Ülkümüzün Qarabağ səhifəsi
Gözlərin
aydın, Mahirə Abdulla, türkün böyük xatunu, ərənliyin
qan qardaşı.
Savaş
işmarışı göndərmişdin, "Əvvəl-axır"
dediyin oldu. Deyirdin ürəyimə damıb, Sonuncu dənizə
yürüş bu dəfə Cıdır düzündən,
Ziyarət dağından başlayacaq. Sənin ürəyinə
damanlar düz çıxır.
İsmarışın qəbul olundu. Yurd həsrətinin qurd
baxışları xəcalət hissi pərdəsini səncərlərin
xəncəriylə yardı, Baş Komandan "Vur" əmrini
verdi, alp ərənlər sancaqları həsrətimizin
qalasına sancmaq üçün irəli atıldılar. "Gedək Qarabağa" deyirdin, şanlı
Xatun, getdilər, səpdiyimiz toxumlardan cücərən ər
oğlu ərlər, "Qarabağsız şeirlərin"
Qarabağlı olması üçün getdilər. Şaşqın Şuşanın kövrələ-kövrələ
şüşələnməməsi üçün getdilər,
"xarı bülbülün" gor qoxumaması
üçün getdilər. Yetim
qalmış kəndlərin, ormanların, bulaqların,
budaqların, budaqlarda zəngulə vuran quşların
ismarışı ilə getdilər. Bu ismarış
"Savaş ayələri"nin səpdiyi
toxumların yetişdiyinin müjdəsiydi.
Dən cücərib yetişəndə biçin
dövrü başlayır. Yurd həsrətində
yuva salmış toxumlardan yetişir türk
qövmünün Qızıl Alması. Sən onu
arayırsan, sən onu gözləyirsən və vaxtı gələndə
Qeybdən bir səs gəlir: Ey ər oğlu ər, zamanı
yetişib get almanı dər.
Səkkiz qırlı bəyərənlər, səkkiz
qırlı ulduzların qut verdiyi üçrəngli
bayraqları yellədə-yellədə vəslimizin
Əslisinə çatmaq üçün o çölləri,
o dağları "qara keşiş" üfunətindən
təmizləyir. Bu murdarlıq bizdə heç kimə
lazım deyil. Onlar bizi Kərəm kimi
yandırmağa görəvləndiriliblər.
Yurdundan
ayrı salınmış bütün qarabağlılar kimi,
Mahirə Abdullanın Qarabağının da öz qoxusu var. Sən
30 il ərzində bu qoxunu itməyə qoymadın, bacım, sən
onu cümlə-cümlə, misra-misra həsrət alovunda
qovrulan ürəklərə tamsındırdın. Bu gözəl qoxudan, müqəddəs qoxudan
tamsınan oğlanlardır indi Qarabağda öz qızıl
qanlarıyla qəhrəmanlıq dastanını yazanlar.
Kimisi şəhidlik mərtəbəsinə
yüksələcək, kimisi qazilik. Qədər
Allahdandı, zəfər bəndədən. Neyləyək,
bu tarix babalarımızın atlarının nal izləri ilə
yazılıb, şəhidlərin qanıyla yoğrulub,
oğullarını savaş meydanlarında itirmiş
anaların göz yaşlarıyla suvarılıb bu
çöllər.
"Əvvəl-axır"
"Erməni kölgəsi"ni,
üçrəngli bayraqları yelləyib Qarabağın
üzərindən "Qeyb" eləyən ordumuza
şükür olsun, Xatun bacım hey!!!
Biz dedik ki, "ölüm əyləncəmizdir,
savaş alın yazımız. Tanrım, sən
savaşımızı ver, yerdə qalanını
özümüz bacararıq" - dedik.
İsmarış gətirdi bizə xəbərçi,
Tanrı savaşımızı verdi,
çünki "könlündən fatehlik keçirsə
qızıl qandır xərci".
Gəng mələyi qan istəyir, nə deyək? Bu torpaqlar bizimdirsə, bədəlini
ödəyək!
***
Bilirəm Mahirə xatun, yurd həsrəti ürəyində
hörülmüş at quyruğu kimi hörüklənib. Heç bilmirəm
Qarabağ itkisinin acılarını içində səndən
çox yaşadan neçə adam var. Sənin
romanlarında da, şeirlərində də bu diri dünya həmin
ağrıların orbitində fırlanır. Sən
Qarabağsızlığın yaşatdığı
ağrıları sətir-sətir, misra-misra
kitablaşdırdın. Bu ağrılarda
insanın yurd həsrəti yaşayır. İnsan yurd həsrəti duyğusunu itirdiyi gün
xatirələrini də itirməyə başlayır. Xatirələr itməyə başlayanda isə
insanın həsrətində öləziyən yurd da itir.
