Dünya ədəbiyyatçılarına müraciət!

 

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu dünaynın 25 ölkəsindən olan 60-dan artıq ədibə müraciət ünvanlayıb. Müraciətdə Ermənistanın Azərbaycana son hərbi təcavüzü və baş verən hadisələrdən bəhs edilir, “Qarabağ münaqişəsi”nin yaxın, 30 illik tarixi açıqlanır və  Azərbaycanın düşdüyü haqsız durumdan danışılır. Müraciət 3 dildə – Azərbaycan türkcəsində, ingilis və rus dillərində hazırlanıb. Müraciətin mətnini diqqətinizə çatdırırıq.

 

Əziz dostlarım, əziz həmkarlarım!

Sentyabr ayının 27-si səhərdən etibarən Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqeləri bir neçə istiqamətdən və müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək atəşə tutdu. Nəticədə Azərbaycanın mülki əhalisi və hərbçiləri arasında insan tələfatı, itkilər və yaralananlar oldu. Hal-hazırda əks hücum əməliyyatı keçirən Azərbaycan ordusu  düşmənin hərbi mövqelərinə zərbələr endirir.

Ümumiyyətlə, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb. Onların bəzilərini və münaqişənin tarixinin bəzi məqamlarını xatırlatmağı lazım bilirəm.

Yaxın tarixdən başlayım. Bundan bir ay əvvəl, avqustda Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin diverisya qrupu aşkarlandı və zərərsizləşdirildi. Araşdırma göstərdi ki, bu təxribatçı diversiya qrupu Azərbaycana planlaşdırılmış terror aktlarını törətmək üçün gəlib və Ermənistan dövlətinin Azərbaycana qarşı davamlı təcavüz planlarının tərkib hissəsidir.

İki ay əvvəl, iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz bölgəsi istiqamətində (Tovuz Azərbaycanın bir rayonudur) yenə də artilleriya hücumu nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak oldu.

2017-ci il iyulun 4-də də Ermənistan silahlı qüvvələri  hücum təşkil edərək Azərbaycanın Füzuli rayonun Alxanlı kəndini minaatanlardan və qumbaraatanlardan, iriçaplı silahlardan atəşə tutdu. Nəticədə nənə və onun 2 yaşlı nəvəsi Zəhra qətl edildi. Dinc əhali arasında xeyli yaralananlar oldu.

4 il əvvəl, 2016-cı ilin aprelində Ermənistanın növbəti genişmiqyaslı hərbi hücumu baş verdi və Azərbaycan ordusunun əks tədbirləri nəticəsində Ermənistan hərbi birləşmələri darmadağın edildi.

Əziz həmkarlarım, bu hücum xronologiyasını xeyli dərəcədə böyütmək olar, çünki demək olar ki, hər gün Ermənistan tərəfindən Azərbaycan istiqamətində güllələr, mərmilər atılır, atəş səsləri eşidilir . Bəs, görəsən məsələ nədir? Ermənistan niyə belə edir? Dünya ictimaiyyəti, BMT, müvafiq strukturlar 30 ildən artıqdır ki, bu məsələyə niyə göz yumurlar?

Yerindəcə qısa bir arayış verim. Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqının süquta yuvarlandığı, mərkəzi Moskva hakimiyyətinin iradəsizlik və səriştəsizlik, eyni zamanda Azərbaycana qarşı böyük qərəz göstərdiyi bir dövrdə separatçı, millətiçi ermənilər, yuridik olaraq Azərbaycan Sovet Sosialist Respublikasının bir hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətini (bu ərazi tarixi Azərbaycan torpağı olan  Qarabağın bir hissəsidir) Ermənistana birləşdirmək qərarı verdilər.  Eyni vaxtda, o zamankı Ermənistan Sovet Sosialist Respublikasının 8 min kvadrat kilometr hissəsindəki 172 yaşayış məntəqəsindən 250 000 Azərbaycanlı türk , habelə 18 000 kürd və 1000 nəfər rus zorla  öz doğma evlərindən, torpaqlarından, daimi yaşayış yerlərindən deportasiyaya edildi, Azərbaycana köcürüldü.

