Ziya və Məryəm
SEYİDBƏYLİLƏR:
Müharibə Bakısından uzaq sahillərə...
"Varislər"in
bugünkü qonağı quruluş verdiyi filmlər və
yazdığı əsərlərlə hər zaman sevgi ilə
xatırlanan, milli kino tariximizin ən uğurlu ekran işlərinə
həyat vermiş unudulmaz kinorejissor, yazıçı,
kinodramaturq, ictimai xadim, Xalq artisti Həsən Seyidbəylinin
varisləri Ziya və Məryəm Seyidbəylilərdir.
Bizim Həsən Seyidbəyli
1920-ci ilin 22 dekabr günündə Bakıda anadan
olmuşdu. Ölkənin və Bakının qarışıq
günləri davam edirdi o vaxt. Bolşevik
Rusiyası Azərbaycanı növbəti dəfə
işğal etmiş, cəmi 23 ay yaşayan Azərbaycan
Cümhuriyyəti yenicə süqut etmişdi. Bu
qovğalar, bu qasırğalar, bu tufanlar dövrünə
dünyanın gələcəyi üçün
işıqlı insanlar lazım idi və Həsən Seyidbəyli
o işıqlı insanlardan idi ki, bütün şüurlu həyatını
doğma xalqının mədəniyyətinə, ədəbiyyatına
xidmətə sərf etdi.
Onun gənclik dövrü isə 1941-1945-ci illər
müharibəsinə təsadüf etdi. Müharibə
Bakısı, cəbhədən gələn qara xəbərlər,
qələbə üçün arxa cəbhədə
görülən işlər onun həyatından təsirsiz
ötüşmədi.
Bu
unudulmaz insanın varisləri - oğlu,
iqtisadçı-mühəndis Ziya Seyidbəyli və
qızı, tarix elmləri doktoru, dosent, AMEA
Elm Tarixi İnstitutunun direktoru Məryəm xanım Seyidbəyli
ilə onun akademiyadakı iş otağında
görüşdük.
- Hörmətli Ziya bəy, əziz Məryəm
xanım, sizi "Varislər" layihəsində görməkdən
məmnunam. Bugünkü söhbətimiz atanız - sevimli
kinorejissorumuz və yazıçımız Həsən Seyidbəyli
haqqında olacaq.
Həsən
Seyidbəyli necə adam idi? Hər
biriniz öz fikrinizi deyə bilərsiniz. O böyük
insan sizin yaddaşınızda fərqli də qala bilər...
"Biz bu Sərəncamı gözləyirdik"
Məryəm
Seyidbəyli: - İlk növbədə, fürsətdən
istifadə edib ailəmiz adından möhtərəm
Prezidentimiz İlham Əliyev cənablarına dərin təşəkkürümü
bildirmək istəyirəm. Sözün
gerçək mənasında bu sərəncamı
böyük həyəcanla gözləyirdik. Bu il 19 avqust tarixində möhtərəm
Prezidentimiz Həsən Seyidbəylinin 100 illik yubileyinin
dövlət səviyyəsində keçirilməsi ilə
bağlı sərəncam imzaladı. Əminəm
ki, bu sərəncam çərçivəsində nəzərdə
tutulan tədbirlər yüksək səviyyədə
keçiriləcək.
Sizin
sualınızla bağlı nə deyə bilərəm?! Atamın yaradıcılıq diapazonu çoxşaxəli
idi. Həm kinorejissor, həm kinodramaturq, həm
yazıcı kimi yorulmaq bilmədən Azərbaycan mədəniyyətinə
xidmət edirdi. Belə gözəl və
istedadlı insanın övladı olduğum üçün
özümü xoşbəxt hesab edirəm.
Onun adına layiq
övlad olmaq
Ziya Seyidbəyli:
- Hər zaman onun adına layiq övlad
olmağa çalışmışıq. Atam
haqqında saatlarla danışa bilərəm. Onun çox müsbət keyfiyyətləri
vardı. Onlardan bir neçəsini diqqətinizə
çatdırmaq istərdim: Həsən Seyidbəyli
böyük vətənpərvər idi. Öz
millətinə görə qürur duyurdu. Milli tariximizə böyük sevgisi vardı. Tarixçi olmasa da, tarixlə ciddi
maraqlanırdı. Adət-ənənələrimizi
qoruyurdu. Azərbaycan dilinin vurğunu idi.
