Burası Turan qapısı

 

"Ordu mənim, dövlət mənim, yurd mənim!"

 

Salyanın yaxınlığında, Qazaxbərəsi kəndinin məzarlığında baba nəvə - Abdulov soyadlı iki nəfər uyuyur. Həsən Abdulov 1918-ci ildə Ərzurumun Həsənkala köyündən Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana gəlmiş mehmetciklərdəndir. Ordu sıralarına iki qardaş qatılıblar. Qardaşı Mehmet Ağa döyüşlərin birində şəhid olub. Neftçaladakı Seyidlər qəbiristanında 11 türk əsgəri ilə yanaşı dəfn edilib. Həsən Cavuş isə qardaşını yalqız qoymayıb. Yəni geri qayıtmayıb, burda qalıb, qardaş məzarının keşikçisi olub...

1937-ci ildə türk olmasının, ermənilərə qarşı vuruşmasının bədəlini ona altı illik sürgünlə ödətdiriblər.

Dövranın gərdişi sürgün həyatından sonra Həsən Çavuşu Həsən Abdulova çevirib. Burda ailə qurub... 1968-ci ildə haqqa qovuşub.

Sonralar Həsən Çavuşun nəvəsi dünyaya gələndə adını ərzurumlu Mehmet Ağanın xatirəsinə Məmmədağa qoyublar. Məmmədağa isə 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub...

Həsən Çavuşun da, Məmmədağanın da məzarı dediyim kimi, Qazaxbərəsi kəndindədir.

Bu gün "Ərdoğan Azərbaycana dəstək verir" deyəndə Paşinyan kimdən gileylənir? Bir millət iki dövlət olan ərzurumlu şəhid Mehmet Ağadan, yoxsa Ağdamda şəhid olmuş salyanlı Məmmədağadan? Babadan, yoxsa nəvədən?

Təkcə Türkiyəni deyil, bütün Şərqi imperialist axınların caynağından xilas edən Çanakkalada Azərbaycanlılar 3000 şəhid verib.

1915-ci ildə Azərbaycan türklərindən bir şair (yəni Əli bəy Hüseynzadə) Savaş ədəbiyyatı kampaniyasında Çanakkalaya getmiş, türk poeziyasının "Dardanel əzharı" adlı ilk Çanakkala şeirini ( Mehmet Akifdən əvvəl) yazmışdı:

Müharibə bizə bir əyləncədir,

Ölüm saçan toplar əl oyuncağı.

Əbədiyyən yaşar türkün bayrağı!

Ölümdən qaçarmı vətən uşağı?!

Şəfəq nurlarında göründü Rizvan.

Canana qovuşdu şəhidin canı,

Torpağa qarışdı kəmiyi, qanı.

O qandan yaratdı bəni Xaliqim...

Ey düşmən, burası Turan qapısı,

Bu yerləri türkə vermişdir Tanrı...

İndi Turanın qapısı Qarabağdır. Dünyanın ən qədim - 2500 yaşlı Pazırıq xalçasının toxunduğu ən əski sivilizasiya beşiklərindən biri Qarabağ. Xəlil Rza demişkən: "Dünyanın ən qədim tanrılar panteonu Qarabağ, əslində, ulu Tanrı deməkdir...". Bu gün Ulu Türkün ruhu həmin panteonda Ulu Tanrının ədaləti uğrunda vuruşur. Ona görə bu savaş bütün türk dünyasının savaşıdır. Ona görə savaşımız müqəddəs, əsgərimiz müzəffərdir.

30 ildir Qarabağda savaş gedir. Amma bu savaş Vətən müharibəsi - Qurtuluş savaşı müstəvisinə indi keçdi.

Ali Baş Komandan İlham Əliyev savaş əmrini "Qarabağ Azərbaycandır nida!" hökmü ilə verdi. Millətimizin ruhunu bayraq kimi dalğalandıran bu sözlər müqəddəs Azərbaycan kitabının son savaş ayəsidir: "Qarabağ Azərbaycandır nida!"

 

30 sentyabr 2020

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2020.- 3 oktyabr.-S.12.