Tarixin
Fürsəti
Tarix Azərbaycan
xalqına daha bir şans vermişdir. Torpaqlarımızı
geri qaytarmaq şansı. Qələbə şansı! Ali
baş komandan, Azərbaycan Prezidenti İlham Əliyev
çağdaş siyasi dünyamızın əlində hər
zaman hazır tapança olan erməni təxribatına
qarşı bu dəfə: -Vur! - dedi; döyüş əmri
verdi. Və bütün Azərbaycan cəmiyyəti ayağa
durdu, "Müharibə!" libasına büründü.
Gözlənilən an gəlmişdi:
Bilsin Ana
torpaq, eşitsin Vətən!
Müsəlləh
əsgərəm mən də bu gündən!
Şanlı
Ordumuz, ən müasir döyüş texnikası ilə
silahlanmış qoşunlarımız bütün Qarabağ
cəbhəsi boyu əks-həmləyə keçdi; Vətən
ruhu, döyüş və qələbə əzmi ilə irəli
atılan əsgərlərimiz ilk zəfərlərini
qazandılar! Qarabağ bizimdir, bizim olacaq! Azərbaycan
torpaqları kənd-kənd, qarış-qarış
işğaldan azad olmağa başlandı... Dərələrdən-təpələrdən,
ağrılı, əzablı, çətin olduğu qədər
də şərəfli, vazkeçilməz, mütləq, Azərbaycan
xalqının böyük səbrinəcən xoş müjdəli
bir missiya...
1990-cılardan,
Ulu Öndər Heydər Əliyevdən sonra bir daha
"Xilaskar!" missiyası, Azərbaycan torpaqlarının
azad olunması, Qarabağın xilası şansı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin adına
yazıldı. Həm də daha böyük miqyasda, daha gərgin
cəbhələrdə; "oyuncaq tapança" nədir
ki, Prezident sözüdür: təcavüzkara elə bir
üz göstərərik ki, bir daha biz tərəfə
baxmaz; söhbət beynəlxalq diplomatik cəbhələrindən,
dünyanın böyük siyasi güc mərkəzlərindən
gedir. Böyüklü-xırdalı dünya dövlətləri
xahişli-minnətli, dərhal və danışıqsız
Sülh bəyanatları ilə üzərimizə yeridikcə
Ali baş komandan bizim haqq işimizi və
Sözümüzü Dünyaya yeridir: Biz müharibə istəmirik,
amma hərbə hazırıq! "Biz zəfər qazanacağıq!
Qarabağ bizimdir! Qarabağ Azərbaycan
torpağıdır!"
Biz illərlə
gözlədik,
çıxmadıq qınımızdan,
Zəkanla,
əməyinlə
dirçəldi Azərbaycan.
Gəldi
o müqəddəs an,
Sən Ali Baş
Komandan!
Əmrindədir
bu yurdun,
bu torpağın ərləri,
Ver, ver
bizə zəfəri!
2018-ci ildə,
möhtərəm İlham Əliyevin Prezident seçkilərində
xalqın ondan istəyi və tələbləri məhz bu
misralarda ifadəsini tapmışdır. Alovlu şair Arzu
Əsədin xalq adından cəsarətli
çağırışını Akademiyanın dəyirmi
zalı dolu ictimaiyyətin qarşısında bir daha bəyana
ürək eləmişdim. Demək, vədəsi bugün
çatmış; o gün bu günmüş! 2016-cı ilin
Aprel döyüşlərindən sonra, həmçinin
Naxçıvanda Günnüt qələbəsindən sonra
intizarla gözlədiyimiz o gün bugünmüş!
Müxalifət susdu. Tovuz hadisələrindən sonra
dil-boğaza qoymayan 50 siyasi partiya Prezidentə müraciət
imzaladı: Bugün Azərbaycana qələbə çox
lazımdır! Demək, zaman - bu zamanmış...
Qeyd-şərtsiz,
şəkk-şübhəsiz bütün Azərbaycan toplumu
bəyanat verdi: Müsəlləh əsgərəm mən də
bugündən! TV-yə canlı kürsülərə
çıxan hər kəs bu mövqeyi
bölüşdü. Elə ki, özümüzü
büsbütün Səməd Vurğun zamanında hiss elədik.
Hər kəs: Əsl Vətən savaşı budur! - söylədi.
