Məryəm xalanın oğlu
hekayə
Doxsan
birinci ildə cəbhəyə könüllü getmişdik.
Qrupdakı bütün oğlanlar. Onda axırıncı
kursdaydıq. Qayıdan üç nəfərdən biri mən
oldum. Doxsan altıncı ilin payızıydı mən
qayıdanda. Məndən bir az aralıda döyüş
yoldaşım minaya düşmüşdü. Onun bədəni
parçalanmışdı, mənim sol ayağımla sol
qolum zədələnmişdi. Hospitalda uzun müddət
müalicə alandan sonra ordudan tərxis olunmuşdum.
Çox
şeyimi itirmişdim. Anam ölmüşdü, sevdiyim
qızı başqasına vermişdilər, əlil
qalmışdım, axsayırdım. Amma həyat davam edirdi.
Universitetə bərpa olundum. Riyaziyyat müəllimi
ixtisasında oxuyurdum. Təhsilimi başa çatdıranda
Qubanın kəndinə təyinat verdilər. Buna sevindim, onsuz
da şəhərdə qalmaq istəmirdim.
Avqustun
ortası Qubaya getdim. Direktor yaşlı kişiydi. Məni
mehribanlıqla qarşıladı. Müəllimlərlə,
məktəblə tanış etdi. Xoş-beşdən sonra kənddə
kirayə qala biləcəyim ev olub-olmadığını
soruşdum. Bir az fikirləşəndən sonra dedi ki,
yaşlı qadın var, tək yaşayır, onun evi
münasib olar.
Məktəbdən
çıxıb ora getməyə başladıq. Gedə-gedə
direktor qadın haqda danışdı: "Məryəm arvad
yaxşı adamdı. Könlü qırıqdı. Bir
oğlu vardı, davadan qayıtmadı. Qızı iki kənd
o tərəfdə ərdədi. Gec-gec gəlir. Əri də
üç il qabaq ölüb. Təmtək yaşayır.
Evi-zadı böyükdü, yerin rahat olar. Həm də arvada
həyan olarsan. Qoca adamdı".
Kəndin
qırağındakı həyətə çatdıq.
Direktor yerdən qəmbər götürüb qapını
döydü. İçəridə it hürməyə
başladı. İki-üç dəqiqə sonra Məryəm
xalanın səsini eşitdik. Gəlib qapını
açdı.
- Məryəm
xala, - direktor dedi, - bu oğlan müəllimdi, məktəbimizə
göndəriblər. Qalmağa kirayə ev axtarır.
Razısansa, sənin evində qalsın.
- Xoş
gəlib. Gözümüzün üstündə yeri var. -
Qapıdan çəkilib bizi içəri dəvət elədi:
- Gəlin.
Həyət
də böyük idi, ev də. Ev həyətin qabaq tərəfindəydi,
yerdən dörd-beş daş hündür tikmişdilər.
Evin dalı nə boyda meyvə bağıydı. Həyətdə
toyuq-cücə eşələnirdi.
Çıxıb
artırmada oturduq. Məryəm xala stolun üstünü silə-silə
axsamağıma işarə edib, nə üçün
axsadığımı soruşdu. Direktor məni qabaqlayıb
dedi:
- Davada olub.
Məryəm
xalanın əlləri əsdi, stolu sildiyi əsgi yerə
düşdü. Amma tez özünü ələ aldı, əyilib
əsgini götürdü, üzünü döndərib
içəri girdi.
- Siz
oturun, çay gətirim, - dedi.
Çayı
gətirib yanımızda oturdu. Yerə qoyduğum balaca
çantaya baxdı. Yəqin, əşyamın azlığı
onu təəccübləndirmişdi. Bir az pal-paltar
götürmüşdüm, beş-altı da kitab. Amma
heç nə soruşmadı.
Direktor
çaydan bir qurtum içib dedi:
-
Hansı otağı verəcəksən, Məryəm xala? Elə
qiyməti də razılaşaq.
- Nə
pul? Ondan pul istəyən kimdi? O da mənim oğlum. Öz evi
kimi, hansında istəyir qalsın.
Direktor
pul məsələsinin üstündə dayanmadı,
çayı içib getdi. Məryəm xala məni içəri
apardı. Ev dörd geniş otaqdan və mətbəxdən
ibarət idi. Otaqlardan birini göstərib soruşdu:
-
Xoşuna gəlir?