Qarabağdan savayı da bizim itkilərimiz
çox olub. Göyçə, Zəngəzur, İrəvan,
Dərbənd...
İndi
bu itkiləri çox az adam
xatırlayır. Çünki onların
ağrısı sətirlənmədi, misralanmadı,
kitablanmadı. Ermənilər
arzularını kitablaşdırıb "qara keşişlərin"
ovsunuyla gördükləri sərsəm yuxuları gerçəkliyə
çevirdilər. Bizim olanı özlərinki
elan elədilər, çünki bu ellərin savaş
ismarışını göndərən olmadı bizə.
İrəvan, Zəngəzur, Göyçə
həsrətinin ağrıları kitablaşmadı. Nə
yaxşı ki, Qarabağ həsrətinin Gil kitablarını
yazan sənin kimi qələm adamlarımız var. Vətən
həsrətinin Gil kitabları öylədir ki, oradakı əhvalatlar
ər oğlanların köksünə yazılır...
***
Yazmaq eşqi ürəyimdə xatirələr
oyandırdı. Bir dəfə Prezidentimiz İlham
Əliyev İrəvanın Azərbaycan şəhəri
olduğunu söyləyəndə dünyanın bütün
diri canları bir-birinə dəydi. Çünki
dünya bundan xəbərsizdi. Elə Azərbaycanda
da çoxları dumanlı şəkildə
xatırlamağa başladı ki, İrəvan bir zamanlar Azərbaycan
türklərinin şəhəri olub, Eçmiədzindəki
kilsələri də türk padşahları tikdirib. Milləti-sadiq dedikləri təbəələri
üçün. Onlarda olunan
yaxşılıqları içlərində nifrətə
çevirib qarşımıza hayladılar.
Padşahların yüz illərlə ovuclarında bəslədiyi
haylar...
İrəvan
Azərbaycan torpağıdır! - dedi. Prezident
bunu elə-belə, Azərbaycan əhalisinə xoş gəlsin
deyə söyləmədi, o, növbəti
çıxışlarında da Azərbaycan torpaqları Zəngəzuru,
Göyçəni yada saldı. Bu, öz xitabından
gələcəyə nəzər salan bir rəhbərin
xalqa, fikir və qələm adamlarına göndərdiyi
işmarış idi.
Hər millətin cızılmış fiziki sərhədlərindən
başqa, könül sərhədləri də var.
Könül sərhədləri insanların yaddaş
arxivində yaşatdıqları sərhədlərdir.
Əlbəttə,
Elxan Zal olaraq, mənim yaddaş arxivimdə yaşayan
könül sərhədləri çox böyükdür,
amma bu arxivdə Azərbaycanla bağlı da bir könül sərhədi
var. Sözün düzü, bu sərhədi də bir dəfə
çıxışı zamanı Başqan İlham
Əliyev cızdı. O dedi ki, mən təkcə Azərbaycan
Respublikasının deyil, dünyada yaşayan 50 milyon azərbaycanlının
prezidentiyəm. Və nöqtə. Ariflərə bir işarə də kifayətdir.
Azərbaycan türkünün könül sərhədləri
cızıldı, qalanı qələm və fikir
adamlarının işidir. Qədim
türk dilində gözəl bir ifadə var - Eltəriş.
Bu adı səpələnmiş yurdları bir
mərkəz ətrafında birləşdirib dövlət
quran xaqanlara verərdilər. Didilib-dağılmış
Azərbaycan yurdlarını bir dəfə dərləyib
dövlət qurmaq missiyası Şah İsmayılın
üzərinə düşmüşdü. O bunu elədi.
Mən həmişə belə hesab eləmişəm
ki, özünü 50 milyon azərbaycanlının
Başqanı sayan İlham Əliyev də belə bir missiya ilə
görəvlidir. Bunu illər öncə "Türk əsrinin
türküləri"ndə deyilməmiş kəlmələri
soyluyanda söyləmişəm:
Bu məmləkət
ilhamlıdır tanrıdan,
İçimizdə Şah İsmayıl qutu var.