Çox alicənab insan idi. Yaradıcı
fəaliyyətlə yanaşı, ictimai fəaliyyətlə
də məşğul olurdu. İki
çağırış Azərbaycan Ali Sovetinin deputatı
kimi, Kinematoqrafçılar İttifaqının sədri kimi
həmişə öz işinə məsuliyyətlə
yanaşırdı. Bütün bu yaradıcı,
ictimai fəaliyyətin gərginliyinə, yorğunluğuna
baxmayaraq, azacıq boş vaxt tapan kimi onu bizə həsr
edirdi. Tez-tez doğma Azərbaycanımızın
müxtəlif bölgələrinə səfərə
çıxırdıq. Bizimlə bir yerdə
vaxt keçirməyə çalışır,
rayonlarımızın gözəl təbiətindən həzz
alırdı. Qubada, Lənkəranda, Göyçayda
birgə keçirdiyimiz günləri həmişə sevgi ilə
xatırlayırıq.
Qarabağı
qarış-qarış gəzmişdik
Qarabağı qarış-qarış gəzdirmişdi
bizə. Son dəfə 1975-76-cı illərdə
Şuşada, Laçında olmuşuq. Keçilməz
dağ yolları idi. Ancaq "QAZ-69"-la
qalxmaq olurdu o yolları. Bir tərəfi
uçurum, bir tərəfi sıldırım qayalar. Maşının şüşəsindən
aşağı baxanda adamın gözləri qaralırdı.
Laçında atamın dostu vardı,
böyük təsərrüfat, mal-qara sahibi idi. Biz yaylaq-qışlaq nədir oralarda gördük ilk
dəfə. Gözəl təbiət, dağ
çayları, yaşıllıqlara bürünmüş
dağlar... O günləri unutmaq mümkün deyil. İndi o yerlərin işğal altında olması
mənə çox pis təsir edir. Əminəm
ki, tezliklə Azərbaycan ordusu öz tarixi torpaqlarını
azad edəcək, atamın ayaq izləri qalan o yerlərdə
bir də gəzə biləcəyəm.
"Ovçu, keçmə bu dağlardan..."
Məryəm
Seyidbəyli: Atam bağ həvəskarı idi. Pirşağıda
bağımız vardı, çox istəyirdi tətil
günlərini, bayramları bağda keçirək. Bağbanımız vardı, amma öz əlləri
ilə əkirdi meyvə ağaclarını, növbənöv
çiçəkləri. Meynələrə
özü qulluq edirdi. Eyni zamanda çox
mahir ovçu idi, rayonlara gedəndə həmişə ov
tüfəngini də özü ilə
götürürdü. Ailədə
üç uşaq idik, bir qardaşımız dünyadan
köçüb, indi ikimiz qalmışıq. Üçümüzü də aparırdı
özü ilə ova.
Ziya Seyidbəyli:
Həm də yaxşı idmançı idi. Hər
zaman özünü formada saxlamağa
çalışırdı. Yüngül
atletika ilə məşğul olurdu. Çox
yaxşı voleybol oynayırdı, çox yaxşı
üzürdü. Hətta bir dəfə dənizdə
boğulan iki nəfəri də xilas etmişdi.
İki nəfəri ölümdən
qurtaran adam
Çox sadə həyat tərzi sürürdü. Çox səmimi
insan idi. Onun filmlərini hamı sevirdi, qəzetlər,
radio, televiziya ondan danışırdı. Məşhur idi, amma heç vaxt bu məşhurluğun,
bu şöhrətin işığı onun gözlərini
qamaşdırmırdı. Hər zaman
insanlara kömək etməyə
çalışırdı. Çox
qonaqpərvər idi.
- Kimlər qonaq gəlirdi evinizə?
Həsən Seyidbəyli kimi məşhur adamın evinin
qonaqları da məşhurlar olub, yəqin. Bu
qonaqlar daha çox bağa, yoxsa Bakıdakı evinizə gəlirdilər?
- Bağ
mövsümü ancaq yayda, tətil aylarında başlayırdı.
May ayının sonundan sentyabrın
axırına qədər bağda olurduq. Xalq
rəssamı Elbəy Rzaquliyev evimizin, ailəmizin daimi
qonaqlarından idi. Çox isti münasibətləri
vardı. Bağ qonşularıydıq.