1988-1993-cü illərdə Şuşa, Xankəndi,  Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Hadrut kimi şəhər və rayonların daxil olduğu, Azərbaycanın tərkib hissəsi olan Dağlı Qarabağdan, üstəgəl Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Qubadlı, Zəngilan və Cəbrayıl kimi Dağlıq Qarabağ ətrafındakı 7 rayondan ümumilikdə 785 000 min nəfər insan, Azərbaycanlı qaçqın düşdü. Ermənistandan və Dağlıq Qarabağdan qovulanların ümumi sayı 1000 000 nəfəri aşdı; yəni o dövrdə hər 7 Azərbaycanlıdan 1 nəfəri qaçqına çevrildi. Bu illər ərzində Ermənistanın və onların havadarlarının təcavüzü  nəticəsində 30 min nəfərə yaxın Azərbaycanlı həlak oldu, 100 min nəfər yaralandı, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil oldu.

Münaqişə dövründə 4852 nəfər (o cümlədən 54 uşaq, 323 qadın, 410 qoca) Azərbaycanlı itkin düşdü, 1368 nəfər (o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca) əsirlikdən azad edilsə də 783 nəfər (o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca)  bu günədək Ermənistanda əsirlikdədir. Beynəlxalq Qızıl Xaç Komitəsi o insanlardan 439 nəfərinin  əsirlikdə öldüyünü bildirir.

Bu münaqişə zamanı Ermənistan dövləti Azərbaycanlılara qarşı Qarabağın qədim yaşayış məntəqəsi olan Xocalıda dəhşətlərinə görə  Xolokost  və Katını xatırladan soyqırımı törətdi. Fevralın 25-dən 26-a keçən gecə, 1992-ci ildə erməni hərbi birşləşmələri  63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakinini xüsusi amansızlıqla qətlə yetirdi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, 487 nəfər yaralandı, 275 nəfər əsir götürüldü ki, onların 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bu illər ərzində bir çox dövlətlər və beynəlxalq təşkilatlar bu münaqişənin həllinə cəhd etsələr də bir nəticə hasil olmadı. Xüsusən, 1992-ci ildə əsası qoyulan, 1997-ci ildən ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupu Azərbaycana, onun işğalda olan tərkib hissəsi Qarabağa, eləcə də Ermənistana çoxsaylı “turistik səfərlər” gerçəkləşdirdi. Yaxşı heç nə vəd etməyən, demək olar hər gün Ermənistan silahlı qüvvələri tərəfindən pozulan kövrək və yalançı sülh qorunmağa çalışıldı, hər dəfə də tərəflərə sülhün vacibliyi ilə bağlı növbətçi tövsiyyələr verildi.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 822, 853, 874, 884 saylı qətnamələr qəbul elədi ki, hər bir qətnamədə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan topraqlarından dərhal geri çəkilməsi tələb olunurdu. Hərçənd ki,  öz böyük havadarlarına arxalanan Ermənistan dövləti bu beynəlxalq hüquqi sənədlərə heç bir əhəmiyyət vermədi, beynəlxaq güclər isə öz qətnaməsinin icrasında tələsmədi, ikili standart nümayiş etdirdi.

Və budur, nəticə göz qabağındadır. 30 ildir ki, müvəqqəti sülhü torpaqları öz əlində saxlamaq üçün oyuncaq, vasitə olaraq istifadə edən Ermənistan yeni hərbi əməliyyatlara başlayıb.

