Formanın müqəddəs sirri
- Qarabağ hekayələri
Hər
bir bədii mətndə, özəl olaraq nəsr mətnində
həyatın belə deyək, çox acı bir fraqmenti elə
təsvir edilir ki, sən onun konturlarının arxasında
bunun əksini də görə bilirsən. Hər iki tərəf
sənin, yaxud dəqiq deyək, təhkiyə "dilinin"
onlara ötürdüyü hissiyyatla nəfəs alır,
dünyanın gerçək durumunu sonsuzluq
ölçüsündə göstərir. Yəni həyat
nə qədər acı olsa da o, mütləq şəkildə
dəyişməli, özünün əksinə çevrilməlidir,
çünki həyatda xoşbəxtlik və bədbəxtlik
bir-birini göz qırpmadan təqib edir (sonsuz kədər, ani
sevinc...) və bu prinsip bədii mətnin qurulmasında
mütləq şəkildə iştirak edir. Ancaq konkret
durumda insanın, deyək ki, qorxu hissiylə anasına
sığınan uşağın qəlbinə dolan
duyğular özü də bilmədən onun
ömrünün son anına qədər "gedir", qoca
dünyanın uşaq qəlbindən kitab kimi oxunması qəribə
kontekstlər yaradır. Adi düsturla ifadə
etməli olsaq, xaosun kosmosa və əksinə çevrilməsi
nəsr mətninin süjet quruculuğunda da iştirak edir.
Aydın məsələdir ki, o anda yaranan, qəlbi ovcunun
içinə "düşürən" hisslərin
hamısı sözə çevrilmir, amma heç
şübhəsiz ki, bu çevrilməyən, yaxud
çevrilə bilməyən fraqmentlər də məhz təhkiyənin
görünməyən diliylə mətnin laylarına
sızır, onu qat-qat oxunaqlı edir və nəticə
etibarilə oxunan mətndə də həmişə oxunmayan,
yaxud oxunması çətin olan yerlər, pasajlar və
fraqmentlər qalır.
Ancaq bədii nümunə təkcə bununla kifayətlənmir,
düzümün içində düzümsüzlük və
əksinə mövcuddur, hekayədən məqsəd məhz
bu nöqtənin bədii obrazını kəşf etməkdir. Ancaq bəzən elə bir
durum yarana bilər ki, düzümsüzlük, həyatın
acısı bütün məkanı və atmosferi zəbt edər,
bütün ümidlər ölər, onların ümidlə,
inamla əvəz olunacağına zərrə də güman
yeri qalmaz və bu anda hekayənin kompozisiyası
başqalaşar, yəni o dərəcədə mürəkkəbləşər
ki, düzümsüzlüyün içindəki işıq
zərrələrini kimsə tuta, fəhm edə bilməz, bu
isə həyatın, onu qavrayan, yaşayan insan
düşüncəsinin içindəki dəhşəti
görməyə imkan yaradar. Necə deyərlər,
ümidin tam kəsildiyi yerdən işıq zərrələrinin
"oynaşması" hələ fəhm edə bilmədiyimiz
gerçəkləri bizə bəzən acı
reallığın, bəzən də yuxunun diliylə anlada
bilər.
Xəyyam Rəfilinin "Ölü quşlar" hekayəsi
süjet dinamikası və kompozisiya özəlliyi ilə zənnimizcə,
bizim son dövr hekayələrimiz arasında seçilən ən
mükəmməl nümunələrdən sayıla bilər. Təhkiyə
texnologiyası, hadisələrin doğurduğu təəssüratın
süjet dolanbaclarına sirayət edib "sızması",
həm də yerlə göy arasında baş verən hadisələrin
uşağın qəlbindən keçib göy
üzünü bürüməsi, qrad yağışı
altında hər şeyin təkcə qorxuyla deyil, qəribə
bir sevgiylə hiss edilməsi oxuduğun anda sənə təsir
edir, bundan da ötə: bu minimalist mətndə detal və
fraqmentlərin, əşya və insan təsvirlərinin
lazım olan məqamlarda bir-birinə təmas etməsi... heyrətləndirir.