"Onunla görüşəndə
bizi unudurdu"
Məryəm
Seyidbəyli: Bağa gedəndə tez-tez unudulmaz Nəsir
İmanquliyevin bağına baş çəkirdi. Nəsir müəllimlə çox yaxın idilər.
Nəsir müəllimin bağı
Pirşağının girişində idi. Bizim
bağımızla onların arasında 200-300 metr ara vardı. Maşını
saxlayırdı, deyirdi gözləyin, qardaşıma baş
çəkim, qayıdıram. Biz
maşında oturub gözləyirdik, onların başı
qarışırdı söhbətə, biz yaddan
çıxırdıq. Bir də
yadına düşəndə tez qayıdıb
üzürxahlıq edirdi. Alışmışdıq
belə məqamlara.
"Yox bir qaşqaldaq..."
Yazıçı Mikayıl Rzaquluzadə olurdu
bağımızda. Tarix muzeyinin direktoru, akademik Nailə Vəlixanlıgilin
bağı ilə bağımız yanbayan idi. Nailə
xanımın atası məşhur aktyor, Xalq artisti Məmmədəli
Vəlixanlı da atamla dost idi. "Görüş"
filmindəki unudulmaz Çayçı.
Səhər həyətə çıxan kimi atam ətrafdakı
qonşularla salamlaşırdı. Məmmədəli Vəlixanlı
çox maraqlı adam idi. Bağı
da maraqlı idi. Qu quşları
saxlayırdı bağında. İbrahimbəyov
qardaşları gəlirdi bizə. Anar gəlirdi.
Ziya Seyidbəyli:
Xalq rəssamı Mikayıl Abdullayev bağımızın
da, evimizin də doğma adamlarından biri idi. Atamla
Mikayıl Abdullayev həm də süd qardaşları idilər.
Tofiq Quliyevlə atam lap gənclik vaxtlarından dost olublar və
bu dostluq sona qədər davam edib. Atamın filmlərinin
doxsan faiz musiqisini Tofiq əmi yazmışdı. Bircə "Bizim Cəbiş müəllim"
filminin musiqisini Emin Sabitoğlu yazdı. Xalq
yazıçısı İmran Qasımov evimizin əziz
adamı hesab edilirdi. Atamla birgə işləri
vardı. "Uzaq sahillərdə"
filminin ssenarisini də, povesti də birgə
yazmışdılar.
Atamın dostları...
- Mənim üçün çox
maraqlıdır. Bu həm də mənim
yazıçı marağımdam irəli gəlir. Birgə
roman yazmaq, povest yazmaq necə olur axı? Ssenari yazmaq
aydındır, müəyyən bölgü aparırsan,
işləyirsən. Amma bədii əsərdə üslub, təhkiyə,
ruh fərqliliyi var axı. Tutaq ki, "Uzaq sahillərdə"
povestini götürək: bu əsərdə kim
hansı hissəni yazıb?
Məryəm
Seyidbəyli: Onlar bir yerdə işləyirdilər. Kim hansı hissəni, nəyi yazıb, cavab verməyə
çətinlik çəkirəm. İmran
müəllim İtaliya, keçmiş Yuqoslaviya arxivlərində,
Triyestdə olmuşdu, xeyli sənədli material əldə
etmişdi. Sonra bir yerdə məşğul
olurdular. Məncə, mətni kim
yazıb sualına tənqidçilər daha doğru cavab verə
bilərlər. Onlar üslubları, yazı
texnikasını ayırd edə bilərlər. Amma atamla İmran müəllimin işi hər
ikisinin ürəyincə idi. Həmmüəllif
kimi bir neçə kitab yazmışdılar. Atamın
başı filmə qarışanda bədii əsərlərə
ara verirdi. Üstəlik, ali
kino təhsili alıb Bakıya qayıtdıqdan sonra bir
müddət ona müstəqil film vermirdilər çəksin.
Mütləq kimisə qoşurdular onun
böyrünə. Elə
kitablarının çoxunu da həmin ərəfədə yazdı.
Çəkdiyi filmlərin əksəriyyətini
öz əsərlərinin motivləri əsasında
ekranlaşdırırdı. "Uzaq sahillərdə"
müharibə mövzusunda çəkilmiş ən
maraqlı filmlərdən biri kimi yaddaşlarda yaşayır.