Razılıqla
başımı tərpətdim. İçəridə
çarpayı, komod, stol-stul vardı. Yerə xalça
döşənmişdi. Məryəm xala təzə
döşəkağı, balışüzü gətirib
çarpayını rahatladı. Sonra məni həyətə
aparıb hamam-tualetin yerini göstərdi. Meyvəliyi gəzdirdi,
həyətin o biri başındakı tövləyə də
baxdıq. Tövlə böyük olsa da, içəridə
yanı balalı bircə inək vardı.
- Qabaq
çox mal saxlayırdıq, qoyunumuz, keçimiz də
vardı, rəhmətlikdən sonra satdım
hamısını. Bir bu inəyi saxlamışam ki,
süd-qatığın tamarzısı olmayım. Neynim, tək
gücüm çatmır baxmağa.
Əşyalarımı
yerbəyer etmək üçün otağıma gedəndə
qonaq otağındakı şəkillər diqqətimi çəkdi.
Yaxınlaşıb baxdım. Ərinin, oğlunun,
qızının və nəvələrinin şəkilləriydi.
Oğlunun üzü tanış gəldi. Diqqətlə
baxanda tanıdım, eyni bölükdə
döyüşmüşdük. Mülki paltardakı şəkildə
birdən-birə tanıya bilməmişdim.
Məryəm
xala şəklə baxdığımı görüb dedi:
-
Oğlumdu. Davadan qayıtmayıb.
Məryəm
xalaya başsağlığı verib otağıma
keçdim.
Oğlanın
adı Mövlud idi. O, doxsan ikinci ildə, Xocavənd ətrafında
gedən döyüşlərdə şəhid olmuşdu.
Onunla bağlı
bir xatirəm yadıma düşdü. Bir dəfə
axşam vaxtı söhbət edirdik. Yoldaşlarımızdan
biri ondan soruşdu ki, qayıdandan sonra nə edəcəksən?
Dedi, evin çardağında siqaret gizlətmişəm, onu
çəkəcəyəm.
İstədim
çardağa çıxıb baxım. Amma Məryəm
arvad şübhələnərdi. Mənim onların
çardağında nə işim ola bilər axı?
Mövludu tanıdığımı ona demək istəmirdim.
Uyğun vaxt gözləməyə başladım.
Tezliklə
dərslər başladı. Məktəbə də,
uşaqlara da, kəndə də tez isinişdim. Günorta dərsdən
qayıdandan sonra da Məryəm xalaya kömək edirdim.
Bütün günü başım qarışıq olurdu,
darıxmırdım.
Hardasa
sentyabrın axırıydı. Gecə səhərəcən
möhkəm yağış yağdı. Səhər məktəbə
gedəndə Məryəm xalanın otağından tasla
çıxdığını gördüm. Tasın
içində yarıyacan su vardı. "Gecə
otağım damırdı", - dedi.
- "Yəqin,
kirəmitlər zədələnib. Günorta gəlib
baxaram", - dedim.
Məktəbdən
qayıdan kimi paltarımı dəyişib həyətə
düşdüm. Heç çörək də yemədim.
Çardağa çıxmaq imkanı qazandığım
üçün sevinirdim. Nərdivanı divara söykədib
dama çıxdım. Çardağa evdən giriş yox
idi, gərək bayırdan çıxıb damdakı
gözdən girəydin. İki dənə kirəmit yerindən
sürüşmüşdü. Onları bərkitdim. Sonra
siqareti axtarmağa başladım. Mövlud qutunu atma
taxtaların arasında gizlətmişdi. Marlboro qutusunda bir dənə
siqaret vardı. Qutunu götürüb çardağın
gözündə oturdum. Burdan kəndin çox hissəsi
görünürdü. Yəqin, haçansa Mövlud da belə
oturub kəndə baxırmış. Əllərim əsə-əsə
siqareti ağzıma qoyub yandırdım. Tüstüsü
boğdu məni. Siqaret nəm çəkmişdi.
Boğula-boğula öskürməyə başladım.
Gözlərim yaşarana qədər öskürdüm.
Aşağıdan Məryəm xalanın səsini eşitdim:
- Noldu sənə,
a bala? Düş aşağı su iç.
Öskürəyim
dayandı. Məryəm xalaya baxdım, gözlərim
dolduğu üçün onu bulanıq görürdüm.
-
Düş, düş. Dayan, su gətirim, - dedi. Becid-becid evə
su gətirməyə getdi.
Mart-2020
Həmid Piriyev
Ədəbiyyat qəzeti.- 2020.- 3
oktyabr.- S.9.