Qızıl
əsrin sabahına gedirik,
Bizi dəfnə çələngləri gözləyir.
Qəhrəmanlıq
göydən gələr Qurd ilən,
Pozulmayan ülkümüz var yurd ilən.
Zaman-zaman
əzilmişik-əzməyə,
Qarabağı qaytarmağa vermişik.
Yemək
vaxtı gəlir fateh iştahı,
İçimizə imperyalar sığışmaz.
Qəhrəmanlıq
göydən gələr Qurd ilən,
Pozulmayan ülkümüz var yurd ilən.
Bizim
İlham xaqanımız eltəriş*,
Türk elini toplamağa gəlmişik.
Qızıl
alma Bakıdadır, bunu bil,
Tanrı eli ülkümüzdən doğacaq.
Qəhrəmanlıq
göydən gələr Qurd ilən,
Pozulmayan ülkümüz var yurd ilən.
Mən
deyirəm, müqəddəsdi bu torpaq,
Azərbaycan
davası var, önə dur!
Savaşdan
savaşa heydərləşmişik,
Qolumuzda Şah İsmayıl gücü var.
Qəhrəmanlıq
göydən gələr Qurd ilən,
Pozulmayan ülkümüz var yurd ilən.
* Eltəriş
- eli bir yerə toplayan
Didilib-dağılmış torpaqları bir bayraq
altına toplayan, türk dilini dövlət məqamına gətirən
Heydər oğlu İsmayıl, bilərəkdən, ya bilməzlikdən
türk qövmünün də, İslam ümmətinin də
içində qarşıdurma ovqatı yaratdı. Prinsipcə
Qızılbaşlılıq da, Osmanlılıq da çox qədim
türk ülküsünün İslam qayələri ilə
təzədən doğulan təzahürləri idilər.
Bir ağacın iki budağı
yollaşmadı, qayələr toqquşdu Allah adından.
Allaha yol gedən türk torunları, Allahın
adıyla düşmən oldular. Əhməd
Yasəvilərin, Hacı Bektaşların ürəklərdə
bəsləyib böyütdükləri böyük
duyğuların yüyəni sasani dəllallarının, Həsən
Sabbah xələflərinin əlinə keçdi. Azərbaycan və Anadolu türklərinin
könül sərhədləri bir-birindən aralı
düşdülər. Yüz illər boyu...
Və gün gəldi. Heydər oğlu İlham
Əliyev və Rəcəb Tayyib Ərdoğan türk törəsinin
və ümmət qayəsinin Sultan Səlim və Şah
İsmayıldan başlayan pozğunluğuna son qoydular. Qəflət yuxusunda yağı pəncəsi
altında inləyən İslam ümmətinə örnək
göstərdilər. Çünki
"göy çökməsə, yer batmasa türk törəsi
pozulmaz. Bu ər oğlanların sinəsindəki
"Gil kitab"lara yazılıb, türk
milləti törəlidir, Törə isə əbədi. Türk törəsi var isə, Məhəmməd
ümməti də var olcaq. Bu törə də bir
zamanlar Allah dərgahından gəlib axı...
***
"Nal tökən yolların dil tökən daşlarını"
adlayıb keçən müzəffər ordumuz həsrət
hörüklərinin dolaşığını açmaq
üçün yürüyür. Xan qızının,
Molla Pənahın, neçə-neçə ulu insanın
"qara keşiş" üfunətində inləyən
ruhlarının arınması üçün
yürüyür. "Eygili vaxtlarda yeriyəndə
yer titrəyən qırmızı almayanaq Sultana nənə"lərin,
Alı kişilərin məzarda rahat uyuması
üçün yürüyür. Mən
bilirəm, Zəfər günü çox tezlikə gələcək.
Öz yurdunda əsir quşlar oxuduğu nəğmələri
türk dilində deyəcək.
O dəyirman
dibək dağlar, o tağalaq köbək dağlar
qırçıntuman ipək dağlar müzəffər
ordumuzun qənşərinə əlvan çiçəklər
tökəcək. Mən də Zəfər
duyğusunun xumarında nazlana-nazlana ədəbiyyatımızın
xatunu Mahirə Abdullanın göndərdiyi savaş
işmarışını "Qarabağ şikəstəsi"
üstündə zümzümə edə-edə
ülkümüzün Qarabağ səhifəsini oxuyacağam.
Elxan Zal Qaraxanlı
Ədəbiyyat qəzeti.- 2020.- 3
oktyabr.- S.22.