- Bir sual da məni həmişə
düşündürür: özü Tofiq Tağızadədən
əvvəl bitirmişdi kinematoqrafiya institutunu. Bəs niyə
ssenari müəlliflərindən biri olduğu "Uzaq sahillərdə"ni özü yox, Tofiq Tağızadə çəkdi.
Tofiq müəllim də o vaxt hələ təzə
idi axı. Üstəlik, Tofiq müəllimin çəkdiyi
və premyerası 1956-cı ildə baş tutan
"Görüş" filminin estetikası ilə "Uzaq
sahillərdə"nin estetikası tam fərqlidir.
"İlk vaxtlar ona müstəqil
film vermirdilər"
Ziya Seyidbəyli:
Bir qədər əvvəl də dedim, ilk
vaxtlar ona müstəqil film vermirdilər çəksin. 1962-ci ildə ssenarisinin motivləri onun eyniadlı
povestindən götürülmüş "Telefonçu
qız" filminə də rejissor kimi İsidor Annenskini
qatmışdılar. Növbəti filmini
Fogelmanla işlədi və yalnız bundan sonra müstəqil
rejissor kimi filmlər verdilər. Onun "Sən
niyə susursan" povesti o dövrdə çox məşhur
idi, bir neçə dilə tərcümə olunmuşdu,
keçmiş SSRİ ərazisində
yayılmışdı. Sonra ssenarini də
yazdı və 1966-cı ildə filmini çəkdi.
- Kinomuzun məşhurları bəzən
bir-birlərinə etdikləri paxıllıqlar, xəyanətlər,
maneçiliklərlə də yadda qalıblar. Bildiyim
qədərilə Həsən Seyidbəyli rejissor kimi ilk
müstəqil filmini çəkəndə 42 yaşı
vardı. Bu yaşda ona gənc rejissor demək
olmazdı. Başa düşürəm, araya müharibə
düşmüşdü, bu da ciddi səbəblərdən
biri idi, amma kinostudiyada konkret olaraq Həsən Seyidbəyliyə
mane olanlar vardı. Kim idi onlar?
Ona mane olanlar...
Ziya Seyidbəyli:
Əlbəttə, mane olanlar vardı və bu, onun səhhətinə,
yaradıcılıq ehtirasına pis təsir edirdi. Mən adlarını çəkmək istəmirəm,
onların əksəriyyəti indi haqq dünyasındadır
və ad çəkmək heç aldığım tərbiyəyə
də yaraşmaz. Amma o adamlar nə qədər
çalışsalar da, Həsən Seyidbəylini məqsədindən
daşındıra bilmədilər. O, istədiyi filmləri
çəkdi. Doğrudur, vaxtında imkan versəydilər
bəlkə də bir neçə başqa film də çəkərdi,
amma onun çəkdiyi filmlər Azərbaycanın kino tarixində
qaldı və qalacaq. Üstəlik, ona
mane olmaq istəyənlər peşəkar deyildilər. Doğrudur, kinostudiyada işləyirdilər, filmlər
çəkirdilər, amma savadları, istedadları atam kimi
peşəkarlarla müqayisə oluna bilməzdi. Atam Sergey Eyzenşteyn və Qriqori Kozintsev kimi müəllimlərdən
dərs almışdı və o dövrdə onlardan
böyük pedaqoq yox idi. Evdə Kozintsevin
atama yazdığı məktublar var. O, hər zaman atamın
işlərini izləyirdi və ona çox yüksək qiymət
verirdi.
Sualım hər ikinizədir. İki filmin adını çəkəcəyəm
və bu filmlərin ikisi də milli kinomuzun şedevrləridir.
Mən tamaşaçı olaraq daha çox
"Bizim Cəbiş müəllim" filmini sevirəm, həm
də peşəkar kinodramaturq kimi bu filmin nə qədər
yüksək səviyyəli ekran işi olduğunu bilirəm.
Bəlkə də bu filmi başqa bir ölkədə çəksəydilər,
yəqin, "Oskar"a layiq görülərdi. Bir də
"Nəsimi" filmi... Mənim üçün
maraqlıdır: Həsən Seyidbəyli özü bir
rejissor kimi bu iki filmdən hansına daha yüksək qiymət
verirdi?