Düşməni durmadan susduran Ordumuzun yaylım atəşlərinə
marşlar, döyüşkən musiqilər, nəğmələr,
zərblər, ifalar səs verdi. Üzeyir Hacıbəyli
zamanında duyduq özümüzü. Kliplər, süjetlər,
filmlər, tarixin dərsləri... - ekranlardan hər kəsi vəcdə
gətirdi. Sevin Azərbaycanı! Məndən də çox
sevirsiz, yenə təkrar edirəm: Sevin Azərbaycanı! Hərçənd
ki, daha da gur səslənə bilərdi: Səməd
Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil
Rza Ulutürkün, Qabilin, Rəsul Rzanın, Süleyman
Rüstəmin... - onlarla şairin: Azərbaycan! və
çağırış şeirləri yenə səslənə
bilərdi; TV arxivlərində gözəl klipləri də
var... Amma Cabir Novruzun həzin, kövrək, nisgilli şeiri də
az demir: Sevin Azərbaycanı! Şəmistan
Əlizamanlının yanıqlı səsi də:
Əsgər,
Vətən əmanəti, yurd əmanəti
Əsgər,
ocaq əmanəti, od əmanəti
İntiqamı
alınmasa şəhidlərin, geri dönmə
Son qələbə
çalınmasa, sən öyünmə...
Demə,
sakit-sabit günlərimizin ucuz şoularını, komedixana və
digər "...xana"larını, hər gün bir az bir az
bizi məişət təfəkkürünə gömən
uzun-uzadı serialları bir kənara qoyub, TV-lərimiz belə
müsəlləh-müsəlləm olmağı
bacarırmış! Deyirdilər, internet -
çağımızda Dünyanın danışan yeganə
dilidir; inet olmasa biz də lal və kar kimiyik... Bir həftə
inet olmadı, olmamış kimi oldu, TV-lərimiz toplumda bu
işi üzərinə götürdü; bu həftə Azərbaycanın
həssas qəlbi, görən gözü, eşidən
qulağı, sərrast dili məhz TV-lər oldu.
Kürsülər qurdu, mövqelərə, fikir
dartışmalarına meydan verdi; durmadan yapdığı
reportajlarla döyüşən ordumuzu, danışan
xalqımızı, ön və arxa cəbhələri
yaxınlaşdırdı, vahid ritmdə saxladı, uzaq
düşməyə qoymadı... İctimai rəy birdi: Qələbə
bizimlədir! Sosial Araşdırmalar Mərkəzinin
statistikasına görə, bu rəqəm 95 faizi göstərir.
Ali baş komandanın inamlı
çağırışına toplum eyni inamla
çağırış etdi...
Və
baxıb gördük ki, çox da bədgümanlığımıza
əsas yoxmuş; otuz ilin müstəqillik cəmiyyəti,
azad həyat, fəaliyyət, söz, məktəb və təhsil,
özünü-ifadə imkanları, o sıradan ədəbiyyatımız
- sağlam düşüncə, mövqe, əməl,
sağlam da nəsillərin yetişməsinə rəvac
vermiş. Bəsdir ki, tarix bu fürsəti ortaya
çıxara, axıracan özünü-bəyana, göstərməyə
şans verə! Doğrudur, hərdən, bilmirəm nədən
(təcrübəsizlikdən, naşılıqdan, ya
yaradıcılıq çatışmazlığından),
TV-lər Günü unudub, səhifəni yenə dünənin
ucuz məişət seriallarına da çevirir; və heyrət
edirsən, serialların birində də, deyək, qəfil,
Günümüzün müharibə xəbəri serial
zamanına sızmır, sızıb baş verənləri
kökündən silkəmir, elədir ki, bu qəbil
süjetlərdə sanki belə replikalara heç yer də
yoxdur... Bəs ki, dayandırmağa nə gəlib?!; məgər
TV başbilənləri görmürlərmi ki,
çağın müharibə ritorikası, kürsülərdən
səslənən konkret ibrətamiz fikirlər, real həyat
epizodları, örnək göstərilən hər hansı
canlı misal bütövlükdə bu qəbil serialların
aşılamağa çalışdığı saxta ibrət
dərslərini yerlə-yeksan etməyə qabildir?!
Serialın fəlsəfəsi məgər günün həqiqətlərinə
açılmaq deyilmi? Bəlkə də buna görədir,
serial qəhrəmanları-aktyorlar rollarından
darıxıb, bu həftə həm də
çalışdıqları tele-kanallarda "müharibə
diktorları", günün aparıcıları kimi
görünməyə can atdılar. Axı bugün ön və
arxa cəbhə müxbirləri, jurnalistlər, TV
işçiləri xalqa ən yaxın (məsafədə)
olanlardır...
(Ps. Bu
qeydləri etdiyim dəmdə, sanki duyuq düşüb TV
seriallardan birində məhlə camaatı
yığışıb, cavan uşaqlardan birini üçrəngli
bayraq, böyük izdiham, xeyir-duayla cəbhəyə yola
salır; həm də filmdə olmayan təzə, epizodik bir
personajı. Vəssalam; guya nə dəyişir ki...)