Mən Sizi bundan artıq da yorub xüsusi şərhlər vermək istəmirəm, əziz həmkarlarım. Əgər işdir mənim məktubum Sizin diqqətinizi çəkərsə və burda söylədiklərimə laqeyd qalmaq istəməzsinizsə, bir məsələni də bilmənizi istərdim. Vətəndaşı olduğunuz ölkələr  86600 kv.km.lik ərazisi olan Azərbaycanın Respublikasının müstəqilliyini tanıyır ki, bu ərazilərə  Ermənistanın və havadarlarının işğalı etdiyi Dağlıq Qarabağ və ona bitişik 7 rayon da daxildir. Və bu gün beynəlxaq təşkilatların yalan vədlərindən və Ermənistanın riyakar sülh oyunundan səbri tükənmiş  Azərbaycan xalqı öz torpaqlarını hərb yolu ilə azad etməyə qalxarsa, haqq və hüquq onun tərəfində olacaqdır. Əslində, biz yenə da sülh yolu ilə məsələnin həllinə inamımızı itirməsək də heç vaxt hərb yolunu istisna etməmişik. Bu gün isə hərb yoluna bir başqa cür  sövq edilirik. Çünki yeni təxribatları törətməklə Ermənistanın siyasi və hərbi rəhbərliyi mövcud ağır sosial, iqtisadi və siyasi problemlərdən  əhalisinin fikrini yayındırmaq üçün  işğalı davam etdirməklə eyni zamanda onu bəlkə də genişləndirmək istəyir, yeni torpaqlar almaq istəyir, görünür bu xülyasına özünü çox inandırıb. Başqa tərəfdən Ermənistan son hücümlarını yalnız işğal olunmuş və de yure Azərbaycanın olan Dağlıq Qarabağdan (və ətraf rayonlardan) deyil, daha çox Ermənistanın ərazisindən həyata keçirir ki, bununla da cavab verməyə məcbur qalan Azərbaycanı Ermənistan ərazisinə hücum etmiş kimi qələmə vermək, Rusiyanın da daxil olduğu KTMT-ni aktiv hərbi əməliyyatlara sövq etməkdir.

Amma bunu bacarmayacaqlar.

Bu günkü Azərbaycan otuz il əvvəlki təklənmiş və zəiflədilmiş Azərbaycan deyil. Bu gün Azərbaycan güclüdür. Azərbaycan xalqının hər bir nümayəndəsi özünü əsgər hesab edir və Ali Baş komandanın əmrinə tabedir. Bu gün Ermənistan hakimiyyəti bu müharibəni heç bir vəchlə həmişəki kimi dini müstəvidə təqdim edə bilməyəcək, çünki Azərbaycan monomilli və monokonfessional Ermənistandan fərqli olaraq bütün din və konfessiyaların, eləcə də çoxsalylı millət və etnik qrup nümayəndələrinin əmin-amanlıq içərisində yaşadığı sülhpərvər, qonaqpərvər bir ölkədir.

Amma bu – bizim həm uzaq tarixi, həm də otuz illik sülhpərvərliyimiz riyakar və işğalçı Ermənistanın tərs  yozumuyla qarışdırılmamalıdır. Özünüzə sual edin: evinizə girən, yaxınlarınızı qətl edən, malınıza, canınıza qəsd edən soyğunçuya nə edərdiniz?

Biz otuz ildir ki, (bəlkə də sadəlövhcəsinə)  onun əlindəki silahı yerə qoyub gedəcəyinə inanırdıq.

Əziz dostlarım, əziz həmkarlarım!

Biz hamımız ədəbiyyatçıyıq. Ədəbiyyat hər nə qədər müharibədən də yazsa belə sülh dövrünün hadisəsidir, bombardman altında şeir yazan insanları təsəvvür eləmək çətindir. Bu müraciəti Sizə ünvanlamaqla iki niyyətim var- Sizin hər biriniz ərazisi işğal olunmuş, günahsiz əhalisi qətl edilmiş, kəndləri yandırılmış, insanları əsir götürülmüş, işğal edilmiş torpaqlarındakı maddi və mənəvi, tarixi isrsi ardıcıl şəkildə yox edilən – məhz əzilən, ədalətsizliklə üzləşən xalqın şairi kimi mənim haqq səsimi eşidəcəksiniz, həm öz ölkələrinizdə yaşayan erməni həmkarlarınızla bu haqda danışacaq, onların vasitəsi ilə, eyni zamanda təmsil olunduğunuz yaradıcı və media qurumlar vasitəsilə Ermənistanın sayıqlığını itirmiş rəhbərliyinə öz xalqını niyə uçuruma sürüklədiyini sorğulayacaqsınız. Öz ölkələrinizin sepataçı, işğalçı Ermənistan dövlətinin silahlanmasında hər hansı cürə iştirakına bacardığınız qədər yox deyəcəksiniz.

Sizin bir çoxunuz Azərbaycanda olmusunuz. Bir çoxunuz inanıram ki, olacaqsınız. İstiqanlı, dostpərvər, sülhpərvər və qonaqpərvər Azərbaycanlılarla ünsiyyət qurmusunuz. Bu gün sadaladığım bu keyfiyyətlərə sahib insanlar savaşa sürüklənir. Qafqazda böyük müharibənin başlaması ehtimalı artır və bunda hər cür məsuliyyət məhz Ermənistanın üzərinə düşəcək.

