Torpaq insanı udanda qəbir olur,
İnsan torpağı udanda - Şəhid.
İnsan
bütün yerlərini qəbrə uduzur,
Vətən bütün yerlərini Şəhidə.
Bir də,
bu dünyada hamı öz əcəliylə
ölür,
Şəhid hamının əcəliylə...
Sual:
Şəhid vətənin harasında uyuyar?
Cavab:
Göy üzündə!
Şəhidlik
elə bir məqam ki, insan vətəndən daha üstün
olar, daha ali məqama yetişər. Şəhidlik insanı qəbir olmaqdan qoruyar. Allah Şəhidə qəbirdə olmağı rəva
görməz, ona hüdudsuz azadlıq - göy üzü bəxş
edər. Şəhid öz İlahi fədakarlığı
ilə torpağa qalib gələndir. Fəda olan fəda
olunandan daha haqq!
Sevgi əvvəl-axır
insanı səhraya
aparır. Vətən sevdası ən Məcnun edənidir
Eşqlərin. Bizim öz Məcnunluğumuzdur
Qarabağ yolundakı şəhadətimiz. Ya zəlzələdən, ya vəlvələdən
bir ucu ölümlü dünyada qonağıq. Nə çoxdur adi məişət ölümləriylə
dünyadan köçənlər. Bəs
gerçəkdən? Və gerçəkdə
Məcnun daha ağıllı. Nədən
ki, o, dəqiq bilir kimin üçün dəli olduğunu.
Bu fəzada Şəhidlər ən arif adamlar.
Onlar nə üçün Şəhid
olduqlarını dəqiq bilirlər. Ölümlərin
ən mübarəki kimin üçün, nəyin
üçün öldüyünü bilməkdir. Şəhidlər bunu idrak etmişlər, bu həqiqətə
çatmışlar.
"Mən vətəni tanıyıram çiskin
yağış sonrası torpağının
qorxusundan..."
Bir dəfə dostlarla Ağdamın Quzanlısına, mədəniyyət
tədbirinə getmişdik. Yerləşdik, daha sonra
çıxıb bir az gəzişməyi
qərara aldıq. Axşamüstü
yüngülcə yağış çisələdi. Baxdım, Cəbrayıldan məcburi
köçkün düşmüş dostum kövrəlib.
Əlbəttə, hiss elədim nədənini, sadəcə,
sual edib bir az danışdırmaq istədim.
Dedi, "Buralardan bizim kəndin çiskin yağışdan
sonrası qoxusu gəldi...". Dəhşətə gəldim. Bəli,
vətən həm də bu hissin adıdır. Sən ömrün boyu minlərlə
yağış görərsən, amma heç biri
torpağı sənin burnunca isladmaz, ətirləndirməz.
Biz həm də o qoxuya qayıtmaq istəyirik.
Məsələ çox sadədir, çox
realdır. İlahi, biz Qarabağı istəyirik.
Ona görə ki, darıxırıq. Vəssəlam. Axı biz o
yağışların sonrası torpaqların qoxusunda
böyümüşük. O qoxular yalnız bizə
doğmadır, başqa heç bir kimsələrə. Allah necə haqdı!
Şəhriyar del GERANİ
Ədəbiyyat qəzeti.- 2020.- 3
oktyabr.- S.8.