Söz, qələm,
ədəbiyyat da bilir: indi romantik ritorika, pafos, qəhrəmanlıq
zamanıdır. Şeirin zamanı, kəsərli söz,
publisist mövqe zamanıdır. Şəhidlik hünəri,
qazilik məqamı yanında müharibənin
ağrı-acıları, dağıdılan kəndlər,
şəhərlər, insanın həyatı-mübarizəsi-ölümü
barəsində mətləblər, analitika zamanı hələ
sonra gələsidir. Tele-reportajdan canlı süjet
görün nə deyir: Dağılan bu evimin mini qurban olsun əsgərimizin
bir dırnağına; ta ki Şuşayacan gedək,
bayrağımızı taxaq! Ta ki və təki "birinci
Qarabağ müharibəsi", "ikinci Qarabağ müharibəsi"
kimi mövzular ədəbiyyatımızda bilmərrə tarixə
qovuşsun, tarixi məzmun kəsb etsin. Sərt müharibə
həqiqətləri ədəbiyyata həmişə tarixdən
sonra, proza qismində gəlir... Elə bu yaxınlarda
hansısa yazıda rast gəlmişdim, müəllif
anşıra bilmirdi: görəsən, ellə gələn
yas, qara gün necə toy-bayram ola bilər axı?.. Bugünlərdə
TV-kameralar hara tuşlandısa - toplumu bir ovqatda gördük:
bütöv bir həftəlik qələbə əzmi, qələbə
nəfəsi! Necə də bizə gərəkmiş bu
şans! Heç kəs müharibə demirdi ki, hər kəs:
Qələbə, yalnız Qələbə! - deyirdi... Ordumuz
tarix yazır! - inanırdı. Hətta çaşıb bu
kadrları yad-əcnəbi kanallar da dünyaya göstərdi,
qələbə ovqatımızı bölüşməli
oldu...
Bugünlərdə
tüm dünyanın nəzərləri üzərimizə gəldi;
Aralıq dənizi çatışmalarını, Belarus
silkinmələrini kölgədə qoyub, Qafqaza diqqət kəsildi.
Rus tele-kanallarından birisində ictimai rəy hətta burda
hansısa "iz" axtarmağa girişdi. Azərbaycan
Prezidenti açıq bəyan etdi: özgə iz axtarmağa nə
hacət, Türkiyə, türk xalqı həmişə bizim
yanımızdadır, amma öz gücümüzə nə
gəlib ki?! Azərbaycan əsgərləri ilə
görüşdə Prezidentimiz aşkar xatırlatdı: ermənilər
kimdir ki; Qafqazda ikicə imza var - rus çarizminin vaxtilə
Kürəkçay müqaviləsinə qoyduğu qol və
Qarabağ xanı İbrahimxəlil xanın imzası! Tarix təkrarı
sevmir; amma Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan bütünlükdə türk xalqı
adından bəyan etdi: Azərbaycan Dövləti necə istərsə,
Türkiyə o səviyyədə köməyimizə gəlməyə
hazırdır! Eynən 1918-ci ildəki kimi... Bəlkə də
burda "təkrar" axtarmaq da düz deyil; eynən həmin
tarixi epoxanın davamıdır ki, üstündən yüzil
ötür, çevrə cızıb da təsdiqini tapır.
Bir kərə yüksələn bayraq bir daha enməz!
XX
yüzil çox xalqların azadlığının
üstündən xətt çəkdi, çox millətlərin
müstəqilliyini əlindən alıb, "zavallı"
imicində böyük siyasi güclərin, siyasət
dünyasının işləklərinə hədəf
seçdi. Azərbaycan xalqı heç zaman
"zavallı" olmadı, müstəqillik savaşında
həmişə ön sıralarda oldu; öz gücünə,
otuz ildir ki, müstəqil cəmiyyətini, dövlətini
qurub da ən çıxılmaz durumlarda belə qürurundan
dönmədi. Müstəqillik savaşını axıracan
sürdürdü; Sülh olmazsa, hərb yoluna, Şanlı
Ordumuzun yenilməzliyinə, bir zamanlar başlanıb bugün
artıq bizə gerçək nəticələr, xoş
sabahlar vəd edən Qarabağ mücadiləsində tam qələbəyə
inamımız da burdandır.
Ulu
Öndər Heydər Əliyev demiş: Müstəqilliyimiz əbədidir!
Azərbaycan
Prezidenti, Ali baş komandanımız İlham Əliyev yəmin
edir: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Yazını
iki il öncəki çıxışımda olduğu kimi,
xalqın, millətin, Azərbaycan insanının əminliyini
özündə qapsayan Şair misraları ilə
tamamlayıram:
İdrakın
ən dərini,
sözlərin
ən sadəsi
Haqq və
xalq - bir varlığın
və
ruhun ifadəsi!
Önündə
haqq, arxanda
bu
xalqın iradəsi,
Kim
durduracaq Səni,
haqq
yolunda irəli!
Ver, ver
bizə zəfəri!
Tehran
Əlişanoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 3
oktyabr.- S.19.