Azərbaycanda çox məşhur və sevilən bir mahnı var. Sözləri XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Nəbi Xəzriyə aiddir. Orda bir bənd belədir:

“Bilir ərlər, ərənlər

Vətənə tay olmayır,

Ömürdən pay verərlər,

Vətəndən pay olmayır…”

Sözümün sonunda böyük polyak şairi Zbiqnev Herbertin bir şeirini də xatırlatmaq istəyirəm, şeir Polşanın ilhaqına və rəssam-sənətşünas Yuzef Çapskiyə həsr olunub:

“Amma bu torpağın övladları gecə toplaşacaqlar,

 

gülməli quşatanlara sarılacaqlar azadlıq aşiqləri,

öz müzey silahlarını yağlayacaqlar,

quşa və bayrağın iki rənginə əl basacaqlar.

 

Sonra həmişəki kimi partlayış qızartısı,

bir də rəsmlərdən çıxmış oğlanlar, yuxusuz komandirlər,

arxada məğlubiyyət dolu səhranın sarı-paslı səhrası,

bir də ayıq-sayıq yeganə düşüncə – kömək gəlməyəcək…

 

İşğalçı, mənim köməksiz vətənim səni qəbul edəcək,

ağsöyüdün altında bir arşın torpaq da verəcək, səni uyudacaq ki,

bizdən sonra gələnlər yenidən vaqif olsunlar

sənətlərin ən çətininə- yəni, bağışlamaq sənətinə…”

 

İstəməzdim ki, dünyamız Polşanın, Çexiyanın faşistlər tərəfindən ilhaqına icazə verəcək qədər gecikən laqeyd dünya kimi rəftar etsin bu gün.

Müraciət Türkiyədən  Ataol Bəhramoğlu, Gülsüm Çingiz, Heydər Ərgülən, Yeşim Ağaoğlu, Mətin Çingiz, İmdat Avşar, Yaqub Dəliöməroğlu, Şərəf Yılmaz və Ömər Kiçikməhmədoğluna ; Rusiyadan Mixail Sinelnikov, Sergey Qlovyuk, Qleb Şulpyakov, Vyaçeslav Ar-Sergi, Qaliya Zaynullinaya; ABŞ-dan Aleksandr Səlimov və Elison Mandevilə;  İtaliyadan Laura Qaravaqliaya; Fransadan Filip Dölavuya; Almaniyadan Orhan Arasa,  Özbəkistandan Xurşud Dövran, Osman Əzim,  Xasiyyət Rüstəm, Fəxrəddin Nizam, Dövranbəy Tacəliyev və Səadət Məhəmmədovaya; Polşadan Anna Auqustınyak, Vislav Paradzinski və Adam Pomorskiyə; Serbiyadan Radomir Andriç, Milisa Liliç, Miodrag Jakşiç, Duşka Vrxovas və Nina Simikə ; Ukraynadan  Dmitro Stus, Mariya Matios, Dmitro Drozdovski, Dmitro Çistyak və Marianna Kiyanovksaya ; Omandan Aishə Əd Dərməkiyə, Bolqarıstandan Georgi Qavrilova, Fələstindən Əli Əl Əmiriyə ;  İrandan Mustafa Məstur, Səid Muğanlı, Kamran Rəsulzadə və Gərus Əbdülməlikiyana; Moldovadan İon Hadırka, Nicolae Spetaru, Leo Butnaru, Maria Pilkin, İvan Pilkin, İqor Vonitski və Todur Zanetə ; Macarıstandan Attila Balaşa;  Qırğızıstandan Dalmira Tilepbergenovaya; Argentinadan Silviya Zimmermana; Gürcüstandan Şota İataşvili və Paata Şmaquliaya; Belarusdan Tatyana Sivetsə; Estoniyadan Kersti Kivirüütə; Monteneqrodan Bozidar Prorocic və Sreten Vuyoviçə; Tacikistandan Ato Mirxocaya; İraqdan Şəmsəddin Kuzəçiyə; Yaponiyadan Maki Starfieldə; CAR-dan Zolani Mkivayaya göndərilib.

 

Səlim Babullaolu

 

Ədəbiyyat qəzeti.- 2020.- 3 oktyabr.- S.20-21.