Yazı, yazıçı, müharibə
düşüncələri...
Bu gün müharibənin
beşinci günüdür
və mən bu yazını yazıram.
Nə yazacağımı
bilmədən, nə
yazmaq lazım olduğunu düşünmədən,
eləcə barmaqlarımı
klavişlərin üzərində
gəzdirirəm, hərflərin,
sözlərin, cümlələrin
ixtiyarına buraxıram
ruhumu.
Bu gün müharibənin
beşinci günüdür
və saat 19.09-dur.
Oktyabr ayının
1-dir deyə, payız
günəşi çoxdan
tərk edib pəncərəmdən görünən
göy üzünü. Çöldə adamlar evlərinə tələsirlər, saat
21.00-dan başlayacaq komendant
saatına qədər
kimsə çöldə
qalmamalıdır deyə.
Və mən bu yazını
yazıram.
Yazıram ki... içimdəki
aylardan bəri yığılıb qalaqlanmış
pessimizmi qovum, yazıram ki, bu pessimizmin əslində nə olduğunu anlayım, ruhumu ixtiyarına buraxdığım hərflər,
sözlər, cümlələr
açsın mənə
bu yazmamaq istəyinin,..
ya da
yazmaq istəməməyin...
hər nədirsə,
onun sirrini, səbəbini. Çünki
özüm cavab tapa bilmirəm son ayların durğunluğuna,
adını nə tənbəllik qoya bilirəm, nə depressiya, nə koronavirus karantini sindromu...
Karantin demişkən,
Bakıda yaşadığım
üçün hələ
də həftənin
son günlərində sərt
karantin rejiminə qatlanmalı oluram, üstünə bir də müharibə vəziyyəti, komendant saatı qadağası gəlib. Mən bunlara görəmi
sönmüşəm? Axı təkliyi, sakitliyi, evə, özümə qapanmağı
həmişə sevmişəm
və bunlar üçün yaranan şərait həmişə
məni sevindirib, ta uşaqlıq illərimdən bu yana həmişə.
Gündəliklər yazmışam, şeirlər
yazmışam, hekayələr
yazmışam, romanlar...
hə, mən tək və sakit qala bildiyim
hər zaman mütləq nəsə yazmışam. Yazı mənim
yeganə özümün
olan sərvətim olub. Hərdən yarızarafat-yarıciddi dediyim
kimi, hətta uşaqlarımın da tən yarısı atalarına məxsusdur, yazı isə mənə, ancaq mənə, özümə...
nə böyük bir eqodur bu,
ilahi!
Bu gün müharibənin beşinci günüdür
və mən bu eqonun məni
beş aydan
çoxdur ki, tərk etdiyini qəbul edib Klaydermanın ifasında
"Ay sonatası"na qulaq
asıram təkrar-təkrar...
və bu yazını yazıram.
Yadıma düşür ki, mənim də bir "Ay sonatası" romanım vardı. Tolstoyun
"Kreyser sonatası"na müasir interpretasiya kimi yazmışdım onu. Yazmışdım. Bəs hanı? Unutmuşam. Bütün unutduqlarım kimi unutmuşam, hərdən sadəcə hərfləri,
sözləri, cümlələri
yuxuma girir, vəssalam.
Ay varmı səmada, görəsən? Bu dəqiqələrdə varmı?
Mən görmürəm pəncərəmdəki
göy üzündə
onu. Kimlərsə haralardasa görürlər
amma. Əsgərlər, məsələn. Onlar indi ön cəbhədə,
düşmənlə üzbəüz
səngərlərdədirlər, açıq havada, pəncərəsiz... və
mənim pəncərəmdən
görünməyən yerlərdə.
O yerlərdə ki, vətən parçasıdır,
düşmən tapdağından
beş gündür,
üç gündür,
bir gündür qurtulub, doğma övladlarının nəfəsi
ilə canlanıb, payızın bu soyuq axşamında yaz həniri toxunubmuş kimi həyata dönmək, çəmənli-çiçəkli xalıya çevrilmək
istəyir əsgərlərimizin
ayaqları altına sərilərək. O yerlərdə
ki, bir gün
mən addımlayacağam
Günəşin, Ayın
altında, şeirlər,
hekayələr, romanlar
hopacaq ruhuma, gündəliklər yazacağam
yenə. O əsgərlər
ən yaxşı oxucularım olacaq o zaman, o əsgərlər ən gözəl qızlar üçün
alacaqlar kitablarımı,
o əsgərlər o qızlarla
bir yerdə öyrənib biləcəklər
o kitabların ən sevimli qəhrəmanları
olduqlarını. O əsgərlər
gülümsəyib kövrələcəklər
bəlkə də... mənsə hiss edəcəyəm
o təbəssümü də,
o qüssəni də,
bu dünyanın harasında oluramsa olum.
Bu gün müharibənin beşinci günüdür
və ordumuz otuz ildən bəri bizi depressiyaya salan, bizə apatiya yaşadan, bizim hər birimizi ən sevimli işlərimizdən belə
soyudub söndürən
"20%-i işğal
olunmuş" ifadəsini
üzərimizdən götürür.
Sanki otuz ildir
ki, diri-diri qəbrə qoyulmuşduq,
indi torpaq üstümüzdən təmizləndikcə
nəfəs almağa
başlayırıq, həyata
dönürük biz də,
eynən o yerlər kimi. Və mən bu yazını yazıram.
Və mən
ilk gənclik illərimdə,
ilk dəfə rəfiqəmlə
sözləşib ön
cəbhəyə getmək
qərarı verdiyimiz
anları xatırlayıram. On səkkiz-on doqquz yaşımız vardı
və biz müharibədə
olan yaşıdlarımızdan
geri qalmaq istəmirdik. O vaxt ailələrimiz mane oldu, məni qapıdan, rəfiqəmi səngərdən
qaytardılar. Amma müharibə
yedi ömrümüzü,
çeynəm-çeynəm elədi, güllə altında olsaq da, olmasaq da.
Hamımızın! Bəs indi?
İndi bu angedoniyanın ruhumu az qala intihara
sürüklədiyi bir
zamanda gəncliyimizi, ömrümüzün ən
gözəl otuz ilini əlimizdən alan müharibəyə
meydan oxumaq, əsgərlərimizin yanında
olmaq istəyi nədir belə? Silah soyuqluğu hiss edirəm ürəyimdə,
əllərimin içində.
Yazmaq istəyirəm bu hissi, hərf-hərf, söz-söz, cümlə-cümlə.
Amma burada yox. Gündəliklərdə...
Bu gün müharibənin beşinci günüdür,
saat 19.49-dur və mən beş
gün sonra olacaq doğum günüm üçün
Qələbə hədiyyəsi
gözləyirəm. Heç vaxt
heç kəsdən
heç nəyi gözləmədiyim kimi...
və bu yazını yazıram... yazıram ki, yazılana pozu olmasın.
Cavi DAN
Ədəbiyyat qəzeti.- 2020.- 3
oktyabr.- S.13.