Hekayənin kompozisiyasının (süjetyaratma
dinamikasının-!) əsasında "çevrilmi məqamı"
durur. Dünya ən təmiz və ən gerçək
şəkildə bir uşağın qəlbindən və
ruhundan keçər, haçansa, bəlkə uzaq
keçmişdə, ya da yaxın keçmişdə
axşamüstü ildırım tut ağacının
budağını qırmış və o budaq
uşağın nənəsigilin evinin pəncərəsindən
içəri girmişdi. Qrad mərmisinin
qəlpəsi uşağın anasının ayağına dəyməsiylə
o da eynən həmin budaq kimi şaqqıltıyla yerə
çökmüş, axan qan göy üzündəki
bütün təsvirləri pozmuş, bir-birinə
qarışdırmışdı. Uşağın
anasının bir ayağı o birindən cəmi dörd
santimetr qısadır, ona görə qrad atılanda evlərindən
o binanın zirzəmisinə qədər keçilən yol
bir ömrün hissi baxımdan, ürəyi dəlib keçən
güllə yaşantısı kimi sona qədər
uzanmışdı. Qrad qırıntısı ananın
ayağına dəyəndə çəkələyi
ayağından çıxmış və bir balaca
daşın üstündə durmuşdu, özü də necə:
heç anasının iyirmi dörd il qabaq (evdən zirzəmiyə
qədər pillələrin sayı qədər-! ) illərlə üstü bəzəkli
sandığın içində saxladığı ağ,
altı da üstü qədər tər-təmiz tuflisi belə
şax durmazdı. Bu detal, yəni ildırım
düşməsiylə qırılan budaq necə pəncərə
şüşəsini qırıb evə girirsə, ananın
ayaq bağları da o şəkildə qırılır, eyni
dəhşətli səs çıxarır, tut ağacı
evin yanında durub onu bəladan hifz edən kimi ana da qrad
yağışı nə qədər dəhşətli olsa
da, balalarını qoynunda gizlədib onların tələf
olmasına yol vermir, zərbəni özü qəbul edir.
Daha sonra sandıqdakı gəlinlik tuflisinin geyinilməməsi
(6 avqustdur ki, ata yoxdur, ana və iki uşaq var...),
altının elə üstü qədər
yaraşıqlı və təmiz qalması həm də insan
həyatını dağıdıb keçmiş bədbəxtlik
işarəsidir, ev, ailə dağılmış, həyat
onları yaralamışdır, ancaq bütün bunları
ürəyinin istisi və sevgisiylə "ört-basdır"
etməyə çalışan ana bu iki uşağı nəfəsiylə
saxlayır ("xallı balam, dur, məktəbə gecikirsən...").
Qrad
yağışı və həyatın qara-qorxusu altında
uşaq daim göy üzünə baxır, bir anlıq ona elə
gəlir ki, bu hadisələrin fonunda (o həm də hər
şeyi saya bağlayıb: anası addımını
neçə saniyədə irəli atır. Pillərin
hansını sevir, hansından zəhləsi gedir, anasından
qopmamaq üçün balaca bacısının pilləkəndə
daim irəli gedib geri qayıtması...) hər şey göy
üzünə yazılıb, bu nə müəmmadırsa
ordan oxumaq olar, göyə baxdıqda bulud görür,
köynəyin yaxalığına vurulan yamaq kimi... Düşünür ki, bu güllələr
göylə gəldiklərinə görə bəlkə
quşlara dəyir, yerə düşən quş
gördükdə tez qaçıb güllə yarası
axtarır. Hekayədə ağrının ən
acımazsız şəkildə hiss edildiyi yer də budur. Rəqəm
və say hesabı hekayənin kompozisiyasında önəmli
yer tutur. "Anamın qırx yaşı
olduğunu isə düşünmək belə istəmirdim.
Qoy bu gün mənim günüm olsun, bir də
göydə uçan quşların. Hər
atışmada quşlar yadıma düşür. Görəsən, insanlara atılan mərmilər
göydə quşlara dəyirmi? Əgər dəyirsə...
Torpaq uğrunda gedən döyüşdə
niyə göy sakinləri ölməlidir? Harada ölü quş görsəm, əyilib
güllə yarası varmı deyə yaxından baxardım.
Ölü quşlar da torpağa arxası
üstə düşər axı, üzləri hey göyə
baxar. Elə bilirdim ölmüş bir
quşla göz-gözə gəlmək qədər kədərli
heç nə yoxdur dünyada". Sonra: "...Qrad
qurğusu iyirmi saniyədə qırx raket atır. Bunu bizə məktəbdə, hərbi
hazırlıq dərsində keçmişdilər. Amma
evimizin yanındakı internat məktəbinə yerləşmiş
hərbi hissədə əsgərlərlə söhbət edəndə
komandirləri demişdi ki, silah-sursat az
olduğundan bir raket yerə düşüb partlamamış
o birisini atmırlar. Belə atanda istədikləri
yeri vurmaq daha asan olurmuş. Bir də
"qrad qurğusu on altı lüləli və qırx
lüləli olur", demişdi komandir. İndi
raketlər on altı lüləli qurğudan atılırsa,
on raket qalmalıdır. Deməli, daha on
ölüm ehtimalımız var". Raketlər
bir-bir atıldığından ölmək ehtimalı daha
çoxdur və bundan qaçmaq demək olar, mümkün
deyildir. Qənaət ölüm
ehtimalını artırır. 24 il,
qırx lülə, 40 yaş və 16 yaş...
Bir də qaçılmazlıq. Uşaq
düşünür ki, bir anlığa hər şey donub
dayansa (quşlar uçduğu yerdə, yarpaqlar
xışıldadığı anda...) yəqin, o qrad qəlpələri
də göy üzündə donub qalar və hamı xilas
olar. Ancaq... bir daşın üstündə
özünü günə verən kərtənkələ
bezib gözünü qıya bilər, arxası üstə
uzanmış tısbağa çevrilə bilər və hər
şey yenidən hərəkətə gələr... Yəni
uşaq hər şeyi saysa da, qəzavü-qədərdən
qurtulmaq mümkün olmur, güllə anasına dəyir... Və
həyat məhz bu anda dayanır, bir anlıq... Qrad zirzəmi
divarının dibinə düşdüyündən ora
sığınmış insanlar pətəkdən perikən
arılar kimi ətrafa uçuşur...
Vaqif Sultanlının "Zolaqlı yuva" hekayəsində
struktur formalaşdırıcı prinsip hərəkətin,
düşüncə daxili hərəkət və
dinamikanın özəyini təşkil edir.
Hekayədə düzxətli süjet var, bir də
qeyri-xətti zaman, dinamikanı içəridən idarə edən
motivlər. Hekayədə bir hərəkət yox, hərəkətlər
kompleksi olur, bu kompleks bir-birilə uyuşan və
baş-başa gəlib ziddiyyət təşkil edən hərəkətlərin
vəhdətidir. Diqqət edin: əgər hekayədə
təsvir edilən gerçəklik obyektiv şəkildə
ağıl çaşdıran hərəkiliyə malikdirsə,
əgər bu belədirsə, demək onu özünə
çəkib təsvirini yaradan bədii mətndə bu
dinamika daxilə yönəlik olmaqla orada "vulkan" özəyini
yaradır. Nə mənada? Bədii
nümunənin ən mühüm prinsipi təsvir etdiyi
gerçəkliyi ötmək, arxada buraxmaqdır, belə olan
halda həmin nümunədə hərəkət stixiyası
gizlənmiş formada olur və tədriclə üzə
çıxır, özü də təkcə xətti
süjet üzrə yox, həm də daha çox qeyri-xətti
trayektoriya üzrə. Hərəkət
zamanı zahirə çıxanlar daxildə, nüvədə
gizlin qalanların xarakterinin daha mürəkkəb olduğunu
şərtləndirir və belə olduğu üçün
də mətndəki hərəkəti tam olaraq qavramaq imkan
xaricində olur. Biz hər hansı hekayədən
yalnız müəyyən nüansları mənimsəyə
bilirik.
"Zolaqlı yuva"da təsvir edilən, yaradılan
gerçəklik başdan-başa xaosdur, yəni
nizamsızlıqdır, aydın məsələdir, mövzu
olaraq qaçqınlıq həyatı seçilib. Hadisənin
bir fraqmenti - dərsdən qayıdarkən uşağın
itdən qorxub qaçması, itin onu haqlayıb qapması və
zərdab olmadığından uşağın
quduzlaşması hekayənin ən gərgin məqamı kimi
olmasa da, hər halda gərginliyin çevrəsini yaradan əlamətlər
kimi çıxış edir. Hekayənin süjetində
xəttiliklə (yəni hadisələrin inkişaf
stixiyasının ardıcıllığı, uşaq dərsdən
qayıdır, itdən qorxur, it onu qapır, qonşu
çadırdan bir qadının gəlib uşağı
sakitləşdirməsi, qan axan yarasını yuması,
yaranın üstünə kül basması və sonrakı
ardıcıl hərəkətlər...) qeyri-xətlik (hərəkətlərin
təsvirində ardıcıllığın pozulması və
qarışması, keçmişə ekskurs, atanın
bütün bu zillətə uşaqlarına görə
dözməsi, tablanması, ananın uşağı
öldürəcək deyə atadan şübhələnməsi
və sair...) müəllifi hər bir detalı düzgün
şəkildə, sanki zərrəbinlə seçməyə
məcbur edir. Süjet və kompozisiya
quruluşundakı müəllif obrazı ilk fraqmentlərdə
məhz bu şəkildə görünür. Ancaq müəllifin əl atdığı priyomlar
sonralar onun əleyhinə çevrilir və bu hadisə
mütləq baş verməlidir. Onun təsvir
üçün münasib bilmədiyi, artıq hesab etdiyi
detallar oxucu tərəfindən göydə tutulur, məlum
süjet xətti və kompozisiya quruluşuna birləşərək
hekayənin içindəki "qırıq səsi"
simfoniyaya çevrilir. Məlum bir fikir -
"insan irrasional simfoniyadır" burada müəlliflə
oxucunun, yəni resipiyentin təmasında müəkəmməl
şəkildə üzə çıxır. Məhz
bunun sayəsində hekayədə bir kiçik detal
bütün atmosferi zəbt edir (uşağı quduz it
qapır, hamı tədriclə qorxunun əsirinə
çevrilir, bütün məkan it ulartısına
çalır...), daha sonra həmin "bütün məkan"
daxildə, hekayənin semantik yaruslarında azalaraq, əriyərək
həmin o kiçik detala sığışır. Beləcə
hekayənin dəruni strukturunda bir
"yığılıb-açılma" obrazı
formalaşır və bu hərəkət insan taleyinin
içində potensiya kimi yatan bədbəxtliyə işarə
edir, sən hər an vurula, ölə, müsibət çəkə,
ürəyində sevdiyin dəyərlərdən məhrum
edilə, həm də ürəyindən vurula bilərsən...
Quduz vurmuş, qəfəsin içində öz ətini
gəmirən uşağı çalan torpaq rəngindəki
gürzənin ulaması böyük bir fəlakətin
parçalanması, hər bir əşya və fərddə
ifadəsi insan təxəyyülündə olmazın dəhşət
yaradır. Məkan qapanır. Bağlanır,
axan sular quruyur, insan karusel sindromunu yaşayır, başın
hərlənməsi, ürəyinin üzülməsi onun adi
həyat normasına çevrilir. Hekayənin
içindəki xəsis şəkildə verilən detallara
da diqqət etmək lüzumu yaranır.
Uşağın hansı dərdə tutulmasını bilmək
üçün onu ən müxtəlif adamlara göstərirlər,
çox təcrübəli birisi başını yelləyərək
bu hala onun təcrübəsində
rastlanmadığını etiraf edir, başqa birisi tam fərqli
söz deyir, nəhayət, insan ruhunu ölçən bir
qarı gəlir, deyir ki, bunu babasının ruhu tutub. Bu detalın "qapısını" açsaq, yəni
ordan görünən həqiqətləri xırdalamalı
olsaq kiçik bir mətn aşıb-daşar, kənarlara
yayılar. Bu həqiqətin nədən ibarət
olmasını bilmək üçün həmin kiçik
detalın hər bir insanın, fərdin taleyindən
keçib adlamasına ehtiyac var. Məhz belə olduqda süjet
quruculuğundakı xətti zaman əyilir, baş verən
hadisəni tam anlamağa imkan vermir, keçmiş-indi-gələcək
düsturu pozulur, gələcək də keçmişə
qayıdır, düz xətt ellips formasını alır,
insanı tərkinə alıb karusel kimi fırladan zaman
şah damarından qırılır...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2020.- 3 oktyabr.- S.14.