Qar
Fevralın 25-i idi. Qar yağırdı. Rəhim dostları ilə həyətə çıxmışdı.
Uşaqlar sevinirdilər. Onların körpə könlündən
qartopu oynamaq, qaradam düzəltmək keçirdi. Onlara elə gəlirdi ki, neçə vaxtdan bəri Xocalı şəhəri
üzərində dolaşan
qara buludlar dağılır...
Bir müddət
əvvəl Şuşadan
gələn vertolyotu erməni hərbçiləri
vurmuşdular. Bu hadisəni
Rəhim eyvandan öz gözləri ilə görmüşdü.
Əvvəl qara tüstüyə
bürünmüş vertolyot
aşağı şığıdı.
Yerə düşəndə partlayış
səsi gəldi və böyük alov burula-burula yuxarı qalxdı. Lap filmlərdə olduğu kimi. Amma bu, film deyildi. Radioda xəbər verdilər ki, Şuşa vertolyotu
vurulub. O gündən
Xocalı aeroportunda səssizlik idi. Rəhim çox qorxmuşdu, daha həyətə çıxmırdı. İndi isə
qar yağmışdı.
Onun həssas uşaq qəlbi sevinirdi.
...Gecə anası Rəhimi yuxudan oyatdı. Mərmilər partlayır, ev
silkələnirdi. İşıqlar yanmırdı. Hər yer
zülmət içində
idi. Tərslikdən Xocalı aeroportunda
işləyən atası
növbədə idi.
Ana Rəhimin körpə bacısını
şala bürüyüb
qucağına aldı.
Bayırda şaxta vardı.
Əllərinə düşəni
geyinib evdən çıxdılar...
Qarqar çayına
çatanda dayandılar. Çayın qarlı sahili buz bağlamışdı.
Ana körpə qızını sinəsinə
sıxdı, Rəhimi
belinə alıb çayı keçirdi.
Amma oğlanın bir ayaqqabısı ayağından
çıxıb suya
düşdü. İndi Rəhim
ayaqyalın qalmışdı.
O ağlamağa başladı.
Anası onu qucaqlayıb: "Axı sən kişisən, ağlama! -
dedi, - müharibədi.
Müharibədə hər şey
olur". Onlar qarlı
meşəyə girdilər.
Rəhimin ayağı əvvəl üşüdü, donub keyidi. Sonra isə qar ayağının altını
yandırmağa başladı.
Sizcə,
qar adamın ayağını yandıra
bilər? Amma Rəhiminkini
yandırırdı.
Onlar üç
gün ac-susuz meşədə dolaşdılar. Ot, ağac qabığı qoparıb
yeyirdilər. Dağların döşündə bitən
kolların dibində gecələyirdilər. Qollarında güc,
dizlərində taqət
qalmamışdı. Körpə bacısı
daha ağlamırdı.
Uşaq donmuşdu.
Milli ordumuzun
əsgərlərinə rast
gələndə sevincdən
Rəhimin dili tutuldu. Onları Ağdam rayonunun
Gülablı hərbi
hissəsinə gətirdilər.
Sonra xəstəxanaya göndərdilər.
Fevralın 28-i idi.
Rəhimin bir ayağını
don vurmuşdu. O, ayaqsız
böyüdü. Bacısız, atasız böyüdü.
Ümidləri, arzuları Xocalıdakı
evlərində yanıb
kül oldu. O daha heç vaxt qarla oynamadı.
O, qarı sevmir.
Reyhan Yusifqızı
Ədəbiyyat qəzeti.- 2020.-
3 oktyabr.- S.21.