İki filmdən biri
Ziya Seyidbəyli:
Məncə, o, bu filmlərə fərq qoymurdu.
Məryəm
Seyidbəyli: Məncə də. Bu filmlərin
ikisi də ona doğma idi.
- Amma mənə elə gəlir ki,
bir peşəkar kimi Həsən Seyidbəyli bu filmlərin
hansının daha uğurlu olduğunu gözəl bilirdi. Həsən
Seyidbəyli yaradıcılığında italyan neorealizmi
estetikası daha qabarıq hiss olunur və bu, onun ilk filmi olan
"Telefonçu qız"dan başlayaraq davam edir. "Bizim Cəbiş müəllim"də isə
bu yanaşma ən yüksək səviyyədə təqdim
olunur. "Nəsimi" uğur gətirən
filmdir, möhtəşəmdir, amma, məncə, onun
yaradıcılığı üçün bir qədər
yad təqdimatdır.
İtalyan neorealizmi
Məryəm
Seyidbəyli: Mən sizinlə tam razıyam. "Bizim
Cəbiş müəllim"də doğma elementlər
çoxdur. Bu,
tanıdığımız qəhrəmanların bir yerə
toplaşdığı filmdir. "Nəsimi"
bir tarixi mövzunu, bir tarixi şəxsiyyəti əks
etdirdiyi kimi, "Bizim Cəbiş müəllim" də bir
tarixi dövrü əks etdirir.
Ziya Seyidbəyli:
Bu, müharibədən bəhs edən, amma müharibə səhnələri
olmayan filmlərdəndir. Burada müharibənin
ağrıları, fəsadları, faciələri
insanların taleyində əks olunur. "Nəsimi"
isə həm Şirvan tarixinin, həm də böyük Nəsiminin
tarixinin, həyatının müəyyən bir
dövrünü əhatə edir. Məncə,
Həsən Seyidbəyli kimi peşəkar, ciddi bir rejissor
ürəyincə olmayan işə qol qoymazdı.
- Gəlib çatdıq əsas məsələyə.
Həsən Seyidbəyli italyan neorealizmindən
bəhrələnmişdi. "Sən nə
üçün susursan" həm ssenari, həm də
rejissor işi ilə bu cərəyanın bütün tələblərini
özündə əks etdirir. Və bu, daha çox
özünü ağ-qara kadrlarda təsdiq
edə bilir.
Ziya Seyidbəyli:
Tam doğru qeyd edirsiniz. Bizim sevimli tənqidçimiz
və kinorejissorumuz Ayaz Salayev də bu faktı dəfələrlə
qeyd edib. Ayaz Salayev həmişə deyir
ki, Həsən müəllim Azərbaycan kinematoqrafında
neorealizmin banisidir. Onun sevdiyi rejissorlar vardı: italyan
Mikelancelo Antonioni, yapon Akira Kurasava və Kaneto Sindo. Atam bu
rejissorların işlərini çox sevirdi və onun
yaradıcılığında bu təsirlər hiss olunurdu.
"O qızı tapın", "Sən nə
üçün susursan"... bu stildə çəkilib.
Müharibə dövrü
Bakısı
Məryəm
Seyidbəyli: O, yaşadığı dövrün koloritini
çox dərindən öyrənmişdi. Bu dövr
ona doğma idi. Müharibə dövrü
Bakısı, müharibə dövründə arxa cəbhədə
qalan insanların taleyi... o özü də bu insanlardan biri
olmuşdu.
- Xalq yazıçısı İsa
Hüseynov öz dünyası, öz tələbləri olan
yazıçı idi və "Nəsimi"nin
ssenarisini o yazmışdı. İsa müəllimə hər
şeyi bəyəndirmək olmazdı, amma, məncə,
"Nəsimi"ni bəyənmişdi. Belə mürəkkəb xarakterli bir ssenaristlə
işləyərkən necə dil tapırdı Həsən
müəllim onunla?
"Nəsimi"nin
ssenari müəllifi ilə dil tapmaq...
Ziya Seyidbəyli:
Əvvəlcə onu deyim ki, atam İsa müəllimlə
çoxdan dostluq edirdi. Xurşud xanım,
İsa müəllim hələ "Nəsimi"dən əvvəl
bizə tez-tez gəlirdilər. İkisi də
kinostudiyada işləyirdi. "Nəsimi"də
tez-tez aralarında yaradıcı mübahisələr
düşürdü. İsa Hüseynov
yazıçı kimi hər şeyin
xırdalığına gedirdi, amma atam mətnə rejissor
gözü ilə baxırdı və bunun rejissor həllini
tapmağa çalışırdı. Atam
əvvəldə Nəsiminin həyat və
yaradıcılığı haqqında tam məlumatlı
olmasa da, həmin ərəfədə o tarixi dərindən
öyrəndi. Yəni çəkilişə
tam hazır idi. Bütün mübahisələrin
sonunda ümumi razılığa gəlirdilər.
Atam çəkdiyi bir neçə filmdən başqa,
filmlərinin ssenarilərini özü yazıb. "Bizim Cəbiş
müəllim"in ssenarisi böyük
yazıçımız Maqsud İbrahimbəyova aiddir. Maqsud müəllim bu film haqqında həmişə
yüksək fikirdə olub.
Aktyorlara sərbəstlik verən
rejissor
Məryəm
Seyidbəyli: Əvvəla onu qeyd edim ki, atam aktyor seçiminə
çox ciddi yanaşırdı. Bundan sonra
aktyorlara sərbəstlik verirdi. Ona görə
filmlərində obrazların səmimiyyəti
tamaşaçını özünə çəkir.
"Bizim Cəbiş müəllim"də
Əliağa Ağayev, Nəsibə xanım obrazlara xeyli
improvizələr ediblər və bu, filmin uğurlu
alınmasına xidmət edib. Sanki filmdə
aktyorlar deyil, hər bir obraz özünü ifadə edir.
Bu obrazlarda oyun hiss etmək olmur, onların hər biri səmimiyyət
ifadə edir. Atam peşəkar olmayan aktyorlarla
da çox həvəslə işləyirdi. Yeniyetmələr, gənclər vardı "Bizim Cəbiş
müəllim"də, hər biri öz rolunun öhdəsindən
məharətlə gəlməyə
çalışırdı. Ümumiyyətlə,
atam çəkiliş meydançasında gözəl, səmimi
atmosfer yarada bilirdi.
- "Bizim küçə"
filmində Mehdi Hüseynzadə obrazı var. Maraqlıdır,
İmran Qasımov bu obrazı ssenariyə əlavə edəndə
Həsən Seyidbəyli ilə razılaşmışdı?
Ziya Seyidbəyli:
Yox, o filmin ssenarisini İmran Qasımov özü
yazmışdı. Bu əlavə də onun
özündən gəlirdi, onun öz fantaziyası idi. İmran müəllim niyə bu əlavəni edib, səbəbini
bilmirəm.
"Cəbhədən cəbhəyə"
- Həsən Seyidbəyli
çox maraqlı bədii əsərlər müəllifi,
yazıçı kimi də hörmətlə, sevgi ilə
xatırlanır. Onun "Cəbhədən
cəbhəyə" romanı milli detektiv əsərlərimizin
ilk qaranquşlarından hesab edilir. Həsən
müəllim özü müharibədə iştirak etməmişdi.
İmkan varsa, bunun səbəbini deyin. Sonra da bu mövzunu, yəni
müharibə, müharibədən sonrakı Bakının
kriminal qruplaşmaları mövzusunu haradan
götürmüşdü? Bu əsərdə
avtobioqrafik nəsə varmı? Üstəlik,
belə əsərlər sovet dövründə qadağan
idi. Həsən Seyidbəyli bu romanı yazarkən, onun
çap olunmayacağını fikirləşmişdimi?
Ziya Seyidbəyli:
Əvvəlcə onu deyim ki, müharibə başlayanda atam
Ümumittifaq Kinematoqrafiya İnstitutunun tələbəsi idi və
bu ali təhsil ocağı tələbələrinin
möhlət hüququ vardı. Müharibə
başlayanda bu institutu Moskvadan Qazaxıstana
köçürmüşdülər. Atam
bir müddət Qazaxıstanda oxumuşdu. O ki qaldı
mövzuya, dəqiq deyə bilmərəm bu mövzu nə qədər
avtobioqrafikdir. Amma qardaşı Kamil əmimiz
müharibə iştirakçısı idi, üstəlik, hərbçi
idi, hərbi-hava qüvvələrinin zabiti. Ola bilsin, müəyyən məqamları ondan
götürmüşdü. "Cəbhədən
cəbhəyə" romanı o dövrdə ən yüksək
tirajla çap edilən kitablardan biri idi.
- Kinematoqrafçılar
İttifaqının sədri kimi kino işçilərinin
nazını çəkə, onların problemlərini həll
edə bilirdi? Səbri çatırdı bu
işdə qarşılaşdığı adamların
ziddiyyətli xarakterləri ilə yola getməyə?
Boş durmağı sevməyən adam
Məryəm
Seyidbəyli: Atam təşkilatçı kimi də
bacarıqlı insan idi. Boş oturmağı
sevmirdi. Müəyyən tədbirlər,
kino baxışları, festivallar keçirirdi. Tanınmış kino mütəxəssislərini
Bakıya dəvət edirdi. Yeni
kinokadrların yetişməsinə xüsusi diqqət
yetirirdi. "Kino evi"ndə çox
maraqlı premyeralar baş tuturdu. Qapalı
baxış çərçivəsində. Hələ ekranlara çıxmamış xarici
filmlər ilk dəfə "Kino evi"ndə nümayiş
etdirilirdi. Geniş müzakirələr, təhlillər
olurdu. İttifaqın üzvləri
çox maraqla qarşılayırdılar belə tədbirləri.
Ziya Seyidbəyli:
Bildiyiniz kimi, bu ittifaq öz tərkibində yaradıcı
adamları birləşdirirdi. Hər biri
ayrı-ayrılıqda dahi idi. Hər
birinin öz tələbi, öz istəyi. Daha çox
maşın, ev və bağ istəyirdilər
ittifaqdan. Atam həm də Ali Sovetin deputatı
idi və səlahiyyətləri, nüfuzu sayəsində
müəyyən qədər belə problemləri həll etməyə
çalışırdı. Amma yorurdu
ictimai işlər onu. O, daha çox kamera arxasında,
çəkiliş meydançasında, yazı
masasının arxasında özünə rahatlıq, dinclik
tapırdı.
- Ziya bəyin "Bizim Cəbiş
müəllim" filmində rol alması, çəkiliş
prosesi ilə bağlı artıq həm mətbuatda, həm
televiziya verilişlərində xeyli material gedib, maraqlı
faktlardan bəhs olunub. Bəs balaca Məryəm necə oldu
ki, "Telefonçu qız" filmində rol aldı? O
günlər yaddaşınızda necə qalıb?
Balaca "Telefonçu qız"
Məryəm
Seyidbəyli: Çox maraqlı xatirədir. "Telefonçu
qız" filmi çəkiləndə 5 yaşım
vardı. Görkəmli aktyorumuz
Gündüz Abbasov atamı, Nodar Şaşıkoğlu
baş qəhrəman Zakiri oynayırdı. Mən də ukraynalı Raisa Nedaşkovskayanın
yaratdığı Mehribanın uşaqlığını.
Bir dəfə çəkilişlə əlaqədar
Odessaya getmişdik. Heç vaxt unutmaram,
yeməkdən zəhərlənmişdim, bütün çəkiliş
qrupu dəymişdi bir-birinə. Odessada
çox maraqlı kadrlar çəkmişdi atam, təəssüf
ki, kimsə o kadrları qəsdən cızıb
korlamışdı. O kadrlar filmdə yer almadı. Sonra "Bizim Cəbiş müəllim" filmində
Cəbiş müəllimin qızını da mən
oynadım. Ümumiyyətlə, evimizdə
həmişə kino mühiti, kino söhbətləri gedirdi,
bu sahə mənə doğma idi.
- "O qızı
tapın" filmi bir müddət rəfdə qaldı,
nümayişinə qadağa qoyuldu. Mövzu sovet ideologiyasına zidd
olduğuna görə. Ekranda
"sexovşiklər"i (kiçik sahibkarlar) göstərirlər,
mafiya, qətl və s. Bu, necə təsir etmişdi Həsən
müəllimə?
Ziya Seyidbəyli:
Təbii ki, pis təsir etmişdi. Hər bir film
adama doğma balası kimi əziz olur. Təsəvvür
edin də balanı əsir ediblər.
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2020.- 3
oktyabr.- S.16-18.