Belə deyirlər
ki, A.Tvardovskinin məşhur Vasili Tyorkin obrazının bədii təxəyyül
məhsulu olmasına uzun müddət inanmayıblar.
İnanırıq ki, sıravi Əhmədin də folklor qəhrəmanı kimi obrazı yaradılacaq və seviləcək...
Döyüş yerlərindən, səngərlərdən
reportajlar, oçerklər,
igid zabitlərimiz və rəşadətli əsgərlərimiz haqqında
portret yazılar, sərhəd bölgəsində
yaşayan əhalimiz haqqında oçerklər
yaddaşımızın salnaməsini
təzələməlidi.
Qarabağ savaşı xalq savaşıdır, Vətən
savaşıdır. Xeyrin Şərə
qarşı savaşıdır. Bu savasın
psixoloji, mənəvi
miqyası eposun yaranmasına şərtləndirir.
Bu savaşın qəhrəmanları
haqqında "isti-isti"
dastanlar qoşulmalıdır...
Kim nə deyirsə desin, qəti fikrin odur ki,
xalqımız (və
ədəbiyyatımız da!)
bu ağır dönəmdə "nifrət
elmi"nə də (M.Şoloxovun hekayəsinin
adından götürmüşük)
yiyələnməlidir. Ən azından
bu torpaqlarda varlığımızın zərurəti
bunu tələb edir. Və görünür ki, "nifrət elmi" bizə uzun müddət lazım olacaq. Xocalı soyqırımı,
əsir götürülmüş
qız-gəlinlərimizin fəryadı,
ikiyaşlı Zəhranın
ahı, bu günlərdə amansız
fitnəkarlıqla edilmiş
bir ailənin və iki məktəblinin
qanı erməni vəhşiliyinin, erməni
faşizminin qanlı cinayətlərini unutmağa
qoymur.
Məzlum quzu cildinə girmiş yırtıcı
erməni canavarı ilə insanlıq dili ilə danışmağın
mənasızlığı ilə bağlı tariximizin yaddaşında kifayət qədər dəlil-sübutlar saxlanılır.
Tələbəlik illərində yuqoslav şairi Qriqor Vitezin rus dilinə
tərcümədə "Barış müqaviləsi
bağlanan anda həlak olmuş döyüşçüyə epitafiya" adlı şeirini oxumuşdum. Şeir
müharibədən bir
neçə il sonra yazılsa da, müəllif faşistlərə
nifrətini yenə gizlətmirdi...
Bu gün
vətənpərvərlik və milli özünütəsdiq
savaş şeirimizin
(və publisistikamızın!)
əsas ideya istiqamətləridir. Azərbaycan
xalqının milli vətənpərvərlik ənənələri
yenidən gündəmə
gəlməlidir...
Müharibə haqqında yaddaşımız
ədəbiyyatımızın gücündən asılıdır.
Məhz
bu gün savaş ədəbiyyatı
milli ruhumuzun imkanlarını müəyyənləşdirir...
Rüstəm
KAMAL
Ədəbiyyat qəzeti.- 2020.- 3
oktyabr